· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ən yaxşı məktəblərimiz, ən yaxşı müəllimlərimiz

 

Seçimin bütün mərhələlərindən razı qaldıq

Keyfiyyətli təlim üçün əlverişli mühit mövcuddur

 

Ucqar kənd məktəbi olan təhsil ocağımızın adının ölkənin 50 ən yaxşı ümumtəhsil məktəbi sırasına düşməsi və Prezident İlham Əliyev tərəfindən mükafatlandırılması nəinki məktəbimizin, müəllim və şagirdlərimizin, bütün kənd ictimaiyyətinin böyük sevincinə səbəb olub. ümumiyyətlə, rayonumuz bu müsabiqədə çox yaxşı nəticə əldə edib: 3 məktəb qalib adına layiq görülüb. Bu fakt İsmayıllıda təhsilin yüksək səviyyədə olmasına ən yaxşı sübutdur.

ölkəmizin təhsilinə və təhsil işçilərinə diqqət və qayğısına, rayonumuzun, eləcə də məktəbimizin təhsil uğurlarına verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Müsabiqədə qalib gələcəyimizi gözləməsək də, son illər ərzində məktəbimizin əldə etdiyi uğurlar bizə ümidlər verirdi və bu ümidlərlə də müsabiqəyə qatılmışdıq. Seçimin bütün mərhələlərindən razı qaldıq. Yanaşma obyektiv, müsabiqənin gedişi şəffaf idi. Bütün bunlara görə Təhsil Nazirliyinin rəhbərliyinə, müsabiqənin təşkilatçılarına çox təşəkkür edirik.

Bəs nəyin sayəsində müsabiqədə qalib gələ bilmişik? Məqsədim bu sual ətrafında oxuculara məktəbimiz haqqında bəzi məlumatlar verməkdir. Əvvələn qeyd edim ki, Talıstan məktəbi xeyli tarixə malik, özünün ənənələri olan təhsil müəssisəsidir. Tədris ocağımız 1900-cu ildə ibtidai məktəb-mədrəsə kimi fəaliyyətə başlamış, 1920-ci ildə natamam orta məktəbə, 1967-ci ildə isə orta məktəbə çevrilmişdir. 1977-ci ildə məktəbimiz üçün birtipli layihə əsasında 480 şagird yerlik bina tikilmişdir. ötən il isə o, əsaslı təmir olunmuşdu, məktəbimizdə keyfiyyətli təlim və tədris üçün əlverişli şərait mövcuddur. 25 sinif otağı, o cümlədən 10 fənn kabineti, idman zalı, kitabxana, qiraət zalı, kompüter otağı, 2 laboratoriya və yeməkxana şagirdlərin istifadəsindədir. 5 günlük iş həftəsi ilə, bir növbədə işləyirik.

Hazırda məktəbimizdə 21 sinif komplekti olmaqla 403 şagird təhsil alır. Onların təhsil və tərbiyəsi ilə 41 müəllim məşğul olur. Müəllimlərimizin 83 faizi ali təhsillidir. Fənn müəllimləri ilə təminat 100 faizdir. Tədris ocağımız 2005-ci ildən müstəqil maliyyələşməyə keçib.

 

İş təcrübəmiz nazirliyin tövsiyəsi ilə respublikada yayılıb

 

Təhsil ocağının məzunları hər il yüksək balla ali məktəblərə qəbul olunurlar. Məzunlarımızın 60-70 faizi ali məktəbə qəbul olunduğuna və orta bal göstəricisi 300-dən yuxarı olduğuna görə 3 ildir ki, TQDK Talıstan məktəbini respublikanın ən yaxşı məktəbləri sırasına daxil edir. Son 5 il ərzində bizim məktəbdən olan abituriyentlərin orta bal göstəricisi 100 bal artmışdır. 2006-cı ildə 3 nəfər 600-dən çox, 2007-ci ildə isə 4 nəfər 500-dən çox bal toplamışdır. Məzunlarımız 8 ildir ki, dalbadal qəbulda fizika, kimya və biologiyadan rayon üzrə ən yüksək nəticə göstərirlər. 2 məzunumuz  təhsilini xaricdə davam etdirir.

Şagirdlər hər il respublika fənn olimpiadasında qalib gəlirlər. Belə ki, 2006-cı ildə XI sinif şagirdi Nigar Mirzəyeva Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın respublika turunda II yeri, 2007-ci ildə Arzu Bağırova həmin fəndən III yeri tutmuşlar.

Talıstan məktəbi "Məktəb Qrant Proqramı"nda uğurla iştirak edərək, proqramın 3 mərhələsinin hər birində qalib gəlmişdir. Nəticədə məktəbdə innovativ təlim şəraiti yaradılmışdır. Udulmuş layihələr vasitəsilə məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş, kabinetlər kompüter və digər İKT avadanlıqları ilə təchiz edilmiş, elektron kitabxana yaradılmışdır.

Məktəbin müvəffəqiyyətləri, yüksək təhsil göstəriciləri bir neçə dəfə Təhsil Nazirliyinin kollegiya iclasında qeyd edilmiş, qabaqcıl iş təcrübəsinin yayılması tövsiyə olunmuş və elmi-metodik mətbuat və praktik konfranslar vasitəsilə respublikada yayılmışdır. Məktəbimiz bir çox ölkələrin, o cümlədən Türkiyə və Rusiya məktəbləri ilə əməkdaşlıq edir.

2007-ci ildə məktəbin direktoru olaraq mən və kimya müəllimi  "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş, ədəbiyyat müəllimi nazirliyin Fəxri fərmanını almışdır.

Bunlar bizi mükafata aparan uğurlarımızın bir qismidir. Onların qazanılmasında işgüzar, novator düşüncəli müəllimlərdən ibarət pedaqoji kollektivimizin rolu və zəhməti böyükdür. Onları böyük şairimiz Səməd Vurğunun kəndimizə həsr etdiyi məşhur "Talıstan" poemasının müasir qəhrəmanları aldandırmaq olar.

 

Aydın ƏZİZOV,

İsmayıllı rayonu Talıstan kənd

orta məktəbinin direktoru

 

 

 

 

 

Uğurumuza inanırdıq

"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi ölkə başçısının təhsilə göstərdiyi böyük qayğının bariz nümunəsidir. Rəhbərlik etdiyim məktəb 3000-ə yaxın şagird və 300-ə qədər müəllim kollektivinə malikdir. Pedaqoji kollektivimiz içərisində böyük təcrübəyə malik müəllimlər əksəriyyət təşkil edir.

Onlar yeni dərs vəsaitlərinin hazırlanmasında iştirak edir, bəzi kitablara dəyərli rəy və təkliflərini verir, şagirdlərin gələcək inkişafı üçün tanınmış xarici təşkilatlarla əlaqələr yaradır, faydalı təcrübələrin məktəbimizdə tətbiq edilməsinə çalışırlar. Xüsusən yeni interaktiv təlim metodlarının genişləndirilməsi kollektivin diqqət mərkəzindədir. "Mədəd" kurslarının məktəbimizdə təşkili və digər qabaqcıl təhsil ocaqları ilə təcrübə mübadiləsi işimizə böyük səmərə verir. Kompüterləşmənin uğurla həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi müəssisəmizin nailiyyətlər qazanmasına imkan yaradır.

Sevindirici haldır ki, fəaliyyət göstərdiyi dövrdə məktəbimiz 5 əməkdar müəllim yetişdirmiş, dəfələrlə yuxarı aidiyyəti orqanlar tərəfindən təltiflərə və çoxlu sayda fəxri adlara layiq görülmüşdür.

Məktəbimizin yüksək səviyyəyə qalxmasında 27 il bu təhsil ocağına rəhbərlik etmiş və hazırda Abşeron Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Nadir Ağayevin zəhməti az olmamışdır. çalışırıq ki, onun qoyduğu ənənələri uğurla davam etdirək. Bu tədris ilində məktəbi bitirən məzunlarımızdan 70 nəfərinin respublikamızın və xarici ölkələrin ali məktəblərinə daxil olması bizim düzgün yolda olduğumuzu bir daha sübut edir. Devizimiz isə belədir: "1 nömrəli məktəb elə birinci də olmalıdır".

Qeyd etmək lazımdır ki, qarşımıza çıxan bütün problemlərin həllində rayon rəhbərliyi və təhsil şöbəsi bizə böyük kömək göstəriblər.

Son günlərdə məktəbimizin pedaqoji və şagird kollektivi böyük sevinc içərisindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən verilmiş 19 avqust 2008-ci il tarixli sərəncamda "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri sırasında məktəbimizin də adının olması bizə böyük fərəh bəxş etdi.

Əldə etdiyimiz nailiyyətlər bizi arxayın salmır və inanırıq ki, dövlətimizin təhsilə göstərdiyi qayğı doğma təhsil ocağımıza hələ neçə-neçə uğurlar gətirəcək.

 Tahirə ƏLƏKBƏROVA,

Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli orta

məktəbin direktoru, respublikanın

əməkdar müəllimi

 

 

 

 

 

 

İki qələbənin sevincini yaşayırıq

Yola saldığımız 2007-2008-ci dərs ili rəhbərlik etdiyim 83 nömrəli məktəb-liseyin pedaqoji kollektivinə iki böyük sevinc bəxş edib. ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində həm məktəbimiz, həm də müəllimimiz Nüşabə Məmmədova qalib gələrək dövlət başçısı tərəfindən mükafatlandırılıb.

Kollektivimiz hər iki mükafatı gənc nəslin təlim-tərbiyəsi sahəsində gərgin əməyimizə, qazandığımız uğurlara verilən böyük qiymət kimi dəyərləndirir və ölkə başçısına göstərdiyi bu diqqət və qayğıya görə minnətdarlıq edir. Müsabiqələrin gedişindən də çox razı qaldıq. Hər iki müsabiqə yüksək səviyyədə keçirildi, fəaliyyətimizi əsl təhsil peşəkarları təhlil edib qiymətləndirdilər.

Müsabiqələrin qayda və şərtlərinə görə məktəb və müəllimlərin fəaliyyəti qiymətləndirilərkən gənc nəslə fundamental elmlərin əsaslarının yeni üsullarla öyrədilməsində, Azərbaycan dili, ədəbiyyat və tarixin, xarici dillərin tədrisində qazandıqları nailiyyətlər, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində əldə etdikləri yüksək nəticələr əsas götürülürdü. Bizim isə bu istiqamətlərdə son illər, həqiqətən də, dəyərli, diqqətçəkən uğurlarımız olub.

Paytaxtın Binəqədi rayonunda yerləşən 83 nömrəli məktəb-liseyimiz 1971-ci ildə yaranıb. 1994-cü ilədək adi ümumtəhsil məktəbi kimi, həmin ildən isə indiki statusla fəaliyyət  göstərir. Vaxtilə 750 şagird yerlik olan məktəbdə hazırda 1700 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 159 nəfər yüksək ixtisaslı müəllim məşğul olur. Məktəb-liseyimiz Bakı şəhəri üzrə keçirilən "İlin ən yaxşı təlim-tərbiyə müəssisəsi" müsabiqəsində I yeri tutaraq, I dərəcəli diplomla təltif olunmuşdur. Hər bir dəyərli yeniliyi dəstəkləyən pedaqoji kollektivimiz bütün müsabiqələrin fəal iştirakçısı olmuş və layiqli yerlər tutmuşdur.

Belə ki, tarix müəllimi, VIII-XI sinif tarix dərsliklərinin müəllifi M.Vəliyev "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, biologiya müəllimi, "Həyati bacarıqlara əsaslanan təhsil"in proqram və iş dəftəri müəlliflərindən biri, TQDK-nın eksperti N.Məmmədova, coğrafiya müəllimi K.Həsənov "Tərəqqi" medallarına layiq görülmüşlər. İngilis dili müəllimi Sara Hüseynova isə Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.

Məktəbin direktoru Bakı şəhəri üzrə keçirilən "İlin ən yaxşı məktəb direktoru" müsabiqəsində, "Pedaqoji mühazirələr"in respublika turunda I yeri tutaraq, I dərəcəli diplomla təltif olunmuşdur.

Məktəb-liseyimiz 2006-2007-ci tədris ilində məzunların ali məktəbə qəbuluna görə Bakı şəhəri üzrə  ilk 10 məktəb sırasında yer tutmuşdur. Son illərdə ali məktəblərə qəbul zamanı 100-dən artıq məzun 500, 30 məzun isə 600-dən yuxarı bal toplayıb. 5 məzunumuz Prezident təqaüdünə layiq görülüb. Bu il 7 yetirməmiz 600-dən çox bal toplayıb.

2005-ci ildən bəri məktəbimizin 15 şagirdi respublika fənn olimpiadasında qalib gələrək I-IV yerləri tutub. Bu il respublika fənn olimpiadasına vəsiqə qazanmış 6 şagirdimizdən 4-ü qaliblər sırasına çıxıb. I yeri tutan XI sinif şagirdi Fidan Qasımlı təhsil nazirinin əmri ilə buraxılış imtahanlarından azad olunmuşdur.

VIII sinif şagirdi Elgün Ağayev və XI sinif şagirdi Abbas Abdullayev müsabiqə qalibi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fransa Respublikasının Paris, Strasburq və Belçika Krallığının Brüssel şəhərində olmuş və orada keçirilən konsertdə çıxış etmişlər. öz musiqi istedadı ilə tanınan Elgünün adı Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və o, Azərbaycan Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.

83 nömrəli məktəb-lisey müasir təlim texnologiyalarının tətbiqi üzrə layihə və innovativ təhsil proqramlarında, "Addım-addım" proqramı, "Həyati bacarıqlara əsaslanan təhsil" layihələrində iştirak edib və hazırda kurrikulumla əlaqədar pilot məktəb kimi fəaliyyət göstərir.

2003-cü ildə "Mənim məktəbim" ümumrespublika layihəsi çərçivəsində məktəbimizin bir qrup müəllim və  şagirdləri tərəfindən məktəbin saytı (www. 83 liceum.net)  yaradılmışdır. Saytda məktəbin fəaliyyəti, müəllim və şagird heyətinin nailiyyətləri barədə daha ətraflı məlumat almaq mümkündür. Bu iş Binəqədi məktəbləri üzrə yaradılmış ilk praktik təcrübə olmuşdur.

İnanırıq ki, aldığımız mükafat bizi innovativ fəaliyyətimizi  daha əzmlə davam etdirməyə sövq edəcək.

 

Yaqut SADIQOVA,

Bakıdakı 83 nömrəli məktəb-liseyin direktoru,

"Qızıl qələm" mükafatı laureatı

 

 

 

 

 

Birgə qazanılmış nailiyyət

Bakı şəhəri xarici dil  dərindən öyrədilən 27 nömrəli orta  məktəb  səmərəli  işinə və nümunəvi fəaliyyətinə görə 2007-2008-ci tədris  ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri sırasında yer qazanaraq mükafatlandırılmışdır.

1959-cu ildən  fəaliyyət göstərən təhsil ocağı 1979-cu ildən  xarici dil dərindən öyrədilən məktəb kimi tanınır. Məktəbin məzunları dünyanın ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya kimi inkişaf etmiş ölkələrində və Azərbaycanın  ən nüfuzlu ali məktəblərində təhsil alırlar.Burada 1454 şagirdin  təlim-tərbiyəsi ilə  111 müəllim məşğul olur.

Son dörd ildə  bu tədris ocağından ali məktəblərə qəbul olunanların sayı getdikcə artmışdır. Belə ki,  2005-ci ildə məzunlardan 52, 2006-ci ildə  51, 2007-ci ildə 62,  2008-ci ildə  isə 62,5 faizi ali məktəblərə daxil olmuşdur.

Məktəbdə zəngin fənn kabinetləri var. Müəllimlər dərslərdə yeni təlim texnologiyalarından, müasir metodlardan geniş istifadə edir, dərslərini şagirdlərin maraq və meyillərini nəzərə almaqla qururlar.

Məhz bunun nəticəsidir ki, məktəbin şagirdləri  hər il  fənn olimpiadalarında və digər bilik yarışlarında  iştirak edərək  böyük uğurlar qazanırlar.

Son iki ildə respublikada ilk dəfə olaraq bu məktəbdə  Kurrikulum İslahatı Proqramının elmi-nəzəri məsələlərini təcrübəyə tətbiq etmək, yeni təlim texnologiyaları və fəal təlim metodlarından dərslərdə istifadə məqsədi ilə Kurrikulum Mərkəzinin elmi işçilərinin, universitet müəllimlərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodistlərinin iştirakı ilə  elmi-praktik konfrans keçirilmişdir. Kimya, fizika, coğrafiya, tarix,  biologiya, riyaziyyat, əmək hazırlığı, musiqi fənləri üzrə həyati bacarıqlara əsaslanan nəticə  yönümlü "açıq dərs"lər dinlənilmiş və müzakirə  edilmişdir.

Uğurların qazanılmasında məktəbin müəllimlərindən Lyudmila  Cəfərova, Elmira Hacıyeva, Yeganə Məhəmmədova və başqalarının  əməyi çox böyükdür.

Xarici dil dərindən öyrədilən 27 nömrəli orta məktəb 2008 -ci ildən  ingilis dili intensiv öyrədilən  məktəblər sırasına daxil edilmiş və 8 nəfər ingilis dili müəllimi  müvafiq  kursdan keçərək sertifikat  almışdır.

 

Şakir CƏFƏROV

 

 

 

 

 

Mükafatdan əlaçı şagirdlərə təqaüd veriləcək

ölkə başçısı İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamla on min manat pulla mükafatlandırılan məktəblər sırasında Bakı şəhərindəki 147 nömrəli texniki-humanitar liseyin də adı var.

Bu təhsil ocağı 1998-ci ildə yaranıb. 1999-cu ildən lisey kimi fəaliyyət göstərir. Məktəbin şagirdləri həmişə beynəlxalq olimpiadalarda iştirak edib və böyük uğurlar qazanıb. Son üç il ərzində təhsil ocağını bitirənlər 600-dən yüksək bal toplayaraq, ən yaxşı ali məktəblərə qəbul olublar. Liseyin direktoru Həlimə Mehdiyevanın sözlərinə görə, təhsil ocağını bitirənlərin böyük əksəriyyəti Türkiyə, Koreya, Amerika, Almaniya və Rumıniyada təhsil alır. Direktor ölkə başçısı cənab İlham Əliyevə təhsilə göstərdiyi bu böyük diqqət və qayğıya görə təşəkkürünü bildirdi.

Məktəb rəhbərliyi təhsil ocağına verilən bu mükafatla fənn kabinetlərinin avadanlıqlarla zənginləşdirilməsi, yeni tikilən korpusun tərtibatı, ən əsası isə müasir texniki avadanlıqların alınmasını nəzərdə tutur. Bununla yanaşı, yüksək intizamı və qiymətləri ilə fərqlənən şagirdlərin bir hissəsinə təqaüd veriləcək, müəllimlərin bəziləri mükafatlandırılacaq.

 

 Rəşad ZİYADOV

 

 

 

 

Hədsiz fərəh

Sevincimiz  hədsizdir! Prezidentin 19 avqust 2008-ci il tarixli sərəncamı ilə təhsil ocağımızın "Ən yaxşı ümumtəhsil məktəbi", 3 nəfər müəllimimizin isə "Ən yaxşı müəllim" adına layiq görülməsi kollektivimizin illər ərzində uğurlu fəaliyyətinə dövlət tərəfindən verilən yüksək qiymətdir.

Məktəbin yaradıcı, çoxşaxəli fəaliyyəti öz bəhrəsini verdi. Məktəb kollektivi - istər müəllim, istər şagird, istərsə də valideynlər bu qələbənin qazanılmasında öz sözlərini deməyi bacardılar. çalışqan şagird, məsuliyyətli müəllim və tələbkar valideynlər məktəbimizin inkişafında mühüm rol oynamışlar. Bu yüksək ad məktəbimizin üç istiqaməti birləşdirmək bacarığının nəticəsi olmuşdur.

Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseyin "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" zirvəsinə gedən yolu beynəlxalq müsabiqələrdən, yarışlardan, layihələrdən keçmişdir. 2004-cü ildə İspaniyada 125 ölkənin, 1466 komandanın içərisində 1-ci yeri tutanda belə sevincimiz bu qədər yüksək olmamışdı. Ona görə ki, bu mükafat dövlətimiz tərəfindən seçilərək, fərqləndirilərək bizə verilmişdir. Buna görə də bu müsabiqə vasitəsi ilə bizim yaradıcı işimizi daha da rövnəqləndirən, bizi daha da yaradıcı işləməyə həvəsləndirən dövlətimizə öz təşəkkürümüzü bildiririk.

Təqdim olunan işlərə ədalətli seçim, şəffaf müsabiqə prosesi təşkil etmiş Təhsil Nazirliyinə və müsabiqə komissiyasına da məktəb kollektivinin dərin minnətdarlığını bildirirəm.

Bu gün yaxşı məktəb adını qoruyub saxlamaq bizim ən başlıca vəzifəmizdir. Bunun üçün güclü, müasir maddi-texniki baza yaratmaq lazımdır. Ona görə də verilən mükafatın məktəbin yeniləşməsi, nəzarət sisteminin təkmilləşdirilməsi və gücləndirilməsinə, müəllim və şagirdlərin həvəsləndirilməsinə sərf olunması nəzərdə tutulmuşdur.

Mən inanıram ki, qarşıdan gələn illərdə də məktəbimiz bu sevinci təkrar-təkrar yaşayacaq. çünki zəhmətkeş müəllimlərin yaradıcı işi bu qənaətə gəlməyə əsas verir.

Biz bu ada layiq görülmüş bütün həmkarlarımızı ürəkdən təbrik edir, onlara yeni müvəffəqiyyətlər arzulayırıq.

 

A.ƏSGƏROVA,

Bakıdakı 220 nömrəli məktəb-liseyin direktoru