· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Məktəb və pedaqoji fikir tariximizdən səhifələr

 

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının

Azərbaycan şöbəsində aparılan sinifdənkənar tədbirlər

 

IX məqalə

Seminariyada sinifdənxaric tədbirlər içərisində estetik tərbiyə mühüm yer tuturdu. Bu məqsədlə tələbələr müxtəlif tamaşalar hazırlayır, deklamasiyalar söyləyir, mahnı oxuyur, xor və s. təşkil edirdilər. Tələbələrin musiqini öyrənmələrinə böyük fikir verilirdi. Musiqi təhsili məcburi sayılmırdı, çünki musiqi tədrisi rəsmi dövlət planında nəzərdə tutulmurdu.

 Seminariya direktorunun hesabatındakı "Qeyri-məcburi fənlərdən məşğələlər" bölməsində deyilir: "Qeyri-məcburi fənlər sırasına skripka və nəfəsli musiqi alətlərində çalmağı da aid etmək lazımdır. Lakin Zaqafqaziya Müəllimlər Seminariyasında skripka çalmaq üzrə məşğələlər rəsmiləşdirilmişdir. Tələbələr ən azı notları düzgün oxumalı və başa düşməli idilər".

Qori Seminariyasında aparılan sinifdənkənar tədbirlərdə tələbələrin əmək tərbiyəsinə xüsusi əhəmiyyət verilirdi. Seminariyanın nəzdində Azərbaycan şöbəsinin təşkil olunduğu ilk illərdən şöbənin inspektoru A.O.çernyayevski bütün səyini, fiziki əməyi gələcək xalq müəllimlərinin ümumi hazırlığının tərkib hissəsinə yönəltmişdi. Geniş əmək tərbiyəsinin olmamasını o, dözülməz, məqsədsiz pedaqoji və əməli cəhətdən haqq  qazandırıla bilməyən hal sayırdı.

Seminariyanın tələbələri cildləmə işi ilə də məşğul olurdular.

Tələbələrlə ipəkçiliyə dair məşğələlər mart ayından başlanırdı. İşin ilk günlərindən ipəkçilik kursu nəzəri surətdə şərh olunurdu, tələbələr mikroskop və qurd toxumalarının tədqiq edilməsi qaydaları ilə əməli surətdə tanış edilirdilər.

Beləliklə, aydın olur ki, Qori Seminariyasında sinifdənxaric tədbirlərə böyük əhəmiyyət verilirdi. Bu tədbirlər sistemi rəsmi dövlət sənədlərilə məhdudlaşdırılsa da, bu iş təlim-tərbiyə prosesini genişləndirmək üçün ən əsas amillərdən olmuşdur. Seminariyada aparılan sinifdənkənar tədbirlər sistemi təlim-tərbiyə prosesinin yaxşılaşdırılmasına müsbət təsir göstərməklə yanaşı, daha çox əməli bacarığa, təşəbbüskarlığa, müstəqilliyə malik adamların yetişməsinə kömək edirdi.

...Qori Seminariyasını qurtaranların dediyinə görə, ora öz gözəl ənənələrinə görə "səhrada çəmənlik idi". Orada inqilabdan və hətta sağlam fikrin iradəsinə uyğun cüzi mütərəqqi hərəkatdan oddan qorxan kimi "xırda cəsədlər", tamahkar məsləkpərəstlər, aşkar monarxistlər də var idi. Lakin onlar seminariyada kök salmış müsbət ənənəni dəyişdirə bilmədilər. 

Fikrət SEYİDOV,

professor