· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Valideynlərlə maarifləndirmə işi genişlənir

Təhsil Nazirliyi və YUNİSEF-in dəstəyi ilə yaranmış  Azərbaycan Milli Valideyn - Müəllim Assosiasiyası artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərir. VMA-nın icraçı direktoru Təranə Şərifovanın verdiyi məlumata görə, bu illər ərzində təşkilatın apardığı  maarifləndirmə işi 1000-ə yaxın məktəbdə Valideyn- Müəllim Assosiasiyasının yaranmasına səbəb olub. 2008-2009-cu tədris ilindən başlayaraq məktəb ailə ilə  birgə əməkdaşlığa gəlmək yolunda əhəmiyyətli addımlar atır, bir çox təhsil müəssisələrində valideyn- müəllim birlikləri yaranır. Bakı şəhərindəki 20,164,276  nömrəli və digər məktəblərdə artıq bu qurumlar var.

Bu il ilk dəfə olaraq respublikamızın ümumtəhsil məktəblərində I siniflərdə  tətbiq olunan  fənn kurikulumları ilə bağlı valideynlərin,bütövlükdə cəmiyyətin maarifləndirmə işini Milli Valideyn- Müəllim Assosiasiyası  Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi ilə birgə əməkdaşlıqda aparır. 2008-2009-cu tədris ilinin əvvəlindən Bakının 20-dən artıq təhsil müəssisəsində kurikulumun mahiyyəti ,məzmunu valideynlər üçün açıqlanıb,müzakirə olunub, onları  maraqlandıran, həmçinin narahat edən suallara mütəxəssis cavabları verilib.Qeyd etmək lazımdır ki, Milli Valideyn- Müəllim Assosiasiyası tərəfindən  maarifləndirmə işləri respublikamızın bölgələrində - Gəncə və Qubada da aparılıb. Bu istiqamətdə işlərin davamlı olaraq respublikamızın digər şəhər və rayonlarında da həyata keçirilməsi  nəzərdə tutulur.

 

Samirə KƏRİMOVA

 

 

 

Milli Qəhrəmanın ad günü qeyd edildi

Bahar bayramı ərəfəsində Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun adını daşıyan Bakıdakı 39 nömrəli orta məktəbdə xüsusi bir canlanma var idi. O gün təhsil ocağının pedaqoji kollektivi və şagirdləri Milli Qəhrəmanın ad gününü qeyd etdilər. Məktəbin direktoru Qaçay Tamoyev Azərbaycanın Milli Qəhrəmanı Nəsrəddinov Rafiq Hüseyn oğlunun həyat və döyüş yollarından söz açaraq bildirdi ki, o, Qarabağ uğrunda erməni faşistlərinə qarşı gedən gərgin döyüşlərin birində, 1992-ci il sentyabrın 6-da qəhrəmancasına həlak olmuşdur.

Rafiq Nəsrəddinov 1994-cü il iyunun 16-da ulu öndər Heydər Əliyevin fərmanı ilə Ağdərə rayonundakı Qızıl-Qaya yüksəkliyinin alınmasında göstərdiyi şücaətə görə ölümündən  sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Tədbirdə qonaqlar, müəllim və şagirdlər çıxış edərək onun barəsində öz xatirələrini danışdılar, qəhrəmanlar, vətən haqqında şeirlər söylədilər.

Tədbirdə Müdafiə Nazirliyinin məsul işçisi Faiq Ələkbərov, əmək veteranı Fatmaxanım Səttarova, müharibə iştirakçısı, valideyn Bağır Məlikov, Milli Qəhrəmanın anası Solmaz, qardaşı Mehdi, qızları Aynır, Nərgiz və başqaları iştirak edirdilər.

Ədalət DAŞDƏMİRLİ

 

 

"Dəmir İpək Yolu" layihəsində təmsil olunan universitet rəhbərlərinin yığıncağı keçirilib

 Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universiteti Bakı-Tbilisi-Ərdahan-Qars dəmiryolu üzərində yerləşən ali məktəblərin əməkdaşlığı layihəsinin həyata keçirilməsi barədə təşəbbüs irəli sürmüşdür. Həmin tədbirdə dəmiryolu marşrutunu əhatə edən Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti, Axıska Dövlət Pedaqoji İnstitutu və Qars Qafqaz Universiteti "Dəmir İpək Yolu" layihəsi üzrə elm, mədəniyyət və idman sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini  gerçəkləşdirəcəklər.

Bu günlərdə Türkiyənin Qars şəhərində "Dəmir ipək yolu" layihəsində təmsil olunan universitetlərin rəhbərlərinin birinci təşkilati yığıncağı keçirilmişdir. Qars Qafqaz Universitetinin rektoru, professor Əbamüslüm Güvən, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Tbilisi Dövlət Universitetinin rektoru, professor Georgi Khubua, Axıska Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Tina Gelaşvili çıxış edərək "Dəmir ipək yolu" birgə əməkdaşlıq proqramının həyata keçirilməsinin ayrı-ayrı mövzuları barədə təkliflər irəli sürmüş, mülahizələrini bildirmişlər. Nəticədə meydana çıxan təklifləri özündə əks etdirən geniş layihənin hazırlanması qərara alınmışdır.

"Dəmir ipək yolu" layihəsinin həyata keçirilməsi sahəsində ev sahibliyini ilk olaraq  Qars Qafqaz Universiteti öz üzərinə götürmüşdür. Bundan başqa, birgə əməkdaşlıq layihəsi əsasında Naxçıvan Dövlət Universiteti Axıska Universiteti, Bakı Dövlət Universiteti və Tbilisi Dövlət Universitetini dəvət etmişdir.

Qars Qafqaz Universitetində toplaşan universitetlərin rəhbərləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu şəhərdə ucaldılan abidəsini ziyarət etmiş, nümayəndə heyəti Azərbaycan Respublikasının Qars şəhərindəki baş konsulluğunda da olmuşdur.

Qars vilayətinin valisi Mehmet Ufuk Erden Qafqaz universitetlərinin rektorlarını qəbul etmişdir.

Azərbaycandan və Gürcüstandan gələn qonaqlar Qars Qafqaz Universiteti ilə tanış olmuş, bu təhsil ocağında yaradılmış "Heydər Əliyev tədris mərkəzi"nə kitablar bağışlamışlar. 

 

 

 

 

  

 

İtalyan dili mərkəzi açıldı

Martın 3-də ADU-da İtalyan dili mərkəzinin açılış mərasimi  keçirilib.Tədbirdə Azərbaycanda  səfərdə olan İtaliya xarici işlər nazirinin müavini cənab Alfredo Mantika, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Jan Luiçi Maşa və  onun xanımı Marinella Maşa iştirak ediblər.

Qonaqları qəbul edən ADU-nun rektoru, professor Səməd Seyidov onlarla görüşündən məmnun olduğunu bildirərək İtaliya ali məktəbləri ilə əlaqələrindən danışıb.  Mərkəzlə yaxından tanış olduqdan sonra cənab Alfredo Mantika Azərbaycanda bu cür mərkəzin açılmasına görə universitetin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Mərkəzdə azərbaycanlı tələbələr italyan dilini öyrənməklə yanaşı, daha genişmiqyaslı dünya mədəniyyətilə də tanış olacaqlar.

 

 

 

 

Peşə təhsilinin inkişafına aid seminar keçirilib

Təhsil Problemləri İnstitutunda Təhsil Nazirliyi ilə YUNESKO arasında "Azərbaycanda peşə təhsilinin inkişafı" üzrə layihə çərçivəsində seminar keçirilmişdir.

Seminarın keçirilməsində əsas məqsəd layihə çərçivəsində mehmanxana xidmətləri-turizm və İKT üzrə müasir tələblərə cavab verən kurikulumun yaradılması ilə əlaqədar yerli mütəxəssislərin hazırlanmasıdır. Bu məqsədlə hər iki sahə üzrə 10 nəfərdən ibarət işçi qrupu yaradılmışdır.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, layihə peşə təhsilinin məzmununun yeniləşməsinə yardım etməklə yanaşı, gələcəkdə müasir tələblərə cavab verəcək kurikulumların hazırlanması üzrə mütəxəssislərin yetişdirilməsinə də öz töhfəsini verəcək. Peşə təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, tədris-istehsalat prosesinin də dövrün tələblərinə uyğun qurulması çox əhəmiyyətlidir.

  YUNESKO-nun Moskva nümayəndəliyinin mütəxəssisi Alişer Umarov baş verən yeniliklərin müsbət qarşılandığını və bu sahənin inkişafına yönəlmiş tədbirləri dəstəkləməkdə davam edəcəklərini bildirmişdir.

Kurikulum üzrə YUNESKO-nun mütəxəssisləri Anna Muravyova və Georgi Pokrokinin rəhbərliyi altında davam edən seminarda müəyyən edilmiş ixtisaslar üzrə kurikulumların hazırlanması metodologiyası haqqında məlumat verilmiş və müzakirələr aparılmışdır.

 Ş.CƏFƏROV

 

 

 

 

 

 ADU-da yubiley tədbiri

 Martın 14-də Azərbaycan Dillər Universitetində əməkdar müəllim Müzahirə Paşayevanın anadan olmasının 80 illiyi münasibətilə yubiley tədbiri keçirildi.

ADU-nun tədris işləri üzrə prorektoru Natiq Yusifov öncə universitetin rektoru, professor Səməd Seyidovun təbrikini yubilyara çatdırdı. Qeyd etdi ki, Müzahirə Paşayeva bu təhsil ocağında 59 ildir fasiləsiz fəaliyyət göstərir. Onun yetirmələrinin səsi müxtəlif ölkələrdən gəlir. Tədbirdə  Müzahirə Paşayevanın elmi yaradıcılığından geniş söz açıldı.

Sonda əməkdar müəllim Müzahirə Paşayeva tədbirdə çıxış edərək öz ürək sözlərini söylədi. Mərasimin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirdi.

 

 

 

 

 

Kurikulum öyrənilir və tətbiq edilir

 Bakıdakı 9 nömrəli orta məktəbdə fənn kurikulumları üzrə keçirilən pedaqoji eksperimentin yekunlaşdırılması və nəticələrin ümumiləşdirilməsinə dair tədbir keçirilib. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin aparıcı mütəxəssisi, pedaqoji elmlər namizədi, dosent Ə.Gərayev, pedaqoji elmlər namizədi H.Hacıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin rəhbəri Sitarə Məmmədova və başqaları tədbirdə çıxış ediblər. Məktəbdə müxtəlif fənn və siniflər üzrə 30-dan artıq "açıq dərs" dinlənilib. Məktəbin bacarıqlı şagirdlərinin əl işləri ilə bəzədilməsi təhsil müəssisəsində istedadlı şagirdlərlə yüksək səviyyədə iş aparıldığını təsdiq edir.

Məhz bunun nəticəsidir ki, məktəbin şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında topladıqları ballar və fənn olimpiadalarında əldə etdikləri nəticələr yüksək olmuşdur.

Tədbirin sonunda qonaqlar bütün bu uğurları müsbət qiymətləndirərək məktəbin yüksək səviyyəli pedaqoji iş təcrübəsinə malik olmasını qeyd etdilər.

 Fazil İDRİSOĞLU