· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Yurdumuza bahar gəlir

Əzəli və bəşəri bayram

Azərbaycan xalqı, ümumilikdə türk xalqları üçün bu bayram xəlqi-milli Yeni il olub, yazın bayram edildiyi sistemli ictimai-iqtisadi hadisələr toplusu kimi cəmiyyət miqyasında qeyd edilib. 12 min ildən artıq yaşı olduğu təsdiqlənən Novruz tarixən əkinçilik bayramı, əkin-səpin, əmək bayramı kimi yaranmış, xalqımızın mövsüm bayramı olmuşdur.

 

Yazın gəlişi yaxınlaşdıqca ulu çağlardan azərbaycanlılar sinilərdə, məcməilərdə buğda, arpa, noxud, mərci və digər taxıl məhsullarından səməni göyərdər, ona baxıb sevinər, fərəhlənərdilər:

Səməni, al məni,

Hər yazda sən yada

sal məni.

Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir. Səməni həm yaşıllığın, həm də əkinçiliyin rəmzidir. Səməninin varlığı da, həyat verəni də, mənası da taxıldır. Əkinçilərimiz səməni göyərtməklə növbəti təsərrüfat ilinə bolluq, bərəkət arzulamışlar.

Novruzu başqa bayram və tədbirlərdən fərqləndirən tərəflər çoxdur.

Novruzla bağlı ictimai-iqtisadi əhəmiyyətli iməciliklər təşkil olunur, abadlıq işləri aparılır...

İnsanların arzu və istəklərini, təbiətin oyanması ilə bağlı düşüncə və etiqadlarını əks etdirən Novruz aydınlıq, duruluq, yeni əhvali-ruhiyyə bayramı kimi səciyyələndirilir. Bahar fəsillər karvanında yaşıllıq və işıq yüklü bir dövrdür. Bahar fəslinin ən gözəl, ən nurlu, ən xoş əhvali-ruhiyyəli, ən müqəddəs bir məqamı Novruz bayramıdır.

Novruz bayramına qədər 4 çərşənbə olur. Və bu çərşənbələrin hər birinin öz adı, özünəməxsus inancları var.

Boz ayın dörd müqəddəs çərşənbəsindən birincisi Su çərşənbəsi, "Sular Novruzu" ilə başlayır. Əzəl çərşənbədə qarşıdan təzə ilin gəlməsi ilə bağlı ən əvvəl su təmizlənir. Hamı gün doğmamış su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, sü üstündən atlanır. Əski inamlarda su sağlamlığın başlıca rəhni idi.

Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Bütün günü su axarlarını təmizləyər, arxları qaydaya salar, abadlıq işləri aparar, su ilə bağlı müxtəlif şənliklər keçirərdilər.

Su ilə bağlı deyimlər:

* Su olan yerdə dirilik olar.

* Yuxuda  su görmək aydınlıqdır.

* Od üstə su atmazlar.

* Su süfrəyə dağılanda evdə aydınlıq olar.

* Su axarında salınan el-oba barlı-bəhərli olar.

* Su gözəllik, su şirinlik, su təmizlik, su ülvilik deməkdir.

çərşənbələrdən biri Od çərşənbəsidir.

Babalarımız 4 ünsirdən biri olan odla, ocaqla bağlı atalar sözü, müxtəlif deyim və yozumlar, alqış və qarğışlar düzüb-qoşublar:

* Ocağın yanar olsun.

* Ocağın odlu, süfrən dadlı olsun.

* Səni od aparsın.

* Odda yanmaz, suda batmaz ol.

* Oda söyməzlər.

* Oddan pay verməzlər.

* Al yel baba, yel baba,

* Qurban sənə, gəl baba.

Yel əsməyə başlayır, kürreyi-ərzi dolaşıb gəzən Yel yatmış hər şeyi tərpədib oyadır. Yel əsəndə söyməzlər, deyinməzlər. Xeyirliyə əs, deyərlər. Deyərlər ki, Yel çərşənbəsi gecəsində söyüd ağacının altına gedib niyyət edir, Yel babanı çağırırsan. Əgər Yel baba səsini eşidib əssə, söyüdün budaqları torpağa toxunsa, deməli, bütün diləklərinə çatacaqsan.

Yel çərşənbəsi xalq arasında "külək oyadan çərşənbə", "külək çərşənbəsi", "yelli çərşənbə", "küləkli çərşənbə" adları ilə də işlənir. Əski etiqadlara görə bu çərşənbədə oyanan Yel və ya Külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir, yatmış torpağı qızdırır... Yel çərşənbəsində əsasən isti külək yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir. çünki əski etiqada görə, "qara nəhrdə" yatmış külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir.

Əski inamlarda Yel ya özü Tanrıdır, ya da vahid Allah tərəfindən göndərilib, insanları əzizləyir, onlara kömək edir, bəzən də qəzəblənir, yeri gələndə isə cəzalandırır. "İncil"də və "Zəbur"da Yel Allahın qüdrəti kimi vəsf olunur. "Tövrat"da dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs edilir.

"Quran"da isə yelin Allah tərəfindən göndərildiyi, onun Allahın əlində mərhəmət və cəza antropomorfu olduğu göstərilir.

Zərdüştilər də küləyi müqəddəs hesab etmiş, ona tanrılıq vermişlər. "Avesta"da deyilir ki, Yelin gücü qüdrətli Hörmüzdün gücüdür... Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır.

Dördüncü çərşənbə Torpaq çərşənbəsidir. Torpaq elin ən böyük sərvətidir. Torpaq insanın ən böyük nemətidir. Torpaq insanın dayağıdır. Torpaq oyanır, martın 20-21-də artıq ana torpaq isidir yatmış ağacların köklərini, sular duyğulanır və əkilən bitir, bitmişlər yarpaqlanıb çiçəklənməyə başlayır.

Novruz günü ana torpağın naz-neməti ilə bəzənmiş ev-eşikdə süfrəyə neçə-neçə meyvə, yeməli şeylər düzülür. Və bir də onda görürsən ki, qapı döyülür, açırsan və kiminsə torbasını görürsən. Torbanı boş qaytarmazlar...

Bağrını eşib sinəsində büsat qurduğumuz, evlər ucaldıb bağ-bağat saldığımız ana  torpaq... Torpaqla bağlı babalarımız nələr düzüb-qoşublar... Nələr yozublar nənələrimiz:

* Torpağın həmişə gül bitirsin.

* Torpağın yada qismət olmasın.

* Torpağında qara yellər əsməsin.

* Torpaq ovuclayan qızıl ovuclar.

* Yaz kasıbın yorğan-döşəyidi.

* Yazda tərləməyən, qışda titrəyər.

Axır çərşənbə axşamı kim su üstündə söyüd ağacının başını yerə qoyan görsə, hər arzusu yerinə yetər.

* Axır çərşənbə axşamı tez yatmazlar.

* Axır çərşənbə axşamı evdə qazan asarlar.

* Axır çərşənbə günü küsülülər barışar, insan insana can deyib, can eşidər, hörmət, məhəbbət, ehtiram göstərərlər.

Axır çərşənbə günündə bir yerə yumurta, bir yerə cövhər, bir yerə kömür basdırar və niyyət edərlər. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları yerdən çıxarıb, ərik ağacının dibində basdırarlar.

Gur işıqlandırılan evdə süfrəyə yeddi təam qoyulmalıdır: səməni, sarımsaq, alma, sirkə, sumax, yabanı zeytun, ispanaq. Süfrəyə həmçinin güzgü, onun hər yanında bir şamdan qoyulur və şamlar yandırılır. Şamların sayı ailə üzvlərinin sayına uyğun gəlməlidir. Süfrədə çörək, bir piyalə su, suyun səthində yaşıl yarpaq, qırmızı şərbət, mer-meyvə, qoz, xoruz əti, balıq, süd, pendir olmalıdır. Bəzən süfrəyə "Quran"da qoyulur.

Novruz bayramı xalqın bütün mənəvi həyatını, mədəniyyətini əks etdirir. Novruz bayramında bütövlükdə yaşlı nəslin, habelə gənc nəslin sağlığına, fiziki kamilliyinə xüsusi diqqət yetirilir. Novruz bayramına hazırlıq və onun təşkili zamanı yallı oynanılır. Gənc nəslin fiziki tərbiyəsinə xidmət edən aşağıdakı amilləri müəyyən etmək olar: təmizlik işləri, tonqal yandırılması; tonqalla əlaqədar müxtəlif hərəkətlərin icrası; rəngarəng oyunların nümayiş etdirilməsi; sudan istifadə: su üstünə getmək.

Xalqımızın neçə-neçə əsrlərdən bəri yaratdığı, düzüb-qoşduğu nadir sənət inciləri nəsildən-nəslə keçərək yaşamış, qəhrəmanlıqlarla dolu olan tariximizin bir parçasına, onun zənginləşməsinə səbəb olmuşdur. Folklor nümunələr - holavarlar və sayaçı sözləri,  bayatılar, nağıllar, eləcə də müxtəlif oyunlar Azərbaycan xalqının qədim tarixi həyat tərzi, mədəniyyəti, adət-ənənələri, istək və arzuları haqqında dolğun təsəvvür yaradır.

Novruz adətlərində xalqımızın insanpərvərliyi,  qayğıkeş təbiəti, xalq gigiyenasının əhəmiyyəti, yaxşılıq, xeyirxahlıq, Vətən sevgisi və s. əxlaqi keyfiyyətləri əks olunur.

Geniş coğrafi məkanda qeyd olunan bu dünyəvi bayram türk xalqlarının, o cümlədən Azərbaycan xalqının zəngin mənəviyyatı, qədim tarixi, təbiəti və dünya duyumu haqqında özündə zəngin məlumatları yaşadıb nəsilləri öyrədərək yaşayacaq.

Yeni gün, Novruz bayramı ömrünüzü bəzəsin. Ruzunuz bol, işiniz avand olsun, əzizlərimiz. Axar sularınız bulanmasın. Arzularınız bənövşə kimi ətir saçsın. İstəkləriniz başa çatsın.

Ş.MƏMMƏDOV

 

 

 

 

 

 

 

Novruz bayramı poeziya yarpaqlarında

Novruz bayramına Azərbaycanda, professor M.Seyidovun yazdığı kimi, Xızır, kosa-kosa törəni və "Şəngülüm, Şüngülüm, Məngülüm" mifik nağılı və s. həsr olunmuşdur. Zəngin şifahi xalq ədəbiyyatımızın çoxsaylı nümunələrində - bayatılarda, əfsanə, nağıl və əsatirlərdə baharın gəlişi ilə bağlı son dərəcə maraqlı, obrazlı fəlsəfi fikirlər ifadəsini tapıb:

Novruz, Novruz bahara,

Güllər, güllər bahara.

Novruz gəlir, yaz gəlir,

Nəğmə gəlir, saz gəlir.

Bağçamızda gül olsun,

Gül olsun, bülbül olsun.

Novruz günü yaz olar,

Qırx kötük də az olar...

Novruz bayramı Nizami Gəncəvidən bu yana söz sənətimizdə təsvir və tərənnüm olunmuşdur. özü də bu məzmunlu poetik parçalar bahariyyələr adı ilə qələmə alınmışdır.

***

Ustad Şəhriyarın "Heydərbabaya salam" poemasında şair uşaqlıq illərində şahidi və iştirakçısı olduğu bayram şənliklərini poetik bir üslubda təsvir etmişdir. Şəhriyar uşaqlıq illərinin xatirələri axarında durularaq yazırdı:

Bayram yeli çardaxları yıxanda,

Novruzgülü, qar çiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir yad eləyən sağ olsun,

Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Bakıçının sözü, sovu, kağızı,

İnəklərin bulaması, ağızı,

çərşənbənin girdəkanı, mövizi,

Qızlar deyər: "Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə".

Dərin təfəkkür, güclü təxəyyül məhsulu olan bəndlərin hər biri ayrı-ayrılıqda bir panoram tablo üçün material ola bilər: bayramdır, gecəquşu oxuyur. Adaxlı qız bəy nişanlısı üçün corab toxuyur. Bir azdan bacadan şal sallanacaq.

Şal istədim mən də, evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

 

...Yumurtanı göyçək, güllü boyardıq,

çaqqışdırıb sınanların soyardıq.

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgülü dərərdi.

***

Səməd Vurğunun bahar fəsli ilə bağlı fikir və duyğuları, müşahidə və təəssüratları "Bahar düşüncələri" adlı şeirdə daha geniş həcmdə ümumiləşdirilmişdir. Şairin ilin bir fəsli ilə əlaqədar fikirləri bədii ümumiləşdirmə şəklində, fəlsəfi-estetik məzmunda təbiilik və reallıq parametrlərində dəqiq, yığcam və orijinal üslubda ifadəsini tapmışdır. Bu şeirdə də bahar metaforik mahiyyətdə təsvir və təqdim olunur. Baharı özünün başdan, binadan istəklisi sayan, şeirin, sənətin gözünün odu, təbiətin gözəl qızı bilən sənətkar təbiəti şairə bənzədir:

Bahar, istəklimsən başdan, binadan.

Ən gözəl qızısan sən təbiətin.

Xoşbəxt yaranmısan xoşbəxt anadan;

Gözünün odusan şeirin, sənətin.

Ən gözəl qızısan sən təbiətin!

Ş.ELNUR

 

 

 

 

 

 

 

 

Novruz sevinc gətirir

Yurdumuza arzuları qanadlandıran, elə, obaya, ailələrə sevinc bəxş edən Novruz müjdəli bahar gəlir. Xalqımızın ən sevimli milli bayramı olan Novruzu təhsil müəssisələrimizin kollektivləri də böyük sevinc, ruh yüksəkliyi ilə, bir-birindən gözəl, məzmunlu mərasimlərlə qarşılayırlar. Martın 17-də Qafqaz Universitetində də Novruza həsr olunmuş "Yurdumuza bahar gəlir" adlı bayram tədbiri keçirildi.

Aparıcılar tədbiri açıb Novruz bayramını ən şirin sözlərlə vəsf etdikdən sonra universitetin rektoru, professor Əhməd Saniç və həmin gün bu təhsil ocağında sinxron təcrümə laboratoriyasının açılış mərasimində iştirak etmiş iş adamı Səfər Əliyev tələbə və müəllimləri bayram münasibəti ilə təbrik etdilər.

Sonra Novruz ərəfəsində universitetin fakültələri arasında keçirilmiş idman turnirlərinin - şahmat, dama, stolüstü tennis və futbol birinciliklərinin qalibləri mükafatlandırıldı. Qonaq Səfər Əliyevə universitetin plaketi təqdim olundu. Daha sonra səhnə tələbə ifaçıların ixtiyarına verildi. Müxtəlif özfəaliyyət kollektivlərində birləşmiş tələbələrin təqdim etdikləri bayram konserti iştirakçılarda əsl Novruz ovqatı yaratdı.

Y.ƏLİYEV

 

 

 

 

 

"Gəl, Novruzum"

Bakı Avropa liseyində "Gəl, Novruzum" adlı bayram tədbiri və bu mövzuya həsr olunmuş rəsm müsabiqəsi qaliblərinin təqdimat mərasimi keçirildi.

Tədbirdə liseyin rus bölməsinin 3-cü sinif şagirdləri konsert proqramı ilə çıxış etdilər. İradə İbrahimovanın yetirmələri bayram əhvali-ruhiyyəsinə uyğun olaraq şeir söylədilər, səhnəciklər göstərdilər. Mahnılar ifa olundu. Müxtəlif millətlərin nümayəndələrindən olan şagirdlər Azərbaycanın milli rəqslərini həvəslə nümayiş etdirdilər. Novruz bayramının əsas qəhrəmanları Kosa, Keçəl və Bahar qızı qonaqlarda xoş ovqat yaratdı.

Sonra hər sinif öz təqdimatlarını slayd vasitəsilə göstərdi. Liseyin təsviri incəsənət müəllimi Kəmalə Cəfərzadənin təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində Avropa liseyi ilə yanaşı, 20 və 18 nömrəli təhsil ocaqlarının şagirdləri iştirak edirdilər.

"Novruz xonçası", "Novruz personajları", "Novruz adət-ənənələri" və "Bahar qızı" nominasiyaları üzrə təşkil edilən müsabiqədə qalib gələn şagirdlər müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə layiq görüldülər. Sərgidə nümayiş etdirilən 130-a qədər əl işləri rəssamlar tərəfindən qiymətləndirildi.

Bayram şənliyində Bakı Avropa liseyinin direktor müavini, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Aygün Məcidova, Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradov, Təhsil Problemləri İnstitutunun professoru Vidadi Xəlilov və 20 nömrəli məktəb-liseyin direktoru Əkbər Qocayev mərasimdən məmnun qaldıqlarını qeyd edərək, iştirakçıları Novruz bayramı münasibətilə təbrik etdilər.

 

Fazil İDRİSOĞLU

 

 

 

 

 

Baharda hamıdan çox sevinən uşaqlardır

Yurdumuza toylu-düyünlü, ilıq nəfəsli bahar gəlir. Bu bayramda ,şübhəsiz, hamıdan çox sevinən uşaqlardır.

Bahar təravəti duyulan 10 nömrəli  körpələr evi-uşaq bağçasında bayram ovqatı yaşanır.Balacaların bayram  münasibətilə yaratdıqları səhnəciklər, ifa etdikləri milli rəqslər, Aytəkinin, Zeynəbin, Sadiqin, Vüsalın, Əşrəfin söylədikləri şeirlər, tapmacalar, yanıltmaclar hamıda xoş  əhvalı-ruhiyyə  oyadır. Kosanın - İbrahimin, Bahar qızı - Zəminənin uşaqlara verdiyi hədiyyələr  alqışlarla qarşılanır. Tədbirin hazırlanmasında tərbiyəçilərdən Azadə  Qurbanovanın, Solmaz  Əfəndiyevanın, Reyhanə Məcidovanın, Dilbər Hüseynovanın böyük əməkləri olduğu göz qabağındadır.

***

32 nomrəli uşaq bağçasında keçirilən Novruz şənliyi də xoş ovqat  yaradır. Bolluq və bərəkət rəmzi olan səməni, müxtəlif çeşiddə  şirniyyatlar stolu bəzəyir.Baharın gəlişini  rəngarəng rəsmlərində əks etdirən  balacalar öz sevinclərini  dostları ilə bölüşürlər. Kosa, Keçəl, Bahar qızı balacaları təbrik edib,  onlara  bayram  sovqatı paylayırlar.

***

38 nömrəli  körpələr evi-uşaq bağçasında isə "Novruz gəlir, yaz gəlir" adlı şənlik  keçirilir. Bayram libası geyinmiş uşaqların sevincinin həddi-hüdudu yoxdur. Şən melodiyalar ətrafa yayılır.

Şənlikdə qonaqlarla bərabər, bağçanın keçmiş məzunları  da iştirak edirlər. Onların  bir-birindən maraqlı, rəngarəng, əyləncəli-musiqili proqramlarla çıxışları şənliyi daha da rövnəqləndirir.

Sonda bağçanın müdiri Sədaqət Qəribova  tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara sülh, əmin-amanlıq arzuladı. Sədaqət xanım ölkənin birinci xanımı, uşaqların sevimlisi Mehriban xanım Əliyevanın yetişməkdə olan nəslin daha da firavan yaşaması naminə  gördüyü önəmli işlərdən də ürəkdolusu danışdı.   

Sifai SƏFƏROVA