· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Mən yerimi gənclərə verirəm!"

 

Konfransda çıxış edən qocaman müəllimin bu sözləri alqışlarla qarşılandı

 

Ağstafa rayon müəllimlərinin sentyabr konfransında diqqəti çəkən bir hadisə baş verdi. Konfransda ortaboylu, xoşsimalı bir nəfər tribunaya yaxınlaşaraq çıxışına bu sözlərlə başladı: "Mən yerimi gənclərə verirəm. Daha bəsdir biz işlədik. İndi gənclərə də geniş meydan vermək lazımdır. Mən təqaüdyaşlı bütün müəllimləri bu təşəbbüsə qoşulmağa çağırıram".

 

Müəllimin bu çıxışı konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Hamı onun bu təşəbbüsündən danışır, belə bir vaxtda onun hərəkətini yüksək qiymətləndirirdi.

Maraq hissi məni bürüdü. Onunla yaxından tanış oldum. 73 yaşlı bu qocaman müəllim çox qıvraq və çevik görünürdü.

öyrəndim ki, Valeh Haxıyev (Haxlı) Ağstafa rayonunun sayılıb-seçilən qabaqcıl fizika-riyaziyyat müəllimlərindəndir. Hamı onu ensiklopedik biliyə malik şəxs, bacarıqlı pedaqoq, rəssam və şair kimi tanıyır. 50 il pedaqoji stajı olan Valeh müəllim məktəbdən ayrılaraq yerini yeni dərs ilində məktəbdə fəaliyyətə başlayan gənc müəllimə verib.

Valeh müəllim sadə bir həyat yolu keçib. 1937-ci ildə Poylu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra keçmiş V.İ.Lenin adına APİ-nin (Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə qəbul olunub. Ali məktəbi bitirdikdən sonra 10 il Zaqatala rayonunda pedaqoji fəaliyyət göstərib. 1969-cu ildən isə doğma kənd məktəbində müəllimlikdən məktəb direktoru vəzifəsinə qədər yüksəlib. Harada, hansı sahədə işləməsindən asılı olmayaraq, o, öz işinə vicdanla yanaşıb, başqalarına nümunə olub. Həmişə oxuyub, öyrənib, öz üzərində çalışıb. Məhz bu keyfiyyətlərə görə o, rayonun qabaqcıl müəllimlərindən birinə çevrilib.

Valeh müəllimin çalışdığı S.Məmmədov adına Poylu kənd orta məktəbi də qabaqcıl təlim-tərbiyə ocaqlarındandır. Burada 500-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 68 müəllim məşğul olur. Məktəbin məzunları arasında elmlər doktorları və akademik olanlar da var.

Valeh müəllim gözəl əl qabiliyyətinə malikdir. Məktəbdə olan guşəni, əyani vəsaitləri, stendləri özü düzəldib. Dərs dediyi yüzlərlə şagirdi müəllim sənətini seçib. Hazırda onunla çiyin-çiyinə işləyən müəllimlərdən 80 faizi vaxtilə onun şagirdi olub.

Biz onun evində, ailəsində də olduq. çay süfrəsi arxasında xeyli söhbət etdik. Söhbət ədəbiyyatdan, sənətdən düşdü:

Necə oldu ki, Haxlı ləqəbini seçdiniz? - deyə ona müraciət etdim.

O, dərin fikrə getdi. Sonra əlini çal saçlarına çəkərək asta-asta dilləndi:

- İndiki kimi yadımdadır. 1954-cü ilin oktyabr ayı idi. Yazıçılar Birliyinin "Gənc Qələmlər" ittifaqına üzvlüyə ərizə vermişdim. Şeirlərim satira formasında idi. Lakin orada olan bəzi yoldaşlar ittifaqa üzvlüyümə mane olurdular.

Səməd Vurğunun qəbuluna getdim. Digər yoldaşlarla birlikdə məni dinlədi. Şeirlərimi oxudum. çox razı qaldı, ayağa durub dedi: - Bu uşaq haxlıdır.

Oxuduğum şeirlərdən üçü Səməd Vurğunun köməyi ilə mətbuatda dərc olundu. O vaxtdan bu ləqəbi daşıyıram. Hazırda "Təmsillər", "Qəzəllər", ulu öndər Heydər Əliyevə həsr olunmuş "Xalqın ad günüdür onun ad günü" kitablarının müəllifidir. "Hər çeşmədən bir damla", "Dərin kökün pöhrələri, "Araz", "Şairlər qapıda növbə gözləyir", "Oğuz tayfam Ağstafam" adlı kitabların müştərək müəlliflərindəndir.

Poylu kəndi axar-baxarlı, gözəl mənzərəli bir yerdə yerləşir. 850 evdən ibarət olan kəndin 5000 əhalisi var. Valeh müəllimin də evi kəndin ortasında, yaşıllıqlar qoynunda yerləşir. O, özünə gözəl həyət-baca düzəldib. Hər tərəf gül-çiçək içərisindədir. Təsərrüfatından əldə etdiyi gəlirlə həyat şəraitini daha da yaxşılaşdırır.

Təsərrüfatı gəzə-gəzə ona belə bir sualla müraciət etdim:

- Necə oldu ki, siz yerinizi gənclərə vermək qərarına gəldiniz?

- Bu barədə mən hələ çoxdan fikirləşirdim. Artıq 73 yaşım var. Lakin gücdən düşməmişəm. Hələ 1997-ci ildən təqaüdə çıxsam da məktəbdən ayrılmır, işləyirdim. İndi qərara gəldim ki, pedaqoji işdən tamamilə gedəm. Doğrusu, kollektiv məni buraxmaq istəmirdi. Xeyli təkid etdim. Sentyabrın 1-dən məktəbdən ayrılmışam. Arzu edirəm ki, çalışdığım kollektivdə 12 müəllim də belə etsin. Bizim üçün evdə də, ailədə də, kənddə də iş çoxdur. Bəs cavanlar, gənclər nə vaxt işləməlidir? İndi onlara yer vermək lazımdır. Mən də yerimi onlara verdim.

Söhbətə məktəbin direktoru Xatirə Həsənova da qoşulur:

- Doğrusu Valeh müəllimsiz məktəbi təsəvvür edə bilmirəm. O mənim də müəllimim olub. Onun məktəbdən ayrılmasına bütün kollektiv təəssüf edir. Valeh müəllim həm gözəl riyaziyyatçı, fizika, informatika müəllimi, həm də məktəbin bənnası, ustası, rəssamı idi.

Valeh müəllimin 6 oğlu, bir qızı var. Hamısını ev-eşik sahibi edib, onlara təhsil verib. Qızı Nairə atasının yolunu davam etdirir, müəllimdir. İndi 16 nəvə sevincini yaşayır Valeh müəllim.

Bəli, ölkəmizdə öz işi, sənəti ilə seçilən, geniş ictimaiyyətin hörmətini qazanan müəllimlər çoxdur. Onlar da təhsil islahatı sahəsində gedən böyük quruculuq işlərində fəal iştirak edir, öz əməlləri ilə yeni-yeni uğurlar qazanırlar. Bunların içərisində isə yaşı yetmişi ötmüş müəllimlər də az deyil. Bu gün müasir texnologiyalarla təchiz olunmuş və yeniliklərlə dolu ölkənin təhsil sistemində meydan daha çox gənclərindir. ürəkli olun, əziz müəllimlər, Valeh müəllim kimi.

 

Malik NOVRUZOV