· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

BDU-da mətbuat konfransı

Noyabrın 29-da BDU-nun yeni tədris korpusunun akt zalında universitetin rektoru, akademik Abel Məhərrəmovun mətbuat konfransı keçirildi. Məqsəd BDU-nun yaradılmasının 90 illiyi münasibətilə ən yaxşı məqalə, oçerk, publisistik yazı, radio-televiziya verilişi və film müsabiqələrinin keçirilməsini təşkil etməkdir.

 

Mətbuat konfransını açıq elan edən BDU-nun rektoru Abel Məhərrəmov öncə ali təhsil ocağının yaradılması tarixi və əvvəlki fəaliyyəti dövründə Sovet imperiyası tərəfindən törədilmiş çətinliklərdən danışdı. BDU-nun məzunu olmuş ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun qayğısı sayəsində ali təhsil müəssisəsində qazanılmış nailiyyətlərə toxunan rektor qeyd etdi ki, Bakı Dövlət Universiteti 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin oğul yadigarıdır. Son 40 ildə təhsil ocağında əldə edilmiş uğurlar daha böyükdür. 10 minlərlə kadr yetişdirilib və xarici ölkələr üçün mütəxəssislər hazırlanıb. BDU öz məzunları ilə fəxr edir.

Abel Məhərrəmov BDU-nun keçdiyi şərəfli yoldan danışarkən nəzərdə tutulan yeniliklərə də diqqət çəkdi. Bildirdi ki, 100 istedadlı müəllim və tələbəyə yüksək təqaüdlər veriləcək, yeni fakültələr fəaliyyətə başlayacaqdır.

Tarixi tədbirlər zamanı mətbuat işçilərinin fəaliyyətinə xüsusi önəm verən A.Məhərrəmov keçirilən müsabiqənin şərtlərinə də toxundu. Bu mövzuda yazılan əsərlər  BDU-nun tarixi xidmətləri, əhəmiyyəti və inkişafı ilə bilavasitə əlaqəli olmalıdır. Müsabiqə 2008-ci ilin noyabrından 2009-cu ilin aprelinədək keçirilir. Müəlliflər yazıları çap olunmuş və elektron, videomaterialları isə DVD variantında 2 nüsxədə təqdim etməlidir.

Mətbuat konfransında Boloniya prosesinin gedişi, qış sessiyasına hazırlıq, hazırlanan kadrların səviyyəsi, tarixi şəxsiyyətlər haqqında, gələcəkdə BDU-nun xaricdə filiallarının açılması, xarici dil kurslarının keçirilməsi və digər məsələlərlə bağlı jurnalistləri  maraqlandıran suallara BDU-nun rektoru Abel Məhərrəmov ətraflı cavablar verdi və onlara minnətdarlığını bildirdi.

Fazil İDRİSOĞLU