· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Xalqa, vətənə və dövlətə sədaqət andı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi

On yeddi il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra müasir tarixinin yeni bir dövrünə qədəm qoymuşdur. Daxili siyasi böhranın, hərc-mərcliyin, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsi, ictimai-siyasi sabitliyin təmin olunması ölkəni müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas etmişdir. Azərbaycan tədricən dünya birliyində öz yerini tutmuş, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna keçməyin labüd şərti olan geniş siyasi-iqtisadi islahatların aparılmasına başlanmışdır. Bu baxımdan müstəqil respublikanın ilk Konstitusiyasının qəbul edilməsinin, Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsinə başlanmasının çox böyük, tarixi əhəmiyyəti olmuşdur.

Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyini təmin etmiş, ölkənin bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə başlanmışdır. Ulu öndərin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan sosial-iqtisadi inkişaf yoluna çıxmışdır.

ölkədə on il ərzində həyata keçirilən bu xəttin 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsindən sonra müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilməsi müstəqil Azərbaycanın tarixində yeni bir mərhələ açmışdır. Dinamik sosial-iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycan bütün sahələrdə indiyədək görünməmiş uğurlar qazanmışdır. İqtisadi artım sürətinə görə dünyada lider, regionun lider dövləti, Avropanın enerji təhlükəsizliyinə töhfə vermək, bölgələrin sürətli sosial-iqtisadi inkişafı, əhalinin yaşayış səviyyəsinin durmadan yaxşılaşması, beş ildə 700 mindən çox iş yerinin açılması, yoxsulluğun səviyyəsinin kəskin şəkildə azaldılması -  budur bugünkü Azərbaycanın reallıqları.

2008-ci il Azərbaycanın tarixində həm də əlamətdar hadisə - növbəti prezident seçkiləri ilə yadda qalacaqdır. Seçkilərdə prezidentliyə namizədlərin sayı çox olsa da, əslində, qarşıdakı səsvermənin nəticələri Azərbaycan cəmiyyətinə də, xarici ekspertlərə, politoloqlara, müxtəlif təhlil mərkəzlərinə, ümumən dünyaya da irəlicədən məlum idi. çünki Prezident İlham Əliyevin qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Belə də oldu, çoxsaylı xarici və yerli müşahidəçilərin, müxtəlif beynəlxalq təşkilatların təmsilçilərinin tam əksəriyyətinin təsdiq etdiyi kimi, indiyədək Azərbaycanda keçirilmiş ən şəffaf, demokratik seçkidə İlham Əliyev 88,73 faiz səs topladı. Bu, ötən beş ildə dövlət başçısının həyata keçirdiyi siyasəti Azərbaycan xalqının bütünlüklə dəstəkləməsinin, ölkənin gələcəyini yenidən ona etibar etməsinin birmənalı təsdiqi idi.

Oktyabrın 24-də Heydər Əliyev Sarayında yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilmişdir.

Sarayın bayram tərtibatlı salonuna Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri toplaşmışdılar.

Andiçmə mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvili, Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil çiçək, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev, Polşa Prezidenti Administrasiyasının rəhbəri Pyotr Kovnaski iştirak edirdilər.

ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə, gurultulu və sürəkli alqışlarla qarşıladılar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad ABDULLAYEVƏ söz verildi. O dedi:

- Hörmətli xanımlar və cənablar!

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2008-ci il 22 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and içdi:

- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:

- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.

Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın Dövlət bayrağını öpdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş nitq söylədi.

Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı.

(Prezident İlham Əliyevin nitqinin mətni qəzetin bugünkü nömrəsində dərc edilir).

***

Azərbaycanın Dövlət bayrağı və Azərbaycan Prezidentinin ştandartı (bayrağı) səhnədən aparıldı.

Bununla da andiçmə mərasimi başa çatdı.

***

Ali Baş Komandan, Prezident İlham Əliyev Heydər Əliyev Sarayının qarşısında Milli Qvardiyanın əsgərlərini salamladı.

Əsgərlər hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdilər.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açıldı.

Heydər Əliyev Sarayının önünə toplaşmış ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlətimizin başçısı onları səmimiyyətlə salamladı.

AzərTAc

 

 

 

 

Son beş ildə əhəmiyyətli dərəcədə güclənmiş Azərbaycan gələcəyə ümidlə, nikbinliklə baxır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi

 

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, məni Prezident vəzifəsinə seçmiş bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm. Eyni zamanda mənim namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü bildirirəm, seçki kampaniyasında yaxından iştirak etdiklərinə görə partiyanın fəallarına minnətdaram.

Bu seçkilərdə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaqdır. Bu fürsətdən istifadə edərək, məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onların göndərdikləri təbriklərə görə öz təşəkkürümü bildirirəm.

Beş il bundan əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. çünki bu, Azərbaycanın bu günü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm.

Son beş il ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf müşahidə olunurdu. Azərbaycan son beş ildə bölgədə öz mövqelərini daha da möhkəmləndirmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi sürətlə getmişdir. Müstəqilliyimiz möhkəmləndirilmişdir. Azərbaycanda siyasi və iqtisadi islahatlar uğurla aparılır. Demokratikləşmə prosesi uğurla gedir.

Azərbaycan son beş il ərzində böyük dərəcədə güclənmiş və bu gün gələcəyə ümidlə, böyük nikbinliklə baxan bir ölkədir.

Azərbaycan bu gün beynəlxalq müstəvidə özünə layiq yerini daha da möhkəmləndirmişdir. Bizim regional təşəbbüslərimiz böyük uğur gətirir. Bölgədə apardığımız işlər həm Azərbaycanın möhkəmlənməsinə, həm də regional əməkdaşlığın inkişafına böyük xidmət göstərir. Biz öz siyasətimizi əsas təməl prinsipləri əsasında qururuq. Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində, mehriban şəraitdə yaşayırlar. Mən çox şadam ki, son beş il ərzində bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənmiş, Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olmuşdur və bütövlükdə cəmiyyət çox aydın görür Azərbaycan hansı istiqamətdə irəliləyir. Bizim siyasətimiz açıqdır, aydındır. Bir daha demək istəyirəm ki, bu siyasətin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır və bu işdə biz böyük uğurlara nail ola bilmişik. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsədi güdür. Bu da Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır.

Bununla bərabər, əlbəttə ki, beynəlxalq məsələlərin həllində biz çox böyük işlər görmüşük. Azərbaycan son beş il ərzində bölgədə öz yerini möhkəmləndiribdir. Biz bütün ölkələrlə ikitərəfli surətdə faydalı əməkdaşlığın dərinləşməsində maraqlıyıq, bunu edirik və bizim təşəbbüslərimiz bu məqsədi güdür. Xarici siyasətdə Azərbaycan son beş il ərzində böyük dərəcədə öz mövqelərini möhkəmləndirə bilmişdir. Bizim regional müstəvidə təşəbbüslərimiz həm regional əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərir, həm də Azərbaycanın maraqlarına uyğundur. Əminəm ki, bölgədə bizimlə əməkdaşlıq edən ölkələr də bu əməkdaşlıqdan razıdır. Bizim bütün təşəbbüslərimiz bu məqsədi güdür ki, bölgədə sülh, sabitlik daha da möhkəm olsun, iqtisadi əməkdaşlıq sürətlənsin və bölgədə yerləşən bütün ölkələr sülh, sabitlik, dostluq şəraitində yaşasınlar.

Deyə bilərəm ki, biz son beş il ərzində dünyada daha çox müttəfiq ölkələr qazanmışıq. Bir neçə ölkələrlə bizim münasibətlərimiz yeni pilləyə, strateji tərəfdaşlıq pilləsinə qalxıbdır. İkitərəfli münasibətlərimiz çox uğurludur. Biz bütün ölkələrlə dostluq münasibətlərinin davam etdirilməsində maraqlıyıq. Bu münasibətlər bərabərhüquqludur, hər iki tərəfin maraqlarına xidmər göstərməlidir və göstərir.

Bununla bərabər, beynəlxalq təşkilatlarla əməkdaşlığımız daha da dərinləşib, Azərbaycan üzv olduğumuz beynəlxalq təşkilatlarda çox fəal iştirak edib və beləliklə, beynəlxalq mövqelərimiz də möhkəmlənibdir. Bizim fəallığımız beynəlxalq təşkilatlarda mövqeyimizin güclənməsinə, bizim maraqlarımıza cavab verən qərarların qəbul edilməsinə gətirib çıxarıbdır.

Mən şübhə etmirəm ki, növbəti illərdə də bizim xarici siyasətimiz çox çevik, çox məqsədyönlü olacaq və bunun nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənəcəkdir.

Əlbəttə ki, xarici siyasətimizin əsas prioritet məsələsi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olmuşdur. Əfsuslar olsun ki, biz bu istiqamətdə hələ ki, heç bir nəticə əldə edə bilməmişik. Amma bununla bərabər deyə bilərəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi, Azərbaycanın baxışları və bizim tərəfimizdən irəli sürülmüş əsas təməl prinsiplər çox böyük dəyər qazanmışdır. Bu gün deyə bilərəm ki, danışıqların mahiyyəti Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında aparılır, bu, heç kimdə şübhə yaratmır və yarada da bilməz. Mən hesab edirəm ki, bizim atdığımız addımlar həm danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsinə, həm də bu məsələlərlə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıbdır. Bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağa heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 50 ildən sonra müstəqillik verilməyəcəkdir, Azərbaycan bunu heç vaxt tanımayacaqdır. Beləliklə, münaqişənin həllində beynəlxalq hüququn əsas prinsipləri öz əksini tapmalıdır.

Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan işğalçı siyasət davam edir, bu siyasət və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi hələ ki, işğal altındadır. Etnik təmizləmə siyasətindən əziyyət çəkən 1 milyon azərbaycanlı hələ də öz doğma torpaqlarına qayıda bilmir. Bu, ən böyük ədalətsizlik, ən böyük cinayətdir. Biz, əlbəttə, danışıqların davam etdirilməsində hələ ki, maraqlıyıq, hələ ki, ümidlərimiz tükənməyibdir. Hələ hesab edirik ki, danışıqlar məsələnin ədalətli həllinə gətirib çıxara bilər. O həll də hamı üçün aydındır və Azərbaycan xalqı bu mövqeyi dəstəkləyir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt razılıq verməyəcəkdir. Biz öz dövlət müstəqilliyimizi möhkəmləndirərək, ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnaməsi vardır. BMT-nin Baş Məclisində bu yaxınlarda buna oxşar qərar qəbul edilibdir. Digər beynəlxalq təşkilatlar da öz qərarları ilə bizim mövqeyimizi dəstəkləyir və möhkəmləndirir. Bir sözlə, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. çünki bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır.

İqtisadi potensial bizim tərəfimizdədir. Bölgədə gedən siyasi proseslər Azərbaycanın mövqeyini gücləndirir. çünki biz bu siyasi proseslərdə fəal iştirak edirik və bəzi hallarda irəli sürülən təşəbbüslərin müəllifiyik. Azərbaycanın iştirakı olmadan bölgədə iqtisadi və regional əməkdaşlıq mümkün deyil və bizim mövqeyimiz hamıya bəllidir. O vaxta qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Hesab edirəm ki, qarşı tərəf bütün bu amilləri təhlil edərək reallıqla barışmalıdır. Reallıq da ondan ibarətdir ki, bu gün Azərbaycanla rəqabət aparmaq çox çətindir, deyə bilərəm, qeyri-mümkündür. Siyasi potensialımız, iqtisadi gücümüz, ordu potensialımız və beynəlxalq haqq-ədalət prinsipləri bizim mövqelərimizi gücləndirir və mən əminəm ki, bütün bu amillər və bizim fəal və hücum siyasətimiz nəticədə torpaqlarımızın işğalçılardan azad olunmasına gətirib çıxaracaqdır.

Beş il bundan əvvəl mən Azərbaycan xalqına söz vermişdim ki, 5 il ərzində Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq və çox şadam ki, biz buna nəinki 5 il, hətta 4 il müddətində nail ola bilmişik. Məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun artırılmasına dair 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramının icrası çox uğurla aparılır və bu müddət ərzində 12 çadır şəhərciyi ləğv edilibdir. Onların əvəzinə müasir binalar, evlər, məktəblər, tibb məntəqələri tikilibdir. 36 yeni qəsəbə salınıb və işğaldan əziyyət çəkmiş on minlərlə soydaşımız yeni evlərə köçürülübdür. Bu proqramı biz bundan sonra da davam etdirəcəyik. 2007-ci ildə proqrama əlavələr edilmişdir və əminəm ki, bu əlavələr nəticəsində biz soydaşlarımızın yaşayış səviyyəsinin xeyli dərəcədə yaxşılaşmasına nail olacağıq.

Eyni zamanda son beş il ərzində ordu quruculuğu prosesi çox sürətlə getmişdir. Bu da mənim 2003-cü ildə seçkiqabağı təkliflərimin biri idi. Demişdim ki, Azərbaycanda çox güclü ordu potensialı yaradılmalıdır və əgər Azərbaycan xalqı etimad göstərsə və məni prezident vəzifəsinə layiq görsə, bu sahədə öz əməyimi əsirgəməyəcəyəm. çox böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanın ordu potensialı çox böyük dərəcədə gücləndirilibdir.

Ordumuzun hazırlıq, peşəkarlıq səviyyəsi böyük dərəcədə artıbdır. Mən dəfələrlə hərbi hissələrdə, o cümlədən düşmənlə təmas xəttində yerləşən səngərlərdə əsgərlərlə, zabitlərlə görüşlər keçirmişəm. Görmüşəm ki, həm döyüş qabiliyyəti, həm də ki döyüş ruhu çox yüksəkdir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da sürətlə gedəcəkdir. Eyni zamanda ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. Sizin diqqətinizə mən iki rəqəmi çatdırmaq istəyirəm. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatıbdır. Növbəti illərdə bu məbləğ daha da artırılacaqdır. 2009-cu il dövlət büdcəsinin layihəsində orduya ayrılan vəsait daha da böyük olacaqdır. Beləliklə, biz çox güclü ordu potensialı yaratmaqla Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırırıq.

Bütün bu amillər öz rolunu oynayır və qarşı tərəf bilməlidir və bilir ki, Azərbaycan qüdrətli dövlətdir. Bizim iqtisadi gücümüz var, siyasi çəkimiz artıbdır. Bölgədə bizim iştirakımız olmadan heç bir məsələ - nə iqtisadi, nə siyasi, nə də başqa öz həllini tapa bilməz. Bununla bərabər, Azərbaycanın çox güclü, müasir, mütəşəkkil ordusu var. Bütün bunları biz Azərbaycan xalqının dəstəyi ilə etmişik. Mən müxtəlif istiqamətlərdə atılan bütün bu addımları xalqla məsləhətləşmələr apararaq etmişəm. Mənim bölgələrə çoxsaylı səfərlərim və insanlarla ünsiyyətdə olduğum zaman insanların əhvali-ruhiyyəsini görmək imkanlarım olubdur. Bölgələrdəki vəziyyətlə çox yaxından tanışam və göstərilən bütün təşəbbüslər, atılan bütün addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənmişdir.

Son beş il ərzində Azərbaycan siyasi islahatların aparılmasında çox böyük bir yol keçmişdir. Mən dəfələrlə demişəm və bu gün də təkrarlamaq istəyirəm ki, Azərbaycanda siyasi sistem təkmilləşməlidir, bütün inkişaf etmiş demokratik ölkələrdə mövcud olan müsbət təcrübə Azərbaycanda tətbiq olunmalıdır. Bizim beynəlxalq təşkilatlarla əməkdaşlığımızın bir istiqaməti bundan ibarətdir. Bizə sərf edən, bizim üçün məqbul olan, Azərbaycan xalqına yad olmayan müsbət təcrübə Azərbaycanda tətbiq edilməlidir.

Beləliklə, ölkə müasirləşir. Müasirləşmə, sadəcə olaraq, infrastruktur layihələri ilə, yaxud da ki, iqtisadi artımla ölçülmür. Eyni zamanda bizim siyasi sistemimiz müasirləşməli, təkmilləşməlidir. Mən çox şadam ki, beş il ərzində Azərbaycanda demokratiyanın inkişafı üçün, siyasi islahatların aparılması üçün çox gözəl şərait yaradılmış və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bu yaxınlarda keçirilmiş prezident seçkiləri bunun əyani sübutudur. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə siyasətimiz bundan sonra da uğurla davam etdiriləcək və Azərbaycanın hərtərəfli inkişafı təmin olunacaqdır.

Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq. Əgər bu iqtisadi təməl olmasa, siyasi islahatları aparmaq o qədər də asan olmayacaqdır. Əgər demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların tam əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir. O ölkələrin tam əksəriyyəti dünyada inkişaf etmiş ölkələr kimi tanınır. Bizim də məqsədimiz ondan ibarətdir ki, - mən bu barədə artıq demişəm, bəzən bu, təəccüb doğura bilər, amma mən inanıram, - Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil olunmalıdır və daxil olacaqdır. çünki bunu etmək üçün bizim bütün imkanlarımız var: istedadlı insanlar, çox açıq-aydın, şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, bizim coğrafi vəziyyətimiz. Əminəm ki, bu vaxta qədər aparılan siyasət bizə bu imkanı yaradacaqdır.

Biz çalışmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Baxmayaraq ki, bu nailiyyətlər də çox böyük, ancaq biz irəliyə baxmalıyıq, gələcəyə baxmalıyıq. Azərbaycanın uğurlu inkişafını təmin etmək üçün, Azərbaycanda bundan sonra da sabit inkişafı təmin etmək üçün, Azərbaycan xalqının bundan sonra da təhlükəsizlik şəraitində yaşaması üçün biz hər gün çalışmalıyıq. Hamı - cəmiyyətin bütün üzvləri, bütün Azərbaycan xalqı çalışmalıdır. Bu həmrəylik bu gün Azərbaycanda var. Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil və mən bir daha demək istəyirəm ki, bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir.

Bir sözlə, siyasi sahədə islahatları bundan sonra da davam etdirəcəyik və artıq son beş il ərzində görülən işlər deməyə əsas verir ki, biz bu yoldan kənara çıxmayacağıq.

O ki qaldı iqtisadi islahatlara, bir daha demək istəyirəm ki, iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması bizə böyük uğurlar gətiribdir. 2003-cü ildən etibarən Azərbaycanda çox böyük iqtisadi proqramlar icra olunmağa başlamışdır və bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üçün xüsusi konkret proqram olmasın. Hər bir istiqamət üzrə biz konkret iş cədvəli üzrə fəaliyyət göstəririk, hər istiqamət üzrə konkret proqramlar, onların maddi təminatı var, çox işlək icra mexanizmləri var. Bir sözlə, Azərbaycanın hərtərəfli inkişafı üçün bütün şərait yaradılıbdır.

Son dörd il ərzində Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə birinci ölkədir. Son dörd il ərzində iqtisadi artım, yəni ümumi daxili məhsulun artımı baxımından bizdən yuxarı ölkə olmamışdır. Bu, böyük nailiyyətdir. Bütövlükdə, beş il ərzində Azərbaycan iqtisadiyyatı, Azərbaycanda ümumi daxili məhsul 2,7 dəfə artmışdır. Mən deyə bilərəm ki, dünya miqyasında bu, görünməmiş bir nəticədir. 2008-ci ilin yekunlarına görə, adambaşına düşən ümumi daxili məhsul təxminən 6 min dollar təşkil edəcəkdir. Bu, yaxşı göstəricidir, ancaq gələcəkdə daha da artacaqdır. çox sevindirici haldır ki, Azərbaycanda ümumi daxili məhsulla bərabər, sənaye istehsalı da artıbdır. Sənaye istehsalı son beş il ərzində 2,7 dəfə artıbdır. Bizim dövlət büdcəmiz son beş ildə on dəfədən çox artıbdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə icmal büdcə 15 milyard dollara bərabərdir. 2009-cu ilin dövlət büdcəsində daha da böyük artım nəzərdə tutulubdur. Azərbaycanın valyuta ehtiyatları böyük həcmdə artıbdır. 2003-cü ildə bizim valyuta ehtiyatlarımız 1,6 milyard dollar səviyyəsində idi. Bu ilin oktyabr ayına olan məlumata görə isə, Azərbaycanın ümumi valyuta ehtiyatları 17 milyard dollar təşkil edir. Gələn illərdə bu məbləğ artacaqdır. Son beş il ərzində Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulmuşdur. Bu da bütün müstəqillik dövründə qoyulan sərmayələrin 77 faizini təşkil edir. Yəni Azərbaycan həm xarici investorlar üçün cəlbedici ölkə kimi maraq doğurur, həm də, çox şadam ki, Azərbaycana böyük həcmdə daxili investisiyalar qoyulur. Burada, əlbəttə ki, dövlət investisiyalarının payı daha çoxdur, ancaq özəl, yerli şirkətlərin qoyduğu sərmayə də mühüm rol oynayır. Bu, çox vacibdir. çünki bu, ölkəmizin hərtərəfli inkişafına, Azərbaycanda güclü sahibkarlıq sinfinin yaranmasına xidmət göstərəcəkdir. Orta sinfin yaranması artıq reallıqdır və Azərbaycanın bundan sonrakı illərdə hərtərəfli inkişafı bu amillərlə ölçüləcəkdir.

Qeyri-neft sektorunun inkişafında böyük uğurlar əldə edilibdir. Bu gün biz böyük iftixar hissi ilə deyə bilərik ki, iqtisadiyyatımız artıq çoxşaxəlidir. Biz özümüzü əsas ərzaq məhsulları ilə təmin edirik və Azərbaycanda istehsal olunan emal məhsulları başqa ölkələrə ixrac edilir. Onların bir çoxu beynəlxalq, Avropa sertifikatı alıbdır. Bu, nə deməkdir? O deməkdir ki, Azərbaycan iqtisadiyyatı ancaq və ancaq enerji resurslarından asılı olmayacaqdır. Bu gün də asılı deyil və bölgələrdə gedən quruculuq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavodların, fabriklərin açılması - bütün bunlar görülən işlərin praktik nəticələridir.

Hər il sahibkarlığın inkişafına böyük məbləğdə vəsaitin ayrılması, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən ayrılan subsidiyalar, alınan texnika, verilən dəstək və bütövlükdə sahibkarlara Prezident tərəfindən verilən mənəvi-siyasi dəstək və əməli-praktik dəstək qeyri-neft sektorunun inkişafında çox böyük dönüş yaratmışdır. Mən şübhə etmirəm ki, növbəti beş il ərzində bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Artıq bu son beş il ərzində görülən işlər, onların bir neçəsi növbəti illərdə özünü göstərəcəkdir.

Bir sözlə, iqtisadi sahədə biz bu uğurlarla fəxr edə bilərik. Mən çox şadam ki, indi Azərbaycan iqtisadi cəhətdən öz müstəqilliyini tam şəkildə təmin edibdir. Ərzaq təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər planı hazırlanır. Bu gün biz özümüzü əsas ərzaq məhsulları ilə 90-95 faiz civarında təmin edirik. Növbəti illərdə, qısa müddət ərzində tam təmin edəcəyik.

Mən çox şadam ki, iqtisadi sahədə göstərilən səylər və əldə edilmiş nailiyyətlər, eyni zamanda dünya tərəfindən və beynəlxalq maliyyə qurumları tərəfindən də bəyənilir və dəstəklənir. Bunun sübutu dünyanın aparıcı maliyyə qurumu olan Dünya Bankının 2008-ci il üzrə hesabatıdır. O hesabatda Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə kimi tanınır. Bu, çox böyük qiymətdir, bizim səylərimizə, siyasətimizə verilən qiymətdir. çünki bu islahatlar qeyri-neft sektorunda aparılıbdır. Bu islahatlar biznesin inkişafı üçün şərait yaradır, Azərbaycanda iqtisadiyyatın liberallaşmasına xidmət göstərir. Bu siyasət, islahatlar imkan verir ki, Azərbaycanda insanlar daha da yaxşı yaşasınlar. Ona görə biz bu qiymətə çox böyük əhəmiyyət veririk.

Eyni zamanda Azərbaycanda şəffaflıq təmin edilir. Neft-qaz hasil və ixrac edən ölkə üçün bu, çox vacibdir. Deyə bilərəm ki, bizim uğurlu neft strategiyamızın əsas istiqamətlərindən biri də məhz şəffaflıqdır. Keçən il Azərbaycan Dövlət Neft Fondu Birləşmiş Millətlər Təşkilatı tərəfindən şəffaflığa görə mükafatla təltif edilibdir. Azərbaycan xalqı bilir ki, ölkəyə nə qədər vəsait daxil olur və bu vəsait necə xərclənir.

Bir sözlə, biz bundan sonra da iqtisadi sahədə bu siyasəti davam etdirəcəyik. Bütün konkret proqramlar öz həllini tapacaqdır. Bizim son beş il ərzindəki təcrübəmiz onu göstərir ki, nəyi biz planlaşdırmışıqsa, nəyi bəyan etmişiksə, onu da icra etmişik və bəzi hallarda vaxtından tez etmişik. Bununla bərabər deyə birərəm ki, son beş ildə sosial məsələlərin həllinə böyük diqqət göstərilibdir. çünki keçid dövründə yaşayan ölkələrdə və köklü, əsaslı iqtisadi islahatların aparılması şəraitində insanların həyat səviyyəsi pisləşə bilər və biz bunu tarixdən də bilirik. Uzaq və yaxın tarixdən də bilirik ki, köklü islahatlar müvəqqəti olaraq insanların yaşayış səviyyəsini endirir. Azərbaycanda isə biz bunun əksini görürük. Biz köklü iqtisadi islahatlar aparmaqla bərabər, sosial məsələlərin həllində böyük işlər görmüşük. Son beş il ərzində minimum pensiyanın məbləği 4 dəfə artırılmışdır. Minimum əməkhaqqı 8 dəfə, orta əməkhaqqı 3,6 dəfə artırılmışdır. Bu gün dövlətdən birbaşa ünvanlı sosial yardım alan insanların sayı 600 minə çatmışdır. Dövlət ehtiyacı olan vətəndaşlarının yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün öz köməyini göstərir və biz gələcəkdə bu siyasəti davam etdirəcəyik. Azərbaycanda yoxsulluğun azaldılması məni çox sevindirir.

Əgər 2003-cü ildə yoxsulluq şəraitində yaşayanların sayı 49 faiz idisə, 2007-ci ilin yekunlarına görə, bu rəqəm 16 faizə düşübdür. Mənə verilən proqnoz hesablamalara görə, bu ilin yekunlarına görə daha da aşağı düşəcəkdir. Bu, nəyi göstərir? Onu göstərir ki, Azərbaycanda uğurlu iqtisadi inkişaf, iqtisadi islahatlar və neft strategiyamız, ilk növbədə, insanların yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət göstərir. Bu onu göstərir ki, Azərbaycanda sürətlə inkişaf edən ölkələrə xas olan təbəqələşmə prosesi getmir. Əksinə, Azərbaycanda orta sinif yaranır. Azərbaycanda iş yerləri açılır və mən hesab edirəm ki, görülən bütün işlərin içində yoxsulluğun azaldılması xüsusi yer tutur. Bizim iqtisadi artımımız çox sürətlidir və bir də demək istəyirəm ki, dörd il ərzində dünya miqyasında biz lider ölkə olmuşuq. Əminəm ki, növbəti illərdə bu liderliyi saxlayacağıq.

Bizim böyük infrastruktur layihələrimiz həyata keçirilir. Son beş il ərzində 4 beynəlxalq aeroport istismara verilibdir. Səkkiz elektrik stansiyası tikilibdir. Minlərlə kilometr yollar salınıbdır. Qazlaşdırma prosesi uğurla gedibdir. Əgər 2003-cü ildə Azərbaycanda qazlaşdırma 62 faiz idisə, bu gün 85 faizdir. Su kəmərləri çəkilir. Yəni bütün bu infrastruktur layihələri Azərbaycanı gücləndirir. Amma bununla bərabər, insanların yaşayış səviyyəsinin qalxması, yoxsulluq içində yaşayanların vəziyyətinin yaxşılaşması   - bu, mənim üçün az əhəmiyyət kəsb etmir, bəlkə daha da böyük əhəmiyyət kəsb edir. çünki bizim bütün siyasətimiz Azərbaycan xalqının yaxşı yaşamasına, Azərbaycanın möhkəmlənməsinə yönəldilibdir.

Mən demək istəyirəm ki, həyata keçirilən işlərin nəticələrini görmək çox böyük xoşbəxtlikdir. Mən xatırlayıram ki, 2003-cü ildə, hələ prezident seçkiləri ərəfəsində çıxışlarımın birində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, söz verirəm ki, növbəti beş il ərzində Azərbaycanda 600 min yeni iş yerləri açılacaq və beləliklə, böyük sosial bəla olan işsizlik Azərbaycanda, demək olar, aradan qaldırılacaqdır.

Böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanda 741 min yeni iş yerləri açılmışdır ki, onlardan da 531 mini daimi iş yerləridir. Bu iş yerləri həm insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, həm də bölgələrdə gedən proseslərə güclü təkan verir. Bəzi hallarda vəziyyəti dərindən bilməyənlər, yaxud da ki, uğurlarımıza kölgə salmaq istəyən qüvvələr bizim iqtisadi inkişafımızı daha çox, sadəcə, neft amili ilə bağlayırlar. Düzdür, Azərbaycanda neft hasilatı artıbdır və ümumi daxili məhsulda onun çəkisi böyükdür. Hər bir ölkənin inkişaf üçün müəyyən əsas istinad nöqtəsi vardır. Bizim üçün də bu, təbii ehtiyatlardır. Ancaq bizim rayonlarımızın iqtisadi göstəricilərinə baxın: son beş il ərzində əksər rayonlarda iqtisadi artım 2 dəfədən çox olubdur. Bəzi rayonlarda ümumi daxili məhsul 2,5 dəfə, 2,7 dəfə, 3 dəfə artıbdır. Bizim rayonlarda neft hasilatı yoxdur. Yəni nəyin hesabına artıbdır? Bax yaradılan iş yerlərinin hesabına, qoyulan investisiyaların hesabına, açılan zavodların, fabriklərin hesabına. Bu gün Azərbaycanda işləmək istəyən böyük dərəcədə iş tapa bilər.

Bu gün Azərbaycanda biz digər problemlə, qanunsuz miqrasiya ilə üzləşirik. Bu gün Azərbaycana işləmək üçün başqa ölkələrdən gələn işçi qüvvəsinin sayı günü-gündən çoxalır. Xüsusilə bu məsələni tənzimləmək üçün bu yaxınlarda Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Yəni budur, Azərbaycanın bugünkü reallıqları. 2003-cü ildən 2008-ci ilə qədər keçdiyimiz yol bütün istiqamətlərdə özünü büruzə veribdir.

Mən bu gün sadəcə əldə edilmiş bütün uğurlardan danışa bilmərəm. Əgər danışsam, bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq, əsas məqamları bir daha Azərbaycan xalqının diqqətinə çatdırmaq istəyirəm. Son beş il ərzində Azərbaycanda 1600 yeni məktəb tikilibdir. 1600 məktəb! Yüzlərlə məktəb təmir olunubdur. Bütövlükdə, Azərbaycanda 4500 məktəb var. Yararsız vəziyyətdə olan məktəblər söküldü, onların yerinə ən müasir standartlara cavab verən məktəblər tikilibdir. Bütün məktəblərdə kompüterləşmə prosesi aparılır və bütün məktəblər İnternetə qoşulur. Əgər beş il bundan əvvəl 1000 şagirdə 1 kompüter düşürdüsə, indi 29 şagirdə 1 kompüter düşür. Bax, budur, bizim gələcəyimiz. Bizim gənc nəslimiz bilikli, savadlı olmalıdır, vətənpərvərlik ruhunda tərbiyə edilməlidir. Azərbaycanın gələcəyi üçün hazırlıqlı, peşəkar, Vətəni sevən, Vətənə bağlı olan kadrların hazırlanması bizim üçün prioritet məsələdir.

Mən insanların sağlamlığının qorunması üçün görülən işləri qeyd etmək istəyirəm. Son beş il ərzində 240-dan çox tibb müəssisəsi yaradılıb və onların böyük əksəriyyəti dünyanın ən yüksək standartlarına cavab verir. Təkcə Bakıda deyil, bölgələrdə müasir, dünya səviyyəsində olan tibb xidmətinin yaradılması Azərbaycan xalqının sağlamlığının qorunmasına verilən töhfədir.

Bu gün biz içməli su məsələsini uğurla həll edirik. Xüsusi təmizləyici qurğuların tikilməsi, su kəmərlərinin çəkilməsi insanların həyatının keyfiyyətini, sağlamlığını yaxşılaşdıracaqdır. Biz genefondumuza həmişə böyük diqqətlə yanaşmalıyıq. Elə etməliyik ki, Azərbaycanda insanlar sağlam olsunlar, gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun.

Son beş il ərzində Azərbaycanda bütün bölgələrdə 14 müasir olimpiya-idman kompleksi tikilmişdir. Təxminən 20-yə yaxın idman kompleksi hələ tikilməkdədir. Bütün bu idman komplekslərində uşaqlar ən yüksək səviyyədə idmanla məşğul olurlar. Orada bütün şərait - açıq, qapalı meydançalar, üzgüçülük hovuzları var. Budur, Azərbaycanın gələcəyi. Azərbaycanın gəncliyi bütün bu imkanlardan istifadə etməlidir.

Bir daha demək istəyirəm ki, Azərbaycanın hərtərəfli inkişafı, uğurlu inkişafı artıq reallıqdır. Mən heç şübhə etmirəm ki, növbəti beş il ərzində biz bütün bu müsbət meyilləri daha da möhkəmləndirəcəyik və Azərbaycanı yeni uğurlara doğru aparacağıq.

Bizim daxili və xarici siyasətimizin uğurla aparılması üçün enerji təhlükəsizliyi məsələləri də öz həllini tapıbdır. Biz qarşımıza qoyduğumuz bütün məsələləri həll etmişik. Azərbaycan bu gün enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll edibdir. Bilirsiniz ki, dünyada bu, artıq çox böyük danışıqlar mövzusudur və narahatlıq yaradan məsələdir. Azərbaycanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı illərin ortalarında başlanmış və bu gün uğurla icra edilən neft strategiyamız ölkəmizə böyük uğurlar gətiribdir. Planlaşdırdığımız bütün məsələlər öz həllini tapıbdır, baxmayaraq ki, bunu etmək o qədər də asan deyildi.

Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri istismardadır, tam gücü ilə işləyir. Son beş il ərzində kəmərin tikintisi başa çatmışdır. Bu gün Bakı-Tbilisi-Ərzurum qaz kəməri uğurla istismardadır, fəaliyyət göstərir. Son beş il ərzində Azərbaycan qazı idxal edən ölkədən qazı ixrac edən ölkəyə çevrilibdir və bu gün biz özümüzü təmin edirik, həm də başqa ölkələrə qaz ixrac edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin məntiqi davamı olan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə başlamışıq. Bu layihə həm bizim üçün, həm qonşularımız üçün, həm bölgə üçün, həm də dünya üçün tarixi əhəmiyyət daşıyır. Bizim təşəbbüsümüzlə və bu layihədə iştirak edən bütün ölkələrin təşəbbüsü və birgə səyləri nəticəsində bu nəhəng layihəni başlamışıq. Vaxtilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri sadəcə olaraq kağızda idi. Sadəcə bir niyyət idi, bir fikir idi. Bəziləri bunu əfsanə adlandırırdılar. Amma bu əfsanə artıq gerçəkliyə çevrilibdir. Kim bunu edibdir? Biz etmişik! Biz öz siyasətimizlə, regional əməkdaşlıq çərçivəsində və qonşu dövlətlərin fəal iştirakı ilə bütün bu uğurlu addımları təmin etmişik. Bu layihələr Azərbaycanın uzunmüddətli, uğurlu və dayanıqlı inkişafını təmin edəcəkdir.

Son beş il ərzində Azərbaycanda neft-qaz hasilatı böyük dərəcədə artmışdır. Əgər 2003-cü ildə neft hasilatı 15,4 milyon ton idisə, bu il Azərbaycanda neft istehsalı 50 milyon tondan çox olmalıdır. 2003-cü ildə Azərbaycanda 5,5 milyard kubmetr qaz hasil edilirdi, bu ilin sonuna qədər Azərbaycanda qaz hasilatı 20 milyard kubmetrdən çox olacaqdır. Bu, qısa bir müddət ərzində böyük artımdır. Biz bütün imkanlarımızı - həm siyasi, həm iqtisadi, həm də texniki səfərbər etmişik və bütün bu işlərdə məqsədyönlü siyasət aparmışıq. Biz qarşımıza məqsəd qoymuşuq və bu məqsədə doğru uğurla irəliləmişik. Bu gün biz neft ixracının şaxələndirilməsini təmin etmişik. Azərbaycanın 7 neft və qaz kəməri vardır. Onların hamısı işlək vəziyyətdədir və bu kəmərlər vasitəsilə təbii resurslarımızı istənilən istiqamətə ixrac etmək mümkündür.

Enerji siyasətimiz bizə iqtisadi müstəqillik verdi, bizə imkan verdi ki, ölkədə quruculuq-abadlıq, infrastruktur layihələrini uğurla icra edək. Bizə arxayınlıq verdi. Bugünkü uğurlarımız və tariximiz göstərdi ki, tam əminik, müstəqil dövlət kimi biz bundan sonra da uğurla yaşayacağıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir.

Əziz dostlar, mən bu gün, andiçmə mərasimində son beş il ərzində mənə göstərilən dəstəyə görə, inama görə, etimada görə doğma xalqıma bir daha minnətdarlığımı bildirirəm.

Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm.

Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Azərbaycan!

 

 

 

ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizi siyasi-iqtisadi böhran burulğanından xilas edərək sabitlik, iqtisadi tərəqqi, dünya birliyinə inteqrasiya yoluna çıxarmış Heydər Əliyevin abidəsini ziyarət etdi.

Dövlət başçısı ulu öndərin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və gül dəstələri qoydular.

 

 

 

Şəhidlərin xatirəsinə ehtiram

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət etmişdir.

Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının əziz xatirəsini ehtiramla yad etdi, "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

 

AzərTAc

 

 

 

 

 

Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar açacaqdır

"Gülüstan" sarayında rəsmi ziyafət

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təntənəli andiçmə mərasimindən sonra, oktyabrın 24-də "Gülüstan" sarayında bu əlamətdar hadisə münasibətilə rəsmi ziyafət təşkil olunmuşdur.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımını, habelə Gürcüstan Prezidenti Mixail Saakaşvilini və xanımını, Türkiyə Baş nazirinin müavini Cəmil çiçəyi və digər qonaqları hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev ziyafətdə nitq söylədi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən bu gün sizin hamınızı ürəkdən salamlayıram. Mənə göstərdiyi böyük etimada görə bu axşam bütün Azərbaycan xalqına bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün andiçmə mərasimində son beş ildə görülən işlər və gələcək planlar haqqında öz fikirlərimi kifayət qədər bildirmişəm. Həqiqətən, Azərbaycan beş ildə böyük bir yol keçmişdir. Beş ildə ölkəmiz möhkəmlənmiş, öz beynəlxalq mövqelərini gücləndirmişdir. ölkə daxilində aparılan islahatlar, istər siyasi, istərsə də iqtisadi islahatlar Azərbaycanı daha da inkişaf etdirmiş və deyə bilərəm ki, Azərbaycan öz inkişafında yeni pilləyə qalxa bilmişdir.

Beş ildə ölkədə ictimai-siyasi sabitlik, təhlükəsizlik daha da möhkəmlənmişdir. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Sabitliyin möhkəmlənməsi bizim inkişafımız üçün çox böyük rol oynayır.

Sabitlik olan yerdə inkişaf da var. Bizim iqtisadi inkişafımızın təməlində 1990-cı illərin ortalarından ulu öndər Heydər Əliyevin başladığı iqtisadi və siyasi islahatlar dayanır. Bu gün Azərbaycan bu yolla gedir. Azərbaycan öz strateji seçiminə sadiqdir, Azərbaycanda Heydər Əliyev siyasi xətti davam etdirilir və əminəm ki, gələcək inkişafımız üçün yeni imkanlar açacaqdır.

Biz böyük qürur hissi ilə deyə bilərik ki, beş ildə Azərbaycan həm iqtisadi inkişaf, həm beynəlxalq mövqelərimizin möhkəmlənməsi baxımından, həm siyasi islahatların aparılması, həm də demokratiyanın inkişafı baxımından, sözün əsl mənasında, böyük inkişaf yolu keçmişdir. Biz növbəti illərdə əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, beş ildə infrastruktur layihələrinin həyata keçirilməsi və əsaslı islahatlar nəticəsində ölkə böyük dərəcədə öz potensialını gücləndirmişdir.

Ancaq biz gələcəyə baxmalıyıq. Biz gələcəyə həm böyük nikbinliklə, həm də böyük ümidlərlə baxırıq. Bizi gələcəkdə nələr gözləyir, o, bizdən asılıdır, Azərbaycan xalqından asılıdır. Biz öz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmə prosesinin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir. Bu gün Azərbaycan demokratik ölkədir. Amma demokratiyanın da sonu yoxdur. Bu, sonsuz bir prosesdir. Biz növbəti illərdə ölkəmizin müasirləşməsi ilə bağlı əlavə tədbirlər görəcəyik.

Azərbaycanda yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Təhsil, səhiyyə sahəsində, bütün sosial məsələlərin həlli üçün konkret proqramlar icra olunacaqdır. Regional inkişaf proqramının ikinci mərhələsi artıq hazırlanır. 2009-2013-cü illəri əhatə edən geniş, konkret regional inkişaf proqramı, yəqin, gələn ilin əvvəlində qəbul ediləcəkdir. Bu da öz növbəsində, növbəti beş ildə ölkədə mövcud olan əsas iqtisadi və infrastruktur məsələlərinin, sosial problemlərin həlli üçün əsas rol oynayacaqdır.

Biz növbəti beş ildə xarici siyasətdə müstəqil xəttimizə sadiq qalacağıq. Azərbaycan növbəti illərdə də dost ölkələrlə ikitərəfli münasibətlərin inkişafı üçün öz təşəbbüslərini irəli sürəcəkdir, beynəlxalq təşkilatlarda iştirakımız fəal olacaqdır. Əminəm ki, beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurlu olacaq və bu əməkdaşlıq, indi olduğu kimi, qarşılıqlı maraqlar əsasında qurulacaqdır.

Bir sözlə, mən növbəti beş ili açıq g

örmək istəyirəm. Qarşımızda üfüqlər açıqdır. Bizim siyasətimiz də çox aydın və birmənalıdır. Azərbaycan xalqının milli maraqları təmin olunmalıdır, Azərbaycanda dövlətçilik daha da möhkəmlənməlidir. Dövlət quruculuğunda əlavə tədbirlər görülməli, qanunun aliliyi tam bərqərar olmalıdır. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirməlidir. İqtisadi, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi tam şəkildə təmin olunmalıdır. Artıq bunun böyük hissəsi təmin edilibdir. İnsanların yaşayış səviyyəsi, rifah halı daha da yaxşılaşmalıdır. Minimum əməkhaqqı, minimum pensiyaların məbləğləri artırılmalıdır. İşsizlik tamamilə aradan qaldırılmalıdır. Biz növbəti beş ildə Azərbaycanda yoxsulluğa son qoymalıyıq. Digər böyük layihələr, planlar var, onlar konkret xarakter daşıyır. Mən əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər Azərbaycan xalqının dəstəyi ilə həllini tapacaqdır.

Keçən beş ilin təcrübəsi onu göstərir ki, nəzərdə tutduğumuz bütün məsələlər həll edilib, 2003-cü ildə verilən vədlərin hamısı beş il ərzində yerinə yetirilibdir. Elə bir məsələ yoxdur ki, biz onu beş il bundan əvvəl elan edək və həll edə bilməyək. Elə məsələ yoxdur. Mən əminəm ki, növbəti beş il ərzində də atacağımız addımlar uğurlu olacaq, Azərbaycanı daha da gücləndirəcək, ölkəmizin dünya miqyasında önəmini daha da artıracaqdır.

Mən bu gözəl gündə bu badəni bizim bütün uğurlarımızın səbəbkarı olan Azərbaycan xalqının şərəfinə qaldırmaq istəyirəm. Azərbaycan xalqının dəstəyi olmasaydı, mənə inamı, etimadı olmasaydı, biz heç bir məsələni həll edə bilməzdik. Azərbaycan xalqına minnətdaram ki, beş il ərzində mənim fəaliyyətimi dəstəkləmişdir. Bu, mənə güc vermişdir, əlavə imkanlar vermişdir ki, biz Azərbaycanın müstəqil həyatını təmin edək.

Bütün Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm, - bunu beş il bundan əvvəl də demişdim, - mən bundan sonra da hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəmi verəcəyəm.

Azərbaycan xalqının şərəfinə!

Güclü Azərbaycan naminə!

***

Sonra respublikanın incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etdilər.

Ziyafətdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, tanınmış ziyalılar, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

AzərTAc