· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakıda iki məktəbəqədər təhsil müəssisəsinin açılışı oldu

 

Sentyabrın 11-də Bakı şəhərinin Biləcəri kəndindəki yeni yaşayış massivində yeni inşa olunmuş 327 və Lökbatan qəsəbəsində tikilmiş 333 nömrəli körpələr evi-uşaq bağçalarının açılışı olmuşdur. Dövlət başçısının 27 fevral 2006-cı il 1338 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair" tədbirlər proqramına uyğun olaraq inşa edilmiş məktəbəqədər təhsil müəssisələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərəcəkdir.

Açılış mərasimində təhsil naziri Misir Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva, Qaradağ və Binəqədi rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİSEF-in Bakı ofisinin rəhbəri və digər rəsmi şəxslər iştirak edirdi. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov sakinləri yeni uşaq bağçalarının fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Prezident İlham Əliyevin 10 sentyabr 2009-cu il tarixli "Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə" sərəncamını iştirakçılara xatırladan nazir dövlətin məktəbəqədər təhsil müəssisələrinə daim diqqət və qayğı göstərdiyini qeyd etdi. Nazir vurğuladı ki, ilin sonunadək 6 dövlət uşaq bağçası əsaslı təmir olunacaq və 3 özəl bağça  uşaqların ixtiyarına veriləcəkdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına yaxın vaxtlarda regionlarda daha bir neçə məktəbəqədər təhsil müəssisəsinin tikilərək uşaqlara hədiyyə ediləcəyini qeyd edən Misir Mərdanov göstərilən dövlət qayğısını önə çəkərək yaxın illərdə də yeni bağçaların tikintisi və əsaslı təmirinə diqqət yetiriləcəyini və bununla da məktəbəqədər təhsil müəssisələrinin problemlərinin aradan qaldırılacağını xüsusi vurğuladı.

2 yeni bağçanın açılmasından məmnun qaldığını bildirən Misir Mərdanov hər iki bağçanın tərbiyəçi heyətinə və valideynlərə uğurlar arzuladı.

Sonda nazir və digər qonaqlar uşaq bağçalarını gəzib burada balacalar üçün yaradılmış şəraitlə tanış oldular.

Qeyd edək ki, 327 nömrəli uşaq bağçasında 210 uşaq olmaqla 11 qrup, 333-də isə 115 uşağı əhatə edən 6 qrup yaradılıb. Müasir tipli məktəbəqədər təhsil müəssisələrində uşaqların tərbiyəsi ilə 327 nömrəli bağçada 26, 333 nömrəli müəssisədə isə 13 tərbiyəçi məşğul olacaq. Müəssisələr Təhsil Nazirliyi tərəfindən müasir avadanlıqlar və əyani vəsaitlərlə təmin olunub.

 

Fazil İDRİSOĞLU,

foto müəllifindir