· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil nazirinin müavini Fransada səfərdə olub

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən Fransanın CNOUS təşkilatının dəvəti ilə təhsil nazirinin müavini Elmar Qasımov və nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov dekabrın 9-14-də Fransada səfərdə olmuşlar.

Səfərin əsas məqsədi xaricdə təhsil üzrə Dövlət Proqramının icrası çərçivəsində Azərbaycan gənclərinin Fransa ali məktəblərində təhsili ilə bağlı CNOUS və bir sıra fransız universitetlərinin rəhbərliklərilə danışıqlar aparmaq, hazırda Fransada təhsil alan tələbələrimizin təhsili və yaşayışı ilə yerində tanış olmaq idi.

Səfərin ilk günündə Fransanın Xarici İşlər Nazirliyinin Elmi və Universitetlərarası Əməkdaşlıq İdarəsinin direktoru xanım Sofi Lovi-Lazlo və Şərqi Avropa, Mərkəzi Asiya, Balkan ölkələri üzrə departamentin müdiri cənab Olivye Jako ilə görüşdə Fransa hökumətinin xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları üçün ayırdığı təqaüdlərin, həmçinin müxtəlif təhsil layihələrinə ayırdığı maliyyə vəsaitinin azalması ilə bağlı məsələ əsas müzakirə obyekti oldu.  Xanım Lovi-Lazlo Xarici İşlər Nazirliyi tərəfindən idarə olunan belə təqaüd və təhsil proqramlarının hökumət tərəfindən ayrılan maliyyə vəsaitlərinin azalması səbəbinə görə bu sahədə fəaliyyətlərinin xeyli məhdudlaşdığını təəssüflə qeyd etdi. O, eyni zamanda fransız dilinin tədrisi ilə bağlı müxtəlif layihələri davam etdirəcəklərinin və bu istiqamətdə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirdi.

Səfərin növbəti günü Dövlət Proqramı çərçivəsində çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldıqları Franş-Komte Universitetinin yerləşdiyi Bizanson şəhərində nazir müavini Elmar Qasımovun Franş-Komte Universitetinin Tədbiqi Linqvistika Mərkəzinin direktoru xanım Evelin Berard və mərkəzin digər məsul əməkdaşları ilə görüşü oldu. Məlumat üçün bildiririk ki, Dövlət Proqramı çərçivəsində Fransada müxtəlif təhsil proqramlarında təhsilə başlamazdan əvvəl fransız dili üzrə hazırlıq kursu keçmək məqsədi ilə bu mərkəzə 2007-2008-ci tədris ilində 12 nəfər, cari tədris ilində isə 14 nəfər azərbaycanlı tələbə göndərilmişdir. Dil mərkəzinin nümayəndələri görüşdə Azərbaycan tələbələrinin çalışqanlığından və müəyyən olunmuş müddətdə fransız dilini akademik səviyyədə öyrənmə bacarığından razı qaldıqlarını bildirdilər.

Sonra nazir müavini dil mərkəzində Franş-Komte Universitetinin müxtəlif təhsil proqramlarında və dil hazırlığında təhsil alan tələbələrlə görüşündə lazımi tövsiyələrini verməklə yanaşı, onları maraqlandıran suallara da cavab verdi. Tələbələr də öz növbəsində təhsil səviyyəsindən və onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını ifadə etdilər.  Daha sonra Franş-Komte Universitetinin vitse-prezidenti Rudi Şole və Dəqiq Elmlər və Texnologiya fakültəsinin dekanı ilə görüşdə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə olundu. Təhsil Nazirliyinin nümayəndə heyəti  Bizanson Milli Ali Texniki Məktəbinin prezidenti, professor Jin Klaud Geninlə və CNOUS-un Fransa üzrə yataqxanalar idarəsinin direktoru cənab Kristian Şazal ilə də görüşdü.

Rəsmi görüşlər başa çatdıqdan sonra E.Qasımov azərbaycanlı tələbələrin yaşadıqları yataqxanalarda oldu, onların yaşayış şəraiti ilə yerində maraqlandı.

Səfərin növbəti günü Fransanın ən nüfuzlu texniki ali məktəblərindən biri olan Yeraltı İşlər və Mədənlər Ali Məktəbinin prezidenti Jan dü Moza Pyer və Mari Küri adına Paris 6 Universitetinin vitse-prezidenti Jilber Berezya ilə görüşlər oldu. Məlumat üçün qeyd olunmalıdır ki, cənab Jilber Berezya Paris şəhərində yerləşən Panteon-Assas, Paris-Dofin, Paris-Sarbon, Pyer və Mari Küri, Paris Nuvel Universitetləri və daha üç ali məktəbi birləşdirən Paris Universitetləri Konsorsiumunun Beynəlxalq əməkdaşlığını koordinasiya edən şəxsdir. Cənab J.Berezya Azərbaycandan birbaşa gələn və Franş-Komte Universitetinin Tədbiqi dil mərkəzini bitirmiş tələbələrimizi təmsil etdiyi Konsorsiuma daxil olan 8 ali məktəbdə yerləşdirilməsinə lazımi köməklik göstərməyə hazır olduğunu bildirdi. O, həmçinin yaxın vaxtlarda Azərbaycan ali məktəbləri ilə Parisin qeyd olunan ali məktəbləri arasında yeni əlaqələrin qurulması məqsədi ilə Azərbaycana səfər edəcəyini qeyd etdi.

Daha sonra Paris yaxınlığında, Sevrdə yerləşən Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin direktoru cənab Tristan Lökok, Paris Siyasi Elmlər İnstitutunun Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti cənab Fransiz Verio, Paris 9 Dofin Universitetinin prezidenti cənab Loran Baç, Paris 1 Panteon-Sarbon Universitetinin Beynəxalq əlaqələr üzrə vitse-prezidenti xanım Kristin Mengin və Paris 5 Universitetinin Tibb Məktəbinin direktoru ilə görüşlər maraqlı keçdi.

Paris Siyasi Elmlər İnstitutu və iqtisadiyyat sahəsində Fransanın ən nüfuzlu ali məktəblərindən biri olan Paris 9 Dofin, Paris 1 Panteon-Sarbon Universitetlərinin rəhbərliyi fransız dilini lazımi səviyyədə öyrənmiş azərbaycanlı tələbələri qəbul etməyə hazır olduqlarını bildirmişlər. Həmin günün ən maraqlı görüşü isə CNOUS-un direktoru canab Jan Fransua Servel  və onun müavini ilə oldu. Görüşdə CNOUS rəhbərliyi Azərbaycan tərəfi ilə əməkdaşlıq etməkdən məmnun qaldıqlarını və Azərbaycanın tələblərinə uyğun olaraq ali təhsilin bütün istiqamətləri üzrə əlaqələri daha da genişləndirməyə hazır olduqlarını bildirmişlər.