· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

"İntel" Təhsil Nazirliyinə min noutbuk hədiyyə edəcək

Ayın əvvəllərində "İntel" korporasiyasının idarə heyətinin sədri cənab Kreyq Barrettin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. İyunun 5-dən başlanan bu işgüzar səfərin məqsədi Azərbaycanda təhsil sahəsində İKT üzrə həyata keçirilən proqramlara dəstək vermək, ölkəmizdə bu texnologiyaların istifadə səviyyəsi ilə tanışlıqdan ibarət idi.

Dünyada informasiya-kommunikasiya texnologiyaları üzrə lider  şirkət olan "İntel"in təmsilçiləri səfər zamanı öncə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra korporasiyanın idarə heyətinin sədri Kreyq Barrett və digər qonaqlar akademik Zərifə Əliyeva adına orta məktəblə tanış olmuşlar. Qonaqlara bu müəssisə haqqında ətraflı məlumat verən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, o cümlədən orta məktəblərdə İKT-nin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. "Elektron məktəb" və "Noutbuk-proyektor" modellərini qonaqlara nümayiş etdirən təhsil naziri bunların əsasında Azərbaycanın digər məktəblərinin də modernləşdiriləcəyini diqqətə çatdırıb. Təhsil Nazirliyinin həmin layihələrini çox yüksək qiymətləndirən cənab Kreyq Barrett "İntel" şirkətinin bu istiqamətdə görülən işlərdə Azərbaycana həmişə dəstək olduğunu qeyd edib.

Rəsmi qonaq bu məktəbdə tətbiq olunan "1 şagird - 1 kompüter" modeli ilə tanış olmuş, fizika fənni üzrə İKT-nin tətbiqi ilə keçilən "açıq dərs"də iştirak etmiş və şagirdlərlə səmimi söhbət zamanı onların suallarını cavablandırmışdır.

Səfər zamanı Kreyq Barrettin ölkə Prezidenti cənab İlham Əliyevlə görüşü olmuşdur. ölkə başçısı ilə söhbətində o, akademik Zərifə Əliyeva adına  orta məktəbdə gördüklərindən söz açaraq müəssisədə tətbiq olunan tədris modelinin təhsili daha yüksək səviyyəyə gətirib çıxaracağına əmin olduğunu vurğulamışdır.

Səfər çərçivəsində təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Kreyq Barrettin iştirakı ilə keçirilən görüşdə müasir informasiya texnologiyalarından səmərəli istifadəyə dair bir sıra məsələlər müzakirə olunub və həmin görüşdə Azərbaycan Respublikası Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və "İntel" korporasiyası arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Sənədə əsasən, şirkət Azərbaycan Respublikasında təhsil sahəsinə hərtərəfli informasiya və texniki köməyi göstərəcək, informasiya texnologiyalarının geniş tətbiqi məqsədilə həyata keçirilməsi planlaşdırılan "Xalq kompüteri" Layihəsinə dəstək verərək digər təşkilatlarla əməkdaşlığı təmin edəcək, "Gələcək üçün təlim" Proqramının həyata keçirilməsinin müsbət nəticələrini nəzərə alaraq 2008-2011-ci illərdə layihənin icrasını davam etdirəcək. Protokolun ən əsas müddəalarından birinə görə, 2009-2010-cu dərs ilinə qədər "İntel" korporasiyası Təhsil Nazirliyinə min noutbuk hədiyyə edəcəkdir.

 

Hicran ƏKBƏROVA