· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

  Bayramınız mübarək, əziz qadınlar!

"Cənnət anaların ayaqları altındadır"

Qadın dünyanın ən gözəl məxluqudur. Allah-taala onu bəşər anası kimi dünyaya bəxş etmişdir. Bütün varlıq anaya borcludur. Tanınmış mütəfəkkirlər, nəhəng şairlər, böyük sənətkarlar ananın əzəmətini vəsf edən gözəl əsərlər yaratmışlar. Məsələn, S.Vurğun anası Məhbub xanımın xatirəsinə yazdığı şeirdə obrazlı şəkildə görün nə gözəl demişdir:

Səni görmək üçün ölmək istərəm.

Bu da təbiidir, çünki Məhəmməd peyğəmbərimiz demişdir: "Cənnət anaların ayaqları altındadır". Bütün tarix boyu Azərbaycan qadını şərəfli ana adını daşımaqdan əlavə, qəhrəmanlıq göstərmiş, qəhrəman adını şərəflə yaşamışdır. Tomrisdən tutmuş ta bu günün qəhrəman analarından olan Salatın Əsgərovaya qədər bütün qəhrəman qadınlarımızın siyahısını tutsaq, bəlkə də bir kitab olar. Mən hər bir əsərimdə hansı əsrdən və ya quruluşdan asılı olmayaraq, onların mərdliyini, gözəlliyini, qeyrətini və sədaqətini böyük məhəbbətlə vəsf etməyə çalışmışam.

Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını - analarımızı, bacılarımızı, ömür-gün dostlarımızı və qızlarımızı səmimi-qəlbdən təbrik edir, onlara cansağlığı, səadət arzulayıram. Xoşbəxt olun və xoşbəxt edin, əziz ana və bacılarımız.

 

Əlibala HACIZADƏ,

yazıçı,

Prezident təqaüdçüsü

 

 

 

 

Onlar təkcə ailə-məişət qayğısını çəkmirlər...

Bəşər tarixində elə bir dahi tapılmaz ki, ana tərbiyəsi almasın. İctimai həyatda da insanların tərbiyəsində qadının rolu danılmazdır. Milli mentalitetimizə uyğun olaraq ailə başçısı kişi olur, lakin ailənin aparıcı rolunu oynayan qadın üzərinə düşən bu ağır vəzifəni layiqincə yerinə yetirə bilməsə, həmin ailənin aqibəti uğursuzluqlarla nəticələnir. Belə ki, hər bir qadın dünyaya gətirdiyi körpəni Vətənə layiq övlad kimi yetişdirməli, tərbiyə etməli, ömür-gün yoldaşının qayğısına qalmalı, ailədə saf ab-hava yaratmağa nail olmalıdır. Hamıya yaxşı məlumdur ki, kişi səhər hansı əhval-ruhiyyə ilə evdən çıxıb işə gedirsə, iş gününü həmin əhval-ruhiyyəylə başa vurur.

Müdriklərimizin dediyi kimi, ailə balaca bir dövlətdir. Və bu dövlətin idarə olunmasında qadınların əməyi daha çoxdur. Onlar təkcə ailə-məişət qayğısını çəkmir, həmçinin ictimai həyatda bizimlə çiyin-çiyinə çalışırlar. Elə buna görə də biz ana və bacılarımıza hərtərəfli yaxından kömək etməli, onların qayğısını həmişə çəkməliyik. Hər bir bayramda imkanımız daxilində onlara hədiyyə bağışlamalı, gül dəstəsi verməli, heç olmasa ən azı bir kəlmə şirin sözlə bayramlarını təbrik etməliyik.

Mən də öz növbəmdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram.

Aqil ABBAS,

yazıçı, millət vəkili

 

 

  

 

 

Tanınmış təhsil işçiləri xanımları necə təbrik edəcəklər?

Əjdər Ağayev gül dəstəsi, Yəhya Kərimov isə şirin söz və kitab bağışlayacaq

Sabah beynəlxalq qadınlar günüdür. Bu bayram mərasimi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd ediləcək. Bəs belə bir gündə qadınları nə ilə təbrik etmək məqsədəuyğun olardı? Bu baxımdan iki görkəmli alimin fikirlərini oxucuların nəzərinə çatdırırıq:

 

Əjdər Ağayev (Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor):

-  8 Mart Beynəlxalq Qadınlar Günü qadınların mübarizə hərəkatı ilə yaransa da, bu gün inkişaf etmiş ölkələrdə bütün qadınların bayramına çevrilib. Azərbaycanda ənənəsi olan bu bayram böyük sevinc və fərəh hissi ilə keçirilir. Təkcə qadınlar deyil, hamı bu bayramın xoş ruhunu hiss edir, duyur. Qadın, birinci növbədə, ana olduğu üçün, tərbiyəçi, zəhmətkeş, eyni zamanda həyat yoldaşına arxa, dayaq, qızlarımız valideynlərinə övlad, qardaşlarına bacı olduğu üçün diqqətə və qayğıya layiqdirlər. Bu bayramda oğlanlar, kişilər öz bacılarını, analarını, qadınlarını təbrik edirlər. Təbrik üçün hərənin öz marağı ola bilər. Mən qızlarıma və həyat yoldaşıma gül bağışlamağı ənənəyə çevirmişəm. Ona görə də 8 martda hədiyyənin gül olacağını, bəlkə də onlar, hətta qabaqcadan da bilirlər. Fürsətdən istifadə edərək,  bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə təbrik edir, onlara ürəkləri istəyən nailiyyətləri arzulayıram.

Yəhya Kərimov (Təhsil Problemləri İnstitutunun direktor müavini, professor):

- Qadın ömrümüzə nur saçan bir Günəşdir. Təsadüfi deyildir ki, bu bayram dünya miqyasında geniş qeyd edilir.

Mənim həyatımda qadın müqəddəs varlıq olub. Anam, həyat yoldaşım, qızlarım başımın tacı olublar.

Qadın həm də ömür yolumuzda, ictimai fəaliyyətimizdə sədaqətli dostumuzdur. O, yol yoldaşımız olub, yolumuza işıq saçıb, çətin anlarda kömək göstərib.

Qadın incə məxluqdur. O, hər an hamıdan, xüsusilə ərindən, iş yoldaşlarından nəvaziş gözləyir. Biz bu cəhəti nəzərə alırıqmı? Şəxsən mən yaradıcı fəaliyyət prosesində bu cəhəti nəzərdən qaçırdıqda özümü danlayır, azacıq soyuqduğu özümə bağışlaya bilmirəm.

Qadınlar günü münasibətilə hamı onları təbrik etməyə çalışır. Qadına  ən böyük təbrik həyatının ikinci yarısının şirin sözü və hədiyyəsidir. İş yoldaşları və başqalarının ən yaxşı hədiyyəsi isə gül dəstəsi, şirin söz və dəyərli kitabdır.

Bayram münasibətilə respublikamızın bütün qadınlarını, xüsusilə qadın təhsil işçilərini  ürəkdən təbrik edir və dediklərimi qiyabi şəkildə hədiyyə göndərirəm.

 

Qələmə aldı:

Şakir CƏFƏROV

 

 

 

 

 

 

 

Uşaqlar analarını "əla" qiymətləri ilə sevindirəcəklər

Beynəlxalq qadınlar bayramını təntənəli surətdə qeyd etmək ənənəvi hal alıb. Xüsusilə, xanımlar  bu günü səbirsizliklə gözləyirlər. Məktəblilər də həmin  gün həyəcanlı olurlar. Onlar analarını, eləcə də müəllimlərini təbrik etməyə  tələsirlər. İldə bir dəfə qeyd olunan bu əlamətdar gündə  şagirdlər öz analarına, müəllimlərinə, görəsən, nə hədiyyə edəcəklər? Elə bu suallarımızla  paytaxtın bir neçə məktəbində təhsil alan aşağı sinif şagirdləri ilə söhbət əsnasında onların bu barədə fikirlərini öyrəndik.

 

Bakının 144 nömrəli orta məktəbinin IV sinif şagirdi Esmira  anasını dərslərindən aldığı əla qiymətlərlə təbrik edəcəyini dedi. Esmiranın fikrincə, anası üçün ən böyük hədiyyə onun tərbiyəli olması və dərslərini yaxşı öyrənməsidir. 

Məktəbin  I sinif şagirdi Uğur da bayram münasibəti ilə anası və nənəsi üçün gül  hədiyyə edəcəyini dedi. Hədiyyələri isə o, gündəlik xərclik üçün  verilən yemək pullarına qənaət etməklə  alacaq.

Bakıdakı 47 nömrəli orta məktəbin V sinif şagirdləri  İlahə və Nəzrin  də ana və nənələrini "əla" qiymətlərlə  təbrik edəcəklərini dedilər.

Məktəbin  IV  sinif şagirdi Rüstəm isə anasını və müəllimlərini özünün hazırladığı şəkillər və açıqcalarla təbrik edəcək. O da fikirləşir ki, təqdim edəcəyi hədiyyə əzizləri üçün ən böyük sürpriz olacaq. 

Nərmin və Elmir isə öz analarını və müəllimlərini  suvenir və güllə təbrik edəcəklər. Onlar hədiyyəni verəcəkləri zaman anaları üçün əzbərlədikləri şeiri deyəcəklər.

 Rəşad ZİYADOV

 

 

 

 

 

 

 

 

Adı gizli saxl anılan hədiyyə

Balaca Günay anasına nə bağışlayacaq?

 

Şəkildə gördüyünüz balaca Günay şahmatçıdır. özü də bu dərin düşüncə tələb edən oyunla sadəcə maraq xatirinə, xobbi kimi məşğul olmur. Qarşısına böyük məqsəd qoyub - gələcəkdə dünya birincisi olmaq. Bu yolda artıq ilk addımlarını da atıb. Respublika birinciliklərində, dünya çempionatlarında öz qüvvəsini  bir  neçə dəfə sınayıb və qaliblər sırasına çıxıb, dəyərli mükafatlara sahib olub.

Günay Məmmədzadə ilə ilk tanışlığımız da elə qazandığı növbəti mükafatlardan birinin ona təqdim edildiyi mərasimdə oldu. Fevralın 20-də Təhsil Nazirliyində ilin ən yaxşı idman məktəblərinin və idmançıların mükafatlandırılması mərasimi keçirilirdi. "İlin ən yaxşı şahmatçısı" nominasiyasının qalibləri sırasında 7 yaşlı Günay da var idi. Müsabiqədə ikinci yeri tutmuş balaca şahmatçıya təhsil naziri Misir Mərdanov diplom və hədiyyə təqdim etdi.

 Günay Məmmədzadə Bakıdakı Tofiq İsmayılov adına "İntellekt" məktəb-liseyinin II "C" sinfində təhsil alır. Dərs əlaçısıdır. Şahmatla 2005-ci ildən məşğul olur. Bu Şərq oyununun sirlərinə Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində yiyələnir. özünün çalışqanlığı, məşqçiləri Nurlanə Mehbalıyeva və Sabir Hüseynovun səyi ilə artıq ustalığını xeyli artıra bilib. Bunu onun şahmat üzrə respublika birinciliklərində, beynəlxalq turnirlərdə göstərdiyi nəticələr də sübut edir. Bu baxımdan 2007-ci il Günay üçün xüsusilə uğurlu olub. ötən il Günay 8 yaşlı qızlar arasında Bakı və Azərbaycan birinciliklərində IV yeri tutub. Makkabidə keçirilən  beynəlxalq turnirdə I yerə çıxıb. Ən yüksək nəticəni isə 8 yaşlı qızlar arasında keçirilən Avropa və dünya birinciliklərində qazanıb. İstedadlı şahmatçımız Avropa birinciliyində III-IV yerləri bölüşüb, dünya birinciliyində isə II yerə çıxıb. Onun medallar kolleksiyasında daha bir qiymətli mükafat da var. Günay onu 16 yaşlı yeniyetmələrin olimpiadasında öz yaş qrupunda I yerə çıxmaqla qazanıb.

Günayla ikinci görüşüm 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində məşğul olduğu Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində oldu. Bütün suallarıma şahmatçılara məxsus təmkinlə və təbəssümlə cavab verən Günay bir sualımı cavabsız qoydu. "Ananın, müəlliminin və məşqçinin bayramını nə ilə təbrik edəcəksən" sualımızın cavabında eyni təbəssümlə - "sirdir", - dedi. Fikirləşirdim ki, yəqin "qazandığım qələbələrlə" deyər. Lakin belə olmadı. Görünür, uğurları hələ onu qane etmir. Axı balaca Günay dünya birincisi olmaq istəyir. Bu istəyinə çatmaq üçün hər gün məşq edir.

Yeri gəlmişkən deyim ki, Günayın məşğul olduğu Bakı şəhər 1 nömrəli İOEUGŞDİM-i də ötən ilin nəticələrinə görə "İlin ən yaxşı şahmat məktəbi" nominasiyası üzrə müsabiqə qalibi olub, I yerə layiq görülüb. Məktəbin direktoru Natiq Ələkbərov bu uğurun qazanılmasında yüksək ixtisaslı məşqçi-müəllimləri ilə yanaşı, Günay kimi yetirmələrinin də böyük rolu olduğunu vurğuladı, onun haqqında xoş sözlər dedi.

Bu kiçik qeydlərimizin sonunda balaca Günayı qazandığı qələbələr və bayram münasibəti ilə təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.

 

Yusif ƏLİYEV