· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyində müşavirə

Oktyabrın 17-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə 2008-2009-cu dərs ilində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada yoxlama və buraxılış imtahanlarının aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə bölgələrə ezam olunan koordinatorlarla müşavirə keçirildi. Tədbirdə təhsil nazirinin müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, respublikanın bir sıra şəhər, rayon təhsil şöbələrinin müdirləri və başqaları iştirak edirdilər.

Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq son illər ölkəmizin bir sıra ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirildiyini söylədi. Nazir qeyd etdi ki,  ötən tədris ilində Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Gəncə şəhərlərinin, Abşeron, İmişli, Ucar, İsmayıllı rayonlarının, həmçinin adları qeyd olunan şəhər və rayonların ərazilərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının, bu bölgələrdəki peşə liseylərinin, ali təhsil müəssisələrinin nəzdindəki ümumtəhsil məktəblərinin və bilavasitə  Təhsil Nazirliyi tabeliyindəki lisey və gimnaziyaların XI (XII ) sinif şagirdləri cavab kartı tətbiq edilməklə və nəticələri nazirlikdə yoxlanılmaqla test sualları  əsasında mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları veriblər. 2008-2009-cu dərs ilindən isə respublikanın bütün ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada test  üsulu  ilə keçirilməsi qərara alınıb.

Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanları haqqında ictimaiyyətin artıq məlumatlı olduğunu deyən təhsil naziri respublikanın bütün bölgələrində həmin məsələ ilə bağlı daha geniş hazırlıq və təlimati işlərin aparılmasının vacibliyini diqqətə çatdırdı. Nazir Misir Mərdanov qeyd etdi ki, 2008-2009-cu dərs ilində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada yoxlama və buraxılış imtahanlarının aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə Təhsil Nazirliyinin nümayəndələrinin, həmin məsələylə bağlı kifayət qədər təcrübəsi olan ayrı-ayrı mütəxəssislərin, təhsil işçilərinin respublikanın bölgələrinə ezam olunması nəzərdə tutulub. Təhsil naziri respublikanın şəhər və rayonlarına  səfər edəcək koordinatorlar üçün xüsusi bir təlimatın hazırlandığını bildirdi. Təlimatda nəzərdə tutulan məsələlərlə, tətbiq edilən yeniliklərlə müşavirə iştirakçılarını tanış edən nazir bununla bağlı bir sıra tövsiyələr verdi. Nazir Misir Mərdanov koordinatorların ezam olunduqları bölgələrdə görəcəkləri işlərdən söz açdı, mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və buraxılış imtahanları ilə bağlı yerlərdə əhalinin lazımi səviyyədə daha ətraflı məlumatlandırılmasının, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər arasında geniş izahat işlərinin aparılmasının zəruriliyini qeyd etdi. Nazir bu məsələnin olduqca mühüm və gərəkli olduğunu deyərək, müşavirədə iştirak edən şəhər və rayon təhsil şöbə müdirlərinə müvafiq tapşırıqlar verdi. Müşavirədə təhsil naziri Misir Mərdanov  görüləsi digər vacib işlərə də geniş toxunaraq öz fikir və mülahizələrini söylədi.

 

Samirə KƏRİMOVA