· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

  

"Qlobal şəffaflıq: Davamlı gələcək naminə korrupsiyaya qarşı mübarizə"

Bu yaxınlarda Yunanıstanın paytaxtı Afina şəhərində "Qlobal şəffaflıq: Davamlı gələcək naminə korrupsiyaya qarşı mübarizə" 13-cü beynəlxalq konfransı keçirilmişdir. Yunanıstanın dövlət, hökumət başçıları, dini rəhbərlərinin də qatıldığı və 135 ölkədən 1500 nəfərin iştirak etdiyi beynəlxalq tədbirdə korrupsiyanın insanların həyatı ilə birbaşa əlaqəsindən, onun törətdiyi fəsadlardan, iqlim dəyişikliyi, enerji və su ehtiyatlarından qeyri-səmərəli istifadə və s. məsələlərdən ətraflı söhbət açılmışdır. Konfransda uşaq əməyindən istifadə, insan orqanlarının satılması, insana qarşı zorakılıq, narkotika ticarəti, ailə hüquqlarının pozulması, uşaqların mühafizəsi və s. məsələlərə də toxunulmuşdur.

Beynəlxalq Antikorrupsiya Konfransında Azərbaycanı Şəffaflıq Azərbaycan Təşkilatının rəhbəri Rəna Səfərəliyeva, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi Ənvər İmanov, QHT rəhbərlərindən İnqilab Əhmədov və Vüqar Bayramov təmsil etmişlər.

Konfransın sonunda Afina Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə ətraf mühitin, su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsi, iqlim dəyişikliyinin törətdiyi fəsadların aradan qaldırılması və s. məsələlər, korrupsiya ilə mübarizə məqsədilə planet əhalisinin maarifləndirilməsi önə çəkilmişdir.

 

 

 

Türkdilli ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlıq yaxşı səmərə verəcək

Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqlarının III forumunun iştirakçıları noyabrın 4-də Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev ilə görüşmüşlər.

Komissiyanın sədri ölkəmizdə elm və təhsil sahəsində görülən işlər, qanunvericilik bazası barədə qonaqlara məlumat verərək bildirmişdir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafına yönəldilən 16 proqram həyata keçirilir. Son 5 ildə dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcmi 7 dəfə artırılmışdır, 1600 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 240 məktəb inşa olunmuşdur. Bu məktəblərin hər biri müasir avadanlıqla təchiz edilmişlər.

Azərbaycanın son beş ildə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əldə etdiyi uğurlar da qeyd olunmuş, bildirilmişdir ki, Azərbaycan ermənilərin işğalçılıq siyasəti ilə üzləşməsəydi, bu uğurların sayı daha çox olardı.

Qonaqlar müxtəlif sahələr üzrə türkdilli ölkələr arasındakı mövcud əməkdaşlıqdan danışmış, birgə fəaliyyətin genişləndirilməsi üçün bir sıra təkliflər irəli sürmüşlər. Hər bir millətin taleyində və inkişafında təhsilin mühüm rol oynadığı qeyd edilmişdir.

Bu sahənin inkişafı üçün türkdilli ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin aparılmasının yalnız yaxşı səmərə verəcəyi xüsusi qeyd olunmuşdur.

 

 

Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarının növbəti buraxılışı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.

DİA-dan bildirmişlər ki, "Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi" proqramı üzrə kurslarda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.

Bu sahədə tədrisin məqsədi ekoloji islahatlar, ətraf mühitin zərərli tullantılardan qorunması, çirkli suların təmizlənməsi və s. sahələrdə anlayışların sistemləşdirilməsi, dinləyicilərə yeni biliklər verilməsidir.

Tədris-tematik plan üzrə kurslarda dinləyicilərə təbiətdən istifadə və ətraf mühitin qorunması üzrə dövlət xidməti, təbiətdən istifadənin iqtisadi tənzimlənməsi, ekologiya hüququnun əsasları, təbiətdən istifadə proqramlarının hazırlanması metodologiyası və metodikası, dövlət ekoloji ekspertizası, ekoloji nəzarət və digər məsələlər barədə ətraflı məlumatlar verilmişdir.

Kurslarda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, tanınmış alim və mütəxəssislər dinləyicilər qarşısında ekologiyanın və təbiətdən istifadənin problemlərinə dair müxtəlif mövzularda mühazirələr oxumuşlar. DİA-da keçirilən növbəti buraxılış mərasimində bu ali məktəbin rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov kursları başa vuran dinləyicilərə uğurlar arzulamış, onlara sertifikatlar təqdim etmişdir.