· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

YAP İdarə Heyətinin üzvləri Bakının Nəsimi

rayonundakı "Elitar" gimnaziyada olublar

 

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri Bakının Nəsimi rayonundakı "Elitar" gimnaziyaya gələrək əsaslı bərpa və yenidənqurmadan sonra burada yaradılmış şəraitlə tanış olmuşlar.

 Təhsil naziri Misir Mərdanov məlumat vermişdir ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanılmış və "Bilik günü"ndə dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilmiş gimnaziyada tədris üçün hər cür şərait yaradılmışdır. Gimnaziyada 70-dək sinif otağı vardır. Yeni dərs ilində burada 958 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olur.

ötən tədris ilində bu gimnaziyanın 76 məzunu respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul imtahanlarında iştirak etmiş, 70-i tələbə adını qazanmışdır. Məktəbin 8 məzunu 600-dən çox bal toplamış, onlardan biri Prezident təqaüdünə layiq görülmüşdür.

YAP İdarə Heyətinin üzvləri sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, bufetə, idman salonuna, akt zalına baxmış, tədris prosesi, dərs vəsaitləri ilə yaxından tanış olmuşlar.

Qonaqlara məlumat verilmişdir ki, gimnaziyanın həyətində həm fiziki  tərbiyə dərslərinin, həm də şagirdlərin istirahətinin səmərəli təşkili ilə bağlı hər cür şərait yaradılmışdır.

Gimnaziyadakı şəraitdən məmnun qaldıqlarını bildirən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir: "Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə təhsilin inkişafına dövlətimiz əhəmiyyətli dəstək verir və bu, öz bəhrəsini göstərməkdədir. "Elitar" gimnaziyanın timsalında Azərbaycan dövlətinin təhsilə qayğısının hansı səviyyədə olması, bütövlükdə Azərbaycan təhsilinin həm bu günü, həm də perspektivləri haqqında aydın təsəvvür formalaşır.

Bu məktəbdə Azərbaycan gəncləri ən müasir biliklərə yiyələnə biləcək, ölkənin layiqli vətəndaşları kimi böyüyəcəklər. Gimnaziyada yaxşı müəllim heyəti vardır və güman edirəm ki, buradakı ab-hava, ən başlıcası, yaradılan şərait səmərəli və keyfiyyətli təhsilin verilməsinə imkan yaradacaqdır".

Sonda YAP İdarə Heyətinin üzvləri müəllim və şagirdlərlə xatirə şəkli çəkdirmişlər.

 

AzərTAc

 

 

 

"Azərbaycan-Almaniya ali təhsil günləri"

mövzusunda beynəlxalq konfrans keçiriləcək

 

 1-3 oktyabr tarixlərində Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində Bakıda "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirdə Almaniyanın nüfuzlu universitetlərindən olan 30-a yaxın nümayəndə, o cümlədən ölkəmizin ali təhsil müəssisələrinin təmsilçiləri iştirak edəcəklər.

Konfrans zamanı Almaniya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər müzakirə ediləcək, həmçinin tibb, kənd təsərrüfatı, texniki elmlər sahəsində əlaqələrə həsr olunmuş, Boloniya prosesi çərçivəsində birgə proqramların hazırlanması ilə bağlı məruzə və çıxışlara yer veriləcək.

Onu da qeyd edək ki, oktyabrın ilk günündə qeyd olunan tədbir çərçivəsində "Kapellhaus" - Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası da keçiriləcək.

 

 

 

 

ötən dərs ilində 247 təhsil işçisi dövlət təltiflərinə layiq görülüb

 

2008-2009-cu dərs ilində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 247 nəfər təhsil işçisi dövlət təltiflərinə layiq görülüb. Onlardan 2 nəfəri "Şərəf", 2 nəfəri isə "Şöhrət" ordeni alıb. 3 nəfər "Əməklar elm xadimi" adına layiq bilinib. 81 təhsil işçisinə "Tərəqqi" medalı təqdim olunub, 154 nəfərə isə "Əməkdar müəllim" fəxri adı verilib. 4 təhsil işçisinin təhsilimizdəki uzunillik xüsusi xidmətləri onlara Prezidentin fərdi təqaüdünün verilməsi ilə qiymətləndirilib.

 

 

 

 

Beynəlxalq qiymətləndirmənin nəticələri ilin sonunadək bəlli olacaq

 

ölkədə təhsilin səviyyəsinin müxtəlif aspektlərdə ölçülüb digər ölkələrlə müqayisəli təhlillər aparmağa imkan yaradan beynəlxalq qiymətləndirmə tədbirləri davam etdirilir.

2006-cı ildə ölkəmizdə ilk beynəlxalq qiymətləndirmə aparmış PISA təşkilatının iştirakı ilə cari ilin aprel-may aylarında "PISA-2009"-un əsas mərhələsi keçirilib. Qiymətləndirmə respublikanın 162 məktəbinin 15 yaşlı 4716 şagirdini əhatə edib. Beynəlxalq qiymətləndirmənin nəticələri ilin sonunadək bəlli olacaq və ictimaiyyətə çatdırılacaqdır.

Təhsil Nazirliyindən aldığımız məlumata görə, kurikulum üzrə beynəlxalq qiymətləndirməni həyata keçirmək məqsədi ilə Təhsil Nazirliyi TIMSS (riyaziyyat və təbiət elmlərini öyrənmə meyilləri üzrə beynəlxalq tədqiqatlar) və PRLS (oxu bacarıqları üzrə irəliləyişlərin beynəlxalq tədqiqatları) proqramlarına qoşulub. 2010-cu ilin fevralında təmsiledici seçim yolu ilə ölkənin 150-160 məktəbində bu proqramın sınaq mərhələsi həyata keçiriləcək. 2012-ci ildə isə IV siniflərdə riyaziyyat və təbiət fənləri üzrə TIMSS, oxu bacarıqları üzrə PRLS beynəlxalq qiymətləndirilmələri aparılacaq.

 

Y.ƏLİYEV

 

 

 

 

Azərbaycanda tələbələrin 82,8 faizi İnternetdən istifadə edir

 

AzərTAc xəbər verir ki, Dövlət Statistika Komitəsi tərəfindən aparılan "Əhalinin fasiləsiz təhsildə iştirakına dair" birdəfəlik seçmə statistik yoxlamanın nəticələrinə görə, Azərbaycanda tələbələrin böyük hissəsi İnternetdən istifadə edir.

Belə ki, sorğu olunan tələbələrin 82,8 faizi öz biliklərini zənginləşdirmək üçün həm kompüterdən, həm də İnternetdən istifadə etdiklərini bildirmişdir.

Məlumat üçün bildirək ki, bütün ölkəni əhatə edən yoxlamada 33 min 486 nəfər (25-64 yaşlı şəxslər) iştirak etmişdir.