· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyi Avstriyanın "Hilfswerk"

təşkilatı ilə birgə yeni layihə həyata keçirəcək

 

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların ailədə yaşamaq hüququnu təmin etmək məqsədilə onlar üçün ailəni əvəz edən alternativ xidmətlərin (övladlıq, qəyyumluq və himayədarlıq, ailə tipli kiçik qrup evlər)  yaradılması nəzərdə tutulur.

Bu məqsədlə Təhsil Nazirliyi ilə Avstriyanın Hilfswerk təşkilatının birgə hazırladığı "Azərbaycanda himayədar ailə (foster) xidmətinin yaradılması" layihəsi Avropa Komissiyası tərəfindən qəbul edilib və onun həyata keçirilməsi üçün 640.770 avro məbləğində vəsait ayrılıb. 

Layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılması mexanizmlərinin qurulmasıdır. Eyni zamanda layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirmə mexanizmləri hazırlanacaq. Bundan başqa, layihənin icra müddəti ərzində  himayədar ailə olmaq istəyi ilə müraciət edən namizədlər içərisindən 50 ailə seçilərək onlar üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Əzizbəyov rayonu ərazisindəki internat məktəblərində yaşayan və övladlığa verilməsi mümkün olmayan 50 nəfər uşaq seçiləcək.

Layihə çərçivəsində övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda uşaqların müəssisələrə düşməsinin qarşısını almaq, onların müdafiəsini həyata keçirmək  üçün 25 nəfər sosial işçinin hazırlanması da planlaşdırılır. Seçilmiş ailələr və uşaqlarla layihəyə cəlb ediləcək psixoloqlar və sosial işçilər ailə və uşaqların adaptasiyası üçün müvafiq işlər aparacaqlar. Bu məqsədlə "Hilfswerk" təşkilatının Şərqi Avropa və Qafqaz üzrə əlaqələndiricisi  pilot seçilmiş Əzizbəyov və Suraxanı rayonlarına səfər edib, internat məktəblərinə gedərək onlardakı mövcud şəraitlə tanış olub, müəssisələrin müəllim heyəti və rəhbərliyi ilə görüşlər keçirib.

3 il müddəti əhatə edəcək layihənin sonunda himayədar ailələr assosiasiyası yaradılması planlaşdırılır.

 

 

 

ölkə üzrə milli qiymətləndirmənin

2011-ci ildə aparılması nəzərdə tutulub

 

Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş Qiymətləndirmə Konsepsiyasına əsasən təhsildə proqnozlaşdırma və perspektivlərin müəyyənləşdirilməsi məqsədi ilə hər 4-5 ildən bir təhsilin bir pilləsindən digərinə keçid zamanı milli qiymətləndirmə aparılır. Bu qiymətləndirmə IV və IX siniflərdə ana dili və riyaziyyat fənləri üzrə keçirilir. Cari ilin mayında respublikanın 52 rayon və şəhərinin 216 məktəbində 12500 şagird əhatə olunmaqla milli qiymətləndirmənin tədqiqat mərhələsi keçirilib. Sorğularda 216 məktəb direktoru, 600-dək ana dili və riyaziyyat müəllimi, 3 minədək valideyn iştirak edib.

Hazırda təhlili aparılan milli qiymətləndirmənin nəticələri ilin sonunda ictimaiyyətə elan olunacaq.

Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2011-ci ildə milli qiymətləndirmənin əsas mərhələsi keçiriləcək, 2013-cü ildə isə bütün ölkə üzrə milli qiymətləndirmənin aparılması nəzərdə tutulub.

Y.ƏLİYEV

 

 

 

 

 

Yarmarkada məzunlara iş yerləri təklif olundu

 

Oktyabrın 3-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Amerikada təhsil almış məzunlara ölkəmizdə müvafiq iş yerlərinin tapılmasına kömək məqsədilə əmək yarmarkası keçirildi.

ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə keçirilən tədbir çərçivəsində "Uğurlu əlaqələrin  qurulması", "İntervyu texnologiyası" və "Uğurlu CV-nin hazırlanması" mövzularına dair seminarlar təşkil olundu.  Yarmarkada məzunlara marketinq, informasiya texnologiyaları, bank işi, mühasibatlıq və otel biznesi sahələrinə aid vakansiyalar təklif olundu.

 

Şakir CƏFƏROV

 

 

 

 

 

Sumqayıtda beynəlxalq fənn olimpiadalarında

uğur qazanmış şagirdlərlə görüş keçirilib

 

 ötən dərs ilində beynəlxalq fənn olimpiadalarında uğur əldə etmiş Sumqayıt özəl Türk Liseyinin şagirdləri ilə  Sumqayıt Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək fənn olimpiadalarında uğur qazananları təbrik edib. O, Sumqayıtda təhsil sahəsində qazanılan uğurlardan və çağ öyrətim Şirkətinin bu uğurlardakı rolundan danışıb.  Tədbirdə Sumqayıt şəhərinin ümumilikdə təhsildə birinci olduğu kimi, beynəlxalq olimpiadalarda əldə olunan nəticələrə görə də ilk yerdə durduğu da vurğulanıb.

Sumqayıt özəl Türk Liseyinin direktoru Ahmed Arslan 2008-2009-cu dərs ilində beynəlxalq olimpiadalarda liseyin 7 şagirdinin qalib gələrək medallara layiq görüldüyünü və əldə edilmiş nailiyyətlərdə şəhər təhsil müəssisələrində yaradılmış güclü maddi-texniki bazanın xüsusi rolu olduğunu söyləyib.  Görüşdə çağ öyrətim Şirkəti adından şəhər icra hakimiyyətinin başçısına xüsusi diplom, olimpiadalarda uğur əldə etmiş şagirdlərə isə Sumqayıtın 60 illiyi ilə bağlı çap edilmiş kitab və hədiyyələr təqdim olunub.

ƏDALƏT

 

 

 

Bilik yarışmasının qalibi ilə görüş

 

Ağcabədi rayonunda Təhsil Nazirliyinin və Azad Azərbaycan Teleradio şirkətinin təşkilatçılığı əsasında təşkil olunmuş "LC - Bilik Akademiyası" yarışmasının qalibi 2 nömrəli məktəbin şagirdi Fərhad Həsənovla görüş keçirilib.

Görüş iştirakçıları öncə Heydər Əliyev meydanına toplaşaraq ulu öndərin abidəsi önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə RTŞ-ın müdiri Mehdi Əhmədov bildirdi ki, bu qələbə təkcə Fərhadın deyil, bütün Ağcabədi təhsilinin uğurudur. Bu uğurun gələcəkdə də davam etdirilməsi yolunda davamlı və planlı işlər görüldüyünü nəzərə çatdıraraq Fərhad Həsənovun müəllimlərinə və valideynlərinə minnətdarlıq edib.

Sonra iştirakçılar yarışmanın final mərhələsini ekran vasitəsilə izləyərək qalibi bir daha alqışlayıblar.

Tədbirdə 2 nömrəli məktəbin direktoru Tahir Əliyev və bir neçə əlaçı şagirdlər də çıxış edərək qeyd ediblər ki, məktəbimizin respublika səviyyəsində əldə etdiyi bu uğur bizi çox sevindirir və gələcəkdə nailiyyətlər qazanmağımıza ruhlandırır.

Sonda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov qalibi təbrik edərək onu qiymətli hədiyyələrlə mükafatlandırıb.

 

Niyazi RƏHİMOV