· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılışı oldu

Dekabrın 17-də BDU- da KADO-nun (Rəqəmsal imkanların yayılması üzrə Koreya agentliyi) birbaşa yardımı ilə yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılış mərasimi keçirildi.

Yığıncağı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qonaqları və toplantı iştirakçılarını salamladıqdan sonra bu Mərkəzin 2008-2009-cu tədris ilində BDU-nun istifadəyə verilmiş təzə korpusunda yaradılmasından məmnun olduğunu bildirdi, təhsil naziri Misir Mərdanova, koreyalı qonaqlara və mərkəzin yaradılmasında əməyi olan bütün insanlara təşəkkür etdi. BDU-nun qlobal inkişafda irəlidə gedən Koreyanın ali təhsil müəssisələri ilə sıx əlaqə saxladığını və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyini söylədi.

Təhsil naziri Misir Mərdanov Azərbaycan təhsilinin inkişafında Bakı Dövlət Universitetinin öz yeri olduğunu və bu mərkəzin məhz burada yaradılmasının təsadüfi olmadığını diqqətə çatdırdı. Koreyada Azərbaycana marağın böyük olduğundan, ölkə başçısının Koreya Respublikasına səfərindən sonra bu marağın daha da artdığından və əlaqələrin genişləndirildiyindən söz açan nazir bunun elmin inkişafına, sülhə, əmin-amanlığa xidmət etdiyini bildirdi. Koreya Respublikasına etdiyi səfərinə toxunan nazir son 25 ildə qloballaşan dünyada Koreyanın daha da inkişaf etdiyini və bu inkişafa səbəb kimi ölkədə təhsilə, xüsusilə peşə təhsilinə önəm verildiyini diqqətə çatdırdı.

Qeyd etdi ki, biz Koreyada olanda bu ölkənin müxtəlif təhsil və təlim-tərbiyə müəssisələrinə getdik. Hər yerdə səliqə-sahmanın, ciddi nizam-intizamın və böyük işgüzarlığın şahidi olduq. Bir uşaq bağçasında bizi müəssisənin rəhbəri kimi qarşılayan qadının Koreya universitetlərindən birinin professoru olduğunu və həmin bağçanı inkişaf etdirmək üçün 5 ildir ki, burada işlədiyini öyrəndik. Bax, Koreyada təlim-tərbiyənin inkişafına belə diqqət yetirilir. Burada hər bir insan ona tapşırılan işin öhdəsindən layiqincə gəlməyə çalışır. Nazir hazırda geniş əlaqələrin bariz nümunəsi kimi 40 nəfər azərbaycanlı gəncin Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırdı.

Misir Mərdanov KADO-nun xarici və daxili rəqəmsal sistemləri hərtərəfli təmin etmək məqsədilə yaradılan və Koreya dövlətinin birbaşa dəstək verdiyi bir təşkilat olduğunu qeyd etdi. Onun əsas vəzifələrindən biri əhalini informasiya və kommunikasiya sistemləri ilə təchiz və müasir texnologiya və avadanlıqlarla tanış etmək, bununla da ictimaiyyətin informasiya almaq imkanlarını yaxşılaşdırmaq, nəticədə dövlət iqtisadiyyatına yardım göstərməkdən ibarət olduğunu diqqətə çatdırdı. Nazir çıxışının sonunda BDU-da açılan Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinə görə koreyalı qonaqlara öz təşəkkürünü bildirdi.

Yığıncaqda çıxış edən Koreya Respublikasının İctimai İdarəetmə və Təhlükəsizlik nazirinin müavini Kin Young Ho, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvang Chul və KADO-nun vitse-prezidenti Park Von Gsun Azərbaycanın müstəqillik qazanandan sonra sürətli inkişafından, Bakının böyüyərək daha da gözəlləşməsindən söz açdılar və burada yaradılmış yeni Mərkəzin KADO-nun birbaşa dəstəyi ilə fəaliyyət göstərəcəyini qeyd etdilər.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri Mərkəzə baxış keçirdilər.

 

Nizami MİRZƏ