|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəbəqədər təhsil: təxirəsalınmaz addımların vaxtıdır Bu yaxınlarda İctimai televiziyanın
"Açıq dərs"ində
məktəbəqədər təhsilin
problemlərinə həsr olunmuş maraqlı müzakirə
aparılmışdır. Təhsil naziri, professor Misir
Mərdanov da canlı yayıma
telefon vasitəsilə qatılaraq Azərbaycanda
məktəbəqədər təhsil perspektivlərinin mühüm
məqamlarına toxundu, həmin sahə üzrə Təhsil
Nazirliyinin strategiyası
barədə əhəmiyyətli açıqlamalar verdi.
Bununla belə, konseptual baxımdan erkən yaşlı uşaqların
inkişafı ilə əlaqədar çox mühüm saydığım
məsələlərə dair "Açıq
dərs"də səslənən bəzi fikirlər
məndə müəyyən narahatlıq doğurdu. Məhz
buna görə, ilk növbədə, onlara
münasibət bildirmək
istərdim. Uşağın
məktəbəqədər təhsil müəssisəsinə
davamiyyət müddəti Elmi araşdırmalar
göstərmişdir ki, uşaq
nə qədər uzun müddət bağça mühitində
sistemli təhsilə cəlb olunarsa, bu, onun inkişafına
düz mütənasib şəkildə müsbət təsir göstərəcəkdir.
Bununla əlaqədar düşünürəm ki,
Azərbaycan balalarının
gələcəyi üçün
daha əlverişli şəraitin yaradılması,
ilk növbədə, məktəbəqədər təhsil
müəssisələri şəbəkəsinin genişləndirilməsi
problemi hazırda ön
plana çəkilməlidir. 5 yaşlı uşaqlarımızın
icbari qaydada məktəbəhazırlıq qruplarına
cəlb olunması barədə maddənin
Təhsil Qanununun yeni
layihəsində əks olunması həmin
məsələnin aktuallığını daha da artırır.
Şübhə yoxdur ki, həmin Qanun maddəsinin
qəbul edilməsi Azərbaycanın son 25 illik təhsili
tarixində ən mühüm, deyərdim, inqilabi islahat addımı
olmaqla bərabər, ümumi təhsil sistemində əsaslı
dəyişikliklər üçün
ciddi hazırlıq
işlərinin aparılmasında istiqamətverici
amilə çevriləcəkdir. Əlbəttə, son bir il ərzində
Bakı şəhərində 11 uşaq bağçası
binasının inşa edilməsi, bu müəssisələrdə
uşaq kontingentinin 1300 nəfər artması, bir sıra
məktəbəqədər müəssisədə
yenidənqurma işlərinin aparılması çox müsbət
dəyərləndirilməlidir.
Bu mənada Heydər Əliyev Fondu
tərəfindən ən müasir tələblər
səviyyəsində qurulmuş, təchiz edilmiş
və istifadəyə verilmiş Zərifə Əliyeva
adına uşaq bağçası xüsusi qeyd olunmalıdır.
Bununla belə, unutmamalıyıq ki, hazırda
Bakıda yalnız 4 uşaqdan
biri məktəbəqədər təhsillə
əhatə olunmuşdur, ölkə üzrə həmin göstərici
isə cəmi 16 faiz təşkil edir. Əminəm ki,
qeyd edilən məyusedici faktlara bugünkü münasibət
bir-iki il əvvəlki
yanaşmalardan xeyli fərqli olmalıdır. Bu baxımdan məktəbəqədər
təhsil müəssisələri
şəbəkəsinin inkişaf sürətinin
obyektiv şəkildə müəyyənləşdirilməsi,
şəbəkənin genişləndirilməsinə
dair yaxın 5-10 ili, bəlkə də, daha uzun müddəti
əhatə edən yeni strateji planın hazırlanması
və ölkə rəhbərliyi səviyyəsində
təsdiq edilməsi çox mühüm əhəmiyyət kəsb
edən addım olardı. Ədalət naminə qeyd edim ki, elə SSRİ
dövründə də məktəbəqədər müəssisələrin
şəbəkəsi Azərbaycanda çox zəif inkişaf
etmiş və uşaq bağçalarına cəlb olunma
respublika üzrə 22 faizdən yüksək olmamışdır.
Lakin bu gün söhbətin
mahiyyəti müstəqil
dövlətimizin inkişaf sürətinə uyğun
gələn, onun inkişaf strategiyasına cavab verən,
strateji mənada böyük əhəmiyyət kəsb edən
və konseptual baxımdan qabaqlayıcı tempdə inkişaf
etdirilməli olan təhsil sahəsi ilə bağlıdır
. Aydın məsələdir ki, qısa müddətdə uşaq
bağçaları ilə əhatəni 16 faizdən 90
faizə çatdırmaq mümkün
deyildir. Lakin, fikrimcə, bu məsələyə çox ciddi yanaşma
elə indidən nümayiş etdirilməlidir. Onu da qeyd edim
ki, problemin həllinə habelə
sosial-iqtisadi baxımdan da yanaşılmalıdır.
Qeyri-neft sektorunun, xüsusilə xidmət sahələrinin
yaxın illərdə əsaslı şəkildə genişləndirilməsi
sərbəst əmək resurslarına tələbatı
xeyli artıracaq, qadınların əməyindən
istifadəni ön plana çəkəcəkdir. Burada dünya təcrübəsindəki
tendensiyalar barədə bəzi məlumatların
nəzərdən keçirilməsi yerinə düşərdi.
Belə ki, Avropa İttifaqı liderlərinin Barselona görüşündə
2010-cu ilədək bütün 0-dan 3 yaşınadək olan uşaqların
üçdə birinin, 3-6 yaşlıların isə 90 faizinin
məktəbəqədər təhsil müəssisələri
ilə əhatə olunması vəzifəsi irəli sürülmüşdür.
Hazırda Finlandiyada uşaqların 94 faizi bağçalarda
inkişaf etdirilir, onların sosiallaşması təmin
olunur. Bu rəqəm Almaniyada 90 faizi ötmüşdür, keçmiş
SSRİ-dən qopmuş Baltika ölkələrində
isə 80 faizdən yüksəkdir. Hazırda Rusiya paytaxtı
Moskva şəhərində uşaqların
məktəbəqədər təhsillə əhatəsi
64 faiz təşkil edir. 2010-cu ilə bu rəqəmin 90
faizə çatdırılması, 2012-ci ildə isə
paytaxt əhalisinin uşaq bağçalarına olan
tələbatının tam ödənilməsi üçün planlı
şəkildə genişmiqyaslı tədbirlər
həyata keçirilir. 2006-cı
ildə qəbul olunmuş "Moskva şəhərində
məktəbəqədər təhsilin inkişaf
etdirilməsi haqqında" Moskva hökumətinin qərarına
uyğun olaraq, 2008-ci ildə
paytaxt şəhərində 100 uşaq bağçası
istifadəyə verilmiş və
onların sayının ilbəil artırılması
nəzərdə tutulmuşdur.
Uşağın
idrak fəaliyyəti stilinin əsası məhz
məktəbəqədər yaşda qoyulur Alim-psixoloqların araşdırmalarına
əsaslanan bu müddəanı, ilk növbədə, təhsil
mütəxəssisləri, uşaq bağçalarının
tərbiyəçi-müəllimləri dərindən dərk
etməlidirlər. Psixo-pedaqoji mahiyyət daşıyan
həmin problemin praktik işlərdə daim
nəzərə alınması
və insan şəxsiyyətinin
formalaşması istiqamətində mühüm fəaliyyət
hədəfi kimi qəbul olunması,
fikrimcə, inkarolunmazdır. Hazırkı dövrün reallıqlarından
qaynaqlanan və Rusiyada aparılmış elmi
tədqiqatların acı nəticələrindən biri də budur ki, məktəbəqədər
təhsilin yekun mərhələsində uşaqlarda
reproduktiv bacarıqlar daha çox üstünlük təşkil edir.
Habelə alimlərin müşahidələri göstərmişdir
ki, erkən yaşlarda özünü parlaq şəkildə büruzə
verən yaradıcı fəaliyyət bacarıqlarının
səviyyəsi 6 yaşlılarda
xeyli azalır. Narahatedici nəticələrdən biri
də çox hallarda
məktəbəqədər təhsil strategiyasının
uşaqların kreativ inkişafına deyil, onların
biliklərinin inkişafına yönəldilməsidir. Düşünürəm ki, heç bir əlavə araşdırma
aparmadan yuxarıda göstərilən müddəaları
Azərbaycan reallıqlarına da şamil etmək olar.
Elə "Açıq dərs"dəki müzakirə zamanı
səslənən bəzi çıxışlar da həmin mülahizəni təsdiq edən bir
dəlil kimi qəbul oluna bilər. Bu gün bir sıra
uşaq bağçalarımızda məktəbəhazırlıq
qruplarındakı uşaqların
yazı, oxu bacarıqları, onların elementar hesab
əməliyyatları aparmaları
fəxarət hissilə böyük uğur kimi nümayiş
etdirilir. Fikrimcə, yaş psixologiyası və fiziologiyası
baxımından bu, çox
təhlükəli tendensiyadır.
Bütün təhsil mütəxəssislərimiz, alim-pedaqoqlarımız,
metodistlərimiz, bağça işçilərimiz
dərindən dərk etməlidirlər ki,
məktəbəqədər təhsil məktəb
təhsili deyil, məktəbəhazırlıq
5 yaşlılara birinci sinfin proqramı üzrə
təlim keçilməsi kimi başa düşülməməlidir.
Belə şəkildə qurulmuş
təlim prosesinin bir sıra fəsadlarından yalnız
onu qeyd edim ki, az qala birinci sinif həcmində hazırlıq
keçən bir neçə uşaq sentyabrda sayca daha çox olan
və birbaşa ailədən məktəbə
qədəm qoyan uşaqlarla eyni sinif mühitində dərs
keçməli olur. Uğurlu nəticə qazanmaq üçün müəllimin
tədris metodikası kimlərə yönəldilməlidir,
dərs məşğələləri necə qurulmalıdır?
Həmin vəziyyətdə udan kim olur, uduzan kim? Əfsuslar olsun ki, bəzi alimlərimiz
belə halları müsbət
təcrübə kimi dəyərləndirir, onlara
bəraət qazandırmağa çalışır və
hətta xarici ölkələrdən
nümunələrə əsaslanmağa
cəhd edirlər. Əlbəttə, yalnız fərdi
qaydada, uşağın psixo-fizioloji inkişaf
səviyyəsini nəzərə alaraq, onun
bilik həcminin qabaqlayıcı şəkildə
artırılmasında mən heç bir nöqsan görmürəm.
Əksinə, həmişə təlim-tərbiyə
prosesinin fərdiləşdirilməsinin tərəfdarı
və təbliğatçısı olmuşam. Lakin bunun
məcburi qaydada kütləviləşdirilməsini
qəbul edə bilmərəm. Məhz
həmin səbəbdən məsələyə müəyyən
aydınlıq gətirmək istərdim. Bəli, hazırda bir çox ölkələrdə
məktəb təlimi 5 yaşından, İrlandiyada,
Hollandiyada isə hətta 4 yaşından başlayır.
ABŞ, İngiltərə, Fransa və bir çox digər ölkələrdə
"Elementar məktəb", "Ana məktəbi"
kimi tanınan təhsil ocaqlarında 4-5 yaşlı uşaqlar
xüsusi kurikulumlar
əsasında təhsil prosesinə cəlb olunurlar.
Əslində bu, bizim anlamımızda
məktəbəqədər və ibtidai təhsil
kurikulumlarını özündə birləşdirən və
sistemləşdirilmiş məktəb təlimi formasında
həyata keçirilən prosesdir. Lakin burada da uşaqların
idraki fəallığının, təfəkkürlərinin
inkişafı əsla yazmaq, oxumaq bacarıqlarının
aşılanmasına istiqamətləndirilmir. Onu da qeyd
edim ki, bəzi ölkələrin hətta birinci sinif
kurikulumlarında fənlərə ayrılan saatlar da göstərilmir.
Sadəcə gözlənilən nəticələr əks
olunur, müəllim isə vaxt bölgüsünün,
tədris prosesinin ardıcıllığının
müəyyənləşdirilməsində və s. tam
sərbəstdir. Opponentlərimin ehtimal olunan
münasibətlərinə cavab olaraq demək
istəyirəm ki, bu məktəblərdə və ümumiyyətlə,
bir çox xarici ölkələrin ibtidai təhsil
pilləsində hətta 6-7 yaşlı uşaqların
biz vərdiş etdiyimiz qaydada 45 dəqiqə parta arxasında
qaradinməz əyləşmələrinə,
gərgin psixoloji şəraitdə yazıb oxumalarına
rast gəlmək mümkün
deyildir. Bir çox fəal və interaktiv təlim üsulları,
uşaq gözlərini, qulaqlarını yormayan, sinir
sisteminin, onurğa sütununun funksiyalarını
zəiflətməyən, əksinə,
uşaqlarda müsbət emosiyalar oyadan, təlim motivasiyasını
artıran tədris-əyani vəsaitlər,
digər təlim vasitələri, xususilə müxtəlif
səpgili inkişafetdirici oyunlar, digər imkanlar, sağlamlığın mühafizəsini
üstün tutaraq, təlimi çox
maraqlı və cəzbedici bir prosesə çevirir. Bizim
bəzi bağçalarımızda
isə az qala məktəbəhazırlıq qruplarının
fəaliyyəti ölkəmizin birinci sinif kurikulumunun
mənimsənilməsinə yönəldilmişdir... Haşiyə 1. Bir
məsələni məhz burada xüsusi vurğulamaq
istərdim. ölkəmiz ötən əsrin 80-ci illərinin
ortalarında 6 yaşlıların təliminə keçmiş
olsa da, uzun illər ərzində apardığım
müşahidələrin acı həqiqəti
budur ki, ibtidai sinif müəllimlərimizin böyük
əksəriyyəti bu
gün də heç bir fərq qoymadan eyni sinif-komplekt şəraitində
tədris prosesini həm 6, həm də 7 yaşlı uşaqlarla
eyni qaydada təşkil edir. Bununla
əlaqədar dünya şöhrətli alim, akademik Şalva
Amonaşvilinin bir mülahizəsini hörmətli oxucularımızın
diqqətinə çatdırmaq istərdim. Onun dediyinə görə,
6 və 7 yaşlı uşaqlar
arasındakı psixo-fizioloji fərq
10 və 14 yaşlı uşaqlar arasında olan
fərqlə eynilik təşkil edir. Haşiyə 2. Bu mülahizəm
isə Finlandiya təcrübəsindən olub, bilavasitə kiçikyaşlı
uşaqların təhsili ilə bağlıdır.
Finlandiya təhsil fenomenini (bu
haqda bir az sonra) araşdırmaq üçün bir qrup
Rusiya alimi həmin ölkədə tədqiqat aparmış
və bu nəticəyə
gəlmişdir ki, fin dərsliklərindəki tapşırıqların
90 faizi təfəkkürün inkişafına, idraki fəallığa
yönəlmişdir; reproduktiv xarakterli çalışmaların
isə dərsliklərdə çox az yer tutması müəyyən
edilmişdir. Buna aydınlıq gətirmək üçün
adi bir misal üzərində dayanmaq istərdim. Belə ki,
"Ana dili" dərsliyində nağıl, hekayə
son cümlə, abzas ixtisar olunmaqla verilir, şagirdlərə
isə tapşırılır ki, əsəri bir-iki cümlə
ilə, abzasla başa çatdırsınlar. Görün, bu zaman
dərs prosesinə nə qədər rəngarənglik
gətirilir, emosional fonun, yaradıcılıq mühitinin
hansı səviyyəyə çatmasına
nail olunur! Bu səpgili tapşırıqlar, çalışmalar
pərakəndə deyil, sistemli şəkildə həm
məktəb, həm də məktəbəqədər
təlim prosesində tətbiq edilir. Bizdəki metodologiyalarla bağlı
əlavə şərhlərə ehtiyac varmı? Bu bölümü iki ay əvvəl Moskva Şəhər
Təhsil Departamentinin dəvəti ilə
iştirak etdiyim
beynəlxalq forumdakı çıxışımla başa
vurmaq istərdim. YUNESKO ilə birlikdə keçirilən
forumda 35 ölkədən olan alimlərin, təhsil mütəxəssislərinin
maraqlı çıxışları diqqətəlayiq idi.
"Moskva təhsili: kiçik yaşdan
məktəbədək" adlı proqram çərçivəsində
"Müasir uşaq - o
kimdir?" mövzusu üzrə təşkil olunmuş
"dəyirmi masa"dakı çıxışım aşağıdakı
tezislər əsasında qurulmuşdur: * Uşaqların idraki və yaradıcı
fəaliyyətinə mane olmaq,
məktəbəqədər proqramdan mexaniki yapışıb
onların fərdi təşəbbüslərinin,
hərəkətlərinin qarşısını almaq
yolverilməz hallar kimi dəyərləndirilməlidir; * Uşaqların düşünməsinə,
müstəqil mühakimə yürütməsinə mane olmağın
yolverilməzliyini hamı
dərk etməlidir; * Onların uşaqlığa xas olan
uşaqlıq xüsusiyyətlərindən məhrum
edilməsi, məktəbə hazırlığın
məktəb təlimi ilə əvəzlənməsi
yolverilməzdir; * Uşaqların inkişafı onların
hər birinin fərdi psixo-fizioloji xüsusiyyətləri
əsasında qurulmalı, hər bir yaradıcılıq
fəaliyyətinə meyillər hər an
dəstəklənməli, qayğı ilə
əhatə olunmalıdır; * Nə qədər çətin olsa
belə, dərk olunmalıdır ki, hətta qrup məşğələlərində
məktəbəqədər təhsil yalnız fərdi
yanaşma əsasında qurulmalıdır. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, söylədiklərim,
səsləndirdiyim təkliflər və bəzi iradlar
forum iştirakçılarında böyük maraq doğurdu, bir çox
mütəxəssislər çıxışımı yüksək
qiymətləndirdilər.
Moskva
şəhərinin məktəbəqədər təhsil
sistemi Bu sistem barədə bəzi məlumatları
oxucularımızın diqqətinə çatdırmaq
istərdim. Əlbəttə, ötən əsrin 90-cı
illərində bütün postsovet məkanını bürümüş
böhran Moskva təhsilindən, o cümlədən onun
məktəbəqədər təhsil sistemindən də
yan ötməmişdir. Lakin Rusiya paytaxtının
əksər uşaq bağçaları
XXI əsrə genişəhatəli yeniləşmə
şəraitində qədəm qoymuşdur. Moskvanın məktəbəqədər müəssisələr
şəbəkəsinin optimal şəkildə qurulması
yaxşı nümunə olmaqla bərabər, həm
də öz səmərəliliyi ilə diqqəti cəlb
edir. Fikrimcə, bu təcrübə düşünməyə
və nəticə çıxarmağa yaxşı əsas
verə bilər. Belə ki, Moskvanın ümumi profilli bağçaları
əsasən 12 saatlıq rejimdə işləyir. Bununla
yanaşı, uşaqların müvafiq
sosiallaşmasını təmin etmək, yəni
onlara həyati bilik və bacarıqları, davranış
qaydalarını və
s. aşılamaq məqsədilə 50 faizdən çox
məktəbəqədər müəssisədə qısamüddətli
(əsasən günün birinci yarısında) qruplar da
fəaliyyət göstərir. Orta hesabla hər 5 uşaq bağçasından
birində inklüziv təhsil şəraiti yaradılmışdır.
Burada bütün uşaqlar eyni qaydada təlim və
tərbiyə prosesi ilə əhatə olunur və
bəzilərinin spesifik fiziki, intellektual, habelə etnik
xüsusiyyətlərinin nəzərə alınması
və ehtiyaclarının ödənilməsi təmin olunur. Hazırkı dövrdə
məktəbəqədər təhsilin inkişafını
Moskva Şəhər Təhsil Departamenti, ilk növbvədə,
pedaqoji işçilərin və valideynlərin
səylərinin birləşdirilməsində görür.
"Moskva ailəsi - səriştəli valideynlər"
proqramı çərçivəsində həyata keçirilən bütün
tədbirlər də məhz uşaqların uğurlu inkişafının
təmin edilməsində valideynlərlə uşaq bağçası
arasında sıx əlaqələrin qurulmasına yönəldilmişdir.
Belə ki, məktəbəqədər müəssisələrlə
əhatə olunmayan uşaqların valideynlərinin
maarifləndirilməsi, onların psixoloji, metodik, loqopedik
məsləhətlər almalarına imkan yaradılması
üçün bağçaların 11 faizində
"Məsləhət məntəqəsi" açılmışdır.
Bundan başqa, təxminən 10 faiz üşaq bağçasında
"Oyuna dəstək mərkəzi" açılıb,
valideynlər öz övladları ilə birlikdə buraya
gəlir və yeni oyunların təşkilini öyrənirlər.
Həyata gələndən 4 yaşınadək
olan uşaqlar üzərində müntəzəm
pedaqoji-psixoloji müşahidələr aparmaq və onların
inkişafı sahəsində zəruri korrektəedici
tədbirlər görmək üçün paytaxt şəhərinin
bütün inzibati-ərazi vahidlərinin
1-2 bağçasında "Erkən
yardım xidməti" fəaliyyət göstərir. Bütün inzibati-ərazi vahidlərinin 1-2 bağçasında
lekotekalar da təşkil olunmuşdur, burada müvafiq
ailələr uşaqlarının
inkişafında problemlərin aradan qaldırılması
üçün psixoloji-pedaqoji müşahidə
ilə əhatə olunur və onlara zəruri
istiqamətlər üzrə məsləhətlər verilir,
xidmət göstərilir. Qeyd edim ki,
lekotekalarda oyunların imkanlarından istifadə
əsas fəaliyyət istiqaməti kimi götürülmüşdür.
Rusiya paytaxtında həmçinin 92 ailə bağçası
da fəaliyyət göstərməkdədir. Yuxarıda sadalanan mərkəzlərin,
xidmətlərin və s. hamısı dövlət büdcəsindən
maliyyələşdirilir. Psixoloji-pedaqoji
elmin məktəbəqədər müəssisələrlə
bağlılığı Məktəbəqədər pedaqogika,
psixologiya sahəsində aparılan fundamental və
tətbiqi tədqiqatların mövzu rəngarəngliyi, bu
tədqiqatların əks-sədasının birbaşa
Moskvanın məktəbəqədər müəssisələrinin
iş təcrübəsinə sirayət etməsi çox yüksək
səviyyədə qurulmuşdur. Bu
nəticəyə gəlmək üçün elə paytaxt
şəhərində yaradılmış "Resurs
mərkəzləri"nin fəaliyyəti ilə tanış
olmaq kifayətdir. Son
zamanlar dünya miqyasında Moskvanın
məktəbəqədər təhsil sisteminin nüfuzunu
xeyli artıran ən vacib amil məhz tanınmış
alimlərin elmi rəhbərliyi
əsasında qurulmuş həmin
mərkəzlərin təşkilinə düzgün müəyyənləşdirilmiş
strateji yanaşma olmuşdur.
Rusiya paytaxtında 225 uşaq bağçasını,
39 eksperimental meydançanı birləşdirən 15 resurs
mərkəzi yaradılmışdır. Buradakı
təlim-tərbiyə prosesi
ən müasir təhsil texnologiyaları əsasında
qurulmuş, məktəbəqədər təhsilin müxtəlif
formalarını əhatə etmişdir. "Balaca
dahilər", "Biz və təbiət", "Qızlar
və oğlanlar", "Erkən yaşlı
istedadlar", "Dillərin və
mədəniyyətlərin dialoqu", "Mənim bağçam
evimdir", "Mədəniyyət və
məktəbəqədər təhsil" - bu və
digər məzmuna uyğun adlar
altında fəaliyyət göstərən resurs
mərkəzlərinin müsbət təcrübəsi digər
bağçalarda da yayılır, elmi və tətbiqi araşdırmalar,
eləcə də ümumiləşdirmələr üçün mükəmməl
əsaslar yaradır. Resurs mərkəzlərinə təhkim
olunmuş bağçalarda
təsəvvürolunmaz sayda elmi dərəcəli müdirlər,
tərbiyəçilər, yuxarıda sadaladığım
mərkəzlərin və xidmətlərin
rəhbərləri çalışırlar. Yəni
onlar elmi-tədqiqat institutlarında əyləşən
sırf nəzəriyyəçilər deyil, onların elmi araşdırmaları
bilavasitə məktəbəqədər müəssisələrin təcrübəsinə əsaslanır, ilk növbədə
də, innovativ fəaliyyətə, innovasiyaların
tətbiqinə yönəlir. Məsələn,
tədqiqatlar hər 6 valideyndən birinin ailədə uşağı
ilə oynamaqdan yayınmasını göstərmişdir.
Bundan başqa, məktəbəqədər yaşlı uşaqların
oyunlara üstünlük verməsi aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
hərəkətli oyunlar - 52%, masaüstü oyunlar - 42,2%, kompüter
oyunları - 22,8%, müxtəlif peşələrə aid
oyunlar - 7%. Son illər
"Oyuna dəstək mərkəzləri"nin,
valideynlər üçün "Məsləhət
məntəqələri"nin,
lekotekaların fəaliyyətindəki
dəyişikliklər belə tədqiqatlardan
qaynaqlanmışdır. Habelə, uşaq bağçalarında
istifadə olunan bəzi oyuncaqların mövcudluğu,
bəzilərinin isə istifadədən çıxarılması
məhz oyuncaqların funksional xüsusiyyətləri
sahəsində aparılan bir sıra məqsədli araşdırmaların
nəticəsindən irəli gəlmişdir. Onu da qeyd etmək istərdim ki, bu gün
Moskvada məktəbəqədər yaşlı uşaqların
intellektual, yaradıcı inkişafına, 0-7 yaşlı
uşaqların inklüziv təhsilinə,
məktəbəqədər və ibtidai təhsilin
varisliyi sahəsində kulturoloji aspektlərin
nəzərə alınmasına, ekoloji
təhsilə də böyük diqqət yetirilir. Mübaliğəsiz demək olar ki, psixoloji,
pedaqoji elmlərin və məktəbəqədər
müəssisələrdə yaranmış, inkişaf
etdirilən yüksək texnoloji
təcrübənin vəhdəti, habelə
alim-pedaqoqların və tərbiyəçi-müəllimlərin
səylərinin birləşdirilməsi bizim üçün də
çox yaxşı nümunə ola bilərdi. Konseptual
baxımdan Finlandiyanın təhsil islahatı təcrübəsi Bu təcrübə barədə də
bəzi məqamlara toxunmaq istərdim. çünki son dövrlərdə
bu ölkənin elmi-texnoloji, iqtisadi sıçrayışı,
ictimai sahədəki
nailiyyətləri Finlandiyanın daxilində və
beynəlxalq tədqiqatlarda məhz təhsil sisteminin
misilsiz səviyyədə inkişafı, xüsusilə
də məktəbəqədər təhsil sistemi və burada aparılan köklü islahatların müsbət
nəticələri ilə əlaqələndirilir.
Bu ölkədəki təhsilin dünya miqyasında
ən qabaqcıl yerlərdən birini tutması, ilk növbədə,
ötən əsrin 50-ci illərinin ortalarında qəbul
olunmuş siyasi qərarlarla bağlıdır. Yalnız
onu demək kifayətdir ki, dövlət o dövrdə rəsmi
bəyan etmişdir ki, təhsilə ayrılan büdcə
xərcləri ölkənin hərbi xərclərini daim iki
dəfə üstələyəcəkdir.
II Dünya müharibəsindən sonra xeyli sosial-iqtisadi
problemlərin olmasına baxmayaraq, büdcə
vəsaitlərinin, ilk növbədə, təhsilə
sərf olunması Finlandiyada müzakirəsi mümkün
olmayan qaydaya çevrilmişdir. ölkədə təhsil ən prioritet
sahə elan edilmiş, həmin istiqamətdə strateji
məqsədlər və vəzifələr çox dəqiq
müəyyənləşdirilmiş,
bütün aspektlər nəzərə alınmaqla
təhsil islahatına dair genişmiqyaslı və sistemli
tədbirlər kompleksi hazırlanmış və bunların
həyata keçirilməsi üçün təsəvvürolunmaz
səviyyədə maddi və digər resurslar cəlb
olunmuşdur. İslahat konsepsiyası hazırlanarkən
vacib yanaşmalardan biri də bu olmuşdur ki,
məktəb təhsilində islahatlar
məktəbəqədər təhsil sistemində
əsaslı islahat aparılmadan uğurla
nəticələnə bilməz. Yəni, təhsilin
yeniləşdirilməsinə Finlandiya
məhz uşaq bağçalarından başlamışdır.
Uzun illərdir ki, bu ölkədə
məktəbəqədər təhsil müəssisələri
üçün orta ixtisas təhsilli tərbiyəçilərin hazırlanmasından
imtina edilmişdir. Finlandiyada yalnız ali təhsilli
tərbiyəçi-müəllimlər bütün tipdən olan uşaq
bağçalarında işə qəbul olunurlar. 25-30
ildən bəri isə bu kateqoriyadan olan pedaqoji işçilərin
artıq magistr dərəcəsi səviyyəsində hazırlanması
həyata keçirilir. Təhsil sahəsindəki islahatların
bəhrəsi bu gün göz qabağındadır. Son
nəticədə, proqnozlaşdırıldığı
kimi, təhsilin böyük sürətlə inkişafı
Finlandiyadakı sosial-iqtisadi problemlərin avtomatik şəkildə
həll olunmasına gətirib çıxarmış, ölkəni
ən yüksək səviyyəyə qaldırmışdır.
Buna sübut olaraq qeyd etmək kifayətdir ki, dünyanın yüksək
texnologiyalar (high-tech) sektorunda
Finlandiya ən öndə
gedən ölkələrdən birinə çevrilmişdir.
Belə ki, əhalisi cəmi 5,3 milyon nəfər olan
Finlandiyanın təkcə Nokia mobil telefonlarının
satışından aldığı mənfəət,
neft istisna olmaqla, 300 milyonluq islam dünyasının ixrac
əməliyyatlarından əldə etdiyi gəlirdən
daha çoxdur. Hazırda Microsoft Windows-la rəqabət aparan,
bəzi sahələrdə onu hətta üstələyən
Linux əməliyyat sisteminin əsası həmin əməliyyat sistemi nüvəsinin yaradıcısı
fin proqramçısı Linus Torvalds tərəfindən
qoyulmuşdur. Finlandiyanın kağız istehsalı
sahəsində dünyada birinci yerdə durması da təsadüfi
deyildir. 15 yaşlılar arasında oxu, riyaziyyat
və təbiət elmləri üzrə dünya miqyasında 3
dəfə keçirilmiş beynəlxalq PİSA
qiymətləndirmə proqramlarının hamısında
Finlandiya yeniyetmələri ən yüksək yerləri tutmuşlar.
Bu siyahını xeyli uzatmaq da olar. Yekun
mülahizələrim Məqaləmdə bir sıra ümumiləşdirmələrin
aparılmasına, beynəlxalq təcrübəyə
əsaslanan vacib məsələlərin açıqlanmasına
cəhd göstərdim. Yuxarıdakı mülahizələrimin
bir hissəsi Azərbaycan müəllimlərinin XIII qurultayında
təhsil naziri, professor Misir Mərdanovun
məruzəsində məktəbəqədər
təhsilə aid söylədiyi fikirlərlə üst-üstə
düşür. Əlbəttə, görülən işlər
göz qabağındadır. Prezident İlham Əliyev
tərəfindən təsdiq edilmiş və icrası
2007-2010-cu illərdə nəzərdə tutulmuş
"Məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı" xüsusi əhəmiyyətə malik olmaqla,
həmin istiqamətdə işləri xeyli canlandırmışdır.
Bu yaxınlarda Təhsil Nazirliyi və Dünya Bankı arasında
imzalanmış kredit sazişi əsasında həyata keçirilməsinə
başlanan "Təhsil sektorunun inkişafı üzrə
ikinci layihə"də məktəbəqədər
təhsilin ayrıca bir komponent kimi verilməsi də çox
təqdirəlayiq hadisədir. Bütün bunları yüksək
qiymətləndirməklə bərabər,
məktəbəqədər təhsilin bir nömrəli
prioritet kimi hamı tərəfindən dərk olunmasını,
qəbul edilməsini çox vacib
sayıram. 14 dövlət
proqramı çərçivəsində təhsilin məzmununu,
onun infrastrukturunu əsaslı şəkildə yeniləşdirməyə,
digər ciddi və əhəmiyyətli islahat
tədbirlərini həyata keçirməyə qadir olan ölkədə
məktəbəqədər təhsil sistemində köklü
islahatların aparılması da mümkündür.
Finlandiyanın bu sahədəki təcrübəsi ölkəmiz
üçün parlaq nümunə ola bilər. Bakı Baş Təhsil İdarəsinin
rəhbəri olduğum dövrdə, 1999-cu ildə təsis
etdiyimiz Avropa Paytaxtlarının Beynəlxalq Pedaqoji
Klubunun prezidenti, dostum Boris Jebrovskinin (Kiyev şəhəri,
Ukrayna) bir mülahizəsi ilə
məktəbəqədər təhsillə bağlı düşüncələrimi
başa vurmaq istərdim. Gəlin hamımız qəbul
edək ki, "Əsl ali təhsil məhz
məktəbəqədər təhsildir. Qalanları
isə ümumi və peşə təhsilidir". Nəhayət,
rəmzi məna daşıyan məqalənin final akkordu Beynəlxalq forumdakı çıxışımı
Moskva Dövlət Psixologiya-Pedaqogika Universitetinin rektoru, eyni
zamanda Rusiya Təhsil Akademiyasının L.G.Şukina adına
Psixologiya İnstitutunun direktoru, akademik Vitaliy Rubtsov
da yüksək
dəyərləndirdi. O, məktəbəqədər
və məktəbəhazırlıq sahəsində
Azərbaycanda həyata keçirilən islahat
tədbirləri, elmi araşdırmalarla maraqlandı, sonra
isə böyük minnətdarlıq hissi ilə gənc yaşlarında
elmi fəaliyyətinin müvəffəqiyyətlə və
maneəsiz davam etdirilməsində ümummilli liderimiz, dahi
şəxsiyyət Heydər Əliyevin dəstəyi
barədə söhbət açdı. V.Rubtsov dünya miqyaslı alim-psixoloq, inkişafetdirici
təlim və psixi inkişafın yaş normaları
nəzəriyyəsi və təcrübəsinin
banilərindən biri, 1973-1983-cü illərdə SSRİ
Pedaqoji Elmlər Akademiyasının ümumi və Pedaqoji
Psixologiya İnstitutunun direktoru olmuş akademik Vasili Davıdovun
ən ümidverici şagirdi və institutun "Yeni təhsil
texnologiyalarının psixoloji əsasları"
laboratoriyasının rəhbəri idi. V.Davıdov həmişə özünün müstəqil
düşüncəsi, təhsil problemlərinə
qeyri-ənənəvi baxışları ilə
fərqlənirdi. ötən əsrin 70-ci illərinin axırlarından
başlayaraq isə o, sovet pedaqogikasına ideoloji müxalif mövqeyində
durmaqla və rəsmi pedaqoji doqmalara qarşı sərt fikirlər söyləməklə
rəsmi dairələrin qəzəbinə tuş
gəldi. Nəticədə 1983-cü ildə V.Davıdov Sov.İKP
sıralarından qovuldu, rəhbərlik etdiyi institutun
direktoru vəzifəsindən çıxarıldı,
digər mənəvi işgəncələrə
məruz qaldı. Bu hadisələrdən sonra və o dövrün
mənəviyyatsız, yazılmamış qaydalarına
uyğun olaraq, növbə V.Davıdovun adı ilə
əlaqələndirilən və bilavasitə V.Rubtsov
tərəfindən rəhbərlik olunan laboratoriyanın
"qanuni" şəkildə ləğvinə çatdı.
Vitaliy Vladimiroviçin akademiya daxilində atdığı addımları,
SSRİ Maarif Nazirliyinə, müxtəlif qurumlara müraciətləri
nəticə vermədi. Bunu görən bəzi dostları
təkidlə bir il
əvvəl SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
təyin olunmuş Heydər Əliyevə ərizə
yazmağı təklif etdilər. Lakin Rubtsov anlayırdı
ki, o dövrün reallıqları şəraitində Sovet
İttifaqının əsas rəhbərlərindən
biri olan şəxsin elə də çox tanınmayan bir
psixologiya elmləri namizədinin ərizəsinə
diqqət yetirməsi mümkün olmayacaq. Nəhayət, heç bir
illüziyaya qapılmadan, o, Heydər Əliyevə məktub
yazdı. Və gözlənilməz hadisə baş verdi:
Heydər Əliyevin dəstəyi və himayədarlığı
nəticəsində V.Rubtsovun
rəhbərlik etdiyi laboratoriyanın bağlanması
məsələsi birdəfəlik gündəlikdən çıxarıldı.
Partiyadan qovulmuş şəxsin adına çıxılan
laboratoriyanın ləğvinin qarşısının
Sov.İKP Siyasi Bürosunun üzvü Heydər Əliyev
tərəfindən alınması çox cəsarətli addım
idi... Asif CAHANGİROV, Azərbaycan Respublikasının əməkdar müəllimi |