Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30
oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı
ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)"
və 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli
qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının ümumi təhsil sistemində
Qiymətləndirmə Konsepsiyası"ndan irəli gələn
vəzifələrin icrasını təmin etmək məqsədi ilə
"ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılması Qaydaları"
hazırlanmışdır. Bu "Qaydalar" Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin 17.02.2009-cu
il tarixli, 3434 nömrəli şəhadətnaməsi ilə
dövlət qeydiyyatından keçmiş, Azərbaycan
Respublikası təhsil nazirinin 11.02.2009-cu il
tarixli, 164 nömrəli əmri ilə təsdiq edilmiş
"ümumtəhsil məktəblərində, peşə liseylərində
buraxılış imtahanları və şagirdlərin
sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"dan
irəli gələn tələblərə uyğunlaşdırılıb və fənn
kurikulumları tətbiq olunan siniflərdə
məktəbdaxili qiymətləndirmənin aparılmasını
müəyyən edir.
Qaydaların şərhinə ehtiyac olduğunu nəzərə
alaraq, müəyyən məsələlərə aydınlıq gətirmək
istərdik.
Müəllimin fəaliyyəti yalnız summativ
qiymətləndirmələrlə məhdudlaşmır, şagird
nailiyyətlərinin monitorinqi diaqnostik və
formativ qiymətləndirmə formalarında da
aparılır.
Diaqnostik qiymətləndirmə şagirdin bilik və
bacarıqlarının ilkin səviyyəsini
müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən
aparılır. Nəticələrə uyğun olaraq müəllim təlim
strategiyasını və şagirdlərin hər birinə fərdi
yanaşma yollarını müəyyənləşdirir. Bu
qiymətləndirmənin nəticələri jurnalda qeyd
olunmur.
Formativ qiymətləndirmə tədris-təlim
fəaliyyətini davamlı olaraq müşayiət edən
prosesdir və birbaşa müəllim tərəfindən həyata
keçirilir. Formativ qiymətləndirmənin nəticələri
məktəbli kitabçası vasitəsilə şagirdlərə və
valideynlərə çatdırılır.
Qaydalarda göstərilir ki, formativ
qiymətləndirmə fənni tədris edən müəllim
tərəfindən məzmun standartlarından çıxan təlim
məqsədləri əsasında hazırlanmış meyarlar üzrə
aparılır. Fənn kurikulumları əsasında xüsusi
təlim kurslarından keçmiş ibtidai sinif
müəllimləri məzmun standartlarına uyğun təlim
məqsədlərinin yazılması bacarıqlarına
yiyələniblər və standartların reallaşdırılmasına
xidmət edən gündəlik təlimi necə təşkil etməyin
yolları ilə tanışdırlar.
Formativ qiymətləndirmənin nəticələri məktəbli
kitabçasında sözlə təsvir edilir.Bəzən
müəllimlər məktəbli kitabçasında qeydlərin
yazılması üçün yer nəzərdə tutulmamasından
şikayətlənirlər. Əslində məktəbli kitabçasında
şagirdlərin fəaliyyətinin təsviri qısa
ifadələrlə verilməlidir. Məsələn,
riyaziyyatdan 10 dairəsində ədədlərin
toplanması ilə bağlı izləmələrin nəticəsinin
müxtəlif göstəricilərini müəllim şagirdlərin
inkişaf xüsusiyyətlərinə uyğun olaraq belə yaza
bilər: "10 dairəsində ədədləri tanıyır,lakin
yaza bilmir", yaxud "10 dairəsində ədədləri
toplaya bilir" və ya "10 dairəsində çıxmanı
yerinə yetirir" və s. Müəllim elə bu
göstəricilərə əsasən də şagirdin ev
tapşırıqlarını müəyyən edir. Beləliklə,
valideynin də tədris prosesinə cəlb olunmasına
şərait yaranır.
Nəzərə almaq lazımdır ki, müəllim hər gün bütün
şagirdlərin gündəliyinə qeyd yazmır.Bu qeydlər
vaxtaşırı və lazım gəldikcə, hər hansı məsələ
barədə şagird və valideynin mütləq
məlumatlandırılmalı olduğu hallarda edilir.
Bütün bu izləmələr şagirdlərin standartlara
uyğun inkişafına kömək edir.
Şagirdlərin standartların səviyyələrinə
uyğunluğu summativ qiymətləndirmələr vasitəsilə
ölçülür. Standartların səviyyələrinə əsasən
hazırlanmış sualların cavablandırılmasına
verilən faizlər və onların qiymət şkalası üzrə
açıqlaması "Qaydalar"da göstərilmişdir. Belə ki,
tapşırıqların ümumi sayının 10%-nə qədər düz
cavab verən şagird "1", 10% daxil olmaqla 20%-nə
qədər düz cavab verən şagird "2", 20% daxil
olmaqla 50%-nə qədər düz cavab verən şagird "3",
50% daxil olmaqla 80%-nə qədər düz cavab verən
şagird "4", 80% daxil olmaqla 100%-nə qədər düz
cavab verən şagird "5" qiymətlə
qiymətləndirilir.
Yarımil ərzində tədrisin planlaşdırılmasına
uyğun olaraq summativ qiymətləndirmələrin neçə
dəfə keçirilməsi də müəllimləri maraqlandıran
məsələlərdən biridir. Kiçik summativ
qiymətləndirmələr şagirdlərin müəyyən bir müddət
ərzində reallaşdırılan standartların
səviyyələrinə uyğunluğunu yoxlamaq məqsədilə
keçirilir.
Məsələn, 1-ci sinifdə həyat bilgisi fənnindən
sağlamlıqla bağlı olan mövzular tədris
olunarkən reallaşdırmaq üçün seçilən
standartlar müəllimə yoxlanılmalı olan
bacarıqları diktə edir.Bu bacarıqlar
aşağıdakılardır:
Şagird:
-sağlamlığın mühafizəsi haqqında fikir bildirir;
-sağlam həyat tərzinin şərtlərini sadalayır;
-yoluxucu xəstəlikləri tanıyır və onlardan
qorunma yolları haqqında danışır və s.
Müəllim özünün müəyyənləşdirdiyi qiymətləndirmə
vasitəsi ilə şagirdin bu bacarıqlara hansı
səviyyədə nail olduğunu yoxlayır.
Kiçik summativ qiymətləndirmələrin sayını isə
fənnin planlaşdırılmasına əsasən müəllim
müəyyən edir. Belə ki, həftədə 4-5 saat tədris
olunan fənn ilə həftədə 1 saat tədris olunan
fənlərin arasında kiçik summativ
qiymətləndirmələrin sayına görə fərq olacaqdır.
Kiçik summativ qiymətləndirmələrin sayına
xüsusi bir məhdudiyyətin qoyulması mümkün deyil.
Müəllim özü tədrisin planlaşdırılmasına əsasən
qərar qəbul etməlidir."Qaydalar"da yalnız kiçik
summativ qiymətləndirmələrin 6 həftədən gec
olmayaraq keçirilməsi qeyd edilib.
Böyük summativ qiymətləndirmələrdə bu şərhə
xüsusi ehtiyac yoxdur. Aydındır ki, hər iki
yarımilin sonunda şagirdlərin nailiyyət
səviyyələrini müəyyən etmək məqsədilə böyük
summativ qiymətləndirmə keçirilir.Böyük summativ
qiymətləndirmənin əhatə etdiyi dövrdə
reallaşdırılmalı olan standartlar əsasında ən
mühüm bacarıqlar müəyyən olunur və
standartların səviyyələrinə uyğun tapşırıqlar
hazırlanır. Bu zaman daha çox bilik və
bacarıqların tətbiqinə yönələn suallardan
istifadə edilir.
Məsələn,1-ci sinifdə həyat bilgisi fənnindən
yarımil ərzində sağlamlıqla yanaşı,
təhlükəsizlik, mənəviyyatla bağlı mövzular
tədris olunur. Bu mövzular vasitəsilə
reallaşdırılan standartların hər birinə
ayrılıqda sual hazırlamaq çətindir. Odur ki,
müəllim bu standartlar əsasında ən mühüm
bacarıqları müəyyən edir və qiymətləndirmə
səviyyələrini nəzərə almaqla suallar hazırlayır.
Xüsusi şərhə ehtiyac olan məsələlərdən biri də
ana dilindən imla, inşa, ifadə yazılar,
riyaziyyatdan biliyin tətbiqinə yönəlmiş misal
və məsələ həllinin hansı qiymətləndirmə növünə
(formativ, yoxsa kiçik summativ) aid olması ilə
bağlıdır. Müəllim şagirdin yazı bacarıqlarının
inkişafını izləmək üçün formativ
qiymətləndirmə yolu ilə yazı işləri apara bilər
və aparmalıdır. Məsələn, şagirdin öyrəndiyi yeni
sözlərin yazılışını yoxlamaq üçün kiçik bir
mətnin yazılması,toplama əməlinin yoxlanması
üçün məsələ həlli və s. bu tipli yazı işləridir.
Əgər müəllimin məqsədi başa çatmış bölmə və ya
bəhs vasitəsilə reallaşdırılmış standartların
səviyyələrinə şagirdlərin uyğunluğunu
yoxlamaqdırsa, onda yoxlama yazılar kiçik
summativ qiymətləndirmə vasitəsi kimi istifadə
edilir.
"Qaydalar"da I sinifdə summativ
qiymətləndirmələrin aparılması xüsusi olaraq
qeyd edilməmişdir. Lakin I siniflər üçün də
bütün fənlər üzrə qiymətləndirmə standartları
olduğundan şagirdlərin bəhs, bölmə və ilin
sonunda nəticələrə hansı səviyyədə nail olduğunu
öyrənmək zəruridir. Bu zərurətdən çıxış edərək I
siniflərdə kiçik və böyük summativ
qiymətləndirmələrin aparılması müəyyən
olunmuşdur.Lakin böyük summativ
qiymətləndirmənin nəticələri şagirdlərin
sinifdən-sinfə keçirilməsinə təsir etmir.
Digər bir izah tələb edən məsələ ana dili
fənnindən oxu və yazının birlikdə, yoxsa ayrı
qiymətləndirilməsidir. Bildiyimiz kimi, ana dili
inteqrativ bir fəndir. Odur ki, bu fənn
vasitəsilə əldə edilən bilik və bacarıqlar da
inteqrativ şəkildə qiymətləndirilir. Əgər kiçik
summativ qiymətləndirmə ana dilindən yazı (inşa,
esse) vasitəsilə aparılırsa, onun hər iki
qiyməti əsasında ümumi qiymət yazılır.
Musiqi, təsviri incəsənət, texnologiya,
informatika fənləri üzrə şagirdlərin
qiymətləndirilməsinin şifahi və ya yazılı
şəkildə aparılması isə yoxlanan bacarıqlara
uyğun olaraq müəyyənləşir. Müəllim təlim
fəaliyyətinə uyğun olaraq qiymətləndirmə üsulu
və vasitəsi seçir. Məsələn, musiqi fənnindən
musiqi əsərlərinin müəllifinin tanınması ilə
bağlı bilikləri yoxlayarkən müəllim şifahi
qiymətləndirmə üsuluna uyğun olaraq sorğu-sual
vasitəsindən istifadə edə bilər. Əgər mahnı
oxumaq bacarıqları yoxlanırsa, müəllim həmin
əsərin oxusunu təşkil etməli və şagirdi buna
əsasən qiymətləndirməlidir.Və yaxud təsviri
incəsənət fənnindən rəsm əsərlərinin
müəllifinin tanınması ilə bağlı bilikləri
yoxlayarkən müəllim şifahi qiymətləndirmə
üsuluna uyğun olaraq sorğu-sual vasitəsindən
istifadə edə bilər. Şagirdin sadə bədii təsvir
vasitələrindən necə istifadə etdiyini yoxlamaq
üçün isə onun əl işlərini toplamaq və buna
əsasən qiymətləndirmə aparmaq lazımdır.
Summativ qiymətləndirmədə iştirak etməyən
şagirdlərlə təkrar qiymətləndirmənin
aparılması ilə bağlı müəyyən suallar ortaya çıxa
bilər. "ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılması Qaydaları"nda
göstərilir ki, summativ qiymətləndirmədə iştirak
etməyən şagirdin jurnalda adının qarşısındakı
xana diaqonal olaraq 2 yerə bölünür. Surətdə
"q" (qaib) yazılır, məxrəc isə boş saxlanılır.
Müəllim növbəti 2 həftə ərzində həmin şagirdlə
summativ qiymətləndirmə aparır və nəticəni
məxrəcdə qeyd edir. İki həftə müddət ona görə
nəzərdə tutulmuşdur ki, şagirdin buraxdığı
materialı öyrənmək və ya təkrar etmək üçün
müəyyən vaxtı olsun.
Böyük summativ qiymətləndirmənin nəticələrinə
görə ən çoxu üç fəndən "qeyri-kafi" qiymət alan
II-VIII, X sinif şagirdlərinə "ümumtəhsil
məktəblərində, peşə liseylərində buraxılış
imtahanları və şagirdlərin sinifdən-sinfə
keçirilməsi haqqında Qaydalar"ına uyğun olaraq
yay tədris tapşırıqları verilir. Ən azı bir
fəndən yay tədris tapşırığını yerinə yetirməyən
şagirdlər təkrar sinifdə saxlanılırlar.IX və XI
siniflərdə bu məsələlər "ümumtəhsil
məktəblərində, peşə liseylərində buraxılış
imtahanları və şagirdlərin sinifdən-sinfə
keçirilməsi haqqında Qaydalar"ın 27, 28, 29-cu
maddələri ilə tənzimlənir.
27-ci maddəyə görə, bütün fənlərdən müsbət
illik, həmçinin bir-üç fəndən "qeyri-kafi"
illik qiyməti olan IX sinif şagirdləri əsas
təhsil kursu üzrə imtahana buraxılırlar.
28-ci maddəyə görə, dərs ilinin hər hansı
yarımilində məktəbə gəlmədiyi üçün biliyi
qiymətləndirilməyən IX və XI sinif, peşə
liseylərinin II-III kurs şagirdlərinin
imtahanlara buraxılıb-buraxılmaması məsələsinə
məktəbin pedaqoji şurasında baxılıb müvafiq
qərar qəbul olunur.
29-cu maddəyə görə isə bütün fənlərdən yalnız
müsbət illik qiyməti olan XI sinif, peşə
liseylərinin III kurs şagirdləri orta təhsil
kursu üzrə imtahanlara buraxılırlar.
Sinifdənxaric oxunun qiymətləndirilməsi və
nəticəsinin jurnalda qeyd olunması ilə bağlı
suallara da münasibət bildirmək
məqsədəuyğundur.Sinifdənxaric oxu ana dilindən
oxu bacarıqlarının inkişafına xidmət edən bir
fəaliyyətdir və şagirdlərin bu fəaliyyəti
müəllim tərəfindən mütəmadi olaraq izlənilir,
yəni formativ qiymətləndirmə aparılır. Kiçik
summativ qiymətləndirmələrdə oxu bacarıqları
qiymətləndirilərkən, eyni zamanda sinifdənxaric
oxu zamanı əldə edilən nailiyyətlər şagirdin
daha yüksək müvəffəqiyyətinə kömək edir.
Formativ qiymətləndirmələr bütün dərs boyu
davamedici bir proses olduğu üçün ona xüsusi
vaxt ayrılmır.Summativ qiymətləndirmələr isə
fənlərin planlaşdırılmasında yoxlamaların
aparılması üçün nəzərdə tutulan saatlar
hesabına keçirilə bilər.
Onu da qeyd edim ki, sinif jurnallarının
"Göstərişlər" səhifəsində nəzərdə tutulan bənd
(gündəlik xanalara "q" və ya "+" yazılması)
bütün siniflərə aid edilir. Kurikulum tətbiq
edilən siniflərin jurnallarında kiçik və
böyük summativ qiymətləndirmələrin nəticələri,
qalan xanalarda isə "+" və ya "q" yazılır.
Kurikulum tətbiq edilməyən siniflərdə (III-XI)
siniflərin jurnallarında qiymətləndirilən
şagirdlərin qarşısında qiymətlər, dərsdə iştirak
edən, lakin qiymətləndirilməyən şagirdin adının
qarşısındakı xanada "+", dərsdə iştirak etməyən
şagirdin adının qarşısındakı xanada isə "q"
yazılır.
Təranə HACIYEVA,
Təhsil Nazirliyi Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri |