· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

O, zəhmətkeş alim, qayğıkeş ana idi

Susuz həyat olmadığı kimi, elmsiz yaşayış qeyri-mümkündür. Allahın sevərək işığına yönəltdiyi insanlar elmə yiyələnməklə vətəninə, xalqına və bütün dünyaya misilsiz xeyir verirlər. Həmin insanlar dünyalarını dəyişib əbədiyyətə qovuşandan sonra həyatda qoyduqları xeyirxah və ləyaqətli əməlləri ilə qədirbilənlər tərəfindən hörmət və ehtiramla yad edilir, xatırlanırlar.

 Belə insanlardan biri yaxından tanıdığım, xarakteri və insani keyfiyyətləri ilə qəlbimdə özünə əbədi yer salmış, filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olmuş Zərifə Budaqova haqqında söz açmaq niyyətindəyəm.

Zərifə İsmayıl qızı Budaqova 1929-cu il aprelin 28-də İrəvanda dünyaya göz açmışdır. 1936-cı ildə İrəvan şəhər orta məktəbinə, 1943-cü ildə isə pedaqoji texnikuma daxil olub. Həmin texnikumu əla qiymətlərlə başa vurduqdan sonra, 1945-1948-ci illərdə İrəvan Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. Hələ III kursda oxuyarkən 1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiya edilməsi nəticəsində başqaları kimi Zərifə də valideynləri ilə birlikdə doğma yurd-yuvasından və təhsil aldığı institutdan ayrı düşərək Bakıya pənah gətirir və təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirir. Dözülməz həyat şəraitinə baxmayaraq, ali məktəbi fərqlənmə diplomu ilə bitirir, elə həmin il Azərbaycan Elmlər Akademiyasının aspiranturasına qəbul edilir.

1953-cü ildə 24 yaşında olarkən Moskva Dilçilik İnstitutunda "Azərbaycan dilində felin növləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edən Zərifə Budaqova həmin ildən Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik etməyə başlayır.

Qısa bir zamanda elmi araşdırmaları ilə şöhrət qazanan bu gənc alim 1963-cü ildə 34 yaşında ikən "Müasir Azərbaycan dilində sadə cümlə" mövzusunda dissertasiya işini müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsi alır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Zərifə xanım respublikamızda filologiya elmləri doktoru elmi dərəcəsi və professor elmi adı almış ilk dilçi qadındır.

Z.Budaqova "Azərbaycan dilinin sintaksisi", "Azərbaycan dilinin morfologiyası", "Müasir Azərbaycan dilinin qrammatikası" (fonetika, morfologiya, sintaksis), "Müasir Azərbaycan bədii dilinin üslubiyyatı" adlı əsərlərin əsas müəllif və redaktorlarından olmuşdur.

Zərifə xanım Azərbaycan dilçiliyinin nəzəri problemləri ilə yanaşı, onun təcrübi məsələləri ilə də məşğul olub. O, "Azərbaycan dilinin orfoqrafiya qaydaları", "Azərbaycan dilinin durğu işarələri" adlı əsərlərin müəllifi, üçcildli "Müasir Azərbaycan dili" əsərinin təsisçisi olmuşdur. Felin zaman və şəkilləri, mürəkkəb fellər, felin tərs kateqoriyası kimi morfoloji kateqoriyalar, cümlə problemi ilə əlaqədar sintaktik məsələlər, nitq mədəniyyəti və üslubiyyata dair problemlər onun tədqiqat obyektləri olmuşdur. O, Azərbaycan dilçiliyinin və türkologiyanın müxtəlif məsələlərinə dair 40-a qədər məqalələr yazmışdır.

Zərifə Budaqova bir çox beynəlxalq, keçmiş ümumittifaq və respublika elmi məclislərində Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmiş, maraqlı elmi məruzələri ilə yadda qalmışdır.

Mən Zərifə xanımı tələbəlik illərindən tanımış, 1976-cı ildən isə onunla qonşu olmuşuq.

Mətanətli bir qadın kimi taleyinə düşmüş bütün sınaqlara, çətinliklərə, məhrumiyyətlərə dözdü. Mənliyini, qürurunu itirmədi, böyük elmi uğurlar qazandı, ömür-gün yoldaşı, Azərbaycan Elmlər Akademiyasının akademiki Budaq Budaqovla 3 uşaq böyüdüb, şərəfli bir həyat yolu keçdi.

Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan, həyatını vətəninin çiçəklənməsinə, xalqının tərəqqisinə həsr edən görkəmli alim Z.Budaqova ömrünün və yaradıcılığının ən məhsuldar dövründə, 1989-cu ilin noyabrın 10-da 60 yaşında dünyasını dəyişib əbədiyyətə qovuşmuşdur.

Zərifə xanım Budaqova tükənməz enerjiyə malik insan, istedadlı alim, gözəl qadın, sədaqətli ana, əvəzsiz pedaqoq kimi həmişə onu tanıyanların qəlbində yaşayacaqdır.

G.AĞAZADƏ,

Bakıdakı 46 nömrəli

məktəbin təlim-tərbiyə

işləri üzrə direktor müavini