· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Bütün yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorlarına

Respublikanın ümumtəhsil məktəblərində pedaqoji kadrların işə qəbulu vəziyyətinin öyrənilməsi və aparılan təhlillər göstərmişdir ki, pedaqoji kadrların seçilib yerləşdirilməsində, onlar arasında dərs yükünün bölünməsində hələ də ciddi nöqsanlara yol verilməkdədir. Əksər hallarda heç bir ehtiyac olmadan bir stavkadan, hətta 6 saatdan da aşağı dərs yükünə müəllimlər işə qəbul edilir. Bu isə öz növbəsində məktəblərdə kadr sıxlığının yaranmasına və müəllim-şagird nisbətinin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda isə qeyri-ixtisas və ya qeyri-pedaqoji təhsilli şəxslər də işə qəbul edilir ki, bütün bunlar son nəticədə təhsilin keyfiyyətinə öz mənfi təsirini göstərir.

Eyni zamanda son 5 ildə respublikanın ümumtəhsil məktəblərində müəllim və şagirdlərin say tərkibinin müqayisəsi göstərmişdir ki, məktəblərdə şagird kontingentinin 219 min nəfər azalmasına baxmayaraq, müəllimlərin sayı 11 min nəfər artmış, bu isə respublika üzrə müəllim-şagird nisbətinin 10,1-dən 8,4-ə düşməsinə səbəb olmuşdur. Heç bir ehtiyac olmadan müəllimlərin işə götürülməsi, onların sayının süni surətdə şişirdilməsi müəllimlərin əməkhaqlarının artırılmasında və digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsində problemlərin yaranmasına gətirib çıxarır.

Yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması və müəllimlərin işə qəbulunun səmərəli sisteminin yaradılması, bu sahədə yeni mexanizmlərin işlənib hazırlanması məqsədilə Təhsil Nazirliyinin 03 mart 2008-ci il tarixli, 299 nömrəli əmrilə həmin tarixdən pedaqoji kadrların işə qəbulu dayandırılmışdır. ötən müddət ərzində ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun təkmilləşdirilməsi istiqamətində müvafiq iş aparılmış, bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, daha səmərəli işə qəbul mexanizminin işlənib hazırlanması üzrə tədbirlər müəyyənləşdirilmiş, respublikanın ümumtəhsil məktəblərində müəllim vəzifəsi nazirliyin uçot nomenklaturasına daxil edilmişdir.

Qeyd edilənlərlə əlaqədar, 2008-2009-cu tədris ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində pedaqoji kadrların işə qəbulunun "Təhsil Nazirliyi sisteminin vəzifə nomenklaturası barədə" Təhsil Nazirliyinin müvafiq əmrində müəyyənləşdirilmiş Qaydalara uyğun həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu zaman aşağıdakı şərtlərə əməl olunmalıdır: 

- ümumtəhsil məktəblərində fənlər üzrə vakant dərs saatları barədə rəsmi məlumat təhsil şöbələri (idarələri) və nazirliyin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən məktuba əlavə olunmuş formaya uyğun nazirliyə təqdim olunur;

- məktəblər üzrə vakant dərs saatları barədə əsaslandırılmış təkliflər Təhsil Nazirliyinin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılır, vakant dərs saatı və kadra olan ehtiyac barədə kütləvi informasiya vasitələrində müvafiq elan verilir;

- vakant yerlər barədə elan əsasında yerli təhsili idarəetmə orqanlarından və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrindən müşayiətedici məktubla Təhsil Nazirliyinə daxil olmuş şəxsi işlərə Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsində baxılır. Təhsil, pedaqoji staj, iş təcrübəsi və s. əsas götürülməklə, ixtisas göstəriciləri qoyulmuş tələblərə cavab verən namizəd (və ya namizədlərin) nazirin müvafiq razılıq məktubu əsasında vakant yerə təyin edilməsi işəgötürən tərəfindən rəsmiləşdirilir, onunla əmək müqaviləsi bağlanılır.

Vakant dərs saatı dedikdə məktəbdə hər hansı fənn üzrə ümumi dərs saatının ixtisas müəllimləri arasında 18 saatdan az olmamaq şərti ilə bölündükdən sonra qalan 18 saatdan çox dərs saatı başa düşülməlidir.

Eyni zamanda nəzərə alınmalıdır ki, məktəbdə tədris planına əsasən hər hansı bir fənn üzrə ümumi dərs yükü 18 saatdan az olduğu və ixtisaslı kadr olmadığı halda, həmin saatlar vakant kimi qəbul edilə və fənn üzrə kadrın işə qəbul olunması məsələsi qaldırıla bilər.

Namizədlərin vakant yerə təqdim olunması prosesi dövlət ali və orta ixtisas məktəblərini bitirərək 1 və 2 nömrəli forma üzrə birbaşa kənd məktəblərinə təyinatla göndərilənlərə şamil olunmur.

Analıq məzuniyyətinə çıxmış müəllimin dərs yükü imkan daxilində, ilk növbədə, həmin tədris müəssisəsində çalışan ixtisaslı kadrlara verilməlidir. Digər hallarda isə analaq məzuniyyətinə çıxmış müəllimin yerinə işə götürülmüş kadrlarla maksimum 3 il müddətinə əmək müqaviləsinin bağlanmasına icazə verilir. Həmin müddət bitdikdən sonra əmək müqaviləsinin şərtlərinə yenidən baxılır.

Bu təlimati məktubun tələblərinə ciddi əməl olunmasına görə yerli təhsili idarəetmə orqanlarının və təlim-tərbiyə müəssisələrinin rəhbərləri bilavasitə məsuliyyət daşıyırlar.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

27 avqust 2008-ci il