· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə

heyəti İordaniyada səfərdə olub

Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun rəhbərlik etdiyi bir qrup təhsil işçisindən ibarət nümayəndə heyəti aprelin 19-dan 24-dək İordaniya Haşimilər Krallığında səfərdə olub. Səfərdə məqsəd İordaniyanın təhsil sistemi ilə tanışlıq, iki ölkə arasında təhsil sahəsində mövcud əlaqələrin inkişaf etdirilməsi, daha geniş əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi idi. Nümayəndə heyəti zəngin səfər proqramı çərçivəsində dost ölkənin təhsil və elm nazirliklərində, bir sıra ali təhsil müəssisələrində və orta məktəblərdə görüşlər keçirib, İordaniya təhsil sistemi ilə yaxından tanış olub.

İlk görüş İordaniya Tərbiyə və Təhsil Nazirliyində olub. Qonaqları salamlayan İordaniyanın tərbiyə və təhsil naziri cənab Təysir Nüeymi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovu öz ölkələrində görməsindən məmnunluq duyduğunu bildirib və səfərin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Görüş zamanı qeyd olunub ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan İordaniya Haşimilər Krallığı ilə ölkəmiz arasında diplomatik münasibətlər 1993-cü ilin fevralında qurulub və elə həmin ildən də müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etməyə başlayıb.

2006-cı ilin avqustunda İordaniya Kralı II Abdullahın Azərbaycana, 2007-ci ilin iyulunda isə Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığına rəsmi səfəri, sonuncu səfər zamanı imzalanmış 15 ikitərəfli saziş ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib.

Görüşdə iki ölkə arasında təhsil sahəsində mövcud əlaqələrdən söz açılaraq qeyd olunub ki, ötən il yanvarın sonu və fevralın əvvəlində iordaniyalı mütəxəssislərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycanla İordaniya arasında təhsil sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Görüş zamanı İordaniyanın orta təhsil sistemi haqqında təqdimat olub. Qonaqlara məlumat verilib ki, İordaniyada məktəbəqədər təhsil 3 il, orta məktəb isə 12 il davam edir. Orta məktəb iki pilləyə bölünür. İlk pillədə təhsil 10, son pillədə 2 ildir. ölkədə dövlət və özəl məktəblər fəaliyyət göstərir. Paytaxt Əmmanda şagirdlərin təxminən 70 faizi özəl  məktəblərdə təhsil alır. Təhsilin ilk pilləsində şagirdlər müxtəlif fənlər üzrə 10 il tədris keçirlər. Davamiyyəti və uğurları ilə seçilən şagirdlər təhsillərini sonrakı pillədə davam etdirərək kamillik attestatı alır və ali məktəblərə daxil olmaq imkanı qazanırlar.

Orta məktəbin son pilləsində ilk pilləni uğurla bitirən və yaşları 16-18 arasında olan şagirdlər oxuyurlar. Onlar bu təhsil səviyyəsində 9 fənn öyrənirlər. Orta təhsili bitirmək və kamillik attestatı almaq üçün şagirdlər "təvcihi" adlanan vahid imtahan yoxlamasından keçməlidirlər. Ali məktəblərə sənəd verərkən "təvcihi"nin nəticələri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu imtahan zamanı aşağı nəticələr göstərmiş abituriyentlərin yüksək tələbat olan ixtisaslara yerləşdirilməsi ehtimalı azalır.

İordaniya universitetlərində ali təhsil beynəlxalq standartlara uyğun həyata keçirilir. Tələbələr bakalavr dərəcəsi almaq üçün 4, magistr dərəcəsi almaq üçün 2, doktorluq dərəcəsi almaq üçünsə 3-4 il təhsil almalıdırlar. İordaniyada həm dövlət, həm də özəl ali məktəblər fəaliyyət göstərir. Ali məktəblərin sayı 24-dür. Onlardan 10-u dövlət, 14-i isə özəl təhsil müəssisəsidir.

Görüşdə Azərbaycan məktəblərində informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqi, ingilis və ərəb dilləri üzrə proqramların və müəllimlərin hazırlanması, şagird və müəllimlərin mübadiləsi, müəllimlərin qarşılıqlı olaraq müxtəlif konfranslarda və treninqlərdə iştirakı və s. istiqamətlərdə əməkdaşlıq imkanlarının mümkünlüyü  qeyd olunub, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra təhsil naziri Misir Mərdanov İordaniya ali təhsil və elmi tədqiqatlar naziri cənab Valid Məani ilə görüşüb. Səmimi və qarşılıqlı anlaşma şəraitində  keçən görüşdə Misir Mərdanova və nümayəndə heyətimizin üzvlərinə İordaniyanın ali təhsil sistemi və ölkədə aparılan elmi-tədqiqatların istiqamətləri barədə ətraflı məlumat verilib.

Nümaynədə heyətimiz İordaniya Universitetini də ziyarət edib, bu ali təhsil ocağının rektoru, professor Xalid Kəraki ilə görüşüb.

Universitetlə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, İordaniya Universiteti ölkənin ən qocaman və nüfuzlu təhsil ocaqlarındandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci ilin 29-30 iyul tarixində İordaniyada rəsmi səfərdə olarkən İordaniya Universiteti tərəfindən siyasi elmlər üzrə fəxri doktor adı ilə təltif edilmiş, universiteti ziyarət edərək təltifetmə mərasimində iştirak etmiş, professor-müəllim heyəti qarşısında nitq söyləmişdir.

1962-ci ildə təsis olunmuş İordaniya Universitetində hazırda 18 fakültə və 13 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Bu ali təhsil ocağında 39 min tələbə, o cümlədən 4 min xarici vətəndaş təhsil alır. Universitet nəzdində Yaxın Şərqdə ən böyük kitabxanalardan biri fəaliyyət göstərir. Burada 750 mindən çox kitab və digər vəsaitlər oxucuların istifadəsindədir. Tələbələrin informasiya texnologiyaları sahəsində biliklərə yiyələnməsi üçün universitetdə İnternetə qoşulmuş kompüter mərkəzləri, tələbələrə tibbi xidmət göstərmək və tibb fakültələrində təhsil alan tələbələrin təlim keçməsi üçün ixtisaslaşmış xəstəxana vardır.

Universitetdə keçirilən görüş zamanı Azərbaycan tərəfi Heydər Əliyev  adına təqaüdün təsis edilməsi və hər ay İordaniya Universitetinin 2 əlaçı tələbəsinə həmin təqaüdün verilməsi, İordaniya universitetləri tələbələrinin Azərbaycanla yaxından tanış olması üçün bir neçə tələbənin hər il ölkəmizə səfərinin təşkili, təhsil sahəsində əməkdaşlıq üzrə ikitərəfli sənədin - memorandumun imzalanması və s. kimi təkliflər irəli sürüb və onlar razılıqla qarşılanıb.

Səfər proqramı çərçivəsində daha bir görüş İordaniya Təhsil Təşəbbüsünün müdiri ilə olub. Görüşdə Təşəbbüs haqqında təqdimat keçirilib.

Kraliça Raniya əl Abdullah adına Təhsil və Texnologiya Mərkəzi ilə tanışlıq da Azərbaycan nümayəndə heyətinin böyük marağına səbəb olub. Mərkəzdə olarkən qonaqlara İordaniya təcrübəsi haqqında geniş məlumat verilib.

Nümayəndə heyətimiz habelə İordaniyanın paytaxtı Əmmandan 70 km məsafədə yerləşən İrbid şəhərindəki İordaniya Elm və Texnologiya Universitetində olub, universitetin rektoru, professor Vajih üveyslə görüşüb. Universitetlə yaxından tanış olan qonaqlara məlumat verilib ki, 1986-cı ildə təsis edilmiş bu ali məktəbdə hazırda 12 fakültə və 11 elmi-tədqiqat  mərkəzi fəaliyyət göstərir, 20 min, o cümlədən 1500 xarici vətəndaş təhsil alır. Elm və Texnologiya Universitetində texniki elmlər və informasiya-kommunikasiya texnologiyaları sahəsində, mühəndislik və digər istiqamətlərdə yüksək səviyyədə mütəxəssislər hazırlanır.

Təhsil naziri Misir Mərdanov və nümayəndə heyəti səfər zamanı iki dövlət məktəbində, İordaniya Təhsil Təşəbbüsü tərəfindən idarə edilən iki məktəbdə, uşaqlar üçün Elmi-tematik Muzeydə olub, onların fəaliyyəti ilə maraqlanıb.

Hər iki tərəf üçün faydalı olan səfər Azərbaycanla İordaniya arasında təhsil sahəsində geniş əməkdaşlıq perspektivləri olduğunu aşkara çıxarıb.

 

Yusif ƏLİYEV