· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İsa Həbibbəyli-60

Bir çinar göyərdi Araz üstündə

 

...1969-cu ilin soyuq, şaxtalı bir dekabr gecəsində - bu gün Naxçıvan  Dövlət  Universitetinin rektoru, akademik, millət vəkili İsa Həbibbəyli ilə ilk tanışlığımız yarandı. Onda İsa müəllim  Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə  üçüncü kurs tələbəsi idi. Mən də filialda eyni ixtisasın birinci kursunda  oxuyurdum. Tələbə yoldaşlarımdan birinin ad günü idi. Filialın birmərtəbəli nimdaş yataqxanasında, bir az da soyuq bir otaqda kiçik tələbə süfrəsinin başına toplaşmışdıq. Hər kəs ürək sözlərini,xoş arzularını dilə gətirib "səbəbkarı" təbrik edirdi. Növbəti təbrik üçün ayağa qalxan İsa gözəl şairimiz Musa Yaqubun bu gün də dillər əzbəri olan bir bənd şeirilə sözə  başladı:

 

Bəlkə də borcundan çıxmadım, Vətən!..

ömür bahar deyil, bir də qayıtsın.

ölsəm də  qoynunda qoy ölüm ki, mən.

çürüyüm, bir ovuc torpağın artsın!..

 

Bu bir bəndlik şeiri elə ürəklə, yanğı ilə dedi ki, çoxumuzun tələbə qəlbində əbədi bir Vətən sevgisi, Vətən odu qalandı. Və bizim  çoxumuz da Musa Yaqub kimi bir şairin varlığını məhz  İsa müəllimdən - tələbə İsadan eşitdik... Başladıq onun yaradıcılığını mütəmadi olaraq izləməyə...

Hələ tələbə ikən elmə,ədəbiyyata, Məmməd Araz demişkən, "bir ümman həvəsi ilə" gələn İsa müəllim səmimiyyəti, təmiz mənəviyyatı ilə çoxları kimi mənim üçün də yaxın, məhrəm  bir insana çevrildi. "Şərq qapısı" qəzeti səhifələrində şeirlərini, məqalələrini oxuduqca içimizdə ona qarşı bir vurğunluq hissi baş qaldırırdı.Onun hələ o vaxtdan yaxşını pisdən, istedadlını istedadsızdan, qabiliyyətlini qabiliyyətsizdən seçmək bacarığı vardır. Bir gün filialın birinci mərtəbəsinin foyesində Azərbaycan şairlərinin adlı siyahısını əks etdirən iriformatlı bir elan vurulmuşdu. Məqsəd də bu idi ki, hansı şairləri tələbələr adından görüşə çağırmaq olar. Seçim tələbələrin idi. Onda İsa müəllim barmağını üç şairin - Məmməd Araz, Xəlil Rza və Əliağa Kürçaylının adlarının üstünə qoydu və dedi: "Bunların şeirlərində  həm təzə söz, həm də yüksək vətənpərvərlik var". Etiraf edək ki,o vaxtlar (69-70-ci illər) bu şairlərin üçü də hələ elmi-ədəbi fikrin diqqətini çox da cəlb etməmişdi.Amma İsa müəllimin geniş mütaliəsi, şeirə, sənətə bələdliyi nəticəsində etdiyi seçimi sonralar zaman bir daha təsdiqlədi.

İsa müəllimin özünəməxsus maraqlı cəhətlərindən biri o  idi ki, onun tələbə pencəyinin cibləri xoşuna gələn, qəlbinə yatan şairlərin mətbuatda çıxan şeir parçaları ilə dolu olardı. Onun cibləri sanki zəngin bir arxivin balaca guşələri idi.Bu güşələrdə sevgi şeirlərindən tutmuş böyük ictimai-siyasi gücə malik olan şeirlər toplanmışdı. Əgər o tələbə  pencəyi cibində əzizlənə-əzizlənə qorunan şeirlər tədqiqata cəlb edilsəydi, şübhəsiz, ayrıca bir araşdırma ortalığa çıxardı. Təbii ki, bu da bizim üçün yaxşı mənada nümunə idi. Bizdə şeirə, sənətə, böyük ədəbiyyata maraq, bəlkə də, elə o illərdən başlandı ki, onun da əsl səbəbkarlarından biri İsa müəllim oldu.

Yüksək mənəvi-əxlaqi dəyəri, istedad və bacarığı ilə həm filial rəhbərliyinin, həm də tələbələrin dərin hörmətini qazanan İsa müəllim filialda elə bir tədbir yox idi ki, orada  ya təşkilatçı, ya da iştirakçı olmasın.Naxçıvanda yaşayıb-yaradan Hüseyin İbrahimov (sonralar xalq yazıçısı), Hüseyn Razi, Əliyar Yusifli, Müzəffər Nəsirli kimi yazıçı və şairlərlə tələbələrin ilk görüşləri fəal və əlaçı  tələbə, həm də istedadlı qələm  adamı kimi İsa müəllimin təşkilatçılığı ilə həyata keçirilirdi. Həmçinin o, həmin sənətkarların yaradıcılığı haqqında geniş məruzələrlə çıxışlar edirdi.

...İkinci kursda oxuyanda Azərbaycan ədəbiyyatı fənnindən kurs işi yazmalı idim. Mövzum "M.Ə.Sabir və müasirləri" idi. Kurs rəhbərimsə mərhum elmlər namizədi, dosent İzzət Maqsudov idi. Kurs işini yazıb İzzət müəllimə verdim.Aradan üç gün keçməmiş İsa müəllim mənə dedi: "Xanəli,  sənin kurs işini oxudum, bəzən məsələlərə üzdən,səthi yanaşmısan". Etiraf edim ki, bir az allandım və "Nə kurs işi? Mən ki sənə kurs işi verməmişəm", - dedim. Məlum  oldu ki, İzzət müəllim İsa müəllimin istedad və bacarığını nəzərə alaraq, kurs işini yoxlamaq üçün ona vermişdir. Kurs işindəki ciddi düzəlişlər,əlavələr məni sanki oyatdı, arxayınçılıqdan qurtardı."Kurs işi" əhvalatı o vaxta qədər tələbə İsa kimi tanıdığım bir yoldaşı,dostu mənim nəzərimdə "müəllim" İsa səviyyəsinə yüksəltdi.Bu gün etiraf edim ki,bəlkə də hamıdan çox mənim yaradıcılıq taleyimdə (belə demək mümkünsə) İsa Həbibbəyli faktoru xüsusi rol oynamış və oynamaqdadır.

Bir həqiqətdir ki, hər bir şəxsiyyətin xarakteri onun taleyini, taleyi də xarakterini  müəyyənləşdirir. Bu baxımdan yanaşdıqda İsa müəllim xarakteri taleyini, taleyi xarakterini müəyyənləşdirən şəxsiyyətlərdəndir. O, hələ qırx il bundan əvvəl özünün dəyişməz, sabit, aydın elm yolunu müəyyənləşdirmişdir. Yuxarıda xatırlatdığım ad günü məclisində İsa müəllim uzaqgörənlik və həm də qətiyyətlə deyəndə ki, "mənim üçün ən müqəddəs, şərəfli yol elm yoludur. Bundan uca, əlçatmaz yol tanımıram". Nə qədər haqlı imiş. Müəllim  ailəsində doğulub boya-başa çatan İsa müəllim elmin nəyə qadir olduğunu, elm adamının nə dərəcədə hörmət və nüfuz sahibinə çevrildiyini çox aydınlığı ilə görürdü. çünki o, həyata və elmə ayıq təfəkkürlə, aydın və işıqlı düşüncə ilə gəlmiş, özündən əvvəlki elm və sənət adamlarının irsini yaxşı öyrətməklə bərabər,həm də bu yolun əbədi mənəvi varisinə çevrilmişdir...

Mətbuat, qəzet,elə bil ki, onun ağciyəri idi. Ağciyər olmadan bədəni oksigenlə təmin etmək, sağlam yaşatmaq mümkün olmadığı kimi, mətbuatsız, qəzetsiz də İsa müəllimi təsəvvür etmək mümkün deyildi. "Ulduz", "Azərbaycan" jurnalları, "Ədəbiyyat qəzeti", APİ-nin orqanı olan "Gənc müəllim" qəzeti, demək olar ki, onun o vaxtlar daim oxuduğu informasiya mənbəyi idi.

...1991-ci ilin sentyabrında Naxçıvan Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Qasım Hüseynov məni universitetin orqanı kimi ilk dəfə nəşr ediləcək qəzetin redaktoru vəzifəsinə dəvət etdi. Qəzetin hələ adı yox idi. Onda İsa müəllim elmi işlər üzrə prorektor vəzifəsində çalışırdı. Artıq elmi ictimaiyyət onu Cəlilşünas alim kimi tanıyır və qəbul edirdi. Ciddi söz və fikir sahibi idi. Hələ  doğulacaq  körpəsinə  valideyn  ən ülvi, mənalı, məzmunlu ad fikirləşdiyi kimi, qəzetin nəşrini də böyük ürək və məhəbbətlə gözləyən, sevən İsa müəllim qəzet üçün müxtəlif adlar düşünürdü. Əvvəlcə qəzetin adını "Addımlar" qoymaq istədi.Yəni qəzetin hər nömrəsi irəliyə, inkişafa doğru bir addım olacaqdı.Sonra fikrini dəyişib qərarlaşdırdı ki, "qəzetin adı "Fikir" olsun.Biz bu işimizlə həm də böyük maarifçi, Azərbaycan təhsilinin inkişafında danılmaz rolu olan A.O.çernyayevskinin yarımçıq arzusunu, ümidini göyərtmiş olarıq". Qəzet bu sətirlərin müəllifinin redaktorluğu ilə 15 oktyabr 1991-ci ildə ilk  nömrəsindən "Fikir" adı ilə nəşr edildi. (Bu qəzet 1996-cı ilə qədər nəşr edildi. Sonra "Fikir" bülleteni kimi ayda bir dəfə nəşr olunmaqla bu gün də fəaliyyətini davam etdirməkdədir.) Qəzetin ikinci nömrəsinin birinci səhifəsində (12 noyabr 1991-ci il) İsa müəllimin "Fikir"  qəzeti - 98 ildən sonra"  adlı məqaləsi dərc edildi.Müəllif yazırdı: "1893-cü ildə görkəmli maarifçi A.O.çernyayevski Qori seminariyasının Azərbaycan şöbəsinin inspektoru vəzifəsində çalışmışdır.O, Qoridən Tiflisə köçmüş, burada "Fikir" adlı qəzet nəşr etmək fikrinə düşmüş, buna rəsmi şəkildə icazə almışdır. Təəssüf ki, 1894-cü ilin yazında A.O.çernyayevskinin qəfil vəfatı həmin yüksək maarifçi niyyətinin həyata keçirilməsinə imkan verməmişdir". Məqaləni İsa müəllim həm də ilk addımını atan qəzetin məqsəd və məramını açan, onun ideya istiqamətini müəyyənləşdirən bir sonluqla qurtarırdı: "Fikir" - fikirləşməyi, düşünüb müqayisə etməyi, nəticə çıxarmağı  bacaranlar üçün söz kürsüsüdür. Ağıllı sözün xeyirxah əmələ çevrilməyinin yolu fikirdən və bu amalın tərcümanı olan "Fikir" qəzetindən keçir".

Lakin "Fikir"in nəşrə başlaması ölkədə kütləvi xaosun, başıpozuqluğun, Xəlil Rza demişkən "ağciyərlə igidin bir-birinə qarışdığı" zamana təsadüf etdiyindən ona qarşı soyuq, hətta qərəzlı münasibətlər də az deyildi. Universitetdə zahirən demokrat, vətənpərvər, xalq və millətsevər "igidlər" də var idi ki,onların peşəsi pərdə arxasından dirijorluq etməkdən,  ara qarışdırmaqdan başqa bir şey deyildi.Onların içərisində elələri var idi ki, "Fikir" qəzetini görəndə sanki  ilan görürdü, onlardan biri hətta bu qəzetin tələbə auditoriyasına buraxılmaması üçün ciddi "fəaliyyət" göstərirdi. "Böyük amallar", "yüksək vətənpərvərlik" naminə ortaya atılmış, əslində sabun köpüyü kimi şişib partlayan, bir çeynəm saqqız üçün hər mühitə uyğunlaşan bu ünsürlər yeniliyi, sağlam düşüncəni əməli iş görməkdə yox, populist çıxışlarda, yalançı millətçilikdə, vətənpərvərlikdə görürdülər. Bu yolla özlərinə ucuz şöhrət, xal qazanırdılar.Ancaq çox çəkmədi ki, zaman hər kəsin maskasını yırtdı, kimin "hansı yuvanın quşu olduğunu" aydınlığı ilə göstərdi...

Məqsədimiz qəzetin həftədə bir nömrəsini nəşr etmək idi.Ancaq universitet adlanan bu təhsil ocağında  çalışan "istedadlı qələm" adamları iki cümlə yazmağı "öz şərəflərinə sığışdırmadıqlarından" biz qəzeti ayda bir dəfə nəşr etməyi planlaşdırdıq.Bu işin də ağırlığı yenə də İsa müəllimin üzərinə düşürdü. O, həm qəzetin əleyhdarlarına qarşı fədakar mübarizə aparır, həm də onun yaşaması üçün hər cür maddi və mənəvi zəhmətə qatlaşırdı. Ona görə də "meydan və dil qəhrəmanları" bu qəzeti universitetin yox, "İsanın qəzeti" adlandırırdılar.Əslində, dərindən,sağlam məntiqlə, sağlam  düşüncə ilə yanaşanda bu, elə belə də idi. çünki İsa müəllim qəzetin təkcə ideya, məfkurə istiqamətini müəyyənləşdirmirdi, o, həm də, belə demək mümkündürsə,qəzetin əliqələmli qara fəhləsi idi. Buna görə də "Fikir" və "Fikir"çilər İsa müəllimə çox borcludurlar...

Əsl ziyalı, şəxsiyyət üçün dəyişməz mövqe, bütöv xarakter  mühüm şərtdir. çünki bir çox hallarda ziyalı-şəxsiyyət cəmiyyətin aparıcı qüvvəsi kimi o, cəmiyyətin mütərəqqi inkişafının yön və istiqamətinin müəyyənləşməsində, formalaşmasında mühüm amilə, rola və gücə malik olur. Bütün tarix boyu belə olub. Millətin tarixi taleyi həll olunduğu bir zamanda ziyalı-şəxsiyyətlər cəmiyyətin önündə gedəndə millətdə yaşamağa və mübarizəyə inam artır, millət özünü daha güclü, daha arxalı hiss edir.İsa müəllim dəyişməz mövqeyə, bütöv xarakterə malik ziyalı-şəxsiyyətdir.Onun istər 90-cı illərin "sürüşkən" tarixi  şəraitində, istərsə də zamanın və həyatın sabitləşdiyi dövründə ictimai - sosial həyatımızın inkişafında oynadığı rol inkarolunmazdır.

Onun xarakterini, şəxsiyyətini şərtləndirən ən mühüm keyfiyyəti sözündə bütövlüyüdür. Fikrimcə, bu bütövlük, mənəvi zənginlik, Vətənə və xalqa bağlılıq üç mühüm mənbədən qidalanır: 1.Doğulub boya-başa çatdığı ailə mühitindən - kökdən,ilkin tərbiyədən; 2.Varlığı qədər sevdiyi Mirzə Cəlildən; 3.Qloballaşan, dünyəviləşən dünyaya açıq, aydın milli dəyərlər prizmasından baxaraq qiymət verib nəticə çıxarmaqdan...

1994-cü ildə zamanın gerçəkliyindən doğan "Ağrı" adlı birinci poemanı yazdım.Bu əsərin ilk oxucusu və ciddi tənqidçisi İsa müəllim oldu. O, əsəri oxuyub iradlarını və  tövsiyələrini dedi. Əsərdə sərt məqamlar da az deyildi. Doğrusu, bu əsəri çap etdirməyə tərəddüd edirdim. İçimdə gizli bir qorxu var idi. İsa müəllim mənim tərəddüd etdiyimi görüb çox inamlı bir şəkildə dedi: "Burada heç bir qorxulu şey yoxdur.Sən bu əsəri çap elə.Əgər bununla bağlı bir sıxıntın olsa, axıra qədər səni tək qoymayacağam !". Bu cəsarətli və inamlı söz içimdəki tərəddüdlərin, qorxunun üstündən xətt çəkdi.Poemanı "Fikir" qəzetinin iki nömrəsində dərc etdim, sonra da 1998-ci ildə nəşr etdirdiyim ilk kitabım "Ay işığında"ya da saldım...

...Hər bir qəhrəmanın tərcümeyi-halı onun ictimai - bioloji varlıq kimi doğulduğu tarixdən yox, qəhrəmanlığının doğulduğu tarixdən başlanır. İsa müəllimin tərcümeyi- halından aydın olur ki, o, 1949-cu il oktyabr ayının 16-da doğulub. Amma mənim fikrimcə, onun doğum tarixi 1996-cı il  oktyabrın 16-dan hesablanmalıdır. çünki daha çox o, bu ildən, bu gündən özünü bir rəhbər - şəxsiyyət kimi təsdiq etdi.1996-cı ilin oktyabrın 16-da İsa müəllim Naxçıvan Dövlət Universitetinə rektor təyin edildi - 47 yaşında. ölkə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yavaş-yavaş dirçəlməyə, beynəlxalq aləmdə sözünü deməyə, söz sahibi olmağa başlasa da, universitetimiz hələ çalxalanmaqda,narahat günlərini yaşamaqda idi.

"çəkişmələr konsertinə dirijorluq edənlərin" (M.Araz) sayəsində tədris pozulub, davamiyyət aşağı səviyyədə,ağız deyəni qulağın eşitmədiyi bir şərait, iddialar, mənəmliklər qasırğası... Belə bir şəraitdə universitetə rektor təyin edilən İsa müəllim çevik və dinamik fəaliyyət nümayiş etdirdi. Məmməd Araz demişkən "Bir uçurumdan fırtınaya tor atdı", ayrı-ayrı maraqları, mənafeləri, iddiaları ağır zəhmət və gərginlik bahasına bir məxrəcə gətirə bildi. Hər bir "xəstənin" müalicə təyinatını düzgün müəyyənləşdirdi, xüsusilə, "ağır, ipə-sapa yatmayan,nəzarətdən çıxmış xəstələrin" dolayısıyla yox, birbaşa "venasına düşməyi" bacardı. Bir rektor kimi məramnaməsini bəyan etdi. Hər fakültəyə, hər kafedraya, tələbə auditoriyasına yol açan "məramnamə"lərin birində deyilirdi: "Universitetimizdə aparılan bütün işlər tələbələrə daha yüksək səviyyədə xidmət etmək üçündür. Rektor". Bütün bu və digər profilaktik tədbirlər sayəsində az müddət içərisində universitetdə sabitlik, birlik bərqərar oldu. O vaxta qədər "və başqaları" sırasında adıçəkilən ali təhsil ocağı bütün sahələrdə qabaqcıl təhsil ocaqlarından birinə çevrilmək amalı ilə start götürdü.İndi universitetimiz məzmun və formaca kökündən  dəyişilmiş, nəinki ölkəmizin, hətta dünyanın qabaqcıl universitetləri sırasında inamla addımlamaqdadır...

Burada yadıma dünya miqyaslı bir ədəbi söhbət düşür. Məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerdən (1897-1962) soruşulanda ki, "Hansı əsərinizi ən çox sevirsiniz?" Yazıçı cavab verir: "Səs-küy və qəzəb" romanını... Bu əsər mənim ən gözəl və ən parlaq məğlubiyyətimdir". Y.Fuçik də deyib ki, ən böyük sənət o adamın sənətidir ki, o, məğlubiyyəti yaşamışdır.

Bu  həqiqətdir ki, özünü məğlub etməyi, hissinə, duyğusuna, ağıl və iradəsinə hakim olmağı bacarmayan  bir insan dünyanı da məğlub edə və ona hakim ola bilməz. Bu fikrimi qəribə də olsa  deməliyəm: "Naxçıvan Dövlət Universiteti İsa Həbibbəylinin "ən gözəl məğlubiyyətidir". Yəni, İsa Həbibbəyli şəxsi həyatında nələrisə məğlub edərək Nəxçıvan Dövlət Universitetinə böyük uğurlar qazandırıb.Əslində "ən gözəl məğlubiyyət" elə ən gözəl qələbə deməkdir...

İsa Həbibbəyli təkcə bir filoloq alim, ali məktəb qurucusu deyil, o, həm də dövrün və zamanın ictimai-siyasi "əsintilərini" vaxtında duyan, görən və zamanında da qiymətini verən siyasi təfəkkür və düşüncə adamıdır.Onun  təkcə  son  on  ildə  yazdığı  siyasi, həm  də analitik təhlilə əsaslanan nəzəri məqalələri sübut edir ki, İsa Həbibbəyli yetkin, sözünün siyasi gücü və çəkisi olan məfkurə adamıdır.Əgər bu məqalələr ayrıca bir kitab halında nəşr edilsə, inanırıq ki, bütöv bir nəsil politoloqlar üçün ən dəyərli mənbə rolunu oynayar...

Bugünkü elmi-ədəbi ictimaiyyət İsa Həbibbəylini ciddi bir elm adamı- akademik kimi qəbul edir və ona qiymət də, əsasən, bu prizmadan verilir. Amma unutmaq lazım deyil ki, İsa Həbibbəyli həm də gözəl şairdir.Onun şeir saxlancına yaxından bələd olduğum üçün tərəddüd etmədən deyərdim ki, əgər o, heç bir şey yazmasaydı belə, təkcə şeirləri ilə ədəbiyyat  tariximizdə əbədiləşərdi. Onun şeirlərində özünü göstərən yeni forma,yeni söz demək bacarığı, eyni mövzuya müxtəlif yön və istiqamətlərdən yanaşmaq ustalığı nəinki bugünkü şeir, söz pərdəsi altında tozanaq qaldıran "boz ədəbiyyatın" tüğyan etdiyi bir vaxtda, hətta 60-70-ci illərin ciddi ədəbi mühitində belə yeni idi, təzə idi. Fikrimizə örnək olaraq İsa Həbibbəylinin Azərbaycan rəssamlıq məktəbinin yetirməsi və milli rəssamlıq sənətini bəşəri dəyərlər səviyyəsinə yüksəldən xalq rəssamı Tahir Salahova həsr etdiyi "Fırçadan yağan günəş" şeirinə nəzər salaq:

 

Yaşıl budağın,

qırmızı yarpağı,

Neft ətirli

Azərbaycan torpağı.

Həyatın sərt üzü,

Fəqət özü.

Nöqtə boyda qırmızı rəngin

sənətdə ən ciddi sözü.

Dənizin tufanı,

qasırğası.

Dmitri Şestokoviçin narahat

qırmızı divanı,

Aydanın xoşbəxt qırmızı sırğası.

Həm də mətləb ifadə edən

şəkillərin altında

qırmızı xətlə yazılmış

"Taxir Salaxov" imzası.

Abşeronun yaxasında

köklü-köməcli

Əncir ağacı -

böyük sənətin tacı.

Fırçadan kətana

yağan günəş.

Dünyaya Xəzərdən

doğan günəş!

 

Bu şeirdə minillik Azərbaycan şeirinin özünəməxsus çalar və ənənələri gözlənilməklə bərabər, həm də bir şair fərdiyyəti, dəst-xətti var.Şeirdə üç mühüm amil çox ustalıqla birləşib. 1.T.Salahovun bitkin xarakteri; 2.Onun sənətinin ecazkarlığı və bəşərililiyi; 3.Rəssamı yetirən mühit və coğrafi şəraitinin atributlarının vəhdəti. Bu üç amilin vəhdəti  sözlə çəkilmiş konkret bir tablo yaratmışdır.Şairin digər şeirləri də mövzu və bədii faktlardan asılı olaraq ciddi düşünməyə imkan verir. Fikrimizcə, İsa Həbibbəylinin bədii yaradıcılığı ayrıca bir tədqiqatın mövzusudur.

...İnsan ömrü ağac ömrünə bənzəyir. Kimisi söyüd, kimisi palıd, kimisi..., kimisi də çinar ömrü yaşayır. ömrünün 60 ilinin 40 ilini Azərbaycan elminin, mədəni-sosial mühitinin, təhsilinin inkişafına həsr edən əməkdar elm xadimi, "Şərəf" ordenli, bir sıra beynəlxalq elmi qurum və təşkilatların üzvü, dünyanın yüz görkəmli adamlarından biri olan akademik İsa Həbibbəyli ömrü Araz üstdə göyərən çinar ömrüdür. Elə bir çinar ömrü ki:

 

Kökü min illərin dərinliyində

Başı göy üzünün dibsiz yerində...

Yay da yaylığını yaşadı onda,

Qış da qışlığını yaşadı onda,

 

Yaşadı onunla vaxt da, zaman da...

Yaşı böyüdükcə dərdi böyüdü,

Namərdi böyüdü,mərdi böyüdü,

Sağı da,solu da şərdi... böyüdü...

 

Min boran,min tufan döydü budağın,

Leysanlar, gürşadlar "yudu" yarpağın,

Ancaq pozanmadı onun növrağın...

 

Böyüdü dünənin təpəri kimi,

Hər günün şəfəqli səhəri kimi.

Bu günün sabaha xəbəri kimi,

çinar böyüdükcə qeyrət böyüdü,

Torpağa,millətə hörmət böyüdü,

Cahana sığmayan şöhrət böyüdü...

Bir çinar göyərdi Araz üstündə...

 

***

Əzizim İsa müəllim, məndən iki yaş böyük olsanız da Siz nəinki mənim, hətta özünüzdən 20-30 yaş böyük olanların bir çoxlarının taleyində, həyatında bütöv bir müəllim rolunu oynamışsınız və oynamaqdasınız. Sizi  ali məktəb qurucusu və ali təhsilin təşkilatçısı kimi təqdir etsələr də,özünüz çoxdan bəri etiraf olunmuş ayrıca bir məktəbsiniz - cəmiyyətimizi, millətimizi daim irəliyə aparan məktəb.

Sizə cansağlığı, böyük Azərbaycançılıq naminə bundan sonra da uğurlar arzulayıram. 60 illiyiniz mübarək!

 

Xanəli KƏRİMLİ,

filologiya elmləri namizədi,

dosent, Azərbaycan

Yazıçılar Birliyinin üzvü