· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakıda YUNESKO-nun regional konfransı keçiriləcək

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçiriləcək konfransda Avropanın 30-dan çox ölkəsindən dövlət və hökumət nümayəndələrinin iştirakı nəzərdə tutulur

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə cari ilin 14-16 may tarixlərində Bakıda "Dünyada Savadlılığın Dəstəklənməsi" üzrə YUNESKO-nun regional konfransı keçiriləcək.

Regional konfrans qlobal savadlılığın dəstəklənməsi məqsədilə dünyanın ayrı-ayrı regionlarında keçirilməsi nəzərdə tutulan altı silsilə konfransdan beşincisidir. Bu konfranslar BMT-nin savadlılıq onilliyi və YUNESKO-nun savadlılığın dəstəklənməsi təşəbbüsü çərçivəsində təşkil olunur. Regional konfransların keçirilməsi ideyası ABŞ-ın birinci xanımı, BMT-nin savadlılıq onilliyi proqramının fəxri səfiri Laura Buşun himayəsi ilə 2006-cı ilin sentyabrında Nyu-Yorkda keçirilən Qlobal Savadlılıq üzrə Ağ Ev konfransından meydana gəlmişdir. Təşəbbüsün əsas məqsədi təhsilə investisiyaların artırılması və daha artıq dəstək yolu ilə qlobal və ölkə miqyasında savadlılıq səviyyəsinin daha da yüksəldilməsidir. Nəzərdə tutulan silsilə konfranslar aşağıdakı regionları əhatə edir: Ərəb ölkələri, Afrika, Asiya və Sakit okean hövzəsi, Avropa, Latın Amerikası və Karib hövzəsi. Hər bir konfransda müvafiq regionun savadlılıqla bağlı spesifik problemləri müzakirə obyekti olur. Ərəb ölkələrini əhatə edən birinci regional konfrans 2007-ci ilin mart ayında Qatarın paytaxtı Dohada bu ölkənin birinci xanımı şayxa Mozhar bin Nasser Əl-Missnedin himayəsi altında keçirilmişdir. Şərqi və Cənub-Şərqi Asiya bölgəsini əhatə edən ikinci konfrans 2007-ci ilin avqust ayında çin Xalq Respublikasının paytaxtı Pekində, Afrika bölgəsini əhatə edən üçüncü konfrans 2007-ci ilin sentyabrında Malidə, Cənub və Cənub-Qərbi Asiya bölgəsini əhatə edən dördüncü konfrans isə 2007-ci ilin noyabrında Hindistanın paytaxtı Dehli şəhərində keçirilmişdir. Avropa regionu üzrə Bakıda keçiriləcək beşinci regional konfrans bölgənin 30 ölkəsini əhatə edəcəkdir.

Qeyd olunduğu kimi, bu konfranslar müvafiq regionların savadlılıqla bağlı spesifik problemlərini əhatə etdiyindən Bakı konfransı mahiyyət və məzmun etibarı ilə təbii olaraq digər regional konfranslardan fərqli olacaqdır.

Müasir Avropada savadlılıq anlayışı insanın yazmaq və oxumaq qabiliyyəti ilə məhdudlaşmır və Avropa regionunda artıq savadlılıq probleminə tamamilə yeni nöqteyi-nəzərdən baxılır. Savadlılığın yeni kriteriyaları meydana gəlir və bu kriteriyalar həm insanın gündəlik həyatını, həm də onun professional fəaliyyətini  əhatə edir. Bu kriteriyalara cavab verməyən gənclər və ya yaşlılar artıq öz vəzifələrini effektiv şəkildə yerinə yetirə bilmir və ya cəmiyyətin sosial həyatında fəal iştirakdan kənarda qalırlar. Texnologiyanın sürətlə inkişaf etməsi ilə bağlı 10-15 il bundan əvvəl təhsil müəssisəsini bitirən mütəxəssis artıq bu texnologiyalardan istifadə etmək üçün kifayət qədər bacarıqlara malik olmur və bu da öz növbəsində işsizliyə və ya işin keyfiyyətinin kəskin azalmasına gətirib çıxarır.

Bakı konfransı məhz bu problemlərin müzakirəsinə və həlli yollarının axtarılmasına həsr olunacaq. Bu beynəlxalq tədbirdə Avropa regionu, o cümlədən də Azərbaycan üçün bu vaxta qədər dərindən araşdırılmayan savadlılıqla bağlı müxtəlif aspektlər müzakirə ediləcəkdir. Konfrans, eyni zamanda Azərbaycanın təhsil işçilərinə və alimlərinə Qərbin nüfuzlu alimləri ilə səmərəli, işgüzar əlaqələrin yaradılmasına və gələcəkdə bu sahədə birgə layihələrin və proqramların həyata keçirilməsinə imkanlar açacaqdır.

Tədbirdə YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın, YUNESKO katibliyinin 20-dək əməkdaşının, qeyd olunan region ölkələrinin savadlılıq problemi sahəsində ixtisaslaşmış 160-dək nüfuzlu ekspertinin iştirakı təmin olunacaqdır. Konfransda həmçinin bir neçə ölkənin təhsil nazirinin, birinci xanımının və YUNESKO-nun bir neçə xoşməramlı səfirinin iştirakı gözlənilir.

Konfrans plenar iclaslar və işçi qruplarda müzakirələr formasında keçiriləcəkdir.

Plenar iclaslarda  "Savadlılıq konsepsiyası, onun təkamülü və müasir dünyada yaşlıların təhsili", "Qiymətləndirmə: savadlılıq göstəricilərinin və əsas bacarıqlarının qiymətləndirilməsi", "Pedaqoji yanaşmalar: keyfiyyətli əsas təhsilin təmin olunması", "Yeni tələblərə cavab və təhsil almaq imkanlarının genişləndirilməsi: tələb və təklifin təhlili" mövzuları müzakirə olunacaqdır. Konfransın ikinci və üçüncü günlərində işçi qrupların iclaslarının keçirilməsi nəzərdə tutulur.