· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

NDU-nun daha bir tədris binası istifadəyə verildi

 

Binanın açılış mərasimində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli 2009-2010-cu tədris ilinin özünün bir sıra xüsusiyyətləri ilə əvvəlki tədris illərindən fərqləndiyini bildirmişdir. Qeyd olunmuşdur ki, bu il ilk dəfə olaraq universitetdə 43 ixtisasın hamısında Boloniya sistemi tətbiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2009-2010-cu tədris ilində ali və orta ixtisas məktəblərinin tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, ümumtəhsil məktəblərinin şagirdlərini, elm və təhsil işçilərini, valideynləri "Bilik günü" münasibətilə təbrik etmiş, onlara yeni tədris ilində uğurlar arzulayaraq demişdir:

- Azərbaycanda təhsilin inkişafı ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycana rəhbərliyinin bütün dövrlərində ulu öndər təhsilə böyük qayğı göstərmiş, təhsil işçilərini himayə etmişdir. ötən əsrin 70-ci illərində xalqımızın təhsillə əhatə olunması, gənc kadrların hazırlanması, maarif müəssisələri şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işləri əhəmiyyətli tədbirlər kimi dəyərləndirən böyük dövlət xadimimiz demişdi: "ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Elliklə maariflənmə uğurla başa vurulmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur. Azərbaycan sözün həm həqiqi, həm də məcazi mənasında işığa, nurlu bir aləmə çıxmışdır".

Açıq demək lazımdır, Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan təhsili inkişaf edə, indiki səviyyəyə gəlib çata bilməzdi.

ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Son 6 ildə təhsillə bağlı həyata keçirilən tədbirlər göz qabağındadır. ölkə rəhbəri dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların kompüter və informasiya texnologiyaları ilə təchizatı, tədrisin məzmun və formaca müasirləşdirilməsi, dünyanın qabaqcıl dövlətlərinin mütərəqqi təhsil ənənələrinin mənimsənilməsi, yeni məktəb binalarının tikilməsi kimi vacib sahələri əhatə edən 7 dövlət proqramı, 4 fərman, 40-dan çox sərəncam imzalamışdır. Bu normativ aktlar Azərbaycanda güclü insan kapitalının formalaşmasında, elm və təhsilin dinamik inkişafında, dünya təhsil sisteminin mütərəqqi ənənələrinin öyrənilərək tətbiqində mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsi qaliblərinin mükafatlandırılması barədə 2009-cu il 1 sentyabr tarixli sərəncamları ilə muxtar respublikadan 5 müəllimin "Ən yaxşı müəllim" adına, eləcə də üç ümumtəhsil məktəbinin - Kəngərli rayonundakı Qıvraq qəsəbə orta məktəbinin, Heydər Əliyev adına Hərbi Liseyin və N saylı hərbi hissənin orta məktəbinin "Ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülməsi təhsilin inkişafının daha bir göstəricisidir.

Muxtar respublikada təhsilin inkişafını belə bir fakt da sübut edir ki, əgər 2004-cü ildə 500-700 intervalında yüksək bal toplayanların sayı 67 nəfər idisə, bu il onların sayı 3,5 dəfə artaraq 232 nəfərə çatmışdır.

Naxçıvan Dövlət Universitetində yeni yaradılan ixtisaslardan biri də beynəlxalq münasibətlərdir. Bu gündən həmin ixtisas ən müasir tələblərə cavab verən yeni korpusda tədris olunacaqdır. Hazırda universitet dünyanın 30-a yaxın ali təhsil müəssisəsi ilə geniş əlaqələrə malikdir. Beynəlxalq əlaqələr universitetdə elmin, təhsilin və dünyagörüşün inkişafına xidmət edir.

Ali Məclisin sədri Naxçıvan Dövlət Universitetinin yeni korpusunun açılışı münasibətilə tələbələri, professor-müəllim heyətini bir daha təbrik edərək, onlara uğurlar arzulamış və çıxışını ümummilli liderimizin aşağıdakı sözləri ilə yekunlaşdırmışdır: "Naxçıvan Dövlət Universitetinin tələbələrinə, Naxçıvan Muxtar Respublikasının bütün tələbələrinə, gənclərinə vətənpərvərlik, təhsil uğrunda daim mübarizə aparmaq üçün əzm arzulayıram. Naxçıvan gənclərinə hərbi vətənpərvərlik hisslərini daha da yüksəltməyi arzulayır, tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qorusunlar, yaşatsınlar, inkişaf etdirsinlər və daha da yüksəltsinlər".

Açılışı bildirən lent kəsildikdən sonra yeni tədris korpusuna baxış keçirilmişdir.

Zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olan tədris korpusu müasir tələblər səviyyəsində inşa olunmuşdur. Burada 60-dan çox auditoriya vardır. 300-dən artıq tələbənin təhsil alması üçün hər cür şərait yaradılmış, bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Binada 7 ixtisas - ingilis, fransız, alman, rus, ərəb dili müəllimliyi, beynəlxalq münasibətlər və fars dili - Azərbaycan dili tərcüməsi ixtisasları tədris olunacaqdır. Yeni tədris korpusunda 5 kafedra fəaliyyət göstərəcəkdir.

Məlumat verilmişdir ki, hazırda universitetdə 10 ölkədən 228 tələbə təhsil alır. Onlardan 6-sı dissertant, 31-i magistratura, 179 nəfəri isə bakalavr pillələrində təhsillərini davam etdirirlər. Naxçıvanda müasir universitetin qurulmasının nəticəsidir ki, Nigeriya, Banqladeş, Almaniya, Polşa, Rusiya, Türkiyə, İran və digər ölkələrin gəncləri arasında ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetini seçənlərin sayı ilbəil artmaqdadır.

 

AzərTAc

 

 

 

Təhsil Nazirliyinin İnternetdən istifadə məsələləri üzrə şurası yaradılıb

 

 "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyinin İnternetdən istifadə məsələləri üzrə şurası yaradılmışdır. Yeni qurumun fəaliyyətini nazirliyin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi əlaqələndirəcəkdir.

Şuranın tərkibinə AMEA-nın İnformasiya Texnologiyaları və Kibernetika institutları, "Mədəd", "Azedunet" təşkilatları, "Ultra", "Microsoft Azərbaycan" şirkətləri və s. daxildir.

Şuranın əsas fəaliyyət istiqamətləri filtrasiya və tədris ocaqlarında təhsil alanların zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyələr və praktiki təkliflər hazırlamaqdır. Bu prosesi təmin etmək üçün şura Böyük Britaniya, ABŞ, Rusiya və Estoniyanın təcrübəsindən istifadə edəcəkdir.

Hazırda ABŞ-da geniş tətbiq olunan "Websense" proqramı nəzərdən keçirilir. Bu texnologiya İnternet-axtarış sistemlərində zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.

 

AzərTAc

 

 

Bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb

 

2008-2009-cu illərdə Dövlət Proqramı və digər mənbələr hesabına ölkədə 52462 şagird yerlik 179 yeni məktəb binası, 42 məktəb üçün 15 min yerlik əlavə korpuslar inşa edilmişdir.

Son 6 ildə 1800-ə qədər yeni məktəb binası tikilmişdir.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası-infrastrukturun yeniləşdirilməsi nəticəsində ümumilikdə ölkə üzrə 1.050.000 şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır ki, bu da ümumi təhsil pilləsində oxuyanların 75 faizini əhatə edir.

Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli məktəblərin faizi 73,3-dən 49-a, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 23-ə enmişdir.

 

Y.ƏLİYEV

 

 

 

 

ADU-da yeni fakültə fəaliyyətə başladı

 

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov tərcümə fakültəsinin müəllimləri ilə görüşüb. Görüşdə bildirilib ki, tərcümə fakültəsində dünya standartlarına uyğun yeni tədris sisteminin tətbiqi Azərbaycanda bu sahədə ilk təşəbbüsdür. Tərcümə fakültəsində tədris proqramı yeni tədris planlarına uyğun həyata keçiriləcək.

Bu addımı atmaq üçün 2 il vaxt sərf olunduğunu söyləyən professor S.Seyidov qeyd etdi ki, təhsildə dünya standartlarına çatmaq istiqamətində bir sıra işlər də görüləcək.

Sonra tədris işləri üzrə prorektor, professor Natiq Yusifov da tərcümə fakültəsində islahatlar həyata keçirilməsinin və bu fakültənin yeni əsaslarla fəaliyyətə başlamasının böyük tarixi hadisə olduğunu vurğuladı. Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyev də bu günü çox gözlədiyini dedi və universitet rəhbərliyinə təşəkkürünü çatdırdı.

 

Şakir CƏFƏROV