
İyulun 23-də Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiya üzvləri və nazirliyin rəsmiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Komissiyanın sədri, nazir müavini İdris İsayev ötən ilin sonunda Nazirlər Kabinetinin müvafiq qərarı ilə ali təhsil səviyyələri üzrə ixtisasların yeni təsnifatının təsdiq edildiyini xatırladıb. Bildirib ki, bu sənəddə bəzi ixtisaslar yenilənib, bəziləri ləğv olunub, eyni zamanda yeni ixtisaslar əlavə olunub. Ümumilikdə bakalavriat səviyyəsində 153 ixtisas, əsas (baza) ali tibb təhsili səviyyəsi üzrə 3 ixtisas, magistratura səviyyəsində 129 ixtisas, rezidentura səviyyəsində isə 44 ixtisas təsnifatda təsdiq olunub.
İdris İsayev bu il təhsil proqramlarının hazırlanmasında yeni yanaşmaların tətbiq edildiyini qeyd edib. İşəgötürənlərin, yəni əmək bazarının nümayəndələrinin prosesə cəlb olunmasını xüsusilə vurğulayıb.
“Əmək bazarının və ali təhsil sisteminin nümayəndələrinin birgə iştirakı ilə magistratura səviyyəsi üzrə ixtisaslaşmalar müəyyən olunaraq təsdiq edilib. Bu proqramların hazırlanmasında təxminən 900 nəfərə yaxın nümayəndə iştirak edir”, – deyə İdris İsayev bildirib.
Komissiya sədri əlavə edib ki, ilk dəfə olaraq magistratura səviyyəsində ixtisaslara uyğun ixtisaslaşmalar və onların tədris proqramları birgə şəkildə müəyyənləşdirilib. İşçi qruplar tərəfindən hazırlanmış nümunəvi çərçivə sənədi Komissiya tərəfindən təsdiqlənib, növbəti mərhələdə isə bu sənədlər əsasında təhsil proqramlarının təsdiqi nəzərdə tutulur.
İclasda Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək komissiyanın və İşçi qruplarının fəaliyyəti haqqında danışıb. O, iclasın gündəliyində duran əsas məsələlər barəsində də məlumat verib.
T.Süleyman qeyd edib ki, iclasın gündəliyində dayanan əsas məsələlərdən biri İşçi qruplar tərəfindən təqdim olunmuş və ekspertizadan keçmiş təhsil proqramlarının mərhələli şəkildə təsdiqidir. İclasda həmçinin təhsil proqramlarının təsdiqi prosedurlarının və imzalanma səlahiyyətlərinin müəyyənləşdirilməsi, eyni zamanda ali təhsil müəssisələri üçün ixtisaslar üzrə təhsil proqramları əsasında ixtisaslaşmalar üzrə nümunəvi təhsil proqramı və tədris planlarının hazırlanması müzakirə olunub.
Komissiya üzvləri bu istiqamətdə görülən işləri müsbət qiymətləndirib, xüsusilə əmək bazarının tələblərinə uyğunlaşdırılmış təlim nəticələrinin önəmini vurğulayıblar.
“Əsas məqsədimiz gənclərimizin müasir tələblərə uyğun, keyfiyyətli təhsil alması və əldə etdikləri bilik və bacarıqların əmək bazarının ehtiyaclarına cavab verməsidir”, – deyə İdris İsayev sonda qeyd edib.
Tədbirdə yaxın dövrdə yeni təhsil proqramlarının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq ediləcəyi, ali təhsil müəssisələrinə isə həmin proqramlara uyğun tədris planlarının hazırlanması ilə bağlı müvafiq tapşırıqların veriləcəyi bildirilib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər