· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Təhsil müəssisələrində "Bilik günü" qeyd olundu

 

Azərbaycan Dillər Universitetinin akt zalında I kurs tələbələri ilə görüş keçirildi. Mərasim Dövlət himni ilə başladı. Tədbirdə ADU-nun rektoru, professor Səməd Seyidov I kurs tələbələrini və onların valideynlərini təbrik edərək son illər Azərbaycanda gedən inkişaf və quruculuq işlərinin, siyasi sabitliyin təhsil sahəsinə göstərdiyi təsirdən danışdı. Qeyd etdi ki, 1948-ci ildə əsası qoyulan ADU 1973-cü ildə ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, təhsilə göstərdiyi böyük diqqət və qayğısı sayəsində müstəqil ali məktəb kimi fəaliyyətə başlamışdır. Bildirdi ki, hazırda 700 nəfərlik professor və müəllim heyəti çalışan universitetdə ingilis, fransız və alman dilləri  ilə yanaşı, italyan, ispan, Koreya, Norveç və ivrit dilləri də tədris  edilir. Universitet ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Koreya, Kanada, İndoneziya və digər ölkələrlə təhsil sahəsində sıx əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti sayəsində Azərbaycan öz inkişaf tempinə görə dünyanın sivil ölkələri sırasındadır.

Professor S.Seyidov bu gün Azərbaycanın böyük şəxsiyyətləri arasında ADU-nun məzunlarının olduğunu da tələbələrin nəzərinə çatdırdı.

ADU-ya 668 balla qəbul olunan Həcər Abdullayeva və valideyn Elyar Qayıbov əvəzsiz diqqət və qayğıya görə ölkə başçısına, universitet rəhbərliyinə minnətdarlığını bildirdilər.

Mərasimin sonunda tələbələrə tələbə bileti  və qiymət kitabçaları təqdim edildi.

***

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov tələbələri və müəllimləri təbrik edərək dövlətimiz tərəfindən elm və təhsilə göstərilən qayğı və diqqətdən söz açıb. Bildirilib ki, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı, ölkə rəhbəri cənab İlham Əliyevin elm və təhsili müstəqil dövlətimizin davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri hesab etməsi bu sahənin müasir standartlara uyğun inkişaf etməsi üçün əlverişli şərait yaratmışdır.

çıxışlardan sonra universitetə yeni qəbul olan I kurs tələbələrinə tələbə biletləri təqdim olunub.

***

Azərbaycan Müəllimlər İnstitutunda da "Bilik günü" təntənəli şəkildə qeyd edildi. ölkənin aparıcı təhsil ocaqlarından biri kimi AMİ artıq 2 ildir ki, Boloniya təhsil sistemini həyata keçirir.

Mərasimdə bildirildi ki, son illərdə inşasına başlanmış Heydər Əliyev muzeyi açılışını gözləyir. İnstitutun geniş auditoriyaları, sürətli İnternet şəbəkəsinə qoşulmuş kompüter mərkəzləri, müasir tələblərə cavab verən idman zalı, kitabxana, tələbə yeməkxanası vardır.

Tələbələr artıq hər cür müasir şəraitlə təmin olunmuş yataqxana binasında yerləşdirilmişlər.

Tədbiri institutun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq, yeni tədris ilinin başlanması münasibəti ilə iştirakçıları təbrik etdi və tələbələrə uğurlar arzuladı. O qeyd etdi ki, təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın gələcəyini siz gənclərdə görürdü. Təhsil heç vaxt dövlətin diqqət və qayğısından kənarda qalmamışdır.

"Bilik günü" münasibəti ilə müəllimlər, bu il tələbə adına layiq görülmüş gənclər və onların valideynləri ürək sözlərini bildirdilər.

 ***

Qafqaz Universiteti də "Bilik günü"nü və 2009-2010-cu dərs ilinin başlanmasını "açılış proqramı" ilə qeyd etdi. Sentyabrın 15-də universitetin həyətində keçirilən tədbirdə tələbə və müəllim heyəti ilə bərabər, valideynlər də iştirak edirdilər. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç toplantı iştirakçılarını yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Universitetlərində yüksək təhsil üçün yaradılan şəraitdən danışan rektor yeni qəbul olunmuş tələbələrə bu şəraitdən istifadə edərək daha mükəmməl təhsil almaq, ixtisaslarını dərindən bilməklə bağlı tövsiyələr verdi.

Sonra bu il ən yüksək balla universitetə qəbul olunmuş tələbələrə mükafatlar təqdim olundu. Qəbul imtahanlarında 695 bal toplayaraq II ixtisas qrupu üzrə I yeri tutmuş, Qafqaz Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinə daxil olmuş Rəna Axundlu və 680 balla I ixtisas qrupu üzrə III yeri tutaraq universitetin mühəndislik fakültəsinə daxil olmuş Gülnar Ağavəliyeva noutbukla mükafatlandırıldılar. Hər biri 675 bal toplayaraq mühəndislik və hüquq fakültələrinin tələbəsi olmuş Elnur Hacıyev, Kənan Əsgərli və Ləman Məmmədliyə də qiymətli hədiyyələr təqdim olundu. 650-dən yuxarı balla Qafqaz Universitetinə qəbul olunmuş daha 14 gənc də mükafat aldı.

Mərasim universitetin istedadlı tələbələrinin ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.

***

Bakıdakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə "Bilik günü" münasibətilə mərasim keçirildi. Dövlət himni səsləndikdən sonra söz alan məktəb-liseyin direktoru, əməkdar müəllim Əkbər Qocayev yeni dərs ilinə bir sıra nailiyyətlərlə başladıqlarını, birinci sinfə qəbul olunanların sayının artdığını söylədi. Qeyd etdi ki, bu il 200 uşaq Azərbaycan, 110 uşaq isə rus bölmələrinə qəbul olunaraq, 13 qrupda komplektləşdirilib. Seçmə yolu ilə yuxarı siniflərə şagirdlər daxil edilmişdir. Direktor çıxışında bildirdi ki, məktəbin cari təmiri, sinif otaqlarının tərtibatı, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində xeyli işlər aparılıb. Məzunların 57 faizi müxtəlif ali məktəblərə daxil olub. 1 məzun 675 bal toplayaraq, Prezident təqaüdünə  namizəd görülüb.

Dövlət başçısı İlham Əliyevin məlum sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində 20 nömrəli məktəb-lisey də müvəffəqiyyət qazanaraq göstərilən etimada görə kollektiv adından Prezident İlham Əliyevə minnətdarlıq etdi və daha yüksək nailiyyətlərin əldə ediləcəyinə əminliyini bildirdi.

Sonra millət vəkili Musa Quliyev, 10-cu sinif şagirdi Fəridə Əliyeva və digərləri çıxış edərək birinciləri təbrik etdilər.

***

Bakıdakı 315 nömrəli orta məktəbdə də bayram sevinci yaşandı. Mərasimdə çıxış edən məktəbin direktoru Dadaş Əliyev, ilk növbədə, təhsilə göstərilən diqqət və qayğıya görə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Mədəni irsimizin dirçəlməsi və inkişafında əvəzolunmaz xidməti olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsil sahəsinə də böyük diqqət və qayğısından söz açıldı. Müəllim, şagird və valideynlərin təbrikindən sonra qədəmlərini ilk dəfə məktəb həyatına atan birincilər musiqi sədası ilə dərs otaqlarına yerləşdirildi.

***

Bakıdakı Abdulla Şaiq adına 54 nömrəli orta məktəbdə "Bilik günü" münasibətilə keçirilən təntənəli mərasimdə direktor Sahibə Abbasova yeni dərs ilinin başlanması münasibətilə toplantı iştirakçılarını, xüsusən də birinci sinif şagirdlərini və onların valideynlərini təbrik etdi. Sonra məktəbin fəaliyyəti və son 3 ildə qazanılmış nailiyyətlər haqqında məlumat verdi. Bildirdi ki, məktəbin 7 şagirdi 610-665 bal toplayaraq nüfuzlu ali məktəblərə qəbul olunub. 2008-2009-cu dərs ilinin məzunları 59 faiz nəticə əldə edib. Keçən il məktəbin 2 müəllimi "Ən yaxşı müəllim" müsabiqəsində qalib gələrək pul mükafatına layiq görülüb.

Müsabiqə qalibi kimi Sahibə xanım aldıqları mükafata görə müəllim və şagird kollektivi adından dövlət başçısına təşəkkürünü bildirdi.

Sonra mərasimdə BŞTİ-nin məsul əməkdaşı Camal Cabbarov, I və XI sinif şagirdlərinin müəllim və valideynləri çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırdılar. Məzunlar birincilərə hədiyyələr verdikdən sonra məktəbin simvolik açarı direktora təqdim olundu.

***

Bakıdakı M.Müşfiq adına  18 nömrəli orta məktəbdə müəllim, şagird, valideynlərin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi  toplantıda  hədsiz sevinc hissləri yaşanırdı.Dövlət himni səsləndikdən sonra məktəbin tərbiyə işləri üzrə direktor  müavini  Bəsti  Ağayeva yeni tədris ilinin  başlanması və "Bilik ğünü"  münasibətilə hamını  səmimi-qəlbdən təbrik edib,şagirdlərə dərslərində əla və yaxşı qiymətlər almağı, valideynlərə məktəblə həmişə ünsiyyətdə olmağı, müəllimlərə isə çətin və şərəfli peşələrində uğurlar arzuladı. Sonra təhsil ocağının direktoru Vaqif Hüseynov mərasim iştirakçılarını təbrik edərək tədris müəssisəsinin  ötən dərs ilində qazandığı nailiyyətlərdən bəhs etdi.Söylədi ki,ötən tədris ilinin 165 məzunundan 59 nəfəri ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunub. Bir  məzun isə 665 bal toplayaraq  Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Bu və digər nailiyyətlərinə  görə 2008-2009-cu tədris ilində  keçirilmiş "Ən yaxşı  ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri sırasına daxil olub. Direktor bu diqqət və qayğıya  görə ölkə rəhbəri İlham  Əliyevə pedaqoji kollektivin təşəkkürünü bildirdi.

Məlumat verildi ki, 160 uşaq  birinci sinfə qəbul olunub. Mərasim ilk zəngin çalınması ilə sona çatdı.

***

Bakıdakı 29 nömrəli məktəbdə də  "Bilik günü" münasibətilə bayram mərasimi keçirildi.

Dövlət himni səsləndikdən sonra məktəbin direktoru Ələddin Əliyev bildirdi ki, məktəbdə 500-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 71 müəllim məşğuldur. ötən illər ərzində məktəbin uğurları az olmamışdır. Belə ki, müxtəlif nominasiyalar üzrə keçirilən bilik yarışlarında məktəbin şagirdləri fəxri yerlər tutmuş, respublika fənn olimpiadalarında uğurlar qazanmışlar. Hər il ali məktəbə qəbulda məktəbimizin şagirdləri fərqlənirlər.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi, valideynlər və şagirdlər çıxış edərək "Bilik günü" münasibətilə məktəbin pedaqoji kollektiv üzvlərini təbrik etmiş, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarıını bildirmişlər.

Həmin gün Bakıdakı 83, 225, 248 və 283 nömrəli ümumtəhsil məktəblərində də yeni dərs ilini yüksək əhvali-ruhiyyə ilə qarşıladılar.

 

 "Azərbaycan müəllimi"