· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

"Gənc istedadlar" liseyində ilk "son zəng"

 

Mayın 30-da Bakı Dövlət Universitetinin "Gənc istedadlar" liseyində məzunların ilk "son zəng"i keçirildi.

Tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq liseyi bitirən 24 məzunu təbrik etdi. Bayramda iştirakından məmnunluq duyduğunu qeyd edən rektor təhsilə göstərilən dövlət qayğısını da önə çəkdi.

"Son zəng"in 11-cilər və onların valideynləri üçün daha əziz olduğunu qeyd edən Abel Məhərrəmov liseyin keçdiyi yola nəzər saldı. O, ilk məzunların qəbul imtahanlarına ciddi hazırlaşıb ali təhsil ocaqlarına yüksək balla daxil olacaqlarına əminliyini bildirdi və onlara uğurlar arzuladı.

Tədbirə Dövlət bayrağı və BDU-nun bayrağı gətirildikdən sonra himn səsləndi. "Gənc istedadlar" liseyinin direktoru Qasım Hüseynov "Son zəng"də çıxış edərək təhsil müəssisəsinin yaranma tarixindən, qazanılmış uğurlardan və perspektiv planlardan danışdı.

Şagirdlər öz çıxışlarında məktəbin rəhbərliyinə və müəllimlərə minnətdarlıqlarını bildirdilər. Musiqili çıxışlardan sonra liseydə ilk son zəng səsləndi.

 

Fazil İDRİSOĞLU

 

 

 

 

 

 

 

 

 

AMİ-də "İnsan hüquqları aylığı" ilə bağlı seminar-disput

 

İyunun 3-də Azərbaycan Müəllimlər İnstitutunda professor-müəllim heyəti və tələbə kollektivinin iştirakı ilə "İnsan hüquqları aylığı" ilə bağlı seminar-disput keçirildi.

Tədbiri giriş sözü ilə institutun rektoru, professor A.Naxçıvanlı açaraq qeyd etdi ki, bu il Avropa Şurasının 60 illiyi, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 illiyi qeyd olunur. 2009-cu il BMT tərəfindən İnsan hüquqlarının tədrisi ili, Azərbaycanda isə "Uşaq ili" kimi elan olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası İnsaq Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il 18 may - 18 iyun dövrü "İnsan hüquqları aylığı" kimi keçirilir.

Qeyd edildi ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. ölkəmizdə hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam edir.

Tədbirdə vurğulandı ki, ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla prezident və parlament seçkiləri keçirilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlığı, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.

Sonra tədbirdə tanınmış alim, hüquq elmləri doktoru, professor, Milli Məclisin şöbə müdiri Lətif Hüseynov və Ombudsman aparatı şöbə müdirinin müavini Zaur Əliyev çıxış etdilər.

Belə tədbirlərin ənənəvi olaraq keçirilməsinin vacibliyi bildirildi.

 

 

 

 

 

"Qlobalistika - 2009" mövzusunda elmi konqres

 

20-23 may tarixlərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Qlobalistika - 2009" adlı beynəlxalq elmi konqres keçirilmişdir. Qlobal böhrandan çıxış yolları və yeni dünya quruculuğu modelləri müzakirə edilən konqres Rusiya Təbiət Elmləri Akademiyası Rusiya Fəlsəfə Cəmiyyəti və "İntellektual Sistemlər" elm-istehsalat korporasiyası ilə birlikdə təşkil etmişdir.

Konqresə Rusiya, Azərbaycan, Böyük Britaniya, ABŞ, Qazaxıstan, Latviya, Litva, Monqolustan, Polşa, Türkiyə, Tunis, Ukrayna, çexiya, İsveç, Tacikistan və digər dövlətlərin iri elm-təhsil mərkəzlərindən 500-ə qədər alim gəlmişdi.

Konqresin açılışında MDU-nun rektoru, təşkilat komitəsinin sədri, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik V.Sadovniçi çıxış etmiş və qonaqları salamlamışdır. O, öz təbrikində beynəlxalq elmi konqresin əhəmiyyətini açıqlamış və iştirakçılara uğurlar arzulamışdır.

Konqres işini 7 bölmədə davam etdirmişdir. "Qlobalistikanın fəlsəfi aspektləri" bölməsində Astara Pedaqoji Texnikumunun direktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, fəlsəfə elmləri namizədi, dosent Əlihəsən Həmzəyev digər həmyerlimiz Rusiya Fəlsəfə Cəmiyyətinin Avroasiya bölməsinin elmi katibi, fəlsəfə elmləri namizədi Ariz Gözəlovla birgə "Qloballaşmanın obyektiv və subyektiv aspektləri" mövzusunda çıxış etmişlər. Məruzə maraqla dinlənilmiş və konqresin materialları əsasında buraxılan toplunun birinci cildinə daxil edilmişdir. "Qloballaşma və təhsil" adlı bölmədə daha bir həmyerlimiz - Moskva Dövlət Universitetinin professoru,  pedaqoji elmlər doktoru Nizami Məmmədov da çıxış etmişdir. O, həmin bölmənin həmsədri olmuşdur.

Tanınmış elm adamları Azərbaycanla bağlı bölməyə, xüsusən də mədəniyyətimizə və təhsilimizə böyük maraq göstərmişlər.

 

 

 

 

 

Universitetdə Beynəlxalq konfrans

 

 Türkiyə Beynəlxalq Əlaqələr çalışmaları (TUİç) təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Qafqaz Universitetində "Azərbaycanın bölgədəki rolu və enerji təhlükəsizliyi" mövzusunda beynəlxalq konfrans keçirilib. Qardaş ölkədən gələn qonaqlar öncə universitetlə tanış olublar.

Konfrans Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə öz işinə başlayıb. Beynəlxalq konfransı açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç onun məqsəd və əhəmiyyətini qeyd edib, regionun problemlərinin çözülməsi yollarının araşdırılması üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

Rektor rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, uğurları barədə danışıb və beynəlxalq  konfransın işinə uğurlar arzulayıb.

Sonra Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu konfransda çıxış edərək Türkiyə ilə Azərbaycan arasında təhsil əlaqələrindən danışıb, bu əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

TUİç-in təsisçisi və rəhbəri Burak Yalım təmsil etdiyi qurum haqqında təqdimatla çıxış edib, onun məram və vəzifələri, yarandığı 2008-ci ildən bəri gördüyü işlər, keçirdiyi toplantılar haqqında məlumat verib.

Konfransda Qafqaz Universitetinin müəllimi Bilal Dədəyev "Azərbaycan Xalq Cümhuriyyəti dövrü: 1918-1920" mövzusunda məruzə edib.

3 gün davam etmiş konfransda Türkiyə-Azərbaycan əlaqələrinin tarixi, Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamlarının Türkiyə-Azərbaycan münasibətlərinə təsiri, Avrasiya bölgəsindəki enerji təhlükəsizliyində Azərbaycanın rolu və s. mövzulara həsr olunmuş maraqlı məruzələr dinlənilib, "dəyirmi masa" ətrafında müzakirələr aparılıb.

 

Y.ƏLİYEV

 

 

 

 

 

 

 

Yeni layihə həyata keçirilir

 

"Bakı şəhəri internat məktəblərindəki şagirdlər arasında "Həyati bilik və bacarıqları" sahəsində təhsil proqramlarının tədrisi" layihəsi Azərbaycan  Gənclər  İttifaqı  tərəfindən bu il mayın əvvəlindən Azərbaycan  Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsi çərçivəsində  həyata keçirilməyə başlayıb.  Layihənin  məqsədi internat məktəblərində  təhsil  alan uşaqlar arasında məktəbdənkənar təhsil proqramları çərçivəsində biliklərin əldə edilməsi,həmçinin onların layihədə qaldırılan problemin həll edilməsi prosesinə qoşulması,bu sahədə  məlumatlara yiyələnməsi,əldə edilən biliklərin daha geniş şagird kontingentinə çatdırılmasından ibarətdir.   Layihə çərçivəsində Bakıda fəaliyyət göstərən internat məktəblərində  Aktiv Gənclər qrupu  (AGQ) formalaşdırılacaq, sonra həmin qrup  üzvləri arasında  "Komandada iş", "Liderlik bacarıqları", "Münaqişəli vəziyyətlərin həlli", Ətraf mühit ilə (insanlarla) ünsiyyətin qurulması" movzularında treninqlər keçiriləcəkdir.

 Treninqlər başa çatdıqdan sonra AGQ əldə etdikləri bilikləri tətbiq etmək məqsədi ilə  fəaliyyətə başlayacaqlar.Onlar təhsil aldıqları və yaşadıqları internat məktəbi  və  uşaq evlərində öz yaşıdları və daha aşağı yaşlı uşaqlar arasında "uşaqdan uşağa" metodu ilə "həyat bilik və bacarıqları" barədə ətraflı məlumat verəcəklər. Layihə çərçivəsində bu barədə məlumatın qeyri-ənənəvi tədris metodları  vasitəsi ilə çatdırılma yollarından biri kimi həm də tamaşaların hazırlanması və nümayiş etdirilməsi nəzərdə tutulub. Layihə 2009-cu ilin sentyabrında başa çatacaq.

 

 

 

Fransa səfiri Naxçıvan Dövlət Universitetində olub

 

 Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olmuşdur. Görüşdə universitet rektoru, akademik İsa Həbibbəyli ilə Fransanın səfiri arasında iki ölkənin elm, tədris sahəsindəki qarşılıqlı əməkdaşlığından söhbət açılmışdır. Rektor universitetdə fransız dili və ədəbiyyatının tədrisi, ənənəvi frankofon bayramının və digər əlamətdar tədbirlərin keçirilməsi, fransız dili müəllimlərinin Fransanın tanınmış ali məktəblərində ixtisasartırma kursları keçməsi barədə məlumat vermişdir.

Sonra fransız dili ixtisası tələbələrinin konsert proqramı təqdim olunmuşdur. Hər iki ölkənin Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə klassik Azərbaycan və fransız şairlərinin şeirləri, dahi Azərbaycan şairi Məhəmməd  Füzulinin "Leyli və Məcnun" poemasından səhnəcik, musiqi nömrələri ifa olunmuşdur.

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller çıxış edərək Azərbaycan-Fransa siyasi-mədəni əlaqələrində universitetlərarası tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd etmiş, gələcəkdə bu əlaqələrin inkişaf etdirilməsinin zəruri olduğunu bildirmişdir. Cənab səfir tədbirdən xüsusi zövq aldığını vurğulayaraq, bunu universitetdə fransız dili və ədəbiyyatının yüksək səviyyədə tədrisinin bariz nümunəsi kimi qiymətləndirmişdir.

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat şöbəsinin müdiri

 

 

 

 

Azərbaycanın Ankaradakı səfirliyində Türkiyə universitetlərinin məzunları üçün mərasim keçirilib

 

Azərbaycanın Türkiyədəki səfirliyində qardaş ölkənin universitetlərinin məzunu olan 120-yə yaxın azərbaycanlı gənc üçün buraxılış mərasimi təşkil olunmuşdur. Bu il doktoranturanı bitirənlərlə birlikdə Türkiyədə təhsilini başa çatdıran azərbaycanlı gənclərin sayı 200 nəfərə yaxındır.

Mərasimdən əvvəl məzunlar Ankaradakı Heydər Əliyev parkına gəlmişlər. Həyatlarında çox əlamətdar bir tarix olan buraxılış günündə tələbələrimiz ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər. Azərbaycanlı gənclər Vətənə layiqli övlad olacaqlarına and içmişlər.

Sonra Azərbaycanın Türkiyədəki səfirliyində davam etdirilən mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Türkiyənin Təhsil Nazirliyinin yüksək rütbəli nümayəndələri, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların rəhbərləri, bələdiyyə sədrləri, ziyalılar iştirak etmişlər. Azərbaycanın qardaş ölkədəki səfiri Zakir Həşimov məzunları təbrik edərək, onlara həyatlarının növbəti mərhələsində də yeni uğurlar arzulamışdır.

çıxış edən məzunlar təhsil aldıqları illərdə onlara göstərilən daimi qayğıya görə Azərbaycan dövlətinə, həmçinin Türkiyədəki müəllimlərinə minnətdarlıqlarını bildirmişlər. Onlar Türkiyə universitetlərində qazandıqları bilik və bacarıqlardan doğma Vətənin çiçəklənməsi naminə istifadə edəcəklərini vurğulamışlar.

 

AzərTAc