· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun fəaliyyət göstərdiyi Ukrayna Regionlararası Heyəti İdarəetmə Akademiyasının iyirmi yaşı tamam olub

Ukraynanın ən böyük qeyri-hökumət ali məktəbi sayılan Regionlararası Heyəti İdarəetmə Akademiyası (RHİA) aprelin 3-də 20-ci ildönümünü qeyd etmişdir. Nəzdində Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun uğurla fəaliyyət göstərdiyi bu təhsil ocağında dünyanın 24 ölkəsindən, o cümlədən Azərbaycandan olan çoxlu sayda tələbə və aspirant təhsil alır.

Akademiyanın akt salonunda Ukrayna isteblişmentinin, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri toplaşmışdılar. RHİA-nın prezidenti, professor Georgi Şyokin yubiley tədbirini giriş nitqi ilə açmışdır.

Sonra Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev şanlı yubiley münasibətilə akademiyanın prezidenti G.Şyokini, rektorluğunu, professor-müəllim və tələbə heyətini diplomatik korpus adından təbrik edərək, onlara gələcək işlərində uğurlar və tərəqqi arzulamışdır. Diplomat vurğulamışdır ki, ulu öndər Heydər Əliyev adına Sosial Elmlər İnstitutu akademiyanın nəzdində açılmış ilk təsisatlardan biri olmuşdur.

Ukrayna və Azərbaycan arasında ali məktəblərarası əlaqələrin inkişafına və möhkəmlənməsinə verdiyi şəxsi töhfəyə görə səfir Tələt Əliyev RHİA-nın fəxri fərmanı ilə təltif olunmuşdur.

 

Beynəlxalq Elm Olimpiadasının prezidenti Bakıdakı hazırlıq işlərindən razı qalıb

"Bakıda keçiriləcək yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası şagirdlərin təhsilə marağını daha da artıracaqdır. Azərbaycanda çox ağıllı yeniyetmələr var. Hesab edirəm ki, bu olimpiadanın ölkənizdə kecirilməsi Azərbaycanın dinamik inkişafının və gənclərə göstərilən qayğının sübutudur".

Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Elm Olimpiadasının prezidenti Masno Gintinq Gənclər və İdman Nazirliyində təşkil olunmuş brifinqdə söyləmişdir.

Qonaq tədbirin keçiriləcəyi Heydər Əliyev adına İdman  Konsert Kompleksinin ideal vəziyyətdə olduğunu bildirmişdir. "Bura gəlməmişdən əvvəl Azərbaycan haqqında çox az məlumatım var idi. Lakin tanış olduqdan sonra deyə bilərəm ki, tədbir yüksək səviyyədə təşkil olunacaqdır. Əminəm ki, bu olimpiadadan sonra Azərbaycanı bütün qitələrdə daha yaxşı tanıyacaqlar".

Qonaq olimpiadada fərqlənmiş şagirdlər üçün bəzi ölkələrdə ali məktəblərə daxil olarkən güzəştlərin nəzərdə tutulduğunu da söyləmişdir. "Məsələn, İndoneziya, Tailandda şagirdlər belə olimpiadalarda qızıl medal qazandıqları üçün ali məktəblərə imtahan vermədən daxil olurlar".

Qeyd edək ki, Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və "çağ" öyrətim İşlətmələrinin Azərbaycan-Türkiyə özəl liseylər şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiada dekabrda olacaqdır.

 

 

 

 

 

 

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Göygöl rayonunda uşaq bağçası tikilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Göygöl rayonunun Qırıqlı kəndində yeni uşaq bağçası inşa olunmuşdur.

Açılış mərasimində çıxış edənlər bu məktəbəqədər tərbiyə müəssisəsinin istifadəyə verilməsinə görə Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Burada iki yaş qrupunda 35 uşaq tərbiyə alacaqdır. Yeni bağçanın istifadəyə verilməsi 14 nəfərin işlə təmin edilməsinə də imkan yaratmışdır. Heydər Əliyev Fondu tərəfindən bağçaya lazımi inventar və avadanlıq verilmişdir.

Balçılı kəndində əsaslı təmirdən sonra istifadəyə verilmiş bağçada isə 4 yaş qrupunda 75 uşaq tərbiyə alır. Onların təlim-tərbiyəsi ilə 27 nəfər məşğul olur. 1990-cı ildən fəaliyyət göstərən bu bağça ilk dəfədir ki, əsaslı təmir edilmişdir. Təhsil Nazirliyinin vəsaiti hesabına aparılan təmir işlərindən sonra bağçaya yeni inventar və avadanlıq alınmışdır.

AzərTAc

 

 

 

 

 

 Naxçıvan Dövlət Universitetində ATƏT-in seminarları keçiriləcək

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı Ofisinin rəhbər əvəzi Aleksis Şahtaxtinski və bir qrup nümayəndəsi Naxçıvan Dövlət Universitetində olmuşdur. Görüş razılaşdırılmış layihələrin detallarını müzakirə etmək məqsədilə təşkil edilmişdir. Universitet korpusunu gəzən, tibb fakültəsində və xəstəxanada, olimpiya tipli idman kompleksində, konservatoriyada olan, incəsənət fakültəsinin tələbələrinin konsert proqramını dinləyən qonaqlar rektor, akademik İsa Həbibbəylinin qəbulunda olmuşlar.

Akademik, millət vəkili İsa Həbibbəyli rəhbərlik etdiyi ali məktəbin beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, Avropa Şurasının TEMPUS, BMT-nin distant təhsillə bağlı proqramlarında, eləcə də NATO-nun iki layihəsində iştirak etdiyini qeyd etmişdir. Rektor dünya elminin və təhsilinin, müasir texnologiyanın ən son nailiyyətlərinin tətbiqində maraqlı olan universitetin ATƏT-in həyata keçirdiyi proqramları dəstəklədiyini bildirərək bu təşkilatın müşahidəçilərinin NDU-da həyata keçirdiyi "Yaşıl paket" proqramının qlobal ekoloji problemlərin öyrənilməsi baxımından dəyərli olduğunu xatırlatmışdır.

ATƏT-in Bakı Ofisinin rəhbər əvəzi Aleksis Şahtaxtinski qurumun üç istiqamətdə - siyasi və hərbi, iqtisadi və ekoloji, insani istiqamətlərdə dünya dövlətləri ilə tərəfdaşlıq həyata keçirdiyini bildirmişdir. Heyət rəhbəri ATƏT-in sırf maarifçilik xarakterli layihələr - beynəlxalq hüquq, biznes və marketinqin əsasları mövzularında universitetdə keçiriləcək seminarlar haqqında ətraflı məlumat vermişdir. Universitetdəki təhsil səviyyəsindən və tədris prosesindən məmnunluq ifadə edən A.Şahtaxtinski burada gender tarazlığının qorunmasından - professor-müəllim heyəti və tələbələr arasında qadınların böyük əksəriyyət təşkil etməsindən razılıqla danışmışdır.

ATƏT-in Bakı Ofisinin iqtisadi və ətraf mühit məsələləri üzrə məsul işçisi Robert Zahn regionlarda biznes mühitinin inkişaf etdirilməsi, makroiqtisadi stabillik yaradılması baxımından Beynəlxalq Maliyyə Korporasiyasının həyata keçirdiyi layihələrin böyük əhəmiyyət daşıdığını qeyd etmiş, universitetdə keçiriləcək seminarda iqtisadçı alim və tələbələrlə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin və vergi orqanlarının, digər dövlət qurumlarının nümayəndələrinin iştirak etməsini təklif etmişdir.

ATƏT-in Bakı Ofisinin məhkəmə-hüquq təlimi üzrə mütəxəssisi Fiorentina Azizi məhkəmə hüququnun tədrisi, Vergilər Kollegiyasına namizədlərin hazırlanması istiqamətində Məhkəmə-hüquq Şurasının gördüyü işlərdən danışmışdır.  NDU-dakı hüquq klinikasının fəaliyyətini təqdirəlayiq hesab edən xanım Fiorentina Azizi burada hüquq resurs mərkəzinin yaradılmasını təklif etmiş, beynəlxalq hüquq mövzusunda keçiriləcək seminarın əhəmiyyətindən bəhs etmişdir.

Görüşdə birgə həyata keçiriləcək layihələrlə bağlı təşkilati məsələlər müzakirə olunmuşdur.

Akademik İsa Həbibbəyli Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin həqiqi üzvü Musa Quliyevlə birgə tərtib etdiyi, Azərbaycan tarixində böyük rol oynamış Şahtaxtinskilərin nəsil şəcərəsini və digər hədiyyələri bu nəslin davamçısı Aleksis Şahtaxtinskiyə təqdim etmişdir.

 

NDU-nun

Mətbuat xidməti