· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan-Koreya münasibətləri inkişaf edir

Yanvarın 25-də Azərbaycanın Baş naziri Artur Rasizadə Koreya Respublikası Baş nazirinin müavini, təhsil və insan ehtiyatlarının inkişafı naziri Kim Sin-İlin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Baş nazir A.Rasizadə Azərbaycan-Koreya iqtisadi əməkdaşlığının son vaxtlar genişləndiyindən danışaraq, bu prosesdə iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin böyük rol oynadığını vurğulamışdır. Humanitar sahədə ikitərəfli əlaqələrin genişləndirilməsinin də zəruri olduğunu diqqətə çatdıran A.Rasizadə ümidvar olduğunu bildirmişdir ki, Koreya nümayəndə heyətinin indiki səfəri, Azərbaycanın Təhsil Nazirliyi ilə əməkdaşlıq haqqında memorandumun imzalanması bu əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Bakıda keçirdiyi danışıqların səviyyəsindən razı qaldığını bildirən Koreya naziri Kim Sin-İl qeyd etmişdir ki, onun ölkəsi təhsil, o cümlədən peşə təhsili sahəsində layihələrin həyata keçirilməsində maraqlıdır.

AzərTAc

 

 

 

Misirin Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Yusif Əhməd Əl-Şarkavi Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də oldu. Rəsmi qəbuldan sonra səfir  ali məktəbin xarici dillər fakültəsinin nəzdindəki Misir Tədris Mərkəzinin açılışında iştirak etdi. Mərasimini giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Misirin qədim tarixi əlaqələrə malik olmasından, bu əlaqələrin inkişafı üçün görülən əhəmiyyətli işlərdən bəhs etdi. Rektor universitetdə ərəb dili və ədəbiyyatının tədrisi barədə ətraflı məlumat verib, bu mərkəzin ərəb dili və ədəbiyyatının, qədim Misirin tarixi və mədəniyyətinin  tədrisində  elmi-nəzəri  əhəmiyyətindən  danışdı.

Səfir çıxışında Azərbaycan - Misir əlaqələrində tədris və təhsil yönlü tərəfdaşlıqlara da xüsusi yer verildiyini qeyd etdi. O, Naxçıvan Dövlət Universitetində keçirilən, Misirin Qahirə və Əl-Həzər universitetləri və Bakıdakı Misir Mədəniyyət Mərkəzinin iştirak etdikləri "Azərbaycan - Misir əlaqələri" adlı beynəlxalq simpoziumu bu sahədə atılan ən önəmli addımlardan biri kimi dəyərləndirdi.

Universitetə səfəri zamanı yeni tədris korpuslarını gəzən Yusif Əhməd Əl-Şarkavi tələbələrin rəsm sərgisi ilə tanış oldu, ali məktəb televiziyasına müsahibə verdi.

Səfir universitet nəzdindəki Heydər Əliyev lektoriyasının III məşğələsində də iştirak etdi. Məşğələni giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Azərbaycan və Misirin sivilizasiyanın beşiyi olmasından, Şərq mədəniyyəti və təfəkkürünün bu iki xalqı sıx birləşdirməsindən bəhs etdi,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Misirin dövlət başçısı Hüsnü Mübarəkin iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin qurulmasındakı xidmətlərindən danışdı.

Yusif Əhməd Əl-Şarkavi "Azərbaycan - Misir əlaqələrinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda geniş məruzə etdi. Səfir dünyaşöhrətli siyasətçinin Azərbaycanla Misir arasında möhkəm zəminlər əsasında sarsılmaz əlaqə yaratmasından danışdı. Misirli qonaq qeyd etdi ki, bu ölkələr arasında əlaqələrin son inkişafı Heydər Əliyev siyasi kursunun bu gün də layiqincə davam etdirildiyini bir daha təsdiq edir. Səfir Naxçıvan Dövlət Universiteti ilə Misir universitetlərinin əməkdaşlıqlarını da yüksək qiymətləndirdi. Misirli qonaq muxtar respublika rəhbərliyinin, NDU-nun rektoru, akademik İsa Həbibbəylinin, NDU-da staj keçən misirli professorlar, filologiya elmləri doktorları Həmdi Məhruz və Həni Əssisinin bu işdə xüsusi səy və təşəbbüs göstərdiklərini vurğuladı. Yusif Əhməd Əl-Şakvari bu tərəfdaşlığın gələcək inkişafı üçün var qüvvəsini əsirgəməyəcəyinə söz verdi.

Məşğələdən sonra Misirin ölkəmizdəki səlahiyyətli səfiri və digər qonaqlar NDU konservatoriyası tələbələrinin hazırladıqları konserti  dinlədilər. Səfir ərəb dilində səslənən bədii qiraət və ərəb mahnılarından xüsusi zövq aldığını, universitetdə ərəb dili və ədəbiyyatının tədrisinin səviyyəsindən razı qaldığını qeyd etdi.

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universiteti

mətbuat xidmətinin əməkdaşı

 

 

 

Amerika səfirliyinin internat məktəbin orkestrinə hədiyyəsi

AzərTAc xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi yanvarın 28-də Bakı şəhərinin Əzizbəyov rayonundakı 2 saylı internat məktəbin uşaq nəfəs alətləri orkestrinə 5 min dollar məbləğində musiqi alətləri və avadanlıq hədiyyə etmişdir.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov demişdir: "Mən istərdim ki, bu cür orkestrlər Azərbaycanın hər bir internatında yaradılsın və azərbaycanlı uşaqlar gələcəkdə tanınmış mütəxəssislər olsunlar".

Nazir daha sonra demişdir ki, gənc istedadların dəstəklənməsi və Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsi məqsədilə nazirlik bu orkestri 2008-ci ildə beynəlxalq müsabiqəyə və ya festivala göndərməyə hazırdır.

Tədbirdə Birləşmiş Ştatların səfiri Enn Ders və təhsil nazirinin müavini Elmar Qasımov da çıxış etmişlər.

1975-ci ildə yaradılmış bu uşaq nəfəs alətləri orkestri Azərbaycanda bu qəbildən olan yeganə orkestrdir. Onun musiqiçiləri dəfələrlə beynəlxalq müsabiqələrin laureatları adına layiq görülmüşlər. Bu orkestrin yetişdirmələrindən bir neçəsi öz fəaliyyətlərini xarici ölkələrdə davam etdirir.

 

 

 

 

Valideynlər üçün təlim kursları  

Cari ildə Təhsil Nazirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq birgə layihəsi çərçivəsində Sumqayıt şəhərində valideynlər üçün təlim kurslarının keçirilməsini planlaşdırıb.  

Yanvarın 25-dən fevralın 5-dək təlim kurslarına hazırlıq məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi üçün Almaniyanın Lüdviqshafen və Mannhaym şəhərlərində seminarlar keçirilir.

Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq   layihəsinin Milli koordinatoru Şəfiqə Hacıəhmədova  və Sumqayıt  şəhəri üzrə təlim kurslarının  koordinatoru, Sumqayıt şəhər 16 nömrəli orta məktəbin psixoloqu Samirə Əhmədli  bu seminarlarda iştirak edəcəklər.

 

 

İkinci sınaq test imtahanında 52 min şagird iştirak edəcək

Fevralın sonunda XI sinif şagirdlərinin növbəti sınaq test imtahanının keçiriləcəyi nəzərdə tutulub. Təhsil Nazirliyinin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdir müavini Təranə Hacıyevanın sözlərinə görə, ikinci sınaq test imtahanında 52 min şagird iştirak edəcək. Bakının bütün rayonları, Sumqayıt, Gəncə, Mingəçevir  şəhərləri, Ucar, İsmayıllı, İmişli, Abşeronun orta ümumtəhsil məktəblərinin,  məcburi köçkün məktəbləri və peşə liseylərin şagirdləri 8 əsas fənn üzrə test imtahanı verəcəklər.  Nəticələr bir həftə ərzində müəyyən olunacaq. Sınaq test imtahanının 3-cü mərhələsi  apreldə keçiriləcək.

Xatırladaq ki, XI sinif şagirdlərinin ilk sınaq test imtahanı ötən il noyabrın 25-də keçirilmişdi.  

 

 

 

Bakı Amerika mərkəzində görüş

Bu günlərdə Bakı Amerika Mərkəzi və İREX-in Regional Kitabxana Məlumat Mərkəzləri proqramının birgə layihəsi əsasında "Azərbaycan təhsil sistemində islahatlar" mövzusunda forum təşkil edilib. Forumun qonağı Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri, Təhsil Sektorunun İnkişafı Layihəsinin "Kurrikulum İslahatı" alt-komponentinin koordinatoru Aydın Əhmədov olub.

ölkəmizin müxtəlif bölgələrindən üç saat ərzində foruma daxil olan vətəndaşların təhsil sistemində aparılan islahatlarla yanaşı, digər aktual məsələlərlə də bağlı sualları cavablandırılıb.

Bu barədə daha ətraflı məlumatı http://www.rlic.org/forum/ internet saytında əldə etmək mümkündür.