· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Dünya siyasətçiləri Heydər Əliyev haqqında

Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. 

Vladimir PUTİN,

Rusiya Federasiyasının Prezidenti

 

 

 

 

 

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Corc BUŞ,

Amerika Birləşmiş Ştatlarının Prezidenti

 

 

 

 

 

Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.

Abdullah GüL,

Türkiyə Respublikasının Prezidenti

 

 

 

 

Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.

 

Rəcəb Tayyib ƏRDOĞAN,

Türkiyə Respublikasının Baş naziri

 

 

 

 

 

   Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu.

Toni BLEYER,

Böyük Britaniyanın keçmiş Baş naziri

 

 

 

 

 

Beynəlxalq aləmdə tanınmış siyasətçi, çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, çin xalqının qədim dostu olan cənab Heydər Əliyev çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.

 

Xu SZİNTAO,

çin Xalq Respublikasının Sədri

 

 

 

 

 

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.

 

Jak ŞİRAK,

Fransa Respublikasının keçmiş Prezidenti

 

 

 

 

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi  üçün  çox  işlər  görmüşdür.

 

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının Prezidenti

 

 

 

 

 

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

 

Gerhard ŞRöDER,

Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri

 

 

 

 

Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.

İslam KƏRİMOV,

özbəkistan Respublikasının Prezidenti

 

 

 

 

 

Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır

Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir.

Heydər ƏLİYEV

 

Azərbaycan xalqının böyük oğlu, dünya azərbaycanlılarının milli lideri Heydər Əliyev tarix baxımından cismən bizdən uzaqlaşdıqca millətimiz üçün bu əvəzsiz itkinin ağırlığı bir o qədər daha çox duyulmaqdadır. Mübaliğəsiz demək olar ki, bu qüdrətli şəxsiyyət, nadir zəka sahibi yaşadığı, fəaliyyət göstərdiyi dövrün canlı əfsanəsidir. Tarixə nəzər salsaq, çox az dövlət xadimi göstərmək olar ki, öz xalqının, vətəndaşı olduğu ölkənin ictimai-siyasi, sosial-iqtisadi, milli mənəvi tərəqqisindəki xidmətlərinə görə ulu öndərimiz səviyyəsinə yüksələ bilsin.

 

İnkarolunmaz həqiqətdir ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları, sözün əsl mənasında, müasir pedaqoji fikir tariximizin nadir incilərindəndir. Cəsarətlə demək lazımdır ki, güclü məntiqə və qibtə olunası uzaqgörənliyə əsaslanmış həmin mülahizə və müddəalar, tarixi tövsiyələr həm keçmiş SSRİ dövründə, eləcə də müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf yolunun proqramına çevrilmişdi. Bu böyük şəxsiyyətin hələ sovet ideologiyasının hökm sürdüyü illərdə təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikirləri bu gün üçün müasir səslənən ideyalarla müqayisə etdikdə onun zamanı necə və hansı səviyyədə qabaqladığına heyran olmaya bilmirsən. Aparılan araşdırmalar göstərir ki, ulu öndər özünün nitq və çıxışlarında, pedaqoji ictimaiyyətlə görüşlərində təhsilin bütün pillələrini əhatə edən ən zəruri, aktuallığı ilə hamını düşündürən məsələlərə toxunmuş, təhsilin məzmunu, idarəolunması, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə konseptual müddəalar irəli sürməklə dövrünə görə təhsil sistemi işçiləri qarşısında dayanan ən ümdə vəzifələrə aydınlıq gətirmişdir.

Gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəldilməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi ulu öndərimizi daim düşündürürdü. Bu mənada hələ 33 il bundan əvvəl, 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə söylədiyi "Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır" fikri hazırkı dövrün tələbləri və müasir yanaşmalarla necə də həmahəng səslənir. Həmin nitqində gənclərə müraciət edərək irəli sürdüyü "İqtisadi və mədəni quruculuq sürəti də, gələcəkdə respublikamızın ictimai həyatının səviyyəsi də nəticə etibarı ilə sizdən, gənclərin bütün indiki nəslindən, onların bacarığından, qabiliyyətindən, biliyindən asılı olacaqdır", "Siz elmi-texniki inqilabı irəli aparmalı, elm və mədəniyyəti inkişaf etdirməli, cəmiyyətin yeni maddi və mənəvi sərvətlərini yaratmalı olacaqsınız" müddəaları ilə isə ümummilli liderimiz əslində müəllimlərin, bütövlükdə təhsil müəssisələrinin fəaliyyətinin nəticələrini xüsusi olaraq diqqətə çatdırmaqla təhsil sisteminin ən zəruri vəzifəsini müəyyənləşdirmişdir.

Cəsarətli və uzaqgörən siyasətçi, müdrik dövlət rəhbəri olan Heydər Əliyev Azərbaycanın müstəqillik üfüqlərini hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrlərdə yaxşı görürdü. O əmin idi ki, gələcək müstəqil dövlətin bünövrəsinin möhkəm qurulması üçün təhsilin inkişafına indidən güclü təkan verilməlidir. 1977-ci il avqustun 27-də keçirilmiş tələbələrin respublika fəalları ilə görüşündə gənclərə "Bu gün sizin başlıca vəzifəniz oxumaqdan, müstəqil işləmək vərdişləri əldə etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq bacarığına yiyələnməkdən, yəni kamil mütəxəssis olmaq, cəmiyyətimizə daha çox fayda vermək üçün zəhmətlə, səylə, əzmlə, gündən-günə misilsiz bilik, mədəniyyət, ictimai vərdiş ehtiyatı toplamaqdan ibarətdir" müraciəti, 18 may 1978-ci ildə keçirilən Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqində "Biz bu gün də, gələcəkdə də gənclərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da mükəmməlləşdirməliyik" deməsi, şübhə yoxdur ki, məhz həmin qənaətdən irəli gəlirdi.

ümummilli liderimiz təhsil məsələlərinə toxunarkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyətin, dövlətin, hər bir şəxsin məhz inkişafına, tərəqqisinə xidmət etməli olduğunu dönə-dönə vurğulayır, təhsil xidmətlərinin birmənalı olaraq həmin istiqamətə yönəldilməsini vacib sayırdı. "Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı-şagird də, tələbə də, müəllim də, bütün kollektiv də inkişafdadır" (1997-ci il sentyabrın 1-də Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş görüşdəki nitqindən) deməklə ulu öndərimiz əslində məktəbdəki inkişafın bilavasitə burada həyata keçirilən təhsilin nəticəsi olduğunu diqqətə çatdırırdı.

Son illər belə bir fikir tez-tez səslənir ki, hər hansı bir ölkənin maddi ehtiyatları, yeraltı və yerüstü sərvətləri nə qədər çox olsa belə, təhsil sahəsində irəliləyişləri yoxdursa, orada inkişaf sürəti də zamanın tələbindən geridə qalacaqdır. Bununla əlaqədar tarixilik baxımından yanaşsaq, ulu öndərimiz bu mülahizəni neçə illər bundan əvvəl "Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar" (2001-ci il sentyabrın 1-də Bakıda ilk özəl ümumtəhsil məktəb kompleksinin açılışı mərasimindəki nitqindən) müddəası ilə çox lakonik və sərrast şəkildə ifadə etmiş, təhsilin cəmiyyətdəki  roluna bir daha aydınlıq gətirmişdir.

öz Vətəninin ləyaqətli övladı olan, ölkəmizə rəhbərlik etdiyi dövrdə gərgin və məqsədyönlü fəaliyyəti ilə millətimizə şərəf və başucalığı gətirmiş Heydər Əliyev "Azərbaycan xalqı yüksək elmə, yüksək biliyə, savada malik olan bir xalqdır. Bunlar hamısı uzun illər-keçmişdən indiyə qədər Azərbaycanda yaranmış təhsil sisteminin fəaliyyətinin əməli nəticələri, Azərbaycan müəllimlərinin, alimlərinin gərgin fəaliyyətinin nəticəsidir" (1996-cı il sentyabrın 2-də Bakının Nərimanov rayonunda yeni orta ümumtəhsil məktəbinin açılışı mərasimindəki nitqindən) deməklə xalqının intellektual səviyyəsinə, təhsildə qazanılmış uğurlara böyük qiymət verirdi. Onun 1997-ci il avqustun 29-da keçirilmiş Azərbaycan və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşdəki yekun nitqində gənclərə "XXI əsr sizin əsriniz, sizin dövrünüz olacaqdır. Siz və sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək təhsilli insanları həmin əsrdə müstəqil, azad respublikamızı yaşadacaqsınız, inkişaf etdirəcəksiniz. Biz bu işləri sizin öhdənizə buraxacağıq" tarixi müraciəti həm ölkəmizin işıqlı sabahına, həm də bu işıqlı sabaha doğru qətiyyətlə addımlayan o dövrün gənclərinə dərin inamından irəli gəlirdi.

Ulu öndərimizin orta məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında qiymətli fikirləri bu gün də hamımız üçün aparıcı istiqamət, əsas ideya mənbəyi olmalı, xüsusilə son illər göstərilən məsələlər ətrafında aparılan mübahisələrə, fikir ayrılıqlarına, nəhayət ki, son qoymalıdır. Hələ 30 il bundan əvvəl 1978-ci il mayın 18-də keçirilmiş Azərbaycan müəllimlərinin VI qurultayında "çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə, əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur. Məzun əməyə hazırdırmı-bu gün məktəbin işinin, bütün xalq maarifi sisteminin səmərəliliyi, bax bu meyarla müəyyən edilir", - deyən ümummilli liderimiz 21 il sonra bu tarixi mülahizəni daha da dolğunlaşdıraraq "İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər 11 il müddətində uşaq I sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o gedib universitetə imtahan verə bilməz. Heç lazım da deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir-ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil almasa da, həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin qürurlu üzvü olacaqdır", "İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır" (1999-cu il avqustun 31-də respublika təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdəki nitqindən) müddəalarını irəli sürürdü.

Bütün bunlarla yanaşı, ulu öndər biliklərə əzmlə yiyələnməyi, daha çox bilik əldə etməyi, əsas diqqəti biliklərə əsaslanan cəmiyyətin qurulmasına yönəltməyi ən aktual vəzifələrdən biri hesab edir, bu prosesdə orta təhsilin roluna böyük qiymət verirdi. çox əlamətdar haldır ki,  ümummilli liderimizin təhsillə bağlı nitq və çıxışlarındakı hər hansı bir istiqamət üzrə konkret fikir məqsədli mahiyyət daşıyaraq illər ötdükcə məzmun etibarı ilə daha da zənginləşdirilir, bir-birini tamamlayır və nəticədə konseptual xarakterli müddəaya çevrilir. Azərbaycanda siyasi hakimiyyətə qayıdışından təxminən bir il sonra 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki nitqində dahi rəhbərimiz "Müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil illərində qoyulmalıdır. Yəni gənclərin bu istiqamətdə təhsilinin artırılmasının təməli qoyulmalıdır. Bunu iqtisadiyyatımızın bu günü və gələcəyi tələb edir" söyləməklə həm ölkənin yaxın gələcək üçün aktual sayılan vəzifəsini müəyyənləşdirir, eyni  zamanda həmin fikrin məntiqi açıqlanması kimi "Bu günün tələbləri gələcəyin tələbləri baxımından dünyanın hər yerində, bütün ölkələrdə inkişaf etmiş iqtisadiyyatı, texnologiyanı, texnikanı mənimsəmək, onları respublikada tətbiq etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, təhsilini, elmini dünya standartları səviyyəsinə qaldırmaq üçün gənclərimizə lazım olan fənlərin tədrisini gərək yaxşı təşkil etsinlər. Beləliklə də bizim gənclərimiz gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək təhsil almış olsunlar" müddəasını irəli sürürdü.

Sosial-iqtisadi sahələrdə inkişafı dünya standartları səviyyəsinə qaldırmaq üçün nə tələb olunur?! Nələrə nail olmaq lazımdır?! Bu suallara da ulu öndər "Müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır" (Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdəki yekun nitqindən, 29 avqust 1997-ci il), "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik." (Yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş  mitinqdəki nitqindən, 1 sentyabr 1997-ci il) deməklə əsaslandırılmış cavab verir.

ümummilli liderimizin orta məktəblərdə fənlərin tədrisinin təşkili ilə əlaqədar vurğuladığı tələbi diqqətə çatdırarkən bir amili də qeyd etməyi lazım bilirik ki, bu məsələ ulu öndərimizi bütün vaxtlarda daim düşündürmüşdür. O, fənlərə sadəcə olaraq şagirdlərə müəyyən çərçivədə müvafiq məlumatlar, nəzəri biliklər mənimsədən vasitə kimi deyil, hər şeydən əvvəl, şəxsiyyətin formalaşdırılmasını təmin edən, onlara həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək üçün zəruri həyati bacarıqlar aşılayan mühüm amil kimi baxırdı. Biz haqqında söhbət gedən həmin məsələləri yalnız indi diqqət mərkəzinə gətiririksə, ulu öndərimiz bütün bunlar barədə hələ çox əvvəllər qiymətli fikirlər söyləmişdi. Onun 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə "Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır", "...Əməyin elmi təşkili prinsiplərini yaxşı öyrənmək, kollektiv təcrübəni qiymətləndirməyi, başqalarının rəyinə qulaq asmağı, tənqiddən qorxmamağı, öz işinə tənqidi yanaşmağı bacarmaq lazımdır" kimi gənclərə ünvanladığı dəyərli tövsiyələr hazırda ümumi təhsilin başlıca məqsədlərindən birinə çevrilmişdir. Ulu rəhbərin 1978-ci ildə Azərbaycan müəllimlərinin VI qurultayında irəli sürdüyü "Məktəbdə ana dilinin və ədəbiyyatın tədrisi formalarını və metodlarını daim təkmilləşdirmək, uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq, onları mədəniyyət nailiyyətləri ilə, dünya və Azərbaycan poeziyası və nəsri klassiklərinin yaradıcılığı ilə, ədəbiyyatın qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə tanış etmək lazımdır.

Ana dilini, doğma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək elmli adam üçün zəruri keyfiyyətdir, vətəndaşın şəxsiyyətinin hərtərəfli inkişafı üçün şərtdir", "Bizim məktəb şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və başqa fundamental fənlər sahəsində möhkəm biliklərə yiyələnməsini təmin etməlidir. Gənclər elmi işçilərin sırasına daha fəal qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin önündə getməlidirlər. Fundamental və texniki fənləri dərindən mənimsəmək, bu fənlərin tədrisi səviyyəsinə daim diqqət yetirmək lüzumu bundan irəli gəlir", "İctimai fənlərin təlimi keyfiyyətinin  böyük  əhəmiyyəti  vardır.

Gənc şəxsiyyətin təşəkkülündə, gənclərin dünyagörüşünün formalaşdırılmasında ictimai fənlərin rolu xüsusilə böyükdür. İctimai fənləri yaxşı bilmək hər bir məktəblidə Vətənə məhəbbət hissinin, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzminin tərbiyə olunmasına və inkişaf etdirilməsinə kömək edir" müddəaları hazırda müasir səslənməklə ümumi təhsil sisteminə daxil olan həmin fənlərin indiki dövrdə məqsəd və vəzifələrini aydın ifadə edir. Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, təhsil islahatları çərçivəsində ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulumu) sənədi, ümumtəhsil fənlərinin kurrikulumları hazırlanarkən umummilli liderimizin bütün bu fikir və mülahizələri aparıcı istiqamət olaraq əsas götürülmüşdür.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra təhsilimizin inkişafı, qabaqcıl ölkələrin təhsil sistemlərinə davamlı inteqrasiyası üçün əlverişli şəraitin yarandığı bir vaxtda ulu öndər bu tarixi şansı yüksək qiymətləndirməklə yanaşı, həm də çox vacib bir məqamı diqqətə çatdıraraq "Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır" (Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə yekun nitqindən, 31 avqust 1994-cü il) vəzifəsini qarşıya qoyurdu. Təxminən 3 il sonra ümummilli lider gələcəyə nikbinliklə baxaraq və irəli sürdüyü həmin vəzifənin tədricən yerinə yetirildiyinə inamını ifadə edərək "Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də budur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq", - deyirdi (Yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş mitinqdəki nitqindən, 1 sentyabr 1997-ci il).

Ulu öndərimiz təhsilin milli məqsəd və mənafelər əsasında qurulması zərurətinə toxunarkən, ilk növbədə, heç şübhəsiz, uşaq və gənclərin əsl azərbaycanlı, əsl vətəndaşlıq, milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını diqqət mərkəzinə çəkirdi. O qeyd edirdi ki,  "Təhsil sahəsi müqəddəs bir sahədir. çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur" (BDU-nun 80 illiyi münasibətilə görüşdəki nitqindən, 11 fevral 2000-ci il), "Respublikamızın, xalqımızın milli xüsusiyyətlərini, milli ənənələrini... heç vaxt unutmaq lazım deyil və bunu heç bir şeyə dəyişmək olmaz" (Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdəki yekun nitqindən, 29 avqust 1997-ci il). özünün şəxsi keyfiyyətləri və fərdi xüsusiyyətləri ilə millətimizə nümunə olan böyük rəhbərimiz uşaq və gənclərin tərbiyəsində dini dəyərlərin də rolunu yüksək qiymətləndirir, bunları insan mənəviyyatının formalaşmasında əsas amil hesab edirdi. Onun fikrinə görə, "Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dini dəyərləri-hamısı birlikdə bizim milli sərvətimizdir. Bizim bütün milli və dini adət-ənənələrimizin məqsədi insanları saflığa, düzlüyə, paklığa dəvət etməkdən, insanları bu əhval-ruhiyyədə tərbiyə etməkdən ibarətdir" (Qurban bayramı münasibətilə Mirmövsüm Ağanın ziyarətgahında keçirilən görüşdəki nitqindən, 8 aprel 1998-ci il). Yeri gəlmişkən, ümumtəhsil məktəbləri üçün "Həyat bilgisi" fənninin kurrikulumuna "Mənəviyyat" məzmun xətti daxil edilərkən və onun nəticə standartları müəyyənləşdirilərkən ulu öndərin irəli sürdüyü həmin müddəalar ideya istiqaməti kimi əsas tutulmuşdur.

"ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır" (Respublika təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdəki nitqindən, 31 avqust 1999-cu il) vəzifəsini qarşıya qoyan ümummilli liderimiz, eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin, dövlət atributlarının mahiyyətinin uşaqlara geniş şəkildə izah olunmasını vacib sayır, bu istiqamətdə görülən işləri şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm amil hesab edirdi. Bununla yanaşı, ümummilli liderimiz uşaq və gənclərin kamil şəxsiyyət kimi formalaşmasında onların həm doğma ana dilinə, həm də xarici dillərə yiyələnməsinə, ədəbi irsimizi, tariximizi dərindən öyrənmələrinə ciddi diqqət yetirilməsini dönə-dönə vurğulayır, bu işlərin məqsədyönlü şəkildə həyata keçirilməsini məktəbin, bütün müəllimlərin məqəddəs borcu olduğunu bəyan edirdi. Ulu öndərin "Azərbaycan dili öz söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini, ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin", "Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. çünki mənəviyyatımız, gənclərin bu günü və gələcək mənəviyyatı bununla bağlıdır", "Ədəbi irsimizin bütün gənclərə, bu gənclər hansı istiqamətdə işləyəcək, çalışacaqlarsa, ondan asılı olmayaraq-çatdırılması, bildirilməsi, tədris olunması çox mühüm bir işdir. Buna ciddi fikir vermək lazımdır", "Lazımdır ki, gənclərimiz orta məktəbi bitirərkən 2-3 xarici dil bilsinlər" (Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə yekun nitqindən, 31 avqust 1994-cü il), "Gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir" (Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdəki yekun nitqindən, 29 avqust 1997-ci il) müddəaları orta təhsilin yenidən qurulmasını, təhsilin məhz müasir insanda formalaşdırılası dəyərlər sistemi səviyyəsinə yüksəldilməsini təmin edən prioritet istiqamətlərdəndir.

Müdrik dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın təhsilinin inkişafındakı ölçüyəgəlməz və danılmaz xidməti, heç şübhəsiz, ölkəmizin ümumi təhsil sistemində əsaslı islahatların başlanmasının təşəbbüskarı və ilhamçısı olmasıdır. Vaxtilə keçmiş Sovet İttifaqının rəhbərlərindən biri kimi neçə-neçə strateji əhəmiyyətli sahələrlə yanaşı, bu super dövlətin təhsili də bilavasitə onun nəzarətində olmuş, 1984-cü ildə keçirilən məktəb islahatına rəhbərlik etmişdir.

Müstəqil Azərbaycanda təhsil islahatları 1999-cu ildən başlansa da, bu prosesin zəruriliyi hələ xeyli əvvəl ulu öndərimizin nitq və çıxışlarında dəfələrlə vurğulanmışdır. 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşdəki yekun nitqində ümummilli liderimiz "İndiyə qədər yaranmış təhsil, bilik, elm potensialından, həm də bütün ölkələrlə hazırkı əlaqələrdən istifadə edərək inkişaf etmiş ölkələrin təcrübəsini təhsil sahəsində tətbiq etmək mümkündür", - deməklə diqqəti bir tərəfdən islahatyönümlü işlərin hansı bünövrə, təməl üzərində qurulmasına yönəldir, digər tərəfdən isə Azərbaycanda həmin tədbirlərin uğurla həyata keçiriləcəyinə inamını ifadə edirdi.

İslahatların dövrün tələbinə görə planlaşdırılması və aparılması sahəsində böyük təcrübəyə malik ulu öndərimiz həmin nitqində "İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəlsin" müddəasını irəli sürməklə təhsil islahatlarının başlıca istiqamətini çox aydın şəkildə göstərmiş, "Biz təhsil sahəsində bütün yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyi tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız" fikri ilə əslində islahatyönümlü tədbirlərin konseptual əsasını müəyyənləşdirmişdir. ümummilli liderimizin 26 noyabr 1994-cü ildə BDU-nun 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində söylədiyi "İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş şəkildə həyata keçirilməlidir. İslahat naminə, dəb naminə aparılmamalıdır. Adını dəyişdirməklə, bir qədər formasını dəyişdirməklə ki, yeni bir qiyafəyə girsin, dəbə düşsün-bunun naminə yox, yalnız və yalnız əldə etdiyiniz səviyyədən daha yuxarı qalxmaq üçün, təhsilin səmərəliliyini, elmin səmərəliliyini artırmaq üçün aparılmalıdır. Bütün bu islahatlar ancaq bu yolla, bu istiqamətdə getməlidir, bu məqsədi daşımalıdır və biz bu məqsədə nail olmalıyıq" müddəasında isə nəzərdə tutulan islahatların mahiyyəti və məqsədləri lakonik surətdə son dərəcə dəqiq ifadə edilmişdir.

Birmənalı şəkildə demək lazımdır ki, 1999-cu il iyunun 15-də ulu öndərimizin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nın əsasını məhz böyük rəhbərin təhsilimizin gələcək inkişafı ilə bağlı ideyaları, konseptual, proqram xarakterli fikirləri, müddəa və mülahizələri təşkil etmişdir. İslahat Proqramının iyunun 15-də-Qurtuluş günündə təsdiq olunması da rəmzi məna daşıyır. Dahi Heydər Əliyevin 1993-cü ilin həmin tarixi günündə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz siyasi, iqtisadi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas olmaqla inkişaf yoluna, tərəqqi dövrünə qədəm qoydu, İslahat Proqramının bu əlamətdar gündə təsdiq edilməsi isə təhsil sistemimizdə yeni mərhələnin başlanğıcı oldu.

Müstəqil Azərbaycanın təhsil sistemində, xüsusilə də ümumi təhsil sistemində islahatların qaçılmaz olduğunu diqqətə çatdıran ulu öndərimiz, eyni zamanda təhsil işçilərini islahat prosesinə həssas və ehtiyatla yanaşmağa çağırırdı. Onun "Təhsil sahəsi cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır",  "Əgər iqtisadiyyat sahəsində islahatları keçirmək bir il, iki il yox, bir neçə il  və ondan da çox vaxt tələb edirsə, təhsil sahəsində islahatlar bundan daha çox vaxt  tələb edir. Ona görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilməz" (Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasındakı yekun nitqindən, 17 mart 1999-cu il) müddəaları bu gün də islahatlarla məşğul olan mütəxəssislərin fəaliyyətinə istiqamət verən dəyərli ideyalardır. Onu da qeyd etməyi lazım bilirəm ki, islahatlar prosesinə başlarkən ümummilli liderimizin həmin nitqində irəli sürdüyü  "Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində-Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik" fikrini əsas tutaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə xeyli tədqiqatlar və müqayisəli təhlillər aparılmış, bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilərək yeri gəldikcə onlara istinad edilmişdir.

Ulu öndərin təhsillə bağlı nitq və çıxışlarına diqqət yetirdikdə daha bir maraqlı cəhət özünü büruzə verir: Müdrik və uzaqgörən dövlət rəhbəri məqsədli şəkildə müəyyən konseptual fikri, yaxud fikirləri yalnız bir dəfə deməklə kifayətlənmir, ayrı-ayrı auditoriyalarda bu fikirlər müxtəlif nitq çalarlarında səslənməklə yaddaşlara hakim kəsilir... Həm də islahatlar barədə danışarkən aydın hiss olunur ki, ulu öndər bu islahatların davamlılığında israrlıdır, çünki eyni tələbləri həm indiki, həm də gələcək nəsillərə ünvanlayır. Onun respublikanın təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə 1999-cu ilin 31 avqustunda keçirilmiş görüşdəki nitqində irəli sürdüyü "Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyukturaya yol verməyəsiniz. Azərbaycanın milli ənənələrinin üzərindən  keçməyəsiniz", "çalışmaq lazımdır ki, islahat islahat naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın", "Əgər biz iqtisadi sahədə apardığımız islahatlarda bu gün haradasa səhv ediriksə, sabah həmin səhvi düzəltmək mümkündür, haradasa ifrata yol veririksə, onun qarşısını almaq mümkündür... Amma təhsil sahəsi çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara yer verilə bilməz", 2000-ci il sentyabrın 1-də Bilik Günü münasibətilə Bakının Nərimanov rayonundakı 82 nömrəli məktəbdə keçirilən təntənəli toplantıdakı nitqində söylədiyi "Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır", 2001-ci il sentyabrın 1-də Bakıda ilk özəl ümumtəhsil məktəb kompleksinin açılışı mərasimindəki nitqində vurğuladığı "Son illər Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi-siyasi sistem yolu ilə gedərək dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən öyrənməyə çalışır və təhsilin də təkmilləşdirilməsində bu təcrübədən istifadə etmək lazımdır" müddəaları dediklərimizə real əyani sübutdur.

Daha bir maraqlı məqam... Məlumdur ki, Azərbaycan bu gün haqqında daha çox danışılan və müzakirələr obyektinə çevrilən Boloniya Bəyannaməsinə rəsmi olaraq 2005-ci ilin mayında qoyulmuşdur. Lakin çox əlamətdardır ki, ulu öndərimiz bu Bəyannamədə təsbit olunmuş əsas məqsədlərin mahiyyətini hələ 6 il əvvəl-1999-cu ilin martında keçirilmiş təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasındakı yekun nitqində "Azərbaycanın təhsil sistemində təhsil alan insanların və xüsusən ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Onların prinsiplərinə uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin", - deməklə uzaqgörənliklə dəqiq açıqlamış və bununla da ölkəmizin ali təhsil sistemi qarşısında dayanan ən zəruri vəzifəni müəyyənləşdirmişdir.

Şübhəsiz, bir məqalə çərçivəsində dahi şəxsiyyət Heydər Əliyevin təhsillə bağlı proqram müddəalarının mahiyyətini, bunlarda ifadə olunmuş konseptual ideyaların məna tutumu baxımından miqyasını açıqlamaq və təhlil edib müvafiq nəticələr çıxarmaq qeyri-mümkündür. Heydər Əliyevin bizlərə və gələcək nəsillərə ərməğan etdiyi zəngin irsi qiymətli bir xəzinədir. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin işıqlı təfəkküründən süzülüb gəlmiş nadir fikir inciləri uğurlu gələcəyə gedən yollarımızda əbədi məşəl kimi daim şölələnəcəkdir.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

 

Prometey güclü insan

Ulu öndər Heydər Əliyev bütün siyasi və ictimai fəaliyyəti dövründə ən qədim zamanlardan indiyə qədər milli ideologiyanın özünü, izlərini, rüşeymlərini axtarırdı və tapırdı. Bununla fəxr edir, vətən övladlarına da milli qürur hissi aşılayırdı.

 

Fikrimi kiçik bir misal çəkməklə izah etmək istəyirəm. Azərbaycan KP MK Bürosunun iclaslarından biri idi, mən də dəvət olunmuşdum. Heydər Əliyev söhbət əsnasında üzünü bizə tutdu (orada Yazıçılar İttifaqının birinci katibi və 2-3 nəfər də yazıçı var idi):

- Necə olur ki, - dedi - XIX əsr Azərbaycan mədəniyyətindən, ədəbiyyat tarixindən söhbət gedəndə, biz ancaq Mirzə Fətəli Axundovun "Puşkinin ölümünə Şərq poeması" əsərindən başqa əsər adı çəkə bilmirik. O dövrdən bir əsər yazılmayıb?!

Hamı susurdu. Mən yerimdən dilləndim. - Var, - dedim, - yoldaş Heydər Əliyev.

Diqqətlə mənə sarı dönüb, üzümə baxdı.

- Əgər varsa, niyə mənə rast gəlməyib? Yəqin diqqəti o qədər çəkməyib. Hər halda yazmaq lazımdır, - dedi və başqa məsələyə keçdi.

İttifaqın birinci katibi üzümə narazı baxdı, - yəqin MK-nın birinci katibi danışanda onun sözünü kəsməzlər, - demək istəyirdi. Mənsə buna təbii baxırdım. Heydər Əliyev soruşmuşdu, mən də cavab vermişdim. Və elə bilirəm ki, ona da xoş olmuşdu. Gecə saat 1-də Yazıçılar İttifaqının birinci katibi mənə evə zəng vurdu. Rəsmi və soyuq danışdı.

- Büroda dediyin əsəri yoldaş Heydər Əliyev istəyir. Sabah təcili göndər. Mən də yenicə yazıb bitirdiyim "Zümrüd quşu" adlı poemamı təqdim etdim.

Bu əsərin Heydər Əliyevə verilməsindən dörd gün sonra (əsəri böyük İnsan özü oxumuşdu) Azərbaycan KP MK-dan mənə zəng oldu. Səhərisi qəzetlərdə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı almağım barədə sərəncam çıxmışdı.

ümummilli liderimiz dahi şəxsiyyət Heydər Əliyev hər bir yaradıcı ziyalının həyatında, tərcümeyi-halında, taleyində yaşayır.

O, yenilməz Prometey gücü ilə Xeyiri Şərdən qoruyurdu.

Nəriman HƏSƏNZADƏ,

xalq şairi

 

 

 

Qalib gəldi, qalib getdi

Heydər Əliyevi tanıyanda çox gənc idim. Sonrakı illərdə Azərbaycan rayonlarına səfərlər zamanı, müxtəlif vaxtlarda Gəncədə, Naxçıvanda, Şuşada, habelə İstanbulda və Ankarada, Moskvada, Romada, Pekində və Şanxayda, Alma-Atada, Bişkəkdə, dövlət başçılarıyla söhbətlərində, sənətçilərlə ünsiyyətində, tarlalarda, ya küçələrdə adi adamlarla görüşlərində onu yaxından müşahidə  etmək imkanım olub. İki-üç dəfə isə təkbətək çox ətraflı, məhrəm söhbətlərimiz olub.

Azərbaycanın görkəmli sənətkarlarının yüksək ümumittifaq mükafatlarına, təltiflərinə nail olmaq yalnız o konkret şəxslərin deyil, ümumən ədəbiyyatımızın, sənətimizin və deməli Azərbaycanın nüfuzunu ucaltmaqdı. Bütün bunlar Heydər Əliyev vətənsevərliyinin, Heydər Əliyev zəkasının, iradəsinin,  uzaqgörənliyinin  qələbəsi idi.

Heydər Əliyev hər xalqa, bəlkə də əsrdə bir dəfə qismət olan nadir şəxsiyyət idi.

Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir desin, nə yazır yazsın, qalib gəldi, qalib getdi.

 ANAR,

xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

 

 

 

 

"İmzalı, möhürlü həqiqətimsən"

- Ulu öndərimiz, ümummilli liderimiz, Azərbaycan xalqının şərəfi, tariximizin başucalığı Heydər Əliyev mənim üçün xatirə deyil, canlı həyatdır, dirilik suyudur, qaynayıb daşan varlıqdır. Heydər Əliyev haqqında yazmaq şərəfli olduğu qədər çətin və məsuliyyətlidir. Xoşbəxtəm ki, onun haqqında mən də yazmışam və yenə yazıram.

 

Heydər Əliyevin respublika daxilində və Azərbaycandan kənarda, xarici ölkələrdə keçirdiyi bir sıra tədbirlərdə, mərasimlərdə, səfərlərdə mən də iştirak etmişəm. Və bir neçə dəfə təkbətək görüşlərimiz, söhbətlərimiz olub. Həmin görüşlər mənim həyatımda, taleyimdə silinməz izlər buraxıb, bu gün əziz və unudulmaz xatirələrə çevrilib. O, danışanda sanki qaya döşündən bulaq qaynayırdı. Onu dinləyəndə elə bil həyat suyu içib təşnəmi söndürürdüm.

Respublika sarayında mənim yaradıcılıq gecəm keçirilirdi. Heydər Əliyevin həmin gecəyə gəlməsi mənim üçün böyük şərəf və həyatımda unudulmaz tarixi bir gün idi. O, həmin axşam tarixi bir çıxış edərək mənim haqqımda öz ürək sözlərini dedi. çıxışında mənimlə bağlı maraqlı, turşməzə bir məqam vardı. Həmin məqamı oxuculara çatdırmağı özümə borc bilirəm. Ulu öndər gülə-gülə: - "Desəm ki, Zəlimxan Yaqub yazır, bu, düz olmaz, onunku göydən gəlir. Zəlimxan yeganə şairdir ki, onun heç bir aktyora ehtiyacı yoxdur. Hər şairin həyatında bir sevdiyi qadın olur" və gülə-gülə əlavə etdi: -"İndi mən bilmirəm Zəlimxan Yaqub kimi sevir. Ancaq yazdığı şeirlər qaynayıb daşan həyatdan, məhəbbətdən güc alır, bəhrələnir", - dedi. Əllərimi sıxıb məni doğma balası kimi bağrına basdı, mənə səmimiyyətlə daha böyük uğurlar dilədi. Həmin an həyatıma, keçdiyim ömür yoluna ən şirin, ən əziz, ən unudulmaz xatirə kimi qeyd olundu.

Zəlimxan YAQUB,

xalq şairi

 

 

 

Heydər Əliyev sənətə bağlı, sənətkarı qiymətləndirən dövlət başçısı idi

Güclü hafizəsi və yaddaşı olan Heydər Əliyev sənətə bağlı insan idi. Deyərdim o, Azərbaycanda olan rəssamların 90 faizini şəxsən tanıyırdı. Hələ hakimiyyətə gəlməmişdən qabaq Heydər Əliyev bir sıra sənət adamlarıyla, o cümlədən rəssamlarla - Səttar Bəhlulzadəylə, Tahir Salahovla, Qara Qarayevlə, Niyazi ilə dostluq edərdi. Hakimiyyətə gələndən sonra sənətə və sənətkarlara xüsusi önəm verən Heydər Əliyev yaradıcı insanların problemləri ilə maraqlanar, onlara göstərdiyi qayğı və yardımdan xüsusi  zövq alardı.

 

Ulu öndərimizin yüksək məziyyətlərindən biri də onun sadəliyi idi. Yaxşı yadımdadır, 1985-ci ildə Heydər Əliyevin büstünü hazırlamaq üçün Moskvaya ezam edildim. O zaman Sov.İKP MK-nın qərarı ilə iki dəfə Sovet İttifaqı və ya Sosialist Əməyi Qəhrəmanı adına layiq görülənlərin doğulduğu vətənlərində büstü qoyulurdu. Axı Heydər Əliyev də o zaman iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Moskvada işləmək üçün xüsusi emalatxana ayırdılar. Həmin emalatxanada bir-iki gün Heydər Əliyevlə birlikdə olmalı, onun büstünü işləməli idim. Düzü, həyəcan keçirirdim. Onunla bir neçə dəfə rəsmi görüşlərdə bir yerdə olsaq da, özümü necə aparacağımı ölçüb-biçir, tərəddüddən yaxa qurtara bilmirdim. Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevlə bir neçə gün yaxından təmasda olmaq, bir emalatxanada işləmək şərəfli olduğu qədər çətin və məsuliyyətli idi. Emalatxanaya daxil olan Heydər Əliyev sirayətedici təbəssümlə köhnə dostlar kimi əl verib mənimlə çox səmimi görüşdü, şəxsi işlərimlə maraqlandı, Azərbaycandakı siyasi ab-havanı soruşdu. Sonra gülə-gülə: "İndi mən sizin qulluğunuzda hazıram, necə desəniz, nə sayaq desəniz, eləcə də oturacam, ancaq bircə xahişim odur ki, mənə nəfəs almağa icazə verəsiniz", - dedi. Əhvalım tamam dəyişmiş, həyəcanım çəkilib getmişdi, sanki köhnə və yaxın dostumun büstünü hazırlamaq üçün işə başlayırdım (1986-cı ildə Naxçıvanda həmin büstün açılışı oldu).  Kabinetdə, iş başında ciddi və zəhmli görünən Heydər Əliyev həyatda olduqca sadə və mehriban bir insan idi.

Bütün bunlarla yanaşı, Vətənini və xalqını dərin məhəbbətlə sevən, dostlarına və yaxınlarına, ümumilikdə insanlara yüksək qiymət verən həssas və kövrək duyğulu insan idi o. Zərifə Əliyevanın heykəlini hazırlayanda mən bunun bir daha şahidi oldum.

 

ömər ELDAROV,

Azərbaycan Rəssamlıq Akademiyasının

rektoru, professor

 

 

 

Heydər Əliyevin jurnalistika məktəbi

- Heydər Əliyevin mənəvi irsində, Heydər Əliyevin mənəvi xəzinəsində hər bir peşə sahibinin, alimin, ziyalının, mütəxəssisin faydalana biləcəyi kifayət qədər incilər cəmləşib. O cümlədən biz jurnalistlər üçün də. Əslində onun media ilə bağlı yaşantılarını "Heydər Əliyevin jurnalistika məktəbi" də adlandırmaq mümkündür. özümü həmin məktəbin müdavimlərindən sayıram. çünki bu peşəyə yiyələnməyimin tarixi Heydər Əliyev cənablarının adı ilə bağlıdır.

1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alırdım. O zamandan məndə jurnalist olmaq istəyi baş qaldırdı. Həmin vaxt azərbaycanlı tələbələrin müttəfiq respublikaların müxtəlif ali məktəblərinə təhsil almaq üçün göndərilməsi geniş vüsət almışdı. Mən də müraciət etdim. Ciddi rəqabət var idi. Heydər Əliyev cənablarının şəxsi diqqəti olmasaydı, seçimdən kənarda qalacaqdım.

 

Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən Heydər Əliyevin adı Azərbaycandan olan tələbələrin dilindən düşmürdü. Hamı ondan böyük fəxarət hissi ilə danışırdı. Bir dəfə MDU-nun jurnalistika fakültəsinin dekanı olan Yasen Zasurski ABŞ-dan qayıdırdı. O, Birləşmiş Ştatların ali məktəblərində mühazirələr oxuduğundan ora tez-tez gedib-gəlirdi. Hava limanından birbaşa auditoriyamıza gəldi. özü ilə yenicə çapdan çıxmış çoxlu qəzet də gətirmişdi. İçərisində "Nyu-york tayms" da var idi. Nəşrin həmin sayında Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunda təmsil olunanlarla bağlı təhlil xarakterli məqalə dərc edilmişdi. Məqalədə büro üzvlərindən ən perspektivlisinin məhz Heydər Əliyev olduğu göstərilirdi. Bu fikirlər 47 ölkədən olan 250 tələbənin içərisində də səsləndi. Necə də qürurlanmayasan? Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtdım. Həmin vaxt Heydər Əliyev Moskvada idi.

Tale mənə Heydər Əliyevlə ünsiyyət qurmaq xoşbəxtliyini bəxş edib. "AzərTAc"da baş direktorun birinci müavini vəzifəsində işlədiyim vaxtlarda onunla tez-tez zəngləşir, söhbətləşirdik. Amma elə bilirəm ki, onunla bağlı ən böyük xatirəm "Jurnalistlərin dostu" mükafatının təqdimatı mərasimində yaşandı...

Açığını deyim ki, çox həyəcanlı idim. Adətən, dövlət rəhbərləri daha mötəbər tədbirlərə qatılırlar. Heydər Əliyev daxilindəki həssaslığı cəmiyyətə təlqin etmişdi. Bu, məndə ümid yaradırdı ki, mərasim arzuladığımız formada baş tutacaq. Axşamüstü tədbirin düzənləndiyi ünvanın önündə mühafizəçiləri görəndə nigarançılığıma son qoyuldu. Mərasimdə xüsusi diqqəti çəkən onun nitqi idi. Ayrılıb xidməti avtomobilinə əyləşərkən təbəssümlə bildirdi: "Gördün, sözümə əməl etdim, gəldim".

Əflatun AMAŞOV,

Mətbuat Şurasının sədri

 

 

 

 

Sadə insanlara münasibət

1994-cü ilin dekabr ayında Respublika sarayında Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə aqrar islahatlara həsr olunmuş müşavirə keçirildi. Lerikdən olan çoban Xanış Şahiyev də yığıncaq iştirakçıları arasında idi. O, çıxış etmək istəyirdi. Əlini qaldıranda Heydər Əliyev gördü və ona söz verdi.

 

Xanış kişi özü haqqında bir neçə kəlmə danışdı. Dedi ki, 64 yaşım var, atam İkinci Cahan müharibəsində həlak olub. Yetim qalmış qardaş və bacılarımı dolandırmaq üçün erkən yaşlarımdan zəhmətə qatlaşmışam. Qoyun-quzu otarmışam, torpaq becərmişəm. Buna görə də oxumağa imkanım olmayıb. 22 övlad atasıyam, iki oğlum şəhid olub.

Fermer Xanış sonra iş-gücündən, rayonda aparılan islahatlardan və onun bəhrələrindən söz saldı. Respublikada əmin-amanlıq yaratmaq üçün Heydər Əliyevin fəaliyyətini zəhmət adamı, el ağsaqqalı kimi bəyəndiyini bildirdi. Prezidentə müraciətlə dedi ki, Sizin dünyanın hər yerində dostunuz var. Əgər çoban dostunuz yoxdursa, bloknotunuzun kənarında yazarsınız ki, Lerikdə Şahiyev Xanış mənim dostumdur. Heydər Əliyev çoban Xanışın bu sözlərini təbəssümlə qarşıladı və onlar arasında dostluq belə yarandı.

Xanış kişi danışır ki, 2001-ci ilin yazında balaca nasaz olduğum üçün rəhbərin görüşünə gedə bilməmişdim. Qurban bayramında teleqram göndərdim, xoş arzularımı yazdım.

Novruz bayramının ilk günü nəvələrimlə evdə oturmuşdum. Telefon zəng çaldı. Dəstəyi qaldırıb qulaq asdım. Bakıdan danışırdılar. Dedilər ki, cənab Prezident sizinlə danışacaq. Bir dəqiqə keçməmiş onun mehriban və gur səsini eşitdim: - Qardaş, bayramın mübarək. Mənə məlumat veriblər ki, naxoşlamısan. İndi özünü necə hiss edirsən? Mənim təbriklərimi ailə üzvlərinə çatdır. Halın yaxşılaşanda Bakıya gəl.

Sevincimdən gözlərim yaşarmışdı. özümü ələ alıb o böyük insana ürək sözlərimi dedim, bayramını təbrik etdim, Allahdan uzun ömür arzuladım. Bu bizim axırıncı söhbətimiz oldu.

H.VƏLİMƏMMƏDOV,

respublikanın əməkdar jurnalisti

 

 

 

 

"Mən çox xoşbəxtəm ki, uşaqlıq və yeniyetmə çağlarımın ən önəmli anları Heydər babamla bağlıdır"

Uşaqlar arasında  televiziyanın ən  gözəl aparıcılarından biri  kimi yaxşı tanıdığımız, hazırda  Xarici İşlər Nazirliyinin əməkdaşı, London Diplomatiya  Akademiyasının magistrantı  Bəxtiyar Səxavətoğlu ulu öndər Heydər Əliyevlə bağlı şirin xatirələrini  titrək səslə ifadə etməyə çalışdı:  

 

- 1996-cı ilin 31 dekabr günü. Həmin gün mən ilk dəfə olaraq sevimli  Heydər babamla əl-ələ tutduğum gündür. Belə ki, həmin gün  sevimli babam Şəhriyar adına Mədəniyyət Sarayında kimsəsiz,ata-ana qayğısından məhrum  olan uşaqların Yeni il  şənliyinə gəlmiş,mənə isə həmin şənlikdə aparıcı olmaq şərəfi qismət olmuşdu. Şənliyin sonunda Heydər babamızı yola salanda əlini mənim kürəyimə qoyub: - "Sən necə  də gözəl çıxış etdin, gələcəkdə səndən yaxşı diplomat olar", - dedi. Şübhəsiz, sevincimin həddi-hüdudu yox idi və bu ümidverici sözlər peşə seçməkdə mənə istiqamət verdi. Həmin vaxtdan etibarən 2003-cü ilə qədər  elə şənlik olmazdı ki, mən Heydər babamla orada görüşməyim. Hər görüşü də böyük sevinclə gözləyirdim. Həm dərslərim, həm də ölkədə baş verən ictimai-siyasi proseslər barədə  özümün dərk etdiyim  tərzdə Heydər babaya məlumat verirdim. 2001-ci ildə mən  Bakıdakı 43 nömrəli  bağça-məktəb-lisey kompleksini fərqlənmə attestatı ilə bitirib, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə yüksək balla qəbul olundum.Səbirsizliklə dekabr ayının gəlişini gözləyirdim ki, həmin vaxtda Uşaqların beynəlxalq  televiziya və radio günü ilə bağlı keçirilən  tədbirdə   bu şad xəbəri babama çatdırım. Nəhayət, həmin an yetişdi. Mən öz  sevincimi Heydər babamla  bölüşdüm. Bu  görüşdə Heydər baba nitq söylədi və  qeyd etdi: "Bu gün  şənlikdə iştirak edən  istedadlı  uşaqlar, gənclər bütün  Azərbaycanın uşaqlarıdır. Onlar  tək deyil.  Bax, Bəxtiyar söylədi ki, artıq o, universitetə daxil olub. Deməli, onun ardınca başqa uşaqlar da gələcək. Amma mən inanıram ki, Bəxtiyar hər zaman  bizimlə olacaq".

 

Qələmə aldı: 

Sifai SƏFƏROVA

 

 

 

 

"Heydər Əliyev kimi bir şəxsin müəllimi olduğum üçün özümü xoşbəxt sanıram"

"... Mən hər dəfə Naxçıvana gedəndə müəllimlərimi mütləq tapıram, görüşürəm, söhbət edirəm. Təəssüflər olsun ki, mənə dərs deyən insanların, demək olar ki, hamısı dünyasını dəyişibdir. Ancaq bir müəllimim yaşayır... Adı da Lətif Hüseynzadədir. O, mənə Azərbaycan dili, ana dili dərsi deyirdi...".

 

  "... Mən öz müəllimlərimi həmişə xatırlayıram. Bilirsiniz ki, mən böyük həyat yolu keçmişəm, yaşım da az deyildir. çox şeylər, çox insanlar görmüşəm. Yadda qalanları da, qalmayanları da var... Amma sizə demək istəyirəm ki, ən yadda qalanlar, mənim üçün əziz adamlar Naxçıvandakı müəllimlərimdir. Onların adlarını indiyə qədər xatirimdə saxlayıram. Dil-ədəbiyyat müəllimim - Lətif Hüseynzadə... çox gözəl ədəbiyyat dərsi deyirdi...".

  

Bu gün anadan olmasının 85-ci ildönümünü xalqımızın böyük hörmət və ehtiramla qeyd etdiyi görkəmli siyasətçi və dövlət xadimi, çağdaş Azərbaycanımızın qurucusu, fenomenal şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev bütün həyatı və fəaliyyəti dövründə müəllimliyə çox yüksək qiymət vermiş, müəllimlərini həmişə böyük sayğı və məhəbbətlə xatırlamışdır. Pedaqoqları insan qəlbinin memarı adlandıran  böyük öndər cəmiyyətin inkişafında, dövlətin möhkəmlənməsində, ölkənin tərəqqisində, şəxsiyyətin formalaşmasında müəllimin önəmli rol oynadığını yaxşı bilir və yüksək qiymətləndirirdi. Onun ölkəmizdə hakimiyyətdə olduğu təxminən 35 illik dövr ərzində təhsilə, müəllimlərə göstərdiyi qayğı və diqqətin də kökündə məhz müəllimlik sənətinin cəmiyyətdəki yüksək mövqeyi durur. Böyük öndərin adını hər dəfə hörmət və izzətlə çəkdiyi müəllimlərindən biri - Lətif Hüseynzadə bu yubiley günlərində məşhur yetirməsini belə xatırlayır.

 - Heydər Əliyevlə ilk tanışlığım onun atası Əlirza kişi ilə işlədiyim pedaqoji texnikuma gəldiyi gündən başladı. O vaxta qədər Heydər Əliyevi görməmişdim.

Yaxşı yadımdadır, 1937-38-ci tədris ilinin əvvəli idi. Dərslər artıq başlanmışdı. Bir gün Əlirza kişi oğlu Heydərlə bizim texnikuma gəldi. Onda mən texnikumda dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləyirdim.

Heydər Əliyev bizim pedaqoji texnikuma gələndə 15-16 yaşı olardı.  O, texnikumdan əvvəl Naxçıvandakı beynəlmiləl məktəbdə oxumuşdu. O zamanlar bu məktəbə hər kəs gedə bilməzdi. Orada yalnız qabiliyyətli, istedadlı, mütərəqqi düşüncəli uşaqlar təhsil alırdılar. Bizim texnikumumuza qəbul müəllimlərin müsahibəsi, sual-cavabları ilə həyata keçirilirdi. Atası Əlirza kişi bildirdi ki, oğlum Heydər müəllim olmaq istyəir. Bu, elə mənim də ürəyimdəndir. Qamətli, boy-buxunlu, ilk baxışdan diqqəti cəlb edən  gənclə söhbət etdim. Elə ilk dəqiqələrdən onun bilikli, qabiliyyətli olduğunu duydum, ədəbiyyatdan, dildən, tarixdən verdiyim suallara çox gözəl, əhatəli və təmkinlə cavablar verirdi. Rusca təhsil almasına baxmayaraq, bir kəlmə də rus sözü işlətməyərək  çox təmiz, ədəbi Azərbaycan dilində danışırdı. Xarici görkəmi də müəllimliyə yaraşan idi. Əsl müəllimliyə layiq keyfiyyətləri var idi. ürəyimdə fikirləşirdim ki, ondan yaxşı müəllim olar. O zaman hər yerdə müəllimlərə ciddi ehtiyac duyulurdu. Onunla qısa müsahibədən sonra direktorun yanına getdik. Direktor Kazım Talıblı idi. Ona bildirdim ki,  bu gənci texnikumumuza qəbul etmək lazımdır.  Mən onunla müsahibə aparmışam və razı qalmışam. Direktor dedi: "Yaxşı, onda riyaziyyatdan da sual-cavab edib, sonra baxarıq". O, texnikumun riyaziyyat müəllimi Tofiq Bəktaşini çağırtdırdı. Tofiq müəllim Heydər Əliyevə bir neçə məsələ və misal verdi. Heydər Əliyev çox çəkmədən verilən tapşırıqları səhvsiz yerinə yetirdi. Bəktaşi də  məmnunluqla gülümsəyərək öz  razılığını bildirdi. Beləliklə, Heydər Əliyevi texnikuma qəbul etdik. Mən elə həmin gün yeni tələbəmizi sinfə aparıb uşaqlarla  tanış etdim. Qəbuldan sonra bütün müəllimlər mənimlə söhbətlərində ondan razılıq edir, çox istedadlı, fitri qabiliyyətə malik bir uşaq olduğunu vurğulayırdılar. Mən özüm də bunu dərslərimdə görürdüm. Yaşının az olmasına baxmayaraq, özünü bir şəxsiyyət kimi aparırdı. Qətiyyətli, məqsədyönlü, fəal və təşəbbüskar idi. Elmlərə yiyələnmək həvəsi aşıb-daşırdı. öz düşüncə tərzi, həyata baxışı ilə hamıdan fərqlənirdi. çox vaxt qoltuğunda kitablar görərdim.

Heydər Əliyev bütün fənləri əla oxuyurdu. Hər bir dərsə səylə hazırlaşır, əlavə materiallarla maraqlanırdı. Tələbələr də onu çox sevir, ona hörmətlə yanaşırdılar. O, dərs danışanda  sinfə tam sükut çökürdü. Uşaqlar ona diqqətlə qulaq asırdılar. Gözəl nitqi, ifadəli danışıq tərzi var idi.

Heydər Əliyev heç vaxt tək özünü düşünmürdü. O, həmişə yoldaşlarının qayğısına qalır, onların problemləri ilə maraqlanır, ehtiyacı olanlara kömək etməyə çalışırdı. Baxmayaraq ki, özünün    ehtiyacları  az  deyildi.

Müəllimlər hamısı ona hörmət edir, çox sevirdilər. Tələbələrindən söz açanda Heydərdən daha çox  danışırdılar. Tofiq Bəktaşi deyirdi ki, ondan yaxşı riyaziyyatçı olacaq, onda riyazi təfəkkür çox yüksəkdir. Tarix müəllimi bildirirdi ki, Heydər tariximizi dərindən öyrənir,  ciddi maraqlanır,  o, yaxşı tarixçi olacaq. Mən isə fikirləşirdim ki, Heydər Əliyev ən yaxşı ədəbiyyatçı, dilçi olacaq. İfadəli, aydın, səlis  nitqi, gözəl xətti, savadlı yazısı var idi. Bədii təfəkkürü də  çox yüksək idi. Həmişə mütaliə edirdi. Ən çətin ərəb və fars sözlərini belə düzgün tələffüz edir və  yerində də  düzgün işlədirdi.

Heydər Əliyev gözəl rəssam idi. Müəllimlərimiz  öz yetirmələrinə bilik verməklə yanaşı, onlara təbiəti, doğma Vətən torpağının gözəlliklərini sevdirir, müxtəlif yollarla estetik zövqlərini inkişaf etdirirdilər. Doğma diyarımıza  ekskursiyalara gedib qayıtdıqdan sonra tələbələrə ekskursiyadan aldıqları təəssüratdan inşa yazmağı tapşırırdıq. Hamı yazırdı. Amma Heydər fərqli yazırdı. Tarixi yerlərə getdiyimiz zaman oranın tarixi haqqında ətraflı məlumat toplayır, yazır və tarixi abidənin şəklini  çəkirdi. Möminə Xatun, Yusif ibn Küseyr məqbərələrinin  şəkillərini öz dəftərinə çəkmişdi.

Heydər Əliyevin həssas qəlbi,  zərif, incə zövqü, ifadəli nitqi, insanları duymaq, hiss etmək və onlara  təsir etmək qabiliyyəti var idi. Ədəbiyyat dərnəyində ifadəli oxu müsabiqələri  keçirilərkən gözəl diksiya ilə şeirlər söyləyirdi. Qardaşı Hüseyn Naxçıvan teatrında rəssam işlədiyindən tez-tez oraya gedər, səhnələrin tərtibatında, rəsmlərin çəkilməsində, afişaların yazılmasında   ona  kömək edər    özü də teatr üçün şəkillər  çəkərdi.

Naxçıvanda Telman klubu var idi. Bu, pionerlər evi idi. Orada məktəblilər üçün tamaşalar da göstərirdilər. Həmin tamaşaları məşhur rejissor, sonralar xalq artisti adını almış İbrahim Həmzəyev səhnələşdirib təşkil edirdi. Heydər Əliyev  texnikumumuzun dram dərnəyinin üzvlərini toplayıb tez-tez teatra aparırdı. özü də tamaşadakı rollarda çıxış edirdi. O, həmişə kral, padşah, hökmdar rollarında oynayırdı. Hətta İbrahim Həmzəyev, Zəroş Həmzəyeva kimi peşəkar aktyorlarla tərəf-müqabil olurdu. İbrahim Həmzəyev  deyirdi ki, o, rolları əsl peşəkar aktyor kimi oynayır. Teatr müxtəlif insan psixologiyaları ilə zəngin  bir həyat məktəbi idi.Heydər Əliyev bu məktəbi də uğurla keçmişdi. Heydər  Əliyev təsadüfən demirdi ki, mən teatrı çox sevirəm.Məni bu incəsənətə bağlayanları  həmişə  xatırlayıram.

Heydər Əliyev texnikumda  bədən tərbiyəsi    idman işlərinin də əsas təşkilatçısı idi. Texnikumda idmanın bütün növləri ilə məşğul olmuşdu.Yarışlarda  fəal iştirak edirdi. Amma deyəsən o, üzməyi daha çox sevirdi.

Heydər Əliyev böyük ictimaiyyətçi və təşkilatçı idi. Hər zaman tələbələrin, gənclərin arasında idi. Xatırlayıram ki, o zamanlar şəhərdə məhəllələr arasında savaşlar meydana gəlmişdi. Bir məhəllənin gəncləri o biri məhəllənin uşaqlarını, gənclərini daşlayır, vururdular. Bu da, heç şübhəsiz, düşmən qüvvələrin fitnə-fəsadları idi. Böyümək və genişlənmək təhlükəsi olan bu halın  qarşısını məhz Heydər Əliyev aldı. Məhəllənin böyükləri ilə, savaşanların başçıları ilə görüşdü, valideynlərlə söhbət apardı və bu fitnə-fəsadı aradan qaldırdı.

Heydər Əliyev pedaqoji texnikumu  müvəffəqiyyətlə bitirdi. Onun texnikumu bitirmək haqqında attestatında yalnız "əla" qiymətlər yazılıb. Fəxr edirəm ki, həmin attestatda mənim də imzam vardır. Heydər Əliyev texnikumu bitirdikdən sonra təyinatını  Şahbuz rayonuna orta məktəbə vermişdilər.

Söhbətimizin əvvəlində qeyd etdim ki, Heydər Əliyev müəllim olmaq istəyirdi. Ailəsi də bunu arzu edirdi. Bizim texnikum o vaxt çox nüfuzlu orta ixtisas məktəbi idi. Nəinki Naxçıvanda, Azərbaycanda, hətta bütün Zaqafqaziyada tanınan bir təhsil ocağıydı. çox adamlar onu Qori Seminariyası ilə müqayisə edir, onun bərabəri sayırdılar. Bəlkə də ondan da yüksək dərəcəli bir orta pedaqoji təhsil ocağı hesab edirdilər. Bura respublikanın hər tərəfindən təhsil almağa gəlirdilər. Yataqxanası, yeməkxanası, idman salonu, təbiət-kimya laboratoriyası var idi. Hər il texnikumun 700-dən artıq tələbəsi olurdu. Buranın məzunları yüksək ixtisaslı kadrlar kimi ölkənin hər yerində çalışırdılar. Burada yüksək səviyyəli, dərin bilikli, tələbkar, eyni zamanda qayğıkeş müəllimlər vardı.

Heydər Əliyev texnikumdan sonra bir müddət Şahbuz rayonunda müəllim işlədi. Texnikumumuzun müəllim və tələbə kollektivi çox yaxşı  bilirdi ki, Heydər Əliyev harada olursa olsun, orada uğurla çalışacaqdır. çünki onda yüksək təşkilatçılıq, fəallıq və təşəbbüskarlıq keyfiyyətləri, hərtərəfli bilik və bacarıq var idi. 

Sonralar Heydər Əliyev Bakıya gəldi. Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olundu və buranı "əla" qiymətlərlə başa vurdu. Moskvada, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi təhsil aldı. Bu məktəbləri də yalnız "əla" qiymətlərlə bitirdi.

Əlbəttə, Heydər Əliyevin texnikumda, ondan sonrakı təhsil ocaqlarında, o cümlədən BDU-da təhsil alması, bir müddət müəllim işləməsi ümummilli liderimizin müəllim peşəsini sevməsi, müəllimlərə, təhsil işçilərinə göstərdiyi qayğı və diqqətin haradan qaynaqlandığını çox gözəl göstərir. Mənim fikrimcə, Heydər Əliyevin müəllim peşəsinə verdiyi qiymət, müəllim haqqındakı qiymətli fikirləri onun hələ Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu dövrdə formalaşmışdı. çünki burada müəllimlər ona hər zaman qayğı göstərmişdilər, hörmət etmişdilər, sevmişdilər. Müəllimlik sənətinin nə qədər yüksək olduğunu o, texnikumda duymuşdu.

Lətif HüSEYNZADƏ,

"İstiqlal" ordenli müəllim

 

 

 

Unudulmaz görüş

Ulu öndərimizin hər il "Bilik günü" və yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində olması, müəllim, şagird və valideynlərlə görüşməsi, dəyərli məsləhətlər, tövsiyələr verməsi bir ənənəyə çevrilmişdi və bu, pedaqoji kollektivlərdə böyük ruh yüksəkliyi yaradırdı.

 

Dahi şəxsiyyətlə görüşmək, bu xoşbəxt anları yaşamaq bizə - Suraxanı rayonundakı Ə.Eyvazov adına 275 nömrəli məktəbin müəllim və şagird kollektivinə də nəsib olub. 2002-2003-cü tədris ilinin sentyabrın 2-si - "Bilik günü" yaddaşımızda əbədi həkk olunub. Həmin gün Heydər Əliyevin məktəbimizə gəlişi, məktəb kollektivi və valideynlərlə səmimi görüşü və onların qarşısında söylədiyi dərin məzmunlu nitqi müəllim və şagirdlərin yaddaşlarında əbədi qalmış və bir çox şagirdlərimizin öz həyat yollarını müəyyənləşdirmələrinə zəmin yaratmışdır. Məktəblilər "Heydər baba" sədaları ilə ulu öndərimizi salamlayarkən hamının üzündə bir sevinc və fərəh var idi. Bəli, hamı öz doğma babası ilə görüşürdü. ümummilli liderimiz məktəbdə olduğu zaman siniflərdə şagirdlərlə söhbət etmiş, onların problemləri ilə yaxından maraqlanmışdı. Heydər Əliyevin həyat və fəaliyyəti, doğma Vətənə bağlılığı hər bir şagird üçün nümunəyə çevrilmiş, onlarda vətənpərvərlik, vətəndaşlıq, Azərbaycançılıq hisslərinin yüksəlməsinə səbəb olmuşdur.

Heydər Əliyevin məktəbimizdə olarkən təhsilimizin qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri Azərbaycan tarixinin şagirdlərə dərindən öyrədilməsi, dərsliklərin müasir tələblərə müvafiq nəşr olunması və şagirdlərin istifadəsinə verilməsi olmuşdur. Təsadüfi deyil ki, o, məktəbimizdə olarkən, ilk növbədə, Azərbaycan tarixi dərsində iştirak etdi, "Azərbaycan tarixi" dərslikləri, onların tərtibatı, dərs proqramları ilə maraqlandı və öz dəyərli tövsiyələrini verdi.

Ulu öndərimiz məktəbimizdə Azərbaycan dili və ədəbiyyatımızın tədrisi ilə də maraqlanmış, təcrübəli  müəllim Pərvanə Qulamovanın Azərbaycan dili dərsində olmuş və ana dilimizin tədrisinin yaxşılaşdırılması üçün dəyərli tövsiyələr vermişdir. Dilimizin saflığının  keşiyində ayıq-sayıq durmaq, onu yad təsirlərdən qorumaq bu gün hər bir vətəndaşın borcudur. Dilini sevməyən gələcəkdə vətəninə və xalqına da dərin məhəbbət bəsləyə bilməz. Əsl vətənpərvərlik elə buradan başlayır. ümummilli liderimizin bu tövsiyələrinin yerinə yetirilməsi bütün fənn müəllimlərinin ümdə vəzifəsi hesab olunur.

Məktəbə, təhsilə qayğı ulu öndərimizi daim düşündürmüş, onun təhsilin inkişafında xidmətləri hədsiz olmuşdur. Bütün bu xidmətlərin əsasında çox yüksək bir amal dururdu. ümummilli liderimiz demişdir: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir..." O bildirdi ki, Azərbaycanın Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən, uşaqlarından asılıdır.

ümummilli liderimizlə görüşdən qürur və fəxr duyan müəllim və şagird kollektivimiz bu gün də o xoşbəxt anların təsiri altındadır.

Təhsilə millətimizin gəcələyi kimi baxan ulu öndər Heydər Əliyev özünün dərin məzmunlu çıxışında müəllimlərin qarşısında böyük vəzifələr durduğunu qeyd etmişdir. "...Mən Azərbaycanın bütün müəllimlərinə tövsiyə edirəm ki, onlar öz vəzifələrini daim şərəflə yerinə yetirsinlər".

Ulu öndərimizin hər bir dəyərli nəsihəti müəllimlərimizin, şagirdlərimizin müqəddəs amalı olmuşdur. Biz dahi şəxsiyyətin həyat həqiqətləri ilə zəngin olan ibrətamiz kəlmələrini daim rəhbər tutur, əməli işimizlə doğrultmağa çalışırıq.

 

Telman QARDAŞOV,

Bakı şəhərindəki 275 nömrəli məktəbin direktoru,

fizika-riyaziyyat elmləri namizədi

 

 

 

 

 

 

 

Təhsilimizin himayədarı

 

1997-ci ilin sentyabrın 1-i respublikanın bütün ümumtəhsil məktəblərində "Bilik günü" keçirildi. M.Müşfiq adına 18 nömrəli məktəbin müəllim və şagird kollektivi üçün həmin gün ən fərəhli, ən sevimli, yaddaqalan günlərdən birinə çevrildi. Gənc nəslin təlim və tərbiyəsinə böyük qayğı və diqqət göstərən müdrik rəhbərimiz Heydər Əliyev sentyabrın 1-də ilk dərs günündə bizim məktəbin qonağı oldu.

 

Ulu öndər bütün təhsil işçilərini, şagirdləri təbrik edərək qeyd etdi ki, Azərbaycanda təhsilə böyük önəm verilir. Bu gün hamımız şad olmalıyıq ki, təhsil sistemində qayda-qanun yaranmış, məktəblərimiz işləyir, valideyn öz uşağını məktəbə rahat göndərir, onun təhsili ilə məşğul olur. Möhtərəm Prezidentimiz müəllimlərimiz qarşısında Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənasını geniş tədris etməyin, vətənpərvərlik hisslərinin şagirdlərə uşaq vaxtından aşılanmasının əsas vəzifə olduğunu diqqətə çatdırdı.

Həmin gün dövlətimizin başçısı məktəbimizlə tanış oldu. Məktəbdə dünya şöhrətli siyasətçi Heydər Əliyevin siyasi fəaliyyətini, zəngin irsini öyrənmək və öyrətmək məqsədilə siyasi tarix kabineti yaratmışıq. Bu kabineti yaratmaqda əsas məqsədimiz ulu öndərimizin siyasi fəaliyyətini, Azərbaycan dövlətçiliyini yaratmaq sahəsində əvəzsiz xidmətlərini şagirdlərə öyrətməkdir.

ümummilli lider Heydər Əliyev hər bir insan üçün həyat nümunəsi, mədəniyyət, intellekt mücəssəməsi, idarəçilik və siyasət məktəbidir. Bu irsin öyrənilməsi məktəbimiz qarşısında duran ən vacib vəzifələrdən biridir.

Vaqif HüSEYNOV,

Bakı şəhərindəki M.Müşfiq adına

18 nömrəli məktəbin direktoru

 

 

 

 

 

  

Böyük tarixi şəxsiyyət

Hər gün məktəb qapısından içəri daxil olarkən bu sözləri oxuyuram. "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2000-ci il 1 sentyabr "Bilik günü" münasibəti ilə bu məktəbdə olmuşdur". Bu məni həmin ilin avqust ayının son günlərinə qaytarır. Yeni dərs ilinin başlanması münasibəti ilə Prezident Heydər Əliyev bizim məktəbə gələcək...

 

Nəhayət, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Bir azdan Prezidenti gətirən kortej məktəbimizə yaxınlaşdı. Sevinc, alqış sədaları ətrafı bürüdü. Biz nazir Misir Mərdanovla birlikdə cənab Prezidentə yaxınlaşdıq, görüşüb: "Xoş gəlmişsiniz" dedik.

İnsanların alqışları altında tribunaya yaxınlaşdıq və mən çıxış edərək şagird, müəllim və valideynlərin adından cənab Prezidenti bir daha salamladım və məktəbimizin uğurları haqqında müəyyən məlumat verdikdən sonra cənab Prezidenti çıxışa dəvət etdim. Ulu öndər Azərbaycan təhsilinin keçdiyi inkişaf yolu və gələcəyi haqqında çox dəyərli fikirlər söylədikdən sonra məktəbin I mərtəbəsində düzəldilmiş şəhid şagirdlərimizin xatirə guşəsinə yaxınlaşdı. Cənab Prezident bir an sükuta dalaraq onlara rəhmət dilədi və şəhidlərimizin arzularının həyata keçməsi üçün şagirdlərimizə layiqli davamçı olmağı arzuladı. Ulu öndər ikinci mərtəbəyə qalxaraq I siniflərin otaqlarına daxil oldu, onları təbrik etdi və hər birinə öz hədiyyəsini bağışladı. Bu kiçikyaşlıların gələcəkdə hansı sənət sahibi olacaqları ilə maraqlandı. Daha sonra dəhlizdə düzəldilmiş sərgidə milli dərsliklərlə tanış oldu. öz irad və dəyərli təkliflərini bildirdi.

Artıq o həzin və unudulmaz xatirəyə çevrilən gündən 8 il keçib. ümummilli liderin arzuladığı kimi, Azərbaycan təhsili böyük inkişaf yoluna qədəm qoyub. Az bir müddət ərzində təhsilimizin qayğıkeşi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı nəticəsində nəinki Bakı şəhərində, eləcə də Azərbaycanın ən ucqar kəndlərində müasir avadanlıqlarla təchiz olunan yeni tipli məktəblər tikilib və tikilməkdədir. Bütün dərsliklər müasir dövrün tələblərinə cavab verən, eyni zamanda şagirdlərin yaş və dərketmə səviyyəsinə uyğun şəkildə hazırlanır. Ulu öndər Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilərək Azərbaycan təhsilinə, müəlliminə yüksək qiymət verilir, onları daha yaxşı işləməyə, gələcəyimizin qurucusu olan gənc nəslə yüksək səviyyədə bilik verməyə sövq edir.

 

Vaqif MEHDİYEV,

Bakı şəhərindəki 82 nömrəli

məktəbin direktoru

 

 

 

 

 

Ulu öndərlə görüş həyatıma unudulmaz anlar bəxş edib

T.İsmayılov adına "İntellekt" məktəb-liseyin direktoru Ceyran Kuliyeva ümummilli lider Heydər Əliyevin 2001-ci il sentyabrın 1-də rəhbərlik etdiyi təhsil ocağına gəlişini  ömrünün ən xoşbəxt anları hesab edir: "Ulu öndərin məktəbimizə gəlişi bizim üçün doğrudan da gözlənilməz bir hadisə oldu.

Bir gün əvvəl təhsil naziri Misir Mərdanov mənə ölkə Prezidenti Heydər Əliyevin məktəbimizə gələcəyini bildirdi. Müəllim və şagird kollektivi  ümummilli liderin gəlişini səbirsizliklə gözləyirdik. İndi bu tarixi hadisəni danışmaq asandır. Amma danışdıqca, o günlərin həyəcanlı təəssüratları gözlərim önündə canlanır. İnanın ki, bu dahi insanla üz-üzə gələnədək elə bir həyəcan yaşadım ki, təsəvvürə gətirmək çətindir. Amma ulu öndər o qədər hissiyyatlı bir insan idi ki, mənim  həyəcanımı, təlaşımı duymaya  bilməzdi. Mənə elə bir səmimiyyət göstərdi ki,  çəkdiyim bütün həyəcan, içimdəki qorxu bir an içində yoxa çıxdı. önümdə mənim üçün əziz və doğma bir insanın dayandığını hiss etdim. Nəhayət, əziz qonağımı müşayiət edərək, onunla birlikdə dəhliz boyu yerləşən sinif otaqlarına daxil olduq. Bu görüşdə mən dahi insanın uşaqlara qarşı nə qədər həssas, səmimi olduğunu gördüm. Heydər Əliyev birincilərlə onların həmyaşıdı kimi, onbirincilərlə yetkin yaşlı bir gənc kimi söhbət edirdi. Ulu öndər Heydər Əliyev dərsliklərlə maraqlandı, informatika otağına baş çəkdi. Şagirdlərin kompüterdən istifadə etməsi vəziyyəti ilə tanış oldu. Yaxşı xatırlayıram ki, XI sinfə daxil olduq. Şagirdlərə müəyyən suallar verdi. Onun üçün maraqlı idi ki, rus bölməsində təhsil alan  şagird ana dilində danışa bilirmi? ümummilli lider şagirdlərin ona Azərbaycan dilində cavab vermələrindən məmnun qalmışdı. Hətta ulu öndər çıxışında da dedi ki, övladlarımızın rus bölməsində təhsil alması o demək deyil ki, Azərbaycan ədəbiyyatına, tarixinə biganə qalmalıdırlar. Bu məsələyə Heydər Əliyev xüsusilə toxundu. çıxışında ümummilli lider məktəbimiz haqqında öz xoş sözlərini bildirdi. Heydər Əliyev onun övladlarına vaxtilə dərs demiş Emma Kazımova ilə şəkil çəkdirdi.  Ulu öndərimiz xüsusilə qeyd etdi ki, 6 nömrəli məktəb öz ənənələrini qoruyub saxlayır və bu məktəbin Azərbaycanın ən yaxşı milli məktəblərindən biri olaraq qalacağına əminəm. Bu bizim məktəbimizə, kollektivimizə və mənə verilən ən yüksək qiymət oldu. ümummilli lider 2 dəfə bizim məktəbimizdə olub. Bu  təntənəli hadisələr birinci  dəfə  1977-ci  ildə oğlu İlham Əliyevin buraxılış gecəsində, 2-ci dəfə isə 2001-ci ildə baş verib.  2006-cı ilin dekabrı da bizim üçün çox önəmli olub. Həmin tarixdə Prezidentimiz İlham Əliyev məktəbimizdə açılan Heydər Əliyev muzeyinə dəvət olunmuşdu. Bu, məktəb tarixində çox nadir hadisələrdəndir. Bu tarix mənim həyatıma ən unudulmaz  anlar bəxş edib".

 

 

 

 

Qeyri-rəsmi müsahibə

Dahi siyasətçi Heydər Əliyevin 21 suala cavabı

 

Ən çox sevdiyiniz şeir?

Səməd Vurğunun "Azərbaycan" şeiri.

Ən çox sevdiyiniz şair?

Şəhriyar.

Ən çox sevdiyiniz mahnı?

Xalq mahnıları və Tofiq Quliyevin mahnıları.

Ən çox sevdiyiniz insan?

Zərifə xanım.

Ən çox sevdiyiniz bəstəkar?

üzeyir Hacıbəyov.

Ən çox sevdiyiniz pyes?

Cəlil Məmmədquluzadənin "ölülər" pyesi.

Ən çox sevdiyiniz dramaturq?

Hüseyn Cavid.

Ən çox sevdiyiniz sənət əsəri?

Səttar Bəhlulzadənin "Muğan gözəlləri".

Ən çox sevdiyiniz sənət növü?

Miniatür.

Ən çox sevdiyiniz sənətkar?

ömər Eldarov.

Ən çox sevdiyiniz içki?

çay, səhərlər südlə.

Ən çox sevdiyiniz gül?

Qızılgül.

Ən çox sevdiyiniz rəng?

Zoğalı rəng.

Ən çox sevdiyiniz idman növü?

Yüngül atletika və üzgüçülük.

Ən çox sevdiyiniz insani xüsusiyyət?

Mərdlik.

Ən çox sevdiyiniz şəhər?

Bakı.

Ən çox sevdiyiniz mövsüm?

Yaz.

Ən çox sevdiyiniz qələm növü?

Mürəkkəblə yazan qələm.

Ən çox sevdiyiniz rəqəm?

7.

Ən çox sevdiyiniz bayram?

Novruz bayramı.

Ən çox sevdiyiniz jurnal?

"Molla Nəsrəddin".

 

"XXI əsr" jurnalı, 3 aprel 1998-ci il

 

 

 

 

 

 

Heydər Əliyev təhsil haqqında

* Təhsil millətin gələcəyidir.

* Mən dünyada müəllimdən yüksək ad tanımıram.

* Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

* Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

* Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

* Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır.

* Müəllimlik sənəti şərəfli bir sənətdir.

* Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda, demək olar ki, təhsil almayan adam yoxdur.

* Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.

* özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.

* Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.

* Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

* Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.

* Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.

* Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.

* ...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir...

* Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...

* Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.