· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Türkiyənin xarici işlər naziri Qafqaz Universitetində olub

ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Əli Babacan dekabrın 1-də Qafqaz Universitetinin professor-müəllim və tələbə heyəti ilə görüşüb.

 

Universitetin böyük akt zalında keçirilən görüş mərasimində Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç hörmətli qonağı salamlayaraq onu universitetlərində görməsindən məmnunluq duyduqlarını, Türkiyə Respublikasından Azərbaycana gələn dövlət və hökumət rəsmilərinin rəhbərlik etdiyi ali məktəbə ziyarətinin artıq ənənə şəklini aldığını, bu baxımdan cənab nazirin də öz görüşü ilə onları şərəfləndirdiyini bildirib, bunu Türkiyə hökumətinin onlara göstərdiyi diqqət kimi dəyərləndirib.

Sonra rektor universitetləri haqqında cənab nazirə və onunla birlikdə gəlmiş türkiyəli qonaqlara məlumat verərək qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsi üçün "çağ" öyrətim İşlətmələri Şirkəti tərəfindən 1993-cü ildə açılmış Qafqaz Universiteti 2546 tələbəsinə hüquq, mühəndislik, pedaqoji və iqtisad fakültələrində olmaqla bakalavratura, magistratura və doktorantura pillələri üzrə təhsil verməkdədir. 15 yaşı olan universitetin indiyədək 1400-dən çox məzunu olub.

Məzunların yüzdə səksən beşi, əksəriyyəti Azərbaycan da olmaqla, dünyanın 10 ölkəsində çalışmaqdadır. Tələbələrin səviyyəsinə görə Qafqaz Universiteti Azərbaycanda ən yüksək reytinqli özəl universitet olub öndə gedən dövlət universitetləri arasında özünəməxsus yer tutur. Burada tələbələr öz ixtisasları ilə bərabər, ingilis dilini və kompüter texnologiyasını da öyrənirlər. Universitetdə təhsil Boloniya sisteminə uyğun aparılır. Hər il 100-dən çox tələbə Türkiyədə stajirovkada olur. Universitetin ABŞ-ın 2 universiteti ilə imzaladığı müqaviləyə əsasən tələbələr 3 il Qafqaz, 2 il ABŞ universitetlərində oxumaqla hər iki ali məktəbin diplomlarını almaq imkanına malikdirlər.

Türkiyə Respublikasının xarici işlər naziri Əli Babacan universitetin müəllim və tələbələri qarşısında çıxış edib. Səmimi qarşılanması üçün təşəkkür edən hörmətli qonaq müəllim və tələbələrlə bərabər olmaqdan şərəf duyduğunu bildirib. Azərbaycanla Türkiyə arasındakı sıx mehriban qardaşlıq münasibətlərini başqa heç bir iki ölkə arasında olmayan əlaqələr kimi səciyyələndirən qonaq bu əlaqələrin bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm də mədəniyyət və təhsil sahələrində getdikcə daha da inkişaf etdiyini, Qafqaz Universitetinin iki ölkə arasındakı əməkdaşlıqda körpü rolunu oynadığını diqqətə çatdırıb.

Cənab Əli Babacan çıxışında hazırda Minsk qrupu tərəfindən çözülməkdə olan Qarabağ münaqişəsinin həllində, işğal olunmuş torpaqların azad olunmasında Türkiyənin həmişə Azərbaycana dəstək verdiyini, onun haqq işini müdafiə etdiyini, 1918-ci ildə olduğu kimi, çağdaş dövrümüzdə də bütün çətin məqamlarında Azərbaycanla birgə olduğunu söyləyib. Təmsil etdiyi ölkənin regionda və dünyada yeritdiyi sülhsevər siyasətindən, Qafqazda münaqişələrin həll olunması və möhkəm sülhün yaranması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə bu ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan münaqişəsindən sonra Türkiyə tərəfindən irəli sürülmüş Qafqazda sabitlik və əməkdaşlıq platformasının əhəmiyyətindən, onun bölgədə yeni dialoqların yaranmasına, problemlərin həllinə kömək edəcəyindən danışıb. Qonaq habelə Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, Azərbaycanın regionda reallaşdırılan enerji layihələrində mühüm rol oynadığını vurğulayıb.

Görüşün sonunda hörmətli qonağa xatirə hədiyyələri və universitetin plaketi təqdim olunub.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc, "çağ" öyrətim Şirkətinin prezidenti Ənvər özərən və digər rəsmi şəxslər iştirak edib.

 

Y.ƏLİYEV