· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmasından 10 il keçir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının onilliyi münasibətilə təntənəli mərasim keçirilmişdir.  Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Yubiley mərasimində çıxış edən akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış təhsil ocağının əldə etdiyi nailiyyətlərdən söhbət açmış, akademiyanın respublikamız üçün idarəçilik sahəsində mütəxəssislər hazırlanması işində mühüm rolu olduğunu vurğulamışdır. Ulu öndər Heydər Əliyevin elmə, təhsilə göstərdiyi qayğı və diqqətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran S.Qəndilov akademiyanın ənənələrinə sadiq qalan tələbələrin biliyi, bacarığı ilə idarəçilik sahəsinə öz töhfələrini verəcəklərinə ümid etdiyini bildirmişdir.

Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov akademiya yaradılarkən ümummilli lider Heydər Əliyevin sözlərini xatırlatmış, bu təhsil ocağının respublikamızda elmi və texnoloji yeniliklərin tətbiq edildiyi ilk məkan olduğunu vurğulamışdır.

Hazırda akademiyada ulu öndər Heydər Əliyev irsi, onun idarəçilik təcrübəsi, fenomenal qabiliyyətlərə malik dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti geniş tədris olunur. Dövlət İdarəçilik Akademiyası dünyanın bir sıra aparıcı ölkələrinin idarəçilik institutları ilə elmi əməkdaşlıq əlaqələri qurmuşdur. Burada xarici tələbələrin, doktorantların elmi fəaliyyətlərini davam etdirmələri üçün geniş imkanlar yaranmışdır.

Diqqətə çatdırılmışdır ki, akademiyada geniş oxucu kütləsi üçün "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalı da nəşr olunur. Artıq bir necə ildir ki, Dövlət İdarəçilik Akademiyası ali məktəblərin reytinq cədvəlinə başçılıq edir.

Mərasimdə təhsil naziri Misir Mərdanov akademiyanın xüsusi əhəmiyyətindən danışaraq, yeni dərs ilinin təhsil ocağı üçün uğurlu olmasını arzulamışdır.

Təhsil Nazirliyi tərəfindən akademiyanın bir qrup əməkdaşına Fəxri fərman və "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" fəxri adı verilmişdir.

Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı çıxış edərək akademiyanın keçdiyi inkişaf yolundan danışmışlar.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

AzərTAc