· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva

Şüvəlan və Türkan qəsəbələrində orta məktəb binalarının

əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib

 

Sentyabrın 15-də - "Bilik günü"ndə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidənqurmadan sonra Bakının Əzizbəyov rayonunun Şüvəlan və Türkan qəsəbələrində iki məktəb binası qapılarını şagirdlərin üzünə açmışdır.   Şüvəlan qəsəbəsindəki 237 nömrəli orta məktəb 1964-cü ildə inşa olunmuşdur. Bu köhnə məktəb binası Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsaslı təmir olunmuşdur. İlk dəfədir ki, təhsil ocağında belə yüksək səviyyədə təmir işləri aparılmışdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ötən ilin mart ayında bu məktəbdəki şəraitlə tanışlıq zamanı təhsil ocağının yararsız vəziyyətdə olduğunu və burada təmir işlərinə başlanılmasının vacibliyini qeyd etmişdi. Bina Heydər Əliyev Fondunun dəstəyi ilə qısa müddətdə müasir tələblər səviyyəsində təmir edilərək, təzə avadanlıqla təchiz olunmuşdur.

Geniş və işıqlı foyedə ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin uşaqlara qayğısını əks etdirən fotostendlər zövqlə tərtib edilmiş, dövlət atributları əks olunmuşdur. Həm şagirdlərin, həm də müəllimlərin açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilmişdir. Burada bütün fənn otaqları Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində hazırlanan əyani vəsait və plakatlarla təmin edilmişdir. Məktəb bu təhsil ocağının məzunu, şəhid İlqar Muradovun adını daşıyır. Məktəbin həyətində şəhidin büstü qoyulmuşdur. Təhsil ocağının ətrafı abadlaşdırılaraq, gözəl görkəm almışdır. Burada stadion yaradılmışdır.

Məktəbin müəllim və şagird kollektivi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı hərarətlə qarşıladılar. Fondun prezidentinə gül dəstəsi təqdim edildi.

Mehriban xanım Əliyeva məktəblə tanış oldu. Bildirildi ki, üçmərtəbəli təhsil ocağı 1200 yerlikdir. Burada 33 sinif otağı vardır. Məktəbin hər mərtəbəsində müşahidə-nəzarət kameraları quraşdırılmışdır. Təhsil ocağının infrastrukturu yenilənmişdir. Məktəb kompüterləşdirilib, İnternetə çıxışı vardır.

Heydər Əliyev Fondunun prezidenti məktəbin yeməkxanasında yaradılan şəraitlə tanış oldu. Mehriban Əliyeva 150 yerlik akt zalına da baxdı. Bu zal müxtəlif tədbirlərin keçirilməsi üçün gözəl məkandır. Gənc nəslin sağlam böyüməsi üçün məktəbdə geniş idman zalı yaradılmışdır. Burada şagirdlərin idmanın bütün növləri ilə məşğul olmaları üçün hər bir şərait yaradılmışdır. Əmək otağında Mehriban xanım şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək, bu təhsil ocağında onlar üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırdı.

Təhsil ocağı ilə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti məktəbin kollektivini yeni dərs ili münasibətilə təbrik edərək dedi:

- Sizi bir daha təbrik edirəm. İndi bu məktəb bütün tələblərə cavab verir. Bir daha xatırladım ki, biz 9 ay bundan əvvəl burada olarkən, - stendlərdə fotoşəkillər də vardır, - gördük və yəqin, sizin də yadınızdadır, bu məktəb necə acınacaqlı vəziyyətdə idi.

Amma indi həm uşaqlar, həm də müəllimlər üçün gözəl şərait yaradılmışdır. ümumiyyətlə, Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Son altı ildə 1800 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Mən xüsusilə şadam ki, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində bütün məktəblər, - burada üç böyük məktəb vardır, - ən yüksək səviyyədə təmir olunub, yenidən qurulub. Hər dəfə Əzizbəyov rayonuna, qəsəbələrə gələndə xoş hisslər keçirirəm. Qısa zamanda bütün qəsəbələrin siması tamamilə dəyişmiş, rayon abadlaşmışdır.

Məktəbin müəllimləri yaradılan şəraitə görə Mehriban xanıma minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.

   ***

Həmin gün Türkan qəsəbəsindəki 262 nömrəli orta məktəb binasının da əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.

Təqribən 40 yaşı olan bu məktəb binası uzun illər təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdü. İndi bu məktəb Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində görülmüş işlər nəticəsində, necə deyərlər, ikinci gənclik dövrünə qədəm qoymuşdur.

Məktəb təkcə əsaslı təmir edilməmişdir, onun maddi-texniki bazası da gücləndirilmişdir.

İndi burada həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına yiyələnmələri üçün hər cür şərait yaradılmışdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəblə tanış oldu. üçmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən fotostend qurulmuşdur. Burada həmçinin məktəbin təmirdən əvvəl və sonrakı vəziyyətini əks etdirən fotostend də yaradılmışdır.

Mehriban xanım Əliyevaya məlumat verildi ki, məktəb 1176 yerlikdir. Burada 42 sinif otağı vardır. Məktəbin yenidənqurulması böyük şagird kontingentinin təhsil şəraitini tamamilə müasirləşdirməyə, tədrisin səviyyəsini yüksəltməyə imkan yaratmışdır. Məktəbdə geniş və işıqlı kabinetlər, müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, kompüter və digər fənn otaqları vardır. Heydər Əliyev Fondunun prezidenti təhsil ocağının yeməkxanası ilə tanış oldu, şagirdlərin qidalanacağı məhsullarla maraqlandı. Məktəbin əmək otağına gələn Mehriban xanım şagirdlərin müxtəlif peşələrə yiyələnmələrinin vacibliyini qeyd etdi.

Təhsil ocağının idman zalı da ən son tələblərə cavab verir. Qeyd edildi ki, şagirdlər burada həndbol, gimnastika və idmanın digər növləri ilə səmərəli məşğul olacaqlar. Fondun təşəbbüsü ilə məktəbin həyətində müasir idman meydançası da yaradılmışdır.

Məktəblə tanışlıqdan məmnun qalan Heydər Əliyev Fondunun prezidenti təhsil ocağının kollektivi ilə görüşdü.

Müəllimlər Əzizbəyov rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevanın seçicilərinə tükənməz diqqət və qayğısını yüksək qiymətləndirdilər, ona fəaliyyətində uğurlar, cansağlığı arzuladılar.

AzərTAc

 

 

 

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masazır

qəsəbəsində yeni məktəb binası istifadəyə verilib

 

Sentyabrın 15-də - "Bilik günü"ndə Masazır qəsəbəsində yeni inşa olunmuş 500 şagird yeri olan 3 nömrəli orta ümumtəhsil məktəb binası istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bu gün ölkəmizdə bir sıra məktəb binalarının istifadəyə verildiyini söyləmişdir. O demişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-2009-cu illərdə ölkəmizdə 300-ə yaxın məktəb tikilmişdir.

Fondun təhsil sahəsində layihələrə böyük əhəmiyyət verdiyini deyən A.Ələkbərov, 2010-cu ildən etibarən bu məktəbdə oxuyan şagirdlər üçün xüsusi tədbirlər planının nəzərdə tutulduğunu söyləmişdir. Heydər Əliyev Fondunun icraçı direktoru məktəbin inşasında böyük əməyi olmuş sahibkar hacı Məhərrəm Novruzova minnətdarlığını bildirmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov son üç ildə rayonda 13 məktəbin istifadəyə verildiyini, daha iki tədris korpusunun inşa edildiyini diqqətə çatdırmışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda artıq 5 məktəbin istifadəyə verildiyini söyləyən icra başçısı, bu xeyirxah missiyanı həyata keçirdiyi üçün Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Məlumat verilmişdir ki, yeni məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olacaqdır. Məktəbin 31 sinif otağı təhsilin keyfiyyətli aparılması üçün hər cür ləvazimatla təmin edilmişdir.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunmuş bu təhsil ocağında kompüter, fənn otaqları, ən müasir avadanlıqlarla təchiz olunmuş kimya, fizika laboratoriyaları vardır. Məktəbin ərazisində böyük futbol meydançası tikilmişdir.

Hazırda məktəbin uşaq bağçası və musiqi məktəbi inşa olunur. Yaxın gələcəkdə üzgüçülük hovuzu inşa ediləcəkdir.

Açılışı bildirən lent kəsildikdən sonra Fondun icraçı direktoru Anar Ələkbərov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəb ilə tanış olmuş, yeni dərs ilinin başlanması münasibətilə kollektivi təbrik etmişlər.

 

AzərTAc