
İyunun 30-da ölkədə fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrində, o cümlədən regionlarda yerləşən 63 peşə təhsili müəssisəsində “Məzun günü” keçirilib. Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi də onlardan biridir.
“Azərbaycan müəllimi” Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevlə həm 2024-2025-ci tədris ilindəki nailiyyətləri, qarşılaşdıqları çətinlikləri, həm də növbəti ilin planlarını müzakirə edib.
– Builki məzun sayınız nə qədərdir?
– 2024/2025-ci tədris ilində 589 nəfər məzun adını qazanaraq tədrisi uğurla başa vurur. Bu il əmək bazarına turizm, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrində çalışa biləcək kadrlar təqdim etdik. Onların 35 faizi, yəni 200 nəfərdən çoxu qadındır. Aralarında şəhid ailəsindən olanlar da var.

– Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə daxil olan bütün tələbələriniz məzun ola bilir?
– Əlbəttə ki, yox. Amma təhsildə nailiyyət qazana bilməyən tələbələrimiz məzun ola bilmir. Məsələn, tədris ilinə 1150 nəfərlə başlasaq da, ilin sonunda sayımız azaldı. Bu günə olan vəziyyət belədir: 589 nəfər məzun olub, 440 nəfər keçid qrupudur. Təhsilini donduran, hərbi xidmətə gedən, köçürülən və xaric olunan tələbələrin sayı ümumilikdə 121 nəfər təşkil edir. İl ərzində davamiyyətsizlik səbəbinə görə kənarlaşdırılan tələbələrimiz də oldu.
– Bəs köçürülmə hansı qayda ilə aparılır? Peşə təhsili müəssisəsindən peşə təhsili mərkəzinə köçürülmə mümkündür?
– Əlbəttə, peşə təhsili müəssisəsindən digər peşə təhsili mərkəzinə köçürülmə mümkündür, lakin bu proses peşə təhsili səviyyəsinə uyğun şəkildə həyata keçirilməlidir. Mərkəzimizdə peşə təhsilinin üç səviyyəsi mövcuddur və köçürülmələr zamanı biz yalnız həmin təhsil səviyyələrinin mövcud olduğu digər publik hüquqi şəxslərlə əməkdaşlıq edirik. Məsələn, tələbə subbakalavrdırsa, onun köçürüləcəyi müəssisədə də yüksək texniki peşə təhsili səviyyəsi olmalıdır ki, tədris prosesində ardıcıllıq və keyfiyyət təmin edilsin.
“İxtisasları əmək bazarının real tələbatına uyğun planlaşdırırıq”
– Bazarın tələbi ilə ayaqlaşmayaraq sıradan çıxan, ya da çıxmaq üzrə olan ixtisaslarınız varmı?
– Biz ixtisasları “növbəti il də olsun” prinsipi ilə formalaşdırmırıq, əksinə, əmək bazarının real tələbatına uyğun planlaşdırırıq. Mövcud sifarişlər əsasında ixtisaslar yaradılır və həmin ehtiyaclar ödənilir. Məsələn, Qəbələ Konserv Zavodu kimi böyük müəssisə ilə əməkdaşlıq çərçivəsində onun tərkibindəki bir neçə kiçik müəssisənin ehtiyacına uyğun 4 qısamüddətli kursun təşkili sifarişini aldıq.
Hazırda bazarın tələbinə uyğunluğu zəif olan və sıradan çıxan ixtisaslarımız, demək olar ki, yoxdur. Xalçaçılıq və dərzilik kimi qədim peşə sahələri üzrə ixtisaslarımızı isə sadəcə iqtisadi məqsədlə deyil, həm də mədəni irsin qorunması və ötürülməsi baxımından davam etdirməyi özümüzə mənəvi borc hesab edirik. Bu sahələri sıradan çıxarmağın üstünlüyünün olmayacağını düşünürük.

Məzunların bazası yaradılır
– Adını çəkdiyiniz ixtisaslara qəbul olan məzunlarınızın sonrakı taleyi necə olur?
– Məzunlarımızın məşğulluğunu diqqətdə saxlayır və onların işlə təmin olunmasını prioritet hesab edirik. Bu həm də peşə təhsilinin cəlbediciliyini artıran mühüm amildir. “Xalçaçılıq” ixtisasının nümunəsində qeyd edim ki, bu sahənin yaşaması üçün “Azərxalça” ASC ilə əməkdaşlıq edirik və müəssisənin işçilərinin əksəriyyəti bizim məzunlarımızdır. Reallıq odur ki, bir müəssisə məhdud sayda məzunumuzu işə qəbul edə bilər. Bu səbəbdən başqa müəssisə və istirahət mərkəzləri ilə də əməkdaşlıq edirik. Məsələn, suvenir satışı bölmələrində xalçaların satışının təşkili üçün razılaşmalar əldə etmişik ki, bu da məzunlarımız üçün yeni gəlir imkanları yaradır. Mərkəzimizin məzun bazası var. Hər hansı bir müəssisədən vakansiya barədə məlumat daxil olduqda həmin məlumatı məzunlarımızla bölüşür, beləcə, iş axtaran məzunlarımızı həmin vakansiyalara yönləndiririk. Bu yanaşma həm onların işsiz qalmasının qarşısını alır, həm də mərkəzimizin məzunlarımızla əlaqəsini möhkəmləndirir və sosial məsuliyyət prinsipini gücləndirir.
– Yeri gəlmişkən, hazırda bazanızda nə qədər məzununuz var?
– Son 6 il (2020-2025-ci illər) üzrə məzun bazasının formalaşdırılması üçün sistemli iş aparırıq. 2023-2025-ci illər üzrə bazamızda 1432 nəfər məzun qeydiyyata alınıb. Bu məlumatlar məzunlarımızı əmək bazarına yönləndirmək və uyğun vakansiyalarla təmin etmək baxımından olduqca vacibdir.

“Əsas istinad mənbəyi əmək bazarının tələbatıdır”
– Hansı şirkətlərlə əməkdaşlıq edirsiniz? Onlar ancaq böyük müəssisələrdir?
– Hazırda ölkə üzrə əməkdaşlıq etdiyimiz 200-dən çox tərəfdaşımız var. Onlarla yalnız cari əməkdaşlıq çərçivəsində deyil, həm də peşə təhsili sisteminin ehtiyaclarını müəyyənləşdirmək məqsədilə mütəmadi ünsiyyət saxlayırıq. Hər bir tərəfdaşa rəsmi məktubla müraciət edərək onların fikir və təkliflərini öyrənirik. Bu müraciətlərə xüsusi sorğu blankı əlavə olunur ki, onlar ehtiyac duyduqları yeni ixtisas adlarını və mövcud ixtisaslara olan tələbatı ətraflı şəkildə qeyd edə bilsinlər. Tələbə qəbuluna qədər bu məlumatlar təhlil olunur və nəticələr tədris planlamasına daxil edilir. Əlbəttə, əsas tərəfdaşlarımız böyük sahibkarlar və müəssisələrdir, lakin onların hamısı yalnız Qəbələ və ətrafı rayonlarda fəaliyyət göstərmir. Bizim tələbə kontingentimiz də regional baxımdan çoxşaxəlidir. Məktəbdə Xızı-Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Qazax iqtisadi rayonları üzrə 45 şəhər və rayondan tələbələr təhsil alırlar.
– Hər halda məsələ bununla bitmir. İxtisasın açılması üçün başqa hansı mərhələlərdən keçirsiniz?
– Təbii ki, ixtisasın açılması sadəcə tərəfdaşın müraciəti ilə yekunlaşmır. Bu prosesdə əsas istinad mənbəyi əmək bazarının tələbatının dəqiq müəyyənləşdirilməsidir. İlk addım kimi sahibkarların və əmək bazarının ehtiyacları araşdırılır və daxil olan müraciətlər toplanaraq ümumiləşdirilir. Daha sonra bu məlumatlar Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim olunur.
PTDA tərəfindən həmin ixtisasların adları, plan yerləri və digər zəruri detallar müəyyənləşdirilir. Nəticə etibarilə bütün bu proses Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənərək hüquqi qüvvə qazanır və tədris müəssisəsində tətbiq olunur. Bu ardıcıl və şəffaf yanaşma ixtisasların əmək bazarının real ehtiyaclarına uyğunluğunu təmin edir.

“Almaniyadakı peşə təhsili müəssisələri ilə əməkdaşlıq imkanları araşdırılır”
– Türkiyə ilə mübadilədən danışdınız, başqa ölkələrlə də belə planlarınız varmı?
– Türkiyə ilə əməkdaşlıq çərçivəsində qardaşlaşdığımız məktəblərlə mübadilə proqramlarımız uğurla davam etdirilir. 2025-ci il üçün Şəhid Erol Olçok Turizm Peşə və Texniki Anadolu Liseyi ilə birgə hər 2 müəssisənin əməkdaşlarından ibarət heyət ilə təlimin təşkili planlaşdırılır.
Bundan əlavə, Almaniyadakı peşə təhsili müəssisələri ilə əməkdaşlıq imkanları araşdırılır və qarşılıqlı təcrübə mübadiləsi üçün ilkin danışıqlar aparılır. Gələcəkdə bu əlaqələrin rəsmi əməkdaşlıq səviyyəsinə yüksəldilməsi və tələbə-müəllim mübadiləsinin təşkil edilməsi planlaşdırılır. 2023-cü ildə 6 tələbə Almaniyada şəxsi təsərrüfatlarda təcrübə keçib. Həmin şəxslərdən biri hazırda orada yüksək əməkhaqqı ilə işlə təmin edilib. Ümumiyyətlə, beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və tələbə-müəllim heyətinin peşəkar inkişafını daha da dəstəkləmək əsas məqsədlərimizdəndir.
Həmçinin tələbə və məzunlarımızın bilik və bacarıqlarının inkişafı məqsədilə beynəlxalq təcrübə proqramları həyata keçiririk. Məsələn, Türkiyə ilə tələbə mübadiləsi proqramı çərçivəsində beşulduzlu hotellərə və iaşə müəssisələrinə yalnız tələbələrimizi deyil, məzunlarımızı da göndəririk. İndiyədək 23 tələbə və 7 məzunumuz bu təcrübə proqramlarında iştirak edib və hazırda bu proses davam edir. Bu proqram iştirakçılar üçün tam ödənişsizdir, üstəlik onlar aylıq 700 ABŞ dolları məbləğində əməkhaqqı da alırlar.

“Dövlətin ayırdığı vəsaitin bölüşdürülməsi ilə kifayətlənmək düzgün deyil”
– Müəssisənizin adambaşına maliyyələşmə mexanizminə keçməsi bu istiqamətdə addımlar atmağa imkan verir?
– Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi təxminən iki ildir ki, adambaşına maliyyələşmə sisteminə daxil edilib. Bu maliyyələşmə mexanizmi müəssisəmizin idarəetmə yanaşmasını dəyişməyə imkan yaradıb. İllik proqnoz smetamız müəyyən edilir və bu gəlirlər əsasında motivasiyaedici tədbirlər, həmçinin sosial rifaha xidmət edən layihələr həyata keçirilir. Sadəcə dövlət tərəfindən ayrılan vəsaitin bölüşdürülməsi ilə kifayətlənmək düzgün deyil.
Dövlət mühəndis-pedaqoji heyətin keyfiyyətli seçimi üçün ciddi addımlar atır. İşə qəbul prosesində namizədlər iki mərhələli seçim sistemindən keçirlər: əvvəlcə test imtahanında topladıqları bal əsasında müsahibəyə çağırılırlar və müsabiqə balı iş təcrübəsi ilə birlikdə əməkhaqqına təsir göstərir.
– Əlavələr il ərzində neçə müəllimi əhatə edib? Ümumiyyətlə, əlavələr deyərkən hansı məbləğlərdən söhbət gedir?
– Ümumilikdə, 200 nəfər mühəndis pedaqoji və inzibati heyətimiz var. Mühəndis-pedaqoji heyət 85 nəfərdir, onların da 60-dan çoxu maaşa əlavələr alırlar. Bu dəyişməyən əlavədir, Peşə Təhsili üzrə Dövlət Agentliyinin qərarı ilə 40 baldan yuxarı toplayan müəllimlərə verilir. Mərkəzin özünün mükafatlarının məbləği isə dəyişir və mühəndis-pedaqoji heyərin təxminən 50-70 faizi bu mükafatı ala bilir. Bu proses Pedaqoji Şuranın qərarları əsasında həyata keçirilir və qanunvericiliyə uyğun olaraq dövlət müəssisələrində işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə müəyyən mükafatlandırma mexanizmləri tətbiq edilir.
Mərkəz olaraq rəqabət və təşviq mühiti yaratmağa üstünlük veririk. Bu məqsədlə mütəmadi olaraq sorğu və qiymətləndirmələr aparılır ki, mükafatlandırma ədalətli və obyektiv şəkildə həyata keçirilsin.

– Qiymətləndirmələri nəyə əsasən aparırsınız?
– Qiymətləndirmə prosesi hər ilin sonunda müəllimlərin təqdim etdiyi hesabatlara əsaslanır. Eyni zamanda, istehsalat təlimi ustalarının həftəlik verdiyi hesabatlar da qiymətləndirmə üçün mühüm məlumat mənbəyidir. Bu məlumatlar əsasında aparılan qiymətləndirmənin ədalətli və obyektiv olması təmin edilir. Bu yanaşma müəllimlərin fəaliyyətini sistemli və şəffaf şəkildə izləməyə, inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaradır.
– Növbəti tədris ili üçün planlarınız nədir?
– Əsas planlarımız tələbə kontingentinin və tədrisin keyfiyyətinin artırılması istiqamətindədir. Adambaşına maliyyələşmə sisteminə keçid bizə yeni imkanlar yaradıb, emalatxanalarımızın maddi-texniki bazası zənginləşib. 28 nəfərdən çox sərnişin tutumu olan böyük bir avtobusumuz təlimlərin iş yerlərində keçirilməsini mümkün edir.
Yeni infrastrukturun tikintisi və avadanlıqlarla tam təchiz edilmiş laboratoriyaların istifadəyə verilməsi də növbəti tədris ili üçün planlarımıza daxildir.
Tələbə sayının artmasına görə dual tədris proqramlarının sayını artırmaq məqsədəuyğun hesab edilir. Hazırda 7 dual ixtisas üzrə 8 qrup fəaliyyət göstərir və dual proqramlar üzrə ixtisas sayını 13-ə çatdırmaq planlaşdırılır.
Təxminən 250-dən çox tələbəmizin dual proqramlara keçid etməsi mümkün olacaq. Eyni zamanda, bazar tələbləri nəzərə alınaraq bəzi ixtisaslar yenidən yaradılacaq, həmçinin “Satış və marketinq”, “Tədbir təşkili və idarə edilməsi” və s. kimi yeni ixtisaslar da açılacaq.

– Dual proqram üçün tərəfdaş tapmaqla bağlı çətinlikləriniz var?
– Dual proqram üçün tərəfdaş tapmaq da asan deyil. Dual tərəfdaş tələbəmiz üçün hər gün eyni şəraiti yaratmalı, ona qida, təqaüd verməlidir. Bir avtobusumuz var, amma onunla tələbələrimizin hamısını çatdıra bilmərik, ona görə tərəfdaş özü də bizə dəstək verməlidir. Yəni müəssisələrin öz imkanları yaxşı olmalıdır ki, bizə tərəfdaş olsunlar.
– Yeni dual ixtisaslar hansılar olacaq?
– Yeni tədris ilində ənənəvi olaraq turizm ixtisaslarımız fəaliyyətini davam etdirəcək. Artıq üçüncü ildir ki, rabitə ixtisasları üzrə dual proqramlar həyata keçirilir.
Növbəti tədris ilində ümumilikdə 13 ixtisas üzrə dual qrupun açılması nəzərdə tutulur. Həmin sahələr üzrə tərəfdaşlarımızın sayı çox olduğundan həmin ixtisasların “iş yerində tədris” formasına keçirilməsi planlaşdırılır. Məqsədimiz əmək bazarının tələblərinə uyğun, praktik bacarıqlara əsaslanan müasir kadr hazırlığını təmin etməkdir.
– Yeni tədris ilində tələbə qəbulu üçün plan yerlərinizin sayı nə qədər olacaq?
– Keçid qruplarımız 440 nəfərdir. Qəbul planına uyğun olaraq 1100 nəfərin qəbulu nəzərdə tutulub. Ümumilikdə 2025/26 tədris ili üzrə 1540 tələbə ilə tədrisə başlamağı planlaşdırırıq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər