· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Uşaq problemləri

Uşaqlar kompüterdən neçə saat istifadə edə bilərlər?

Elmin, texnikanın inkişaf etdiyi bir dövrdə kompüterdən istifadə artıq gündəlik tələbata çevrilib. Respublikamıza gətirilən müxtəlif ölkələrin istehsalı olan kompüterlərin sayı da gündən-günə artmaqdadır. Bəs görəsən bu kompüterlər öz istifadəsinə görə nə qədər keyfiyyətlidir? Kompüter rahat işləmək baxımından arzuolunan səviyyədədirmi? Bu gün istifadə edilən kompüterlər əvvəlkilərdən nə ilə fərqlənir? Hazırda orta məktəblərdəki kompüterlər müasir tələblərə cavab verirmi? ümumiyyətlə, seçim zamanı hansı kompüterlərə üstünlük verilməlidir? Kompüter insan səhhətində nə kimi problem yarada bilər?

Bu və ya digər suallara aydınlıq gətirmək üçün "Ultra" şirkətinin prezidenti, iqtisad elmləri namizədi Tahir Mirkişiliyə və Mərkəzi Neftçilər xəstəxanasının göz şöbəsinin həkimi Aytəkin İbrahimxəlilovaya müraciət etdik.

 

Tahir müəllim qeyd etdi ki, 2004-cü ilə qədər Azərbaycana gətirilən kompüterlərin monitorları böyük ekranlı idi. Bu monitorlarda şüalanma dərəcəsi yüksəkdir. çünki monitorlarda təsvir elektronların hərəkəti ilə yaranırdı. Ona görə də bu monitorlar gözə ziyan idi. Bundan qorunmaq üçün monitorların ön hissəsinə göz filtrləri asmaq lazım gəlirdi. Göz filtrləri həm şüalanmanın, həm də artıq işıqlanmanın qarşısını alır. Həmin monitorları olanlara göz filtrlərindən istifadə etmək tövsiyə olunur. Hazırda yeni monitorlar maye kristal monitor adlanır. Onlarda təsvir maye kristalların üzərində yarandığından şüalanma və artıq işıqlanma yox dərəcəsindədir.

Bu gün orta məktəblərə verilən kompüterlər maye kristal monitorlarla təchiz olunub ki, bu, özlüyündə çox yaxşı bir haldır. Müəllim kompüterləri "Pentium 4", şagird kompüterləri isə İntel Celeron prosessorları ilə təchiz olunub ki, fikrimizcə bu, tədris prosesi üçün kifayətdir. Sadəcə, məktəblərdəki kompüterlərlə xidməti gücləndirmək, proqramları daim yeniləşdirmək və antivirus əməliyyatları keçirmək lazımdır.

Son dövrlər texnologiyalar inkişaf etdiyindən kompüter alınarkən aşağıdakılara diqqət vermək lazımdır:

1.Prosessor İntel Duo olsun.

2.Əməliyyat yaddaşı minimum 1GB olsun.

3.İnternetə daxil olmaq üçün Fax Modem qurğusu olsun.

4.DVD yazan və oxuyan qurğusu olsun.

5.Keybordu Multimedia olsun.

6.Siçanı optik lazerli olsun.

7.Monitoru Maye Kristal (LCD) olsun.

8.Bərk diski ən azı 80 GB olsun.

9.Video kartı ən azı 128 MB olsun.

Kompüter və noutbuk almaq istəyənlər ilk öncə hansı markanı seçməyə qərar verməlidirlər? Bu gün ölkəmizdə milli  marka NEXUS kompüter və noutbukları, "Kür" kompüterləri, xarici markalardan HP, Acer, Fujitsu-Siemens kompüter və noutbukları, Toshiba noutbukları və yerli yığılma kompüterləri alıcılara təklif olunur. Biz hər kəsə marka kompüter və noutbuk almağı məsləhət görərdik. çünki onlar satışa çıxarılmazdan əvvəl dəfələrlə testdən keçirilir və keyfiyyət yoxlamalarına məruz qalır. Eyni texnologiyaya malik milli və xarici markalar yalnız dizayn və qiymətinə görə fərqlənir. Yeri gəlmişkən, eyni texniki xarakteristikalara və keyfiyyətə malik olan Nexus noutbukları Toshiba noutbuklarından 30 faiz ucuzdur. Bu, ölkəmizdə işçi qüvvəsinin nisbətən ucuz və istehsal xərclərinin aşağı olması ilə əlaqədardır.

Onu da əlavə edim ki, keyfiyyətsiz kompüter istifadənin keyfiyyətinə ciddi mənfi təsir göstərir. Sonda bir məsələni qeyd etmək istərdim ki, saatlarla kompüter arxasında oturmaq düzgün deyil. Biz mütəxəssislər də hesab edirik ki, kompüterdə çox işləmək insanda daha çox zehni yorğunluğa səbəb olur. Ona görə də buna məhdudiyyətlər qoyulur. Məsələn, 3-5 yaşlı uşaqlara 15, 5-6 yaşlılara 25, 7-8 yaşlılara isə bu vaxt 35-40 dəqiqə müəyyən olunub. Yəni, gün ərzində bu vaxtdan artıq işləmək qeyd etdiyim kimi, daha çox zehni yorğunluğa səbəb olur. Zehni yorğunluq da yaddaşın zəifləməsinə gətirib çıxarır. Kompüterdən istifadə zamanı bunu diqqətdə saxlamaq lazımdır.

Həmsöhbətimiz olan Mərkəzi Neftçilər Xəstəxanası göz şöbəsinin həkimi Aytəkin İbrahimxəlilova isə uşaqların kompüterdə fasilələrlə maksimum 2 saat məşğul olmasını bildirdi. Sual oluna bilər ki, niyə fasilələrlə? çünki hər 30-45 dəqiqədən sonra gözlər yorulur. Əgər gözlər bir nöqtəyə uzun müddət dikilirsə, həmin vaxt göz əzələləri yığılmış, gərgin bir vəziyyətdə olur. Belə vəziyyət uzun müddət davam edərsə, sonradan kompüterdən istifadə olunmasa belə gərginlik aradan qalxmır.  Uşaqlarda gözlə bağlı müəyyən problemlər yaranır. Əvvəlcə bu, onlarda yalançı miopiyaya - yaxından görməyə, sonradan isə həqiqi miopiyaya çevrilir ki, belə bir hal da özlüyündə ağır xəstəlikdir, uşaq uzağı pis görür. Yaxından görmənin ən ağır fəsadı nədir? Bu zaman göz alması, gözün ölçüləri böyüyür. Vaxtında həkimə müraciət edilmədikdə, gözdə ciddi problemlər yaranır və bu, son nəticədə hətta korluğa gətirib çıxara bilər. Kompüterdə məşğul olanların  gözlərində baş verən xəstəliklərdən biri də onlarda quruluğun yaranması, göz suyunun tükənməsidir. Belə ki, kompüterdən gələn işıq enerjisi adi həyatdakından artıqdır və bu da birbaşa gözlərə öz mənfi təsirini göstərir. Miopiya xəstəliyi olan uşaq uzağı, demək olar ki, pis görür. Belə uşaqlarda adətən, müəyyən komplekslər olur.

Valideynlərə məsləhətim odur ki, öz övladlarına kompüter arxasında uzun müddət oturmağa icazə verməsinlər, yuxarıda qeyd etdiyim vaxta riayət olunmasına  nəzarəti artırsınlar. Əgər  uşaqlarında gözlə bağlı hər hansı bir problem yaranarsa, vaxtında həkimə müraciət etsinlər ki, baş verən fəsadların getdikcə ağırlaşmasının qarşısı alınsın.

Söhbəti qələmə aldı:

Samirə KƏRİMOVA