|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Qlobal şəffaflıq: Davamlı gələcək naminə korrupsiyaya qarşı mübarizə" Bu yaxınlarda Yunanıstanın paytaxtı
Afina şəhərində "Qlobal şəffaflıq:
Davamlı gələcək naminə korrupsiyaya qarşı
mübarizə" 13-cü beynəlxalq konfransı keçirilmişdir.
Yunanıstanın dövlət, hökumət başçıları,
dini rəhbərlərinin də qatıldığı
və 135 ölkədən 1500 nəfərin iştirak etdiyi
beynəlxalq tədbirdə korrupsiyanın insanların
həyatı ilə birbaşa əlaqəsindən, onun törətdiyi
fəsadlardan, iqlim dəyişikliyi, enerji və su
ehtiyatlarından qeyri-səmərəli istifadə və
s. məsələlərdən ətraflı söhbət açılmışdır.
Konfransda uşaq əməyindən istifadə, insan
orqanlarının satılması, insana qarşı zorakılıq,
narkotika ticarəti, ailə hüquqlarının pozulması,
uşaqların mühafizəsi və s.
məsələlərə də toxunulmuşdur. Beynəlxalq Antikorrupsiya Konfransında
Azərbaycanı Şəffaflıq Azərbaycan Təşkilatının
rəhbəri Rəna Səfərəliyeva, Təhsil
Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin böyük
məsləhətçisi Ənvər İmanov, QHT
rəhbərlərindən İnqilab Əhmədov və
Vüqar Bayramov təmsil etmişlər. Konfransın sonunda Afina Bəyannaməsi
qəbul edilmişdir. Bəyannamədə ətraf mühitin,
su ehtiyatlarının qorunması və onlardan
səmərəli istifadə edilməsi, iqlim dəyişikliyinin
törətdiyi fəsadların aradan qaldırılması
və s. məsələlər, korrupsiya ilə mübarizə
məqsədilə planet əhalisinin
maarifləndirilməsi önə çəkilmişdir.
Türkdilli ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlıq yaxşı səmərə verəcək Beynəlxalq Avrasiya Təhsil İşçiləri
Həmkarlar İttifaqlarının III forumunun iştirakçıları
noyabrın 4-də Milli Məclisin Elm və təhsil
məsələləri daimi komissiyasının sədri
Şəmsəddin Hacıyev ilə görüşmüşlər.
Komissiyanın sədri ölkəmizdə elm
və təhsil sahəsində görülən işlər,
qanunvericilik bazası barədə qonaqlara məlumat
verərək bildirmişdir ki, Azərbaycanda
təhsilə çox böyük diqqət yetirilir. Təhsilin ayrı-ayrı
sahələrinin inkişafına yönəldilən 16
proqram həyata keçirilir. Son 5 ildə dövlət büdcəsindən
təhsilə ayrılan vəsaitin həcmi 7 dəfə
artırılmışdır, 1600 yeni məktəb binası
tikilərək istifadəyə verilmiş, eləcə
də Heydər Əliyev Fondunun təşəbbüsü
ilə 240 məktəb inşa olunmuşdur. Bu
məktəblərin hər biri müasir avadanlıqla
təchiz edilmişlər. Azərbaycanın son beş ildə siyasi,
iqtisadi, sosial, mədəni sahələrdə əldə
etdiyi uğurlar da qeyd olunmuş, bildirilmişdir ki,
Azərbaycan ermənilərin işğalçılıq
siyasəti ilə üzləşməsəydi, bu uğurların
sayı daha çox olardı. Qonaqlar müxtəlif sahələr üzrə türkdilli
ölkələr arasındakı mövcud əməkdaşlıqdan
danışmış, birgə fəaliyyətin genişləndirilməsi
üçün bir sıra təkliflər irəli sürmüşlər.
Hər bir millətin taleyində və inkişafında
təhsilin mühüm rol oynadığı qeyd edilmişdir. Bu sahənin inkişafı üçün türkdilli
ölkələr arasında əməkdaşlığın
və təcrübə mübadiləsinin aparılmasının
yalnız yaxşı səmərə verəcəyi xüsusi
qeyd olunmuşdur.
Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarının növbəti buraxılışı olub Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında (DİA)
ixtisasartırma kurslarının növbəti buraxılışı
olmuşdur. DİA-dan bildirmişlər ki,
"Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin
dövlət tənzimlənməsi" proqramı üzrə
kurslarda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik,
komitə və idarələrin rəhbər işçiləri
iştirak etmişlər. Bu sahədə tədrisin məqsədi
ekoloji islahatlar, ətraf mühitin zərərli tullantılardan
qorunması, çirkli suların təmizlənməsi və
s. sahələrdə anlayışların sistemləşdirilməsi,
dinləyicilərə yeni biliklər verilməsidir. Tədris-tematik plan üzrə kurslarda
dinləyicilərə təbiətdən istifadə
və ətraf mühitin qorunması üzrə dövlət
xidməti, təbiətdən istifadənin iqtisadi
tənzimlənməsi, ekologiya hüququnun əsasları,
təbiətdən istifadə proqramlarının hazırlanması
metodologiyası və metodikası, dövlət ekoloji
ekspertizası, ekoloji nəzarət və digər
məsələlər barədə ətraflı
məlumatlar verilmişdir. Kurslarda ekologiya və təbii
sərvətlər naziri Hüseynqulu Bağırov, Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
daimi komissiyasının sədri Əli Hüseynov, tanınmış
alim və mütəxəssislər dinləyicilər qarşısında
ekologiyanın və təbiətdən istifadənin
problemlərinə dair müxtəlif mövzularda mühazirələr
oxumuşlar. DİA-da keçirilən növbəti buraxılış
mərasimində bu ali məktəbin rektoru, əməkdar
elm xadimi, professor Seyfəddin Qəndilov kursları başa
vuran dinləyicilərə uğurlar arzulamış,
onlara sertifikatlar təqdim etmişdir.
|