· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təbrik edirik

Azərbaycan aliminin böyük uğuru

 

Həmyerlimiz, riyaziyyatçı alim Sabir Mirzəyev yüksək

beynəlxalq mükafata - M.Boqolyubov adına medala layiq görülüb

 

ölkəmizin elm və təhsil ictimaiyyəti bu günlərdə xoş bir xəbərin sevincini yaşamışdır. Azərbaycanın tanınmış riyaziyyatçı alimi, Bakı Dövlət Universitetinin professoru, VII-XI siniflər üçün həndəsə, cəbr, cəbr və analizin başlanğıcı dərsliklərinin həmmüəllifi və redaktoru Sabir Sultanağa oğlu Mirzəyev Ukrayna Riyaziyyatçılar Cəmiyyətinin bu yaxınlarda keçirilmiş II beynəlxalq konqresində M.Boqolyubov adına medala layiq görülmüşdür.

Məlumat üçün bildirək ki, Ukrayna Riyaziyyatçılar Cəmiyyəti hər 10 ildən bir məşhur riyaziyyatçı alimlərə həsr olunan beynəlxalq konqres keçirir. 10 il bundan əvvəl çağırılmış birinci konqres akademik Krılovun, bu il avqustun 27-30-da keçirilmiş ikinci konqres isə akademik Mikola Boqolyubovun şərəfinə təşkil olunmuşdu. Konqresdə dünyanın 50-dən çox ölkəsindən gəlmiş 1100-dən yuxarı riyaziyyatçı alim iştirak etmişdir. Onların içərisində ölkəmizi təmsil edən riyaziyyatçı alimlər də var idi. Konqresdə riyaziyyatın müxtəlif sahələrinə aid yaradılmış bölmələrdə müvafiq sahələr üzrə alınan yeni nəticələr müzakirə edilmişdir. Bu sahələrdən biri də respublikamızda inkişaf etmiş funksional analiz sahəsi idi. Sevindirici haldır ki, funksional analiz üzrə yaradılmış 4 bölmədən birinin yarımbölməsinə Sabir Mirzəyev rəhbərlik etmişdir.

Hər konqresdə riyaziyyatın müvafiq sahələri üzrə yüksək nəticələr qazanmış alimlər konqresin həsr olunduğu alimin adına təsis edilmiş medallarla təltif olunur. Builki konqres zamanı da funksional analiz sahəsində aldıqları yüksək nəticələrə görə professorlar Rofe-Beketov, Nijnik, Mixaylets, Koçubey kimi tanınmış alimlərlə birlikdə həmyerlimiz Sabir Mirzəyev də bu sahə üçün Boqolyubovun adına təsis olunmuş 8 medaldan birinə layiq görülmüşdür. Aldığı yüksək mükafat münasibəti ilə tanınmış riyaziyyatçı və pedaqoq alim Sabir Mirzəyevi ölkəmizin alimləri və çoxminli təhsil işçiləri adından təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.

Yeri gəlmişkən qeyd edək ki, Sabir müəllim uzun illərdir Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir, dərsliklərin, istedadlı şagirdlər üçün olimpiada kitablarının hazırlanmasında yaxından iştirak edir.

O, riyaziyyat üzrə Respublika Elmi-Metodik Şurasının, ali məktəb tələbələri arasında keçirilən riyaziyyat olimpiadalarının münsiflər heyətinin, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, Kurikulum Şurasının sədridir.

Onu da vurğulamağı lazım bilirik ki, S.Mirzəyev funksional analizin ən müasir sahələrindən biri olan operator-diferensial tənliklərin həll olunma məsələləri, öz-özünə qoşma olmayan operatorların spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 10-dan çox elmlər namizədi hazırlanmışdır. S.Mirzəyev funksional analiz sahəsində 40 ilə yaxın bir dövrdə pedaqoji fəaliyyət göstərir.

Sonda onu da qeyd edək ki, professor Sabir Mirzəyev belə nüfuzlu mükafata layiq görülmüş ilk Azərbaycan riyaziyyatçı alimidir.

 

Y.ƏLİYEV