· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Uşaqların sevincindən valideynlərə də pay düşdü

 

Bakı şəhərinin Nərimanov rayonundakı 183 nömrəli körpələr evi-uşaq bağçası artıq neçə illərdir ki, paytaxtın nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri kimi tanınır. Son illər ölkəmizdə təhsilin ilkin pilləsi sayılan məktəbəqədər təhsilə diqqət və qayğının artması digər bağçalarda olduğu kimi, burada da,  sözün yaxşı mənasında, hiss olunmaqdadır.

2008-ci ildə bağça əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Təhsil Nazirliyi tərəfindən hazırlanmış məktəbəqədər yaşlı uşaqlar üçün əyani vəsaitlər toplusunun bağçaya verilməsi isə burada çalışan tərbiyəçilərin ürəyincədir. Belə ki, uşaqlarla məşğələlər zamanı bu əyani vəsaitlərdən istifadə onların nitqinin inkişafına, yaddaşının möhkəmlənməsinə, həmçinin digər bacarıq və vərdişlərin formalaşmasına imkan verir.

Bağçaya 1992-ci ildən təcrübəli təhsil işçisi Sədaqət Qurbanova rəhbərlik edir. Burada 11 qrup üzrə 200-dən yuxarı uşaq ictimai tərbiyəyə cəlb olunub. Onların tərbiyə və təlimi ilə yüksək hazırlığa, pedaqoji təcrübəyə malik tərbiyəçilər məşğul olurlar. Bağçada tez-tez müxtəlif mövzularda tədbirlər, müsabiqələr keçirilir ki, bu da uşaqların dünyagörüşünü genişləndirir.

Məktəbəqədər təhsil müəssisəsi özünün  belə növbəti  tədbirlərindən birini  iyunun 4-də uşaqlar və valideynlərin iştirakı ilə keçirdi.

"Gülüm" uşaq  ekoloji təşkilatının rəhbəri İradə Quliyevanın təşkil etdiyi "Şən startlar" müsabiqəsində məktəbəhazırlıq qrupunun uşaqları öz valideynləri ilə müxtəlif əyləncəli oyun növləri üzrə yarışdılar. Komanda olaraq 2 qrupa bölünən uşaqlar və valideynlər "Günəş" və "10 gözəl" adı altında çıxış etdilər. Yarış boyu valideyn Rövşən Hüseynov  və məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisi Təranə Hacızadə münsiflər heyəti olaraq onları qiymətləndirdilər. Bir-birindən maraqlı əyləncəli idman növləri üzrə yarışan komandaların sonda yekun qiymətləndirilməsi aparıldı.

Balacalar yarışda xüsusi fəallığı, ifa etdikləri gözəl rəqsləri ilə hamı tərəfindən rəğbətlə və alqışlarla qarşılandı.

Sonda uşaqlardan ibarət "Günəş" komandası "10 gözəl" komandasını xal etibarı ilə üstələyərək yarışın qalibi oldular.

Yarışda hamı sevindi. Bu sevincdən daha çox valideynlərə pay düşdü.

 

Samirə HüSEYNQIZI

 

 

 

 

Uşaqları Beynəlxalq Müdafiə Günü məktəbəqədər təhsil müəssisələrində geniş qeyd edildi

 

ölkə Prezidentinin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.IV.2009-cu il tarixli, 142 nömrəli əmrinə əsasən şəhərin bütün məktəbəqədər təhsil müəssisələrində "Balaca cəsurlar" devizi altında  1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunan genişmiqyaslı əyləncəli-musiqili idman bayramı keçirildi. Bu məqsədlə hər bir müəssisədə təşkilat komitəsi yaradılmış, tədbirlər planı işlənib hazırlanmışdır.

Şəhərin bütün məktəbəqədər müəssisələri bu bayrama böyük həvəslə hazırlaşmışdı. Bağçaların həyətyanı sahələri bayramsayağı, al-əlvan şarlar, tər çiçəklər, rəngarəng bayraqlarla bəzədilmişdir.

Binəqədi rayonundakı 138 nömrəli körpələr evi-uşaq bağçasındakı bu yaraşığa isə əsl gözəllik verən fidan balalar və onların əl işlərindən ibarət sərgi idi. Bu bağçada məktəbəhazırlıq qrupunun qızları bədii gimnastika üzrə lentlərlə musiqi sədaları altında çox gözəl kompozisiyalar yaratdılar.

Nəsimi rayonundakı 22 nömrəli körpələr evi-uşaq bağçasında açıq havada  keçirilən bayram şənliyində uşaqlar rəngarəng milli geyimlərdə Vətənə, anaya, igidliyə, cəsarətə həsr edilən şeirlər deyir, mahnılar oxuyurdular. Bu bağçada da müxtəlif idman yarışları keçirildi.

Həmin gün Nərimanov rayonundakı 69 nömrəli körpələr evi-uşaq bağçasında da valideynlərin iştirakı ilə keçirilən tədbir həm məzmun, həm forması ilə yaddaqalan oldu. Bu bağçada "Xəzər" və "Günəş" komandaları arasında çox maraqlı yarış keçirildi. "Bayrağı gətir" estafetində uşaqlarla birlikdə valideynlər də yaxından iştirak edirdilər.

Vətənpərvərlik mövzusuna həsr olunmuş səhnəcikdə uşaqlar milli əsgər paltarında qürurla addımlayaraq komandirin verdiyi tapşırıqları cəld və çevik yerinə yetirirdilər.

Yasamal rayonundakı 17 nömrəli  körpələr evi-uşaq bağçasında çox gözəl bayram tədbiri hazırlanmışdı. Burada müxtəlif məzmunlu idman yarışları, şən estafetlər keçirildi. Uşaqlar musiqi sədaları altında toplarla, çəmbərlərlə, iplərlə, bayraqlarla müxtəlif idman hərəkətləri edir, kompozisiyalar göstərirdilər.

Yasamaldakı 10 nömrəli körpələr evi-uşaq bağçasında da uşaqlar çoxlu mahnı və rəqs ifa etdilər. "Cəngi" sədaları altında balaca pəhləvanların güləşi hamı üçün çox maraqlı oldu. Sonda uşaqlara hədiyyə paylandı.

Yasamal rayonunda yerləşən 68 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən mərasimdə orta yaş qrupu uşaqlarının müxtəlif maraqlı oyunları qonaqlar tərəfindən maraqla qarşılandı.

Məktəbəhazırlıq və böyük yaş qrupları arasında keçirilən yarışda hər iki qrupun komandası hədiyyələrlə mükafatlandırıldı.

Sabunçu rayonundakı 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqlar yarışa:

"Uşaqlar bu bayramda

Şadlanaq biz, gülək biz!

Yarışı udmaq üçün

Gərək səy göstərək biz" -

deyərək başladılar.

Uşaqlar iki komandaya - "Səma" və "Ulduz" komandalarına bölünərək "Fərəqət!" komandası altında bir-birlərini salamladılar və estafet başlandı. "Maneələrdən keçərək topu ötür" oyunu uşaqların şən səs-küyü ilə başa çatdı. Münsiflər heyəti balları topladı. Bu yarışda cəldliyinə, çevikliyinə, fiziki hazırlığına görə "Ulduz" komandası qalib gəldi. Komandalar mükafatlandırıldılar və yarışlar davam etdi. Tədbirin sonunda hamı birlikdə musiqisi N.Məmmədbəyovun olan "Hərəmiz bir arzuyuq" mahnısını ifa etdilər.

Yasamal rayonundakı 121 nömrəli körpələr evi-uşaq bağçası yetirmələrinin çıxışları da həmin gün bağçada bayram şənliyinə toplaşanlara xoş ovqat bəxş etdi. Uşaqlar əyləncəli-musiqili oyunlar nümayiş etdirdilər. Azərbaycan haqqında kompozisiya isə bayramın ən maraqlı nömrələrindən oldu. Orta yaş qrupu uşaqlarının "Cücələrim" hərəkətli  oyunu da baxımlı idi.

Nizami rayonundakı 59 nömrəli körpələr evi-uşaq bağçasında bayram tədbiri idman geyimində olan məktəbəhazırlıq qrupu uşaqlarının əllərində Azərbaycan bayrağı meydana daxil olması ilə başlandı. 3 sırada düzülən uşaqlar bayrama, idmana həsr olunmuş şeirlər söylədilər. Aparıcı şirin uşaq dili ilə ölkə başçısının onlara göstərdiyi qayğıdan danışdı. 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan ollunduğunu söylədi. Sonra uşaqlar bəstəkar Oqtay Zülfüqarovun "İdman" mahnısını ifa etdilər.

Daha sonra onlar komandalara bölünüb topla hərəkətlər icra etdilər.

Rayondakı 110 nömrəli körpələr evi-uşaq bağçasında da tədbir üçün zəngin və maraqlı ssenari hazırlanmışdı və onu istedadlı uşaqlar məharətlə təqdim etdilər. öncə aparıcılar öz yoldaşlarını bayram münasibəti ilə təbrik etdilər, şeirlər söylədilər. Sonra Olimpiaya himninin sədaları altında "Ay" və "Ulduz" komandaları zala daxil oldu. Komandaların üzvləri idmanın sağlamlığın rəhni olması barədə şeirlər dedilər. Sonra komandalar arasında müxtəlif idman hərəkətləri üzrə yarışlar keçirildi, uşaqların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirildi.

Nizami rayonundakı digər bağçalarda da çox gözəl tədbirlər keçirildi. 31, 175 nömrəli körpələr evi-uşaq bağçalarını xüsusi ilə qeyd etmək istərdik. Bayramın daha da canlı olması üçün bu müəssisələrə dəvət olunmuş təlxəklər uşaqlara böyük sevinc hissi yaşatdılar.

Uşaqlar əllərində toplar, halqalar, ağaclar, iplər növbə ilə səhnəyə daxil olur, musiqi sədaları altında müxtəlif idman hərəkətlərini yerinə yetirirdilər. Sonra cəldlik üzrə estafet başladı. Uşaqlar komandalara bölünərək "Kim bayrağı tez götürər", "Halqadan tez keç", "Topu ötür" və s. oyunları keçirdilər. Sonda nəticə elan olunaraq komandalar mükafatlandırıldı.

Xətai, Suraxanı və Əzizbəyov rayonlarının məktəbəqədər müəssisələrinin uşaqları üçün bayram daha yaddaqalan oldu. Onlar bu bayramı həm uşaq bağçasında, həm də rayon icra hakimiyyətlərinin müəyyən etdiyi yerlərdə qeyd etdilər.

Xətai rayonundakı Heydər Əliyev adına möhtəşəm park o gün bütünlüklə şirin-şəkər balaların ixtiyarına verilmişdi. Tədbirdə rayonun bütün məktəbəqədər müəssisələri fəal iştirak edirdi. Bununla belə 199, 257, 288 nömrəli körpələr evi-uşaq bağçalarını xüsusi qeyd etmək istərdik.

Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində yerləşən mədəniyyət sarayında da uşaqların iştirakı ilə möhtəşəm bayram tədbiri hazırlanmışdı. Bu tədbirdə gözəl iştirakına görə 91, 229, 289 nömrəli uşaq bağçalarının kollektivləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Fəxri fərmanı ilə təltif olundular.

Sabunçu rayonundakı 3 nömrəli "Səadət" körpələr evi-uşaq bağçasında keçirilən bayram tədbiri də maraqlı və yaddaqalan idi. Burada da bayram balaca idmançıların çıxışları üzərində qurulmuşdu. Uşaqlar halqalarla hərəkətlər nümayiş etdirdilər. Digər idman nömrələri də hamıya xoş təsir bağışladı.

Bütün bu yazılanlara istinadən demək istərdik ki, 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilən idman bayramı Bakı şəhərinin bütün məktəbəqədər müəssisələrində yüksək səviyyədə qeyd edildi. Hər bir müəssisədən Azərbaycanın Dövlət himninn, Milli Olimpiya himninin sədaları eşidildi.

Həmin tədbirlərdə bədii yaradıcılıq qabiliyyətinə görə xüsusi ilə fərqlənən Xətai rayonu 236, 237, 250, 181, 316, Suraxanı rayonu 23, 258, 269, 279, 338, Sabunçu rayonu 3, 195, 192, 105, 336, Yasamal rayonu 38, 98, 32, Səbail rayonu 85, 332, 157, 136, Nərimanov rayonu 303, 182, 183, 305, 58, Nəsimi rayonu 162, 50, 108, 45, 76, Qaradağ rayonu 15, 20, 300, Binəqədi rayonu 266, 272, 177, 296, 297, 138, Nizami rayonu 113, 172, 110, 31, 173, 129 nömrəli uşaq bağçalarını göstərmək olar.

 

Y.ƏLİYEV,

R.ZİYADOV