· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva görkəmli Azərbaycan rəssamı Tahir Salahovla görüşüb

 

Noyabrın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahovla görüşmüşdür.

Görkəmli rəssamı Heydər Əliyev Fondunda səmimiyyətlə qarşılayan Mehriban xanım Əliyeva onu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi.

Tahir Salahovun parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olduğunu vurğulayan Mehriban xanım dedi ki, rəssamın mövzu və janr rəngarəngliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olmuşdur. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr vermişdir.

Tahir Salahovun Azərbaycan incəsənətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətlərini xüsusi vurğulayan Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, dünya şöhrətli rəssam Azərbaycan xalqının fəxridir.

Xoş sözlərə və səmimi münasibətə görə dərin minnətdarlığını bildirən Tahir Salahov dedi ki, doğma Vətənində yubileyinin qeyd olunması sənətinə verilən böyük qiymətin göstəricisidir.

80 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan təsirləndiyini bildirən Tahir Salahov diqqət və qayğıya görə dövlətimizin başçısına, habelə Azərbaycan mədəniyyətinin təbliği və inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bir daha təşəkkür etdi.

Mehriban xanım Əliyeva Tahir Salahova Heydər Əliyev Fondunun fəaliyyəti haqqında kitab və "Qarabağ xanəndələri" musiqi albomunu hədiyyə etdi.

 

AzərTAc