· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Əmrlər, sərəncamlar

 

N 131.    29.01.2008-ci il

ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında

 

2008-ci il mayın 10-da Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü tamam olur.

Dünya azərbaycanlılarının qüdrətli lideri, ulu öndər Heydər Əliyev çağdaş tarixə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi daxil olmuşdur. Onun parlaq ömür yolu və zəngin ictimai-siyası fəaliyyəti bütün soydaşlarımız üçün əsl həyat məktəbi olmaqla Vətənə, xalqa sonsuz məhəbbətin, dövlətçilik ideallarına sədaqətin real nümunəsidir.

Böyük qurbanlar bahasına qazanılmış dövlət müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycanın dünya miqyasında tanınmasında, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsində, təhsilimizin inkişafında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin tarixi irsi müntəzəm surətdə daha dərindən öyrənilməli, gənc nəslin Heydər Əliyevin nümunəsində tərbiyəsi təhsil orqanları və pedaqoji kollektivlərin başlıca vəzifə borcuna çevrilməlidir.

Qeyd olunanları tarixi zərurət kimi nəzərə alaraq

ƏMR EDİRƏM:

1. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, ali və orta ixtisas, texniki peşə təhsili müəssisələrinin, bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, 2008-ci il mart ayından başlayaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə xüsusi tədbirlər müəyyənləşdirib həyata keçirilməsini təmin etsinlər.

2. Respublikanın əsas və orta məktəblərində VII-XI sinif şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilsin. Müsabiqə aşağıdakı mərhələlər üzrə təşkil olunsun:

2.1. Məktəb mərhələsi-fevral

2.2. Rayon (şəhər) mərhələsi-mart

2.3. Respublika mərhələsi-aprel

3. İnşa müsabiqəsinin yekun mərhələsi hər rayon və şəhərdən 1 (bir) nəfər qalib seçilməklə Bakı şəhərində keçirilsin.

Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov) inşa müsabiqəsinin yekun mərhələsinin səmərəli təşkili, yekunlaşdırılması, qaliblərin müəyyənləşdirilməsi məqsədilə lazımi tədbir görsünlər, ən yaxşı inşaların toplu şəklində nəşr olunması ilə bağlı İqtisadiyyat şöbəsi (H.Zeynalov) və Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) ilə birgə təkliflər hazırlasınlar.

4. Elm şöbəsi (G.Hüseynova), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) ümummilli lider Heydər Əliyevin elm, təhsil və iqtisadiyyatın inkişafı sahəsində genişmiqyaslı fəaliyyətinə həsr olunmuş respublika elmi-praktik konfransın keçirilməsi ilə bağlı 10 gün müddətinə təkliflər hazırlayıb rəhbərliyə təqdim etsinlər.

5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) 2008-ci ilin martında rayon və şəhərlərdə ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir" mövzusunda rəsm müsabiqəsi, şahmat və futbol üzrə respublika turnirlərinin keçirilməsini təmin etsin. Rəsm müsabiqəsinin və turnirlərin kecirilməsi qaydalarını 1 həftə müddətinə hazırlayıb yerlərə göndərsin. Aprel ayının ikinci yarısında Bakı şəhərində ən yaxşı rəsmlərdən ibarət sərginin təşkili ilə bağlı müvafiq tədbirlər görsün.

6. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq şöbələrin birgə fəaliyyətinin təmin edilməsi və alt-tədbirlərin müəyyənləşdirilib rəsmiləşdirilməsi sahəsində koordinasiya işləri Aparatın rəhbəri İ.Pirməmmədova tapşırılsın.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Təhsil naziri: Misir MƏRDANOV

 

 

 

N 63.    21.01.2008-ci il

"Kiçik Akademiya"ların təşkili barədə

1. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Milli Elmlər Akademiyası ilə razılaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Kiçik Akademiya" haqqında Əsasnamə icra və rəhbərlik üçün əsas tutulsun.

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhəri Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə:

2.1 Mövcud Əsasnamənin tələblərinə uyğun olaraq, "Kiçik Akademiya"ların təsis edilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılmasını təmin etsinlər, onların yaradılmasında nəzərdə tutulan əsas məqsəd və vəzifələr haqqında pedaqoji kollektivlər, şagirdlər və valideynlər arasında izahat işləri aparsınlar.

2.2 "Kiçik Akademiya"ların məktəb və rayon (şəhər) təsis konfranslarını müvafiq olaraq 2008-ci ilin mart və aprel aylarında keçirsinlər.

2.3 Rayon (şəhər) konfranslarında respublika konfransına seçilmiş nümayəndələrin adlı siyahısını 2008-ci il aprelin sonunadək Təhsil Nazirliyinə təqdim etsinlər.

2.4 Görülmüş işlər barədə 1 ay müddətinə nazirliyə rəsmi məlumat göndərsinlər.

3. "Kiçik Akademiya"nın respublika təsis konfransı 2008-ci ilin mayında Bakı şəhərində keçirilsin.

Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov) aidiyyəti təşkilatlarla birlikdə respublika təsis konfransının vaxtında və yüksək səviyyədə keçirilməsi üçün zəruri tədbirlər görsünlər.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Kiçik Akademiya"nın Əsasnaməsi ilə birgə "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

Təhsil naziri: Misir MƏRDANOV

 

 

 

N 95.    23.01.2008-ci il

Məktəb direktorları üçün İKT kurslarının təşkil olunması haqqında

2007-ci ilin oktyabr-noyabr aylarında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətini öyrənmək məqsədilə Təhsil Nazirliyi tərəfindən aparılmış monitorinqin nəticələri məktəblərdə İKT-dən istifadənin səviyyəsinin məktəb rəhbərliyinin İKT savadlığından bilavasitə asılı olduğunu göstərdi. Bununla əlaqədar olaraq kollegiyada təhsil sistemində kadrların İKT sahəsində bilik və bacarıqlarının minimum səviyyəsini müəyyənləşdirən meyarların hazırlanması, məktəb direktorları üçün müvafiq kursların təşkil edilməsi və bu işin ilkin olaraq Bakı və Sumqayıt şəhərlərindən başlanması qərara alındı. Göstərilənləri nəzərə alaraq

ƏMR EDİRƏM:

1. Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) və İKT ilə təminat proqramının İdarəetmə qrupu (S.Məmmədov) təhsil sistemində kadrların İKT sahəsində bilik və bacarıqlarının minimum səviyyəsini müəyyənləşdirən meyarların hazırlanmasını təmin etsinlər.

2. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (A.Zamanov) müəyyən olunmuş meyarlara uyğun tədris proqramlarının iki həftə müddətinə hazırlanmasını və kursların keçirilməsini təşkil etsin.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Sumqayıt Şəhər Təhsil Şöbəsi (V.Bağırov) və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu:

3.1. İKT ilə təminat proqramının İdarəetmə qrupu ilə birlikdə kurslarda dərs deyəcək müəllimlərin, o cümlədən İKT sahəsində yüksək bacarıqlara malik müəllimlərin və təhsil işçilərinin siyahısını dəqiqləşdirərək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna təqdim etsinlər.

3.2. Kurslarda dərs deyəcək müəllimlərin əsas iş yerlərində əməkhaqqının saxlanılmasını mövcud qaydalara əsasən təmin etsinlər.

3.3. Bakı və Sumqayıt şəhərlərinin məktəb direktorlarının, o cümlədən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşlarının kurslardan keçmə qrafikini tərtib etsinlər. Kurslar 3 mərhələdə aparılsın:

XI mərhələ - Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşları (20 fevral 2008-ci il tarixinədək)

XII mərhələ - Bakı şəhərinin məktəb direktorları (15 may 2008-ci il tarixinədək)

XIII mərhələ - Sumqayıt şəhərinin məktəb direktorları (30 may 2008-ci il tarixinədək)

4. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rəhbərliyi kursların 10 fevral 2008-ci il tarixindən başlanmasını və tədris ilinin sonunadək başa çatdırılmasını təmin etsin.

5. İqtisadiyyat şöbəsinin müdiri H.Zeynalov zərurət yarandığı halda kursların keçirilməsi ilə bağlı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun xərclər smetasına müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər hazırlasın.

6. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) kursların təşkili və keçirilməsini nəzarətdə saxlasın və mütəmadi olaraq nazirliyin rəhbərliyinə məlumat versin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Təhsil naziri: Misir MƏRDANOV