· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Səhvlərlə dolu daha bir müəllim ərizəsi

 

Ona ixtisası üzrə dərs verilməməsindən şikayət yazan müəllimin ərizəsində 90 səhv var

Lerik rayonunun Orand kənd sakini Qorxmaz Mustafayev Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova ərizə ilə müraciət etmişdir. Surəti redaksiyaya daxil olan ərizədə Qorxmaz müəllim göstərir ki, Azərbaycan Beynəlxalq Universitetin tarix fakültəsini 2007-ci ildə bitirməsinə baxmayaraq, hələ də ixtisası üzrə işləmir. Halbuki kəndlərində fəaliyyət göstərən orta məktəbdə tarix müəllimi yoxdur və tarix dərsləri qeyri-ixtisas müəllimləri arasında bölüşdürülüb. Bundan başqa, ərizədə məktəb direktorunun özbaşınalığından, qohumbazlığından, burada baş verən digər nöqsan və çatışmazlıqlardan danışılır və bunların yoxlanılması tələb edilir.

Ərizədə qeyd olunan faktların nə dərəcədə düzgün olmasını demək çətindir. Bu, xüsusi tədqiqat və araşdırma tələb edir. Bizim diqqətimizi digər bir məsələ - ərizənin həddindən artıq savadsız yazılması cəlb etdi. İnanmaq çətindir ki, belə bir ərizənin müəllifi müəllimdir və əlinə jurnal götürüb sinfə girmək istəyir. Qorxmaz müəllimin cəmi 4 səhifəlik ərizəsində nə az, nə çox, düz 90 üslub, orfoqrafik və qrammatik səhvə yol verilib. Sözləri necə danışırsa, eləcə də yazıb. Ərizədəki səhvlərin hamısını göstərməyin imkan xaricində olduğunu nəzərə alıb aydınlıq üçün onun bəzilərini qeyd edirik: savatsız, irektor, sələnkarlıq, dərs hissə müdri, kompiter, Cənnətov Günel Atası ilə, Cəliləbad, tamamiylə, özdəri, müdafiyə, maliyə, nozğunlusuna, əhsil şöbəsinin, məxvi.

Qeyd etdiyimiz kimi, ərizə üslub və qrammatik səhvlərlə doludur. Sözlər, fikirlər düzgün yazılmayıb, cümlələrin çoxunu başa düşmək olmur. Məsələn, ərizədə göstərilən bölmə dərsləri, xırda işçilərin (texniki işçilərin demək istəyir), aşağıdakı üzrə, xırda ştatlı, uşaq birliyi rəhbərliyində işləyən, heçnədir, direktor ildə bir rəhbər kimi termin və ifadələr onun necə müəllim olduğunu aydın göstərir.

Bütün bunlar onu göstərir ki, Qorxmaz və onun kimi savadsız müəllimlər hələ də aramızda var və onlar gələcək nəslin tərbiyəsinə, təliminə ağır zərbə vururlar. Bəs belə savadsız müəllimlərdən olan Qorxmaz Mustafayev təhsil aldığı ali məktəbi necə, hansı qiymətlərlə bitirib? Bu məsələ ilə maraqlandıqda aydın oldu ki, Qorxmaz Mustafayev 2002-2007-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin tarix fakültəsinin tarix və ictimaiyyət ixtisası üzrə Azərbaycan bölməsinin qiyabi şöbəsində təhsil almışdır. Oxuduğu müddətdə özünü zəif tələbə kimi göstərmiş, cəmi 7 fəndən "yaxşı", qalan 33 fəndən isə "kafi" qiymət almışdır.

Təhsilimiz gündən-günə yeniləşir, dəyişir, inkişaf edir. İstedadlı, savadlı, geniş dünyagörüşünə malik gənclərlə yanaşı, çox təəssüf ki, Qorxmaz Mustafayev kimi savadsız müəllimlər də orta məktəblərdə dərs demək həvəsinə düşürlər. Belə müəllimlər isə təhsilimizə ləkədir.

Malik NOVRUZOV