· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Türkiyə Böyük Millət Məclisinin sədri Anadolu Liseyində oldu

İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Bakı Türk Anadolu Liseyində oldu. Liseyin həyətinə toplaşan məzunlar Köksal Toptanı və onun xanımını gül-çiçəklə qarşıladılar. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanı və onunla gələn türkiyəli qonaqları səmimi salamlayaraq, Bakıda görməsindən məmnunluq hissi keçirdiyini bildirdi.

 Liseylə tanışlıqdan sonra qonaqlar təhsil müəssisəsinin konfrans zalında təşkil olunan məzun gecəsində iştirak etdilər.

 Tədbir iştirakçıları tərəfindən türk dünyasının dahi şəxsiyyətləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın və Türkiyənin dövlət himnləri ifa olundu.

Mərasimi giriş sözü ilə açan Bakı Türk Anadolu Liseyinin direktoru Cahit Altınçiçek 1993-cü ildən fəaliyyət göstərən təhsil ocağının uğurlarından danışaraq məzunların xoş soraqlarının dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu universitetlərindən gəldiyini dedi. Bu il liseyi bitirən 43 məzundan artıq 28-nin Türkiyənin tanınmış universitetlərinə qəbul olunduğunu söylədi. O qeyd etdi ki, Azərbaycanda 15 illik fəaliyyətləri ərzində bir çox nailiyyətlər əldə  edilib.Təhsil müəssisəsini bitirən gənclər öz bilik və bacarıqları ilə doğma Vətənə yalnız başucalığı gətirirlər. Cahit Altınçiçek Türkiyədən gəlmiş belə bir nüfuzlu nümayəndə heyətinin liseyi ziyarətindən böyük şərəf duyduğunu deyərək, çıxışının sonunda rəhbərlik etdiyi pedaqoji kollektiv, şagirdlər və valideynlər adından hamıya öz dərin təşəkkürünü bildirdi.

Səhnəyə  liseyi bu il  uğurla bitirən məzunlar dəvət edildilər. Türkiyə Respublikasının ali məktəblərinə daxil olan gənclərin adları xüsusi qeyd olundu. Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan gənclərə diplom və xatirə hədiyyələri verdi. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov məzunlara orta təhsil haqqında attestatları təqdim edərək onlara müvəffəqiyyətlər arzuladı.

Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən respublikamızda fəaliyyət göstərən  Azərbaycan-türk  özəl liseylərinin, Qafqaz Universitetinin uğurlarından, Bakı Türk Anadolu Liseyinin təhsilimizin inkişafına verdiyi töhfələrdən söz açdı.

Təhsil naziri Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini dedi, hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirdi. Bu sahədə əldə olunan nailiyyətlərdən danışdı.  Nazir onu da xususi vurğuladı ki, hər iki  ölkənin dövlət başçılarının mehriban münasibətləri, dostluğu xalqlarımızı bir-birinə   daha da  yaxınlaşdırıb. Təhsil naziri Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın və onun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizdən öz vətənlərinə gözəl təəssüratlarla dönəcəklərinə ümidvar olduğunu söylədi.

Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan çıxış edərək hər iki ölkənin  parlamentləri arasındakı işgüzar əməkdaşlıqdan danışdı. Qeyd etdi ki, ölkələrimizin  parlament nümayəndələrinin qarşılıqlı səfərləri , keçirilən  görüşlər  movcud olan əlaqələri  xüsüsilə möhkəmləndirir. Qardaş və dost Azərbaycana səfərindən məmnunluq duyduğunu  söyləyən Türkiyə Parlamentinin sədri özünü burada vətənindəki kimi hiss etdiyini dedi. Köksal Toptan  üzünü liseyi bitirən məzunlara tutaraq "Siz ölkənizin gələcək qurucularısınız.Yüksək bilik alaraq, bacarıqlı bir mütəxəssis kimi doğma Vətənə xidmət etmək olduqca şərəflidir Mən bu yolda sizə müvəffəqiyyətlər arzulayıram" - söylədi. öz xoş istəklərini məzun gecəsinin iştirakçıları ilə paylaşan Köksal Toptan  səmimi qarşılandıqlarına görə təhsil naziri Misir Mərdanova, liseyin rəhbərliyinə minnətdarlığını bildirdi.

Sonda Türkiyə Respublikasının ölkəmizdəki səfiri Hulusi Kılınç tərəfindən Türkiyə  Böyük Millət Məclisinin sədri Köksal Toptana xatirə hədiyyəsi təqdim olundu.

Samirə KƏRİMOVA