· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Yüzilliyə qapı açan məktəbin yeni binası

 

Lerik rayonunun ucqar kəndlərindən olan çayrud çoxdan belə bayram sevinci yaşamamışdı. "çayrud günləri" və çayrud kənd orta məktəbinin 90 illiyi artıq sentyabrın ikinci ongünlüyündən, müxtəlif səpgili el şənlikləri, idman yarışları, disputlar və ziyalılarla görüşlərdən start götürmüşdü. ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrini özünə leytmotiv seçən "çayrud günləri"nin təşkilat komitəsinin Bakı qrupunu əsasən bu kənd orta məktəbinin məzunları, hazırda respublikanın müxtəlif elm, təhsil, iqtisadiyyat, dövlət strukturlarında çalışan ziyalılar təşkil edirdi. Elə tədbirlərin əsas hissəsi də sentyabrın 14-də, onların kəndə gəlişi və Şəhidlər, Böyük Vətən müharibəsi abidələrinin ziyarəti ilə başladı. Sonra bu ziyalılardan seçilən münsiflər heyətinin rəhbərliyi ilə əsl bilik yarışı keçirildi. Qaliblər müəyyənləşdirilib mükafatlandırıldıqdan sonra qonaqlar çayrudluların bilik bayramına və 90 illik yubileyə Azərbaycan dövlətinin böyük hədiyyəsi - yaraşıqlı, ikimərtəbəli, böyük idman zalı olan, ən müasir avadanlıq və kompüterlərlə təmin olunmuş yeni tikilmiş məktəb binasının rəsmi açılışa hazırlıq işləri ilə tanış oldular.

Açığı, doğma kəndimdə belə bir məktəbin tikintisinə nə mən, nə də digər qonaqlar heyrətimizi gizlədə bilmədik. Doğrudur, son 5 ildə istər dövlət səviyyəsində, istərsə də Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində yüzlərlə yaraşıqlı, müasir standartlara cavab verən məktəblər tikilib istifadəyə verilmişdir. Ancaq ucqar bir rayonun, sərt iqlimə və relyefə malik bir dağ kəndində belə məktəbin yüksək səviyyədə tikilməsi tamam fərqli bir təsir bağışlayır və  ölkənin bütün regionlarının, guşələrinin Azərbaycan dövlətinin diqqətindən yayınmadığını nümayiş etdirirdi. Bu fikirlər ertəsi gün, yəni sentyabrın 15-də məktəb binasının və "çayrud məktəbi-90" yubiley tədbirinin rəsmi açılışında bir neçə natiqin çıxışında da səsləndi. Məktəbin rəsmi açılışını bildirən qırmızı lent rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tərəfindən kəsildikdən sonra qonaqlar əvvəlcə yeni məktəbin foyesində, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və  İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda təhsil müəssisələrinin açılışlarında, bilik günlərində iştiraklarını əks etdirən fotoşəkillərlə tanış oldular. Məktəbin fənn kabinetlərinə, idman zalına baxış keçirildikdən sonra birincilərin ilk dərs gününü təbrik edən qonaqlar fidan balalara hədiyyələr təqdim etdilər.

Məktəbin açılışı, "çayrud günləri" və çayrud kənd  orta məktəbinin 90 illik yubiley mərasimini Lerik Rayon Təhsil Şöbəsinin müdiri Hüseynbala Əliyev açdı. Natiq məktəbin tarixi, 90 ildə əldə etdiyi uğurlar və məktəbin məzunlarının elmdə qazandığı nailiyyətlərdən danışdı və yeni məktəbin tikintisində Təhsil Nazirliyinin diqqət və qayğısını xüsusi qeyd etdi.

Mərasimdə iştirak edən ziyalılar, elm adamları çayrud kənd orta məktəbi və burada zəhməti olan müəllimlər haqqında xoş xatirələrini söylədilər. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov isə çıxışına çayrudluları bu əlamətdar bayram münasibəti ilə təbrikdən başladı. O qeyd etdi ki, belə əlamətdar bir gündə məktəbin açılışı hamımız üçün ikiqat  bayramdır. Son beş ildə təkcə Lerikdə deyil,  bütün respublikada məktəb tikintisi böyük sürətlə aparılır və bu da onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin inkişafında mühüm rol oynayan təhsili strateji sahə kimi daim diqqətdə saxlayır.

Tədbir davam edərkən Elşən Səfərov adına çayrud kənd orta məktəbinin məzunu, Bakıda yaşayan iş adamı, "çayrud günləri" təşkilat komitəsinin rəhbəri övsət Həmidovun təəssüratlarını da öyrəndik. O dedi:

- Mənim sevincimin həddi-hüdudu yoxdur. çünki özüm respublikada məktəb tikintisi aparan şirkətin rəhbərlərindən biriyəm. Bir neçə ildir ölkəmizin bütün regionlarında bir-birindən gözəl məktəblər tikirik. çoxdan arzulayırdım ki, doğma kəndimizdə də belə bir məktəb tikilsin. Bu gün arzularımın ünvanına  gəlmişəm. Mən bir ziyalı kimi kəndimizin bütün sakinləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ən xoş arzularımızı, minnətdarlığımızı bildirirəm. Bu gün bütün çayrudlular bir daha əmin oldular ki, dövlət başçısı İlham Əliyev həqiqətən 2003-cü il prezident seçkisində söylədiyi kimi, bütün azərbaycanlıların Prezidentidir.

Məktəbin məzunu, Azərbaycan Respublikası Ağsaqqallar  Şurası Hüquq Komissiyasının sədri, "Polisə dəstək" İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polis polkovniki  Cabir Kazımovun da sevinci yerə-göyə sığmır. Söhbət zamanı dedi:

- Bu gün dünyasını dəyişən müqəddəs müəllimlərimizin ruhu bu məkanda, bu şadyanalığın seyrinə gəlib. Həyatımızın, taleyimizin istiqamətini müəyyənləşdirən, bizim xatirələrimizdə əbədiləşən Gülağa Rüstəmov, Baxışəli Seyfullayev, Qardaş Səfərov, Volodya müəllim kimi insanların da bu gün bayramıdır. 5 elmlər doktoru, 30-dan çox elmlər namizədi, neçə-neçə həkim, müəllim, polis işçisi, mühəndis, aqronom, jurnalist məhz bu böyük müəllimlərin bu məktəbdə həyata vəsiqə verdiyi insanlardır. Mən çıxışımda bu gündən belə yaraşıqlı, rahat məktəbdə dərs keçən müəllimlərə o günləri xatırlatdım. Onda, 50-60 il bundan qabaq belə məktəbi yuxuda görmək də bizə nəsib olmamışdı. Amma çox sağ olsun möhtərəm Prezidentimiz, belə ucqar bir kənddə bu əzəmətdə bir məktəbi bizim elimizə, obamıza ərməğan edib.

Buranın daimi qonağı olan duman dağ aşırımlarında yatıb qalmışdı. Sanki bu çal-çağıra mane olmağa, sevinc içində olan insanların kefini pozmağa cürət etmirdi. Bu bayram tədbirində kimi xatirələrini bölüşdü, kimi də Allahdan dövlətimizə əmin-amanlıq, onun başçısına isə uzun ömür, cansağlığı arzuladı. Beləcə 90 illik tarixi olan çayrud kənd orta məktəbi öz ömrünün yeni onilliyinə yeni məktəbdə qədəm qoydu. Qədəmləri mübarək olsun!

 

İlqar çAYRUDLU