|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Rusiyanın "Avrasiya Araşdırmaları İnstitutu" Fondu bir qrup azərbaycanlı tələbəni D.İ.Mendeleyev təqaüdünə layiq görüb Bakı
Slavyan Universitetində Rusiyanın "Avrasiya Araşdırmaları
İnstitutu" Fondu tərəfindən təsis olunmuş
D.İ.Mendeleyev təqaüdünün təqdim edilməsi
mərasimi keçirilmişdir. Təntənəli mərasimdə
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının
rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası
Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin
iştirak etmişlər. Mərasimin əvvəlində Bakı
Slavyan Universiteti tələbələrinin ifasında
beynəlxalq tələbələr himni səslənmişdir.
BSU-nun rektoru Kamal Abdullayev mərasimi açaraq
universitetin yaranma tarixi, onun fəaliyyəti, beynəlxalq
əlaqələri haqqında məlumat vermişdir. O demişdir
ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli
fərmanı ilə yaradılmış Bakı Slavyan
Universiteti bütün regionda nadir tədris müəssisəsidir.
Bu ali məktəb bir sıra slavyan dilləri və başqa
dillər üzrə mütəxəssislərlə yanaşı,
tədrisin rus dilində olduğu məktəblər üçün
rus dili və ədəbiyyatı müəllimləri,
habelə filoloq-rusistlər, rusiyaşünaslar, tərcüməçilər
və başqa mütəxəssislər hazırlayır.
Universitetdə bir sıra xarici ölkələrdən olan
tələbələr də təhsil alırlar. BSU A.S.Puşkin
adına Rus dili İnstitutu ilə, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti),
Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutu,
Moskva Dövlət Linqvistika Universiteti, Ural (Yekaterinburq) Dövlət
Universiteti, Moskva Dövlət Pedaqoji Universiteti və başqa
ali məktəblərlə uğurlu əməkdaşlıq
edir. Kamal
Abdullayev qeyd etmişdir ki, Azərbaycanın ali
rəhbərliyi, habelə Azərbaycanın və Rusiyanın,
digər slavyan dövlətlərinin elm, təhsil və
mədəniyyət nümayəndələri BSU-ya daim real
mənəvi və maddi kömək göstərirlər. O,
əmin olduğunu bildirmişdir ki, BSU-da keçirilən bu görüş
ölkələrimiz və xalqlarımız arasında
humanitar əməkdaşlığın möhkəmlənməsinə,
elm və təhsil mərkəzlərimiz arasında
əlaqələrin inkişafına şərait yaradacaqdır.
Mərasimdə Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev
çıxış etmişdir. O, RF Prezidenti
Administrasiyasının rəhbəri Sergey Narışkini
salamlayaraq əmin olduğunu bildirmişdir ki, onun
Azərbaycana bu səfəri müxtəlif
sahələrdə, o cümlədən təhsildə
Azərbaycan-Rusiya münasibətlərinin inkişafına
layiqli töhfə verəcəkdir. R.Mehdiyev demişdir: Təxminən bir aydan
sonra, aprelin 4-də biz Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında diplomatik münasibətlər
yaradılmasının 17-ci ildönümünü qeyd
edəcəyik. Tarix baxımından bu, böyük müddət
deyil, lakin dinamik inkişaf edən müasir dünyada, qloballaşma
və İnternet epoxasında bu müddət çox şeyi
ehtiva etmişdir: ümumi tariximizin yeni mərhələsi başlanmışdır,
əməkdaşlığımız yeni məzmun
kəsb edir. Şübhəsiz, bunların arxasında ölkələrimizin
ali rəhbərlərinin - İlham Əliyevin və Dmitri
Medvedyevin dövləti müdrikliyi və gərgin işi,
nazirliklərin və idarələrin fəaliyyəti,
vətəndaşlarımızın qarşılıqlı
fəaliyyəti və möhkəm dostluğu dayanır. Azərbaycan Prezidentinin İcra Aparatının
rəhbəri vurğulamışdır ki, XX əsr, heç
şübhəsiz, tarixə rusdilli mədəni və
informasiya məkanının yaranması, formalaşması
və fəal inkişafı dövrü kimi daxil olacaqdır. Görkəmli
rus maarifçilərinin fəaliyyətindən başlanan bu
əsr postsovet məkanında çoxsaylı rus
mədəniyyət və təhsil ocaqlarının
formalaşması ilə başa çatmışdır. Biz
fəxr edirik ki, ölkəmizdə bu mərkəzlər dövlət
qayğısı ilə əhatə olunmuşdur.
Səməd Vurğun adına Rus Dram Teatrı, Bakı
Slavyan Universiteti bu fikri təsdiq edən gözəl nümunələr
sayıla bilər. Bu gün Azərbaycan dinamik inkişaf edir. ölkədə
iri iqtisadi layihələrin, regionların inkişafı
proqramının həyata keçirilməsi, uğurlu
investisiya siyasəti Azərbaycan gənclərinin
keyfiyyətli təhsil alması üçün güclü stimul verir.
Əlbəttə, dünyada cərəyan edən qloballaşma
prosesləri gənclərin zövqlərinə və
istəklərinə düzəlişlər edir, lakin rus dili
bizim təhsil məkanında öz ciddi mövqelərini qoruyub
saxlamaqda davam edir. Heydər Əliyevin fərmanı
ilə Rus Dili və Ədəbiyyatı İnstitutunun
bazasında yaradılmış Bakı Slavyan Universiteti
faktik olaraq slavyan xalqlarının məskunlaşma arealında
cərəyan edən dil proseslərini və siyasi
prosesləri öyrənməklə məşğuldur.
Universitet, eyni zamanda rus dilinin və ədəbiyyatının
öyrənilməsi ilə bağlı çoxsaylı
layihələrin əlaqələndiricisi və
rəhbəri funksiyalarını öz üzərinə götürmüşdür.
R.Mehdiyev Azərbaycanda rus dilinin öyrənilməsi
mənzərəsini əks etdirən statistik
rəqəmlər göstərmişdir. Bildirmişdir ki,
postsovet məkanındakı bəzi ölkələrdə
rus dilinin təhsil sahəsindən praktik olaraq sıxışdırılıb
çıxarıldığı şəraitdə biz ümumtəhsil
sektorunda nəinki rus dilinin öyrənilməsini, hətta
rus dilində təhsili də qoruyub saxlamışıq.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın
ali məktəb sektorunda 16 mindən çox tələbə
rus dilində təhsil alır. Bu gün Azərbaycanın dövlət
ali məktəblərində 70 min tələbə,
yəni bütün tələbələrin 65 faizi rus dilini müstəqil
fənn kimi öyrənir. Orta ixtisas
məktəblərində bu rəqəm 74 faizə,
texniki peşə məktəblərində isə 97
faizə çatır. Statistik təhlil göstərir ki, rus icmasına
mənsub olmayan ailələrdə də valideynlər
bəzən öz uşaqlarının təhsil alması
üçün rus dilini seçirlər. Onlar dilin daha yaxşı
mənimsənilməsi üçün çox vaxt öz uşaqlarını
məktəbəqədər hazırlığın rus
dilində aparıldığı tədris müəssisələrinə
verirlər. Belə ki, respublikanın 202 uşaq bağçasında
7 mindən çox uşaq rus dilində hazırlıq keçir. Rus dili orta məktəbdə həm də
xarici dil kimi öz mövqeyini saxlayır. Daha konkret desək, 215
min şagird rus dilini xarici dil kimi öyrənir. Orta
məktəblərdə 109 mindən çox məktəbli
isə, ümumiyyətlə, rus dilində təhsil alır.
Bu rəqəmlər göstərir ki, bizim bütün
sahələrdə uğurlu əməkdaşlıq
etməyimiz üçün sanballı kadr bazası yaradılır.
Azərbaycan Prezidentinin İcra Aparatının
rəhbəri diqqəti ona cəlb etdi ki, müstəqillik
illərində rus dilində çıxan qəzetlərin sayı
artmışdır. Bir əsrdən çox tarixi olan
"Bakinski raboçi" qəzeti çox populyardır. Rus dili Azərbaycanın informasiya məkanında
da fəal istifadə edilir. Rus dilində xeyli sayda sayt
və informasiya resursları vardır. İTAR-TASS və RİA
Novosti kimi informasiya agentliklərinin Azərbaycanda
fəaliyyət göstərməsi informasiya mübadiləsi
sahəsində də uğurlu əməkdaşlığımıza
sübutdur. 2004-cü ildən başlayaraq ölkəmizdə
çoxlu sayda ədəbiyyatın latın qrafikası ilə
təkrar nəşrinə dair genişmiqyaslı
layihə həyata keçirilmişdir. Qeyd etmək
istəyirəm ki, rus klassiklərinin əsərlərinin
nəşri bu layihədə xüsusi yer tutmuşdur. Puşkin,
Lermontov, Tolstoy, Bulqakov, Blok, Yesenin və başqa yazıçı
və şairlərin əsərlərinin ümumi tirajı
təqribən 1,5 milyon nüsxə təşkil etmişdir. R.Mehdiyev bildirmişdir ki, dünya
ədəbiyyatı klassiklərinə həsr edilmiş
yeni layihədə Vladimir Nabokov, Andrey Platonov, Boris
Pasternak, Aleksandr Soljenitsın və başqalarının
əsərləri Azərbaycan dilində nəfis
tərtibatda nəşr olunacaqdır. Bütün bunlar təhsil və
mədəniyyət sahələrində gedən
proseslərlə bağlı yalnız ayrı-ayrı
ştrixlərdir. Bu yaxınlarda biz Azərbaycanda
"Rusiya ili"ni və Rusiyada "Azərbaycan
ili"ni böyük uğurla qeyd etdik. Bütün bunlar onu göstərir
ki, əsası Heydər Əliyev tərəfindən
qoyulmuş siyasət - Rusiya ilə mehriban qonşuluq
və qarşılıqlı surətdə faydalı
əməkdaşlıq siyasəti uğurla inkişaf
edir, bu sahəyə yeni-yeni insanlar, ilk növbədə,
gənclər cəlb olunurlar. Prezidentin İcra Aparatının
rəhbəri salonda əyləşən
tələbələrə müraciətlə bir daha xatırlatmışdır
ki, onların dünyada ən zəngin dillərdən birini
öyrənməsi üçün nadir imkanları var. O demişdir:
"Sizin rus mədəniyyəti ilə tərcümələr
vasitəsilə deyil, orijinalda ünsiyyətdə olmaq imkanınız
var. Bu imkanı əldən verməyin. Axı xarici dili
yalnız çox gənc yaşında ana dili kimi öyrənmək
mümkündür. Mənə çox xoşdur ki, Rusiya Federasiyası
azərbaycanlı tələbələrə bu
qədər yüksək səviyyədə diqqət və
qayğı göstərir. ümid edirəm ki, bu
əlaqələr mütəmadi olacaq və həm təhsil
prosesinə müsbət təsir göstərəcək,
həm də hər bir tələbənin taleyində
əks olunacaqdır. Sizə uğurlar arzulayıram.
Mən ümid edirəm ki, bu gün təqdim edilən D.İ.Mendeleyev
adına təqaüdlər sizin üçün yeni stimullar yaradacaqdır. RF Prezidenti Administrasiyasının
rəhbəri Sergey Narışkin
tədbir iştirakçılarına Rusiya dövlətinin
başçısı Dmitri Medvedyevin salamlarını çatdırmışdır.
O demişdir ki, böyük alim, anadan olmasının 175 illiyi bu
yaxınlarda qeyd edilmiş D.İ.Mendeleyevin
adını daşıyan təqaüdlərin təqdim
olunması mərasimində tələbələrlə görüşmək
mənə çox xoşdur. Bu salonda gənc
tələbələr - riyaziyyatçılar, kimyaçılar,
politoloqlar, filoloqlar, hüquqşünaslar toplaşmışdır.
Sizin hamınızı birləşdirən cəhət
seçdiyiniz ixtisaslar və peşələr üzrə
biliklərin zirvələrinə doğru
irəliləmək kimi güclü bir istəkdir.
Deməliyəm ki, Azərbaycanda sizin öz
məqsədinizə çatmağınız üçün bütün
zəruri şərait yaradılır. çox xoşdur ki, Azərbaycanda rus dilinə,
rus mədəniyyətinə böyük maraqla, mən
deyərdim ki, həssaslıqla yanaşırlar. Bu,
Azərbaycanın dövlət hakimiyyətinin tamamilə
uzaqgörən siyasətidir. Ona görə ki, rus dili və rus
mədəniyyəti nəticə etibarilə Rusiyanın
və ya rusiyalıların mülkiyyəti deyil, bu,
sizinlə bizim ümumi sərvətimiz, böyük MDB məkanında
yaşayanların hamısının ümumi
dəyəridir. Əlamətdar haldır ki, bu gün bir neçə
hadisə baş vermişdir. Lap bu yaxın vaxtlarda Bakıda
Moskva Dövlət Universitetinin filialı işə başlamışdır.
Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı
ilə bu nadir tədris müəssisəsinin
təntənəli açılışını keçirdik.
Biz ölkələrimiz arasında humanitar əməkdaşlığın
səviyyəsini yüksək qiymətləndiririk. Bugünkü
hadisə - D.İ.Mendeleyev adına təqaüdlərin
təmin edilməsi də gələcəyə
istiqamətlənmiş humanitar əməkdaşlıq
xəzinəsinə bir töhfədir. S.Narışkin D.İ.Mendeleyev adına
təqaüdün təsis edilməsinə görə Rusiyanın
"Avrasiya Araşdırmaları İnstitutu" Fonduna
təşəkkürünü bildirərək vurğulamışdır
ki, bu təqaüdlər təkcə gənc azərbaycanlı
tələbələrin istedadına və
əməksevərliyinə deyil, həm də bizim ümumi
gələcəyimizə yaxşı sərmayə
deməkdir. Mən əminəm ki, D.İ.Mendeleyev təqaüdçüləri
və sizin universitetin başqa tələbələri öz
istəklərinə nail olacaq, yüksək səviyyəli
peşəkar mütəxəssislərə çevriləcəklər.
İnanın ki, bu, təkcə Azərbaycanın yox,
həm də Rusiyanın maraqlarına uyğundur, çünki ölkələrimizin
uğurları və firavanlığı sizdən, sizin uğurlarınızdan
asılıdır. Buna görə də mən bugünkü
parlaq, hərarətli, təntənəli hadisə münasibətilə
bu mərasimin bütün iştirakçılarını ürəkdən
təbrik edirəm. Sonra Sergey Narışkin Azərbaycan ali
məktəblərinin on nəfər ən yaxşı
tələbəsinə D.İ.Mendeleyev adına təqaüdləri
təqdim etmişdir. D.İ.Mendeleyev təqaüdçüləri adından
çıxış edən BSU-nun 4-cü kurs tələbəsi
Teymur Məmmədov Rusiya Federasiyası Prezidenti
Administrasiyasının rəhbəri Sergey Narışkinə,
habelə "Avrasiya Araşdırmaları İnstitutu"
Fonduna azərbaycanlı tələbələrə göstərdikləri
diqqətə görə təşəkkürünü bildirmişdir.
O vurğulamışdır ki, tələbələr rus
dilinin əhəmiyyətini və rolunu yüksək
qiymətləndirirlər və Azərbaycan ilə Rusiya
arasında dostluq əlaqələrinin möhkəmlənməsi
üçün səylərini
əsirgəməyəcəklər. Miniatür Kitab Muzeyinin direktoru Zərifə
Salahova həmin muzeydə olmuş fəxri qonaqların, o
cümlədən Rusiyanın tanınmış siyasətçilərinin,
ədəbiyyat və incəsənət xadimlərinin
imzaları olan miniatür kitabı qonaqlara hədiyyə etmişdir.
Sonra qonaqlar BSU nəzdində Rus
Mədəniyyəti Mərkəzinin fəaliyyəti
ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir
ki, tələbələr bu mərkəzdə Rusiyanın
tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında
ətraflı informasiya əldə edirlər. Rusiya Federasiyası Prezidenti Administrasiyasının
rəhbəri Sergey Narışkin
tələbələrlə söhbətində onlara uğurlar
arzulamışdır. Tədbirin sonunda üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
tələbələrinin iştirakı ilə konsert olmuşdur. AzərTAc |