· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

İnternat məktəblərinin şagirdlərinə hədiyyələr təqdim olundu

 

Sentyabrın 17-də Maştağa qəsəbəsində yerləşən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli xüsusi ümumtəhsil internat məktəbində keçirilən tədbirdə Təhsil Nazirliyi və Dövlət Neft Şirkəti tərəfindən şagirdlərə məktəbli forması və əlavə geyim əşyaları hədiyyə edildi.

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Qorxmaz Hüseynov və digər şəxslər iştirak edirdi. Mərasim açıq elan edildikdən sonra Dövlət himni səsləndi. İnternat məktəbin direktoru Vüqar Əliyev son illərdə təhsil müəssisəsində görülən işlər, qazanılmış uğurlar və perspektiv planlardan danışdı. Dövlətin vəsaiti hesabına məktəbdə lazımi şəraitin yarandığını bildirdi. Sonra aparıcılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdilər. Prezident İlham Əliyev və onun xanımı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğını bir daha dilə gətirdilər.

Vətənpərvərliyi tərənnüm edən şeir və mahnılar ifa olundu. Mərasimdə təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək, öncə "Bilik günü" münasibətilə müəllim və şagird kollektivini, xüsusilə birinciləri təbrik etdi, onlara uğurlar arzuladı. Bildirdi ki, yeni dərs ilinin başlanması ilə bağlı təhsil naziri Misir Mərdanov və Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq Abdullayevin köməyi ilə şagirdlərin hamısına məktəbli forması və əlavə geyim hədiyyə edilir. Təhsilə göstərilən dövlət qayğısını önə çəkən nazir müavini qeyd etdi ki, məhz ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurla aparılması nəticəsində həm də ölkə təhsilində böyük nəticələr əldə edilmişdir. Bugünkü tədbir dediklərimizə bir daha sübutdur.

Həlli vacib olan digər məsələlərə də diqqət çəkən nazir müavini çıxışının sonunda Ramazan bayramı münasibətilə iştirakçıları təbrik etdi. Sonda təhsil nazirinin müavini Elmar Qasımov və Dövlət Neft Şirkətinin vitse-prezidenti Qorxmaz Hüseynov hədiyyələri məktəblilərə təqdim etdilər.

Qeyd edək ki, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli xüsusi ümumtəhsil internat məktəbi 1963-cü ildən fəaliyyət göstərir. Təhsil müəssisəsində 24 müəllim, 7 tərbiyəçi 150 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Respublikanın bütün regionlarını əhatə edən bu internat məktəbinin şagirdləri müxtəlif yarış və sərgilərdə fəal iştirak edərək Fəxri fərman və hədiyyələr əldə edirlər. Tədris və yataqxana korpuslarından ibarət internat məktəb 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.

Bu xeyirxah missiya 2 nömrəli internat məktəbində də davam etdirildi.

 

Fazil İDRİSOĞLU