· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Paytaxt məktəblərinə reydlərimiz davam edir

Budəfəki reydlərimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və "Xəzər" televiziyasının əməkdaşları ilə birgə keçirildi

Noyabrın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin vəziyyətini öyrənmək, mövcud nöqsan və çatışmazlıqların aşkara çıxarılması məqsədi ilə idarə əməkdaşlarının KİV nümayəndələri ilə birlikdə keçirdiyi reydə paytaxtın 258 nömrəli məktəbindən başlandı. Təhsil ocağının  II "Q", II "A", XI "A", XI "D" və IX "A" siniflərinin hər birində bir-iki şagird dərsə gəlməmişdi. İki-üç şagirddən savayı, hamı məktəbli forması geymişdi. Məktəbli kitabçalarında əksər fənlərin adı qarşısında qiymət yazılmamışdı. Jurnalların da bir çoxunda şagirdlərə müxtəlif tarixlərdə qaib və qiymətlər qoyulmamışdı. Şagird və müəllimlər üçün dərs cədvəlləri tərtib edilib divardan asılmışdı. Bəzi sinif və kabinetlərin tərtibatı aşağı səviyyədə idi. Kitabxananın vəziyyəti isə qənaətbəxş idi.

Həmin gün Bakı şəhərindəki Məzahir Rüstəmov adına 32, N.Rzayev adına 169 və 94 nömrəli orta məktəblərdə də olduq. Bu təhsil ocaqlarında da hər sinifdən iki-üç nəfər dərslərdə iştirak etmirdi. Hər sinifdə üç-dörd nəfəri çıxmaqla hamı məktəbli forması geyinmişdi. Bu məktəblərdə də əsasən yuxarı sinif şagirdləri nə gündəliklərini, nə də müəllimlər dərs dedikləri fəndən onlara qiymət yazmışdı. Direktorlarla, sinif rəhbərləri ilə, müəllimlərlə, şagirdlərlə aparılan söhbətlər, sual-cavablar reyd iştirakçılarını əsasən razı salırdı.

Biz bu məktəblərdə kompüter otaqlarına, idman zallarına da baş çəkdik. Xırda nöqsanlar olsa da, ümumilikdə dərslərin keyfiyyəti qənaətbəxş idi.

Bizimlə bu reyddə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev sonda bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu ilin noyabr ayının 10 günü ərzində keçirəcəyi belə reydlərin nəticələri ümumiləşdirilərək, müzakirə ediləcək. Xüsusi ilə məktəblərdə IX-XI siniflərin dərsə davamiyyəti, məktəbli formasına keçməklə əlaqədar Təhsil Nazirliyinin verdiyi əmrdən ötən bir ildəki vəziyyət, məktəbli kitabçasından istifadə, şagirdlər və müəllimlər üçün dərs cədvəllərinin vəziyyəti, məktəbin daxilində, həyətində və kənarında olan təmizlik, sinif jurnallarının vəziyyəti, müəllimlərin proqramlarının və icmallarının varlığı, təsdiqi, istifadəsi, sinif və kabinetlərin tərtibatı, məktəbdaxili nəzarətin təşkili, bir sıra vacib əmrlərin - dərs bölgüsü, I, X siniflərin komplektləşməsi, seçmə fənlərə saatların ayrılması, dərsdənkənar məşğələlərin təşkili, kitabxananın vəziyyəti, müəllimlərin geyiminə diqqət və s. sahələrdə qarşıya çıxan problemlərin tezliklə aradan qaldırılması üçün operativ tədbirlər görüləcək...

Firudin müəllimlə söhbətdən o da aydın oldu ki, aparılan belə reydlər təhsil ocaqlarında nizam-intizamın yüksəlməsi ilə bərabər, direktor və müəllimlərin məsuliyyət hissini artırır. Bu günə kimi həm Təhsil Nazirliyinin, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin apardığı belə reydlər, sözün həqiqi mənasında, öz yüksək bəhrəsini verir. Bu da danılmaz bir həqiqətdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandığı gündən, xüsusilə son iki ildə paytaxt məktəblərində müsbət yönümdə çox böyük işlər görmüşdür. Dərsə davamiyyət, nizam-intizam, dərs keyfiyyətinin yüksəlməsi istiqamətində yüksək nəticələr əldə olunmuşdur. Əlbəttə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin apardığı bu məqsədyönlü işlərdən vaxtaşırı bəhs edəcəyik.

ƏDALƏT,

fotolar Fazil İDRİSOĞLUNUNDUR

   

 

Yeni məktəblərimiz

Balakən rayonu Ə.Şirinov adına Qaravəli kənd orta məktəbin binası 2008-ci ilin sentyabrında istifadəyə verilib. Dövlət vəsaiti hesabına inşa edilmiş 2 korpusdan ibarət 360 şagird yerlik məktəb ikimərtəbəlidir.

Təhsil ocağında 18 sinif otağı, fənn kabinetləri, kompüter otağı, akt və idman zalları, kitabxana, yeməkxana, yüksək səviyyədə qurulmuş istilik sistemi vardır. Məktəbin giriş hissəsi və dəhlizlərində tərtibat işləri aparılıb. Həyətyanı sahə abadlaşdırılıb.

 

Fazil İDRİSOĞLU