· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyinin kollegiyasında

İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələri müzakirə olundu

 

Martın 5-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələrinə dair kollegiya iclası keçirildi. İclasda kollegiya üzvləri ilə yanaşı, Təhsil Nazirliyinin  müvafiq şöbələri və struktur bölmələri rəhbərləri, monitorinq qrupu üzvləri və təkrar monitorinq aparılmış məktəblərin direktorları iştirak edirdilər.

Kollegiya iclasını açan təhsil naziri Misir Mərdanov zala toplaşanları salamlayıb müzakirə olunan məsələ barədə məlumat verdi. Nazir qeyd etdi ki, ümumtəhsil məktəblərinin İKT ilə təminatı hazırda dövlətin təhsil siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil edir. Son 3 ildə bu sahədə xeyli iş görülmüş, qəbul olunmuş Dövlət Proqramının icrası yönündə həyata keçirilən tədbirlər nəticəsində  məktəblərin İKT ilə təmin olunmasının birinci mərhələsi başa çatdırılmışdır. 3 il ərzində bu işə 30 milyon manat vəsait xərclənmişdir. Dövlətin külli miqdarda vəsaiti hesabına alınıb məktəblərə verilmiş İKT avadanlığından necə istifadə olunması məsələsinin onları daim narahat etdiyini deyən Misir Mərdanov Təhsil Nazirliyinin 31 oktyabr 2007-ci il tarixli əmrinə əsasən Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bir sıra ümumtəhsil məktəblərinin Dövlət Proqramı çərçivəsində İKT ilə təmin olunması, onların quraşdırılması və tədris prosesində istifadəsi vəziyyətini öyrənmək məqsədi ilə monitorinq aparıldığını bildirdi. Qeyd etdi ki, monitorinqin aparılması üçün 57 nəfərdən ibarət işçi qrupu yaradılmış, onun tərkibinə nazirliyin TİMS şöbəsinin, Dövlət Proqramını İdarəetmə qrupunun, Bakı şəhərinin peşə liseylərinin və Bakı Kompüter Kollecinin əməkdaşları daxil edilmişdir, Monitorinq Bakı şəhərində 304, Sumqayıtda 47, Abşeron rayonu üzrə isə 5 məktəb olmaqla, ümumilikdə 356 məktəbi əhatə etmişdir.

Nazir aparılmış monitorinqin nəticələrinin ötən il dekabrın 25-də keçirilmiş kollegiya iclasında müzakirə olunduğunu xatırladaraq bildirdi ki, müzakirə zamanı 85 məktəbdə İKT ilə təchizat və onun tədris prosesində tətbiqi sahəsində ciddi nöqsanlara yol verildiyi aşkar olunmuşdu. Həmin məktəblərdən 72-si Bakının, 11-i Sumqayıtın, 2-si isə Abşeron rayonunun ümumtəhsil müəssisəsidir.

ötənilki kollegiya iclasında İKT ilə təminat və ondan istifadə sahəsində ciddi nöqsanlara yol vermiş məktəblərdə bir müddət sonra yenidən monitorinq keçirilməsi barədə qərar qəbul edildiyini diqqətə çatdıran nazir 15-26 yanvar tarixlərində sözügedən məktəblərdə təkrar monitorinqlər aparıldığını söylədi.

Sonra Misir Mərdanov təkrar monitorinqin nəticələrinə əsasən işçi qrupunun hazırladığı arayışla kollegiya  iştirakçılarını tanış etdi. Aydın oldu ki, monitorinq aparılmış 85 məktəbdən 59-da problemlər həll olunub və hazırda vəziyyət normaldır. Nazir bu məktəblərin adını da kollegiya iştirakçılarına açıqladı. 

Misir Mərdanov, eyni zamanda Bakı şəhərində 28, Abşeron rayonu üzrə isə 1 olmaqla 29 məktəbdə İKT avadanlıqlarının quraşdırılması və onlardan istifadə üzrə problemlərin hələ də həll olunmadığını  bildirdi. Bu məktəblərin adı və onlarda aşkarlanan faktlar da kollegiya iştirakçılarının diqqətinə çatdırıldı. Nazir həmin problemlərin bir qisminin məktəb rəhbərliyindən asılı olmayan səbəblərdən öz həllini tapa  bilməməsini qeyd etsə də, əksər təhsil ocaqlarında, o cümlədən Bakıdakı 65, 78, 137, 215, 222, 232, 242, 303 nömrəli və s. məktəblərdə bu baxımdan vəziyyətin qənaətbəxş olmamasını məktəb direktorlarının zəif nəzarətinin, laqeydliyinin nəticəsi kimi  qiymətləndirdi, onların qısa müddətdə aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq şöbəsinə tapşırıqlar verdi. Nazir habelə monitorinqdə iştirak edənlərə təşəkkür edib,  bu işin davam etdirilməsini, bölgələrdə də müvafiq monitorinqlərin keçirilməsini zəruri saydı.

 

Nazir ötən sınaq imtahanının nəticələrindən razı qaldığını bildirdi

Təhsil naziri Misir Mərdanov  kollegiya iclasının sonunda fevralın 24-də keçirilən ikinci sınaq imtahanına da münasibətini açıqladı, onun əvvəlki sınaq imtahanından daha mütəşəkkil keçirildiyini bildirdi. Nəticələrin yüksək olduğunu vurğulayan nazir ikinci sınaqda tətbiq olunmuş bir sıra yeniliyi, xüsusən də nəticələrin nazirliyin İnternet saytında yerləşdirilməsini, beləliklə, hər bir şagirdə və onun valideyninə nəticələrlə əyani tanış olmağa şərait yarandığını  müsbət qiymətləndirdi, məhz bunun nəticəsində apelyasiyaya ehtiyac qalmadığını söylədi.

Ancaq nazir bütün bunlarla yanaşı, bəzi məktəb direktorlarının imtahanlara məsuliyyətsiz yanaşmaları, səhlənkarlığa yol vermələri üzündən bir sıra problemlər yarandığını, nəzarətçi müəllimlərin bir çoxunun öz vəzifələrinin öhdəsindən gələ bilmədiyini də diqqətə çatdırdı.  Növbəti sınaq imtahanına daha ciddi  hazırlaşmağın vacib olduğunu vurğulayan nazir məktəbin, müəllimin nüfuzunu yüksəltməyə xidmət edən bu işdə bütün məktəb rəhbərləri və müəllimlərin yaxından və dərin məsuliyyət hissi ilə iştirak etməli olduqlarını söylədi. Nazir sınaq imtahanları ilə əlaqədar ictimaiyyət arasında maarifləndirmə işlərinin gücləndirilməsini də vacib saydı.

İclasda Misir Mərdanov növbəti sınaq imtahanın vaxtını da elan etdi.  Məlumat verdi ki, imtahanları mərkəzləşdirilmiş qaydada test üsulu ilə verəcək XI sinif şagirdləri üçün növbəti sınaq imtahanı aprelin 27-də aparılacaq. Mərkəzləşdirilmiş buraxılış imtahanları isə iyunun 6-da keçiriləcək. Nazir hər iki imtahana ciddi hazırlıq işlərinin aparılması üçün nazirliyin müvafiq şöbəsinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göstərişlərini verdi.

Nazir habelə ibtidai təhsil pilləsindən əsas təhsil pilləsinə keçid zamanı ana dili və riyaziyyatdan, IX sinifdən X-ya keçid zamanı isə əsas fənlərdən imtahanlar aparılmasının nəzərdə tutulduğunu söylədi.

Təhsil naziri çıxışının sonunda zalda əyləşən qadın təhsil işçilərini, onların şəxsində təhsil sistemində çalışan bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi.

Kollegiya ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələrini nəzərə almaqla qərar qəbul etdi.

 

Yusif ƏLİYEV

 

 

Təhsil Nazirliyində Boloniya prosesinə dair seminar keçirildi

Seminarda həmin prosesə ilkin qoşulmuş Azərbaycan Dillər Universitetinin təcrübəsindən, kredit sisteminin tətbiqi ilə bağlı qarşıya çıxan problemlərdən söz açıldı

 

Martın 1-də Təhsil Nazirliyinin böyük akt zalında Boloniya prosesinə qoşulmaqla bağlı ölkəmizin ali təhsil sistemində görülmüş işlərə və mövcud problemlərin həlli yollarına həsr olunmuş seminar keçirildi.

Seminarda təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbələrinin və struktur bölmələrinin rəhbərləri, ali məktəb rektorları, prorektor və dekanlar, digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov zala toplaşanları salamlayıb onları seminarın mövzusu və iş qaydası ilə tanış etdi. Bildirdi ki, ölkəmizin artıq üç ildir Boloniya prosesinə qoşulmasına, bu müddət ərzində Boloniya bəyannaməsinin prinsiplərinin tətbiqi istiqamətində ali məktəblərimizdə xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bir çoxlarının ali təhsilin modernləşməsində həlledici rol oynayan Boloniya prosesinin, onun əsasını təşkil edən kredit sisteminin mahiyyəti haqqında kifayət qədər bilik və məlumatı yoxdur. Məhz bunu nəzərə alan Təhsil Nazirliyi həm nazirliyin mərkəzi aparatında, həm də ali məktəblərdə bu mövzuda seminarların keçirilməsini, seminarlarda həmin məsələləri daha yaxşı bilən mütəxəssislərin silsilə mühazirələr oxumasını məqsədəuyğun sayıb. Bu baxımdan ilk seminara yığışdıqlarını deyən nazir onun məruzəçisini - Azərbaycan Dillər Universitetinin dekanı, professor Əfqan Abdullayevi tədbir iştirakçılarına təqdim etdi.

Sözü məruzəçiyə verməzdən öncə təhsil naziri zala toplaşanların diqqətini bir vacib məsələyə yönəltdi. Qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin ali təhsilin inkişafı ilə bağlı, təxminən, bir ay öncə imzaladığı sərəncamla Təhsil Nazirliyinə tabeliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının layihəsini hazırlayıb hökumətə təqdim etmək tapşırılıb. Həmin vaxtdan bu sahədə iş aparılır, tərkibində ali məktəblər olan nazirliklərin nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb, öz maddi-texniki bazaları haqqında müəyyən olunmuş formada məlumat vermək üçün ali məktəblərə məktub göndərilib. İşçi qrupu tərəfindən proqramın layihəsi üzərində aparılan işlərin artıq başa çatdığını və sənədin ona təqdim olunduğunu söyləyən Misir Mərdanov burada öz əksini tapmış əsas istiqamətlərlə seminar iştirakçılarını tanış etdi. Bildirdi ki, sənədi hazırlayan mütəxəssislər onun 8 istiqamətdə olmasını zəruri saymışlar ki, bunlara da ali təhsilin normativ hüquqi bazası, ali təhsilin məzmunu və təlim texnologiyaları, ali təhsilin strukturu və idarə olunması, ali təhsildə keyfiyyətin təmin olunması, ali təhsildə kadr hazırlığı, elmi-tədqiqat işləri, təhsilin maddi-texniki bazası, ali təhsilin iqtisadiyyatı daxildir. Həmin istiqamətlərin hər biri haqqında qısa məlumat verən nazir layihəylə tanış olmaq, rəy və təkliflərini bildirmək üçün sənədin ali məktəblərə göndəriləcəyini, alınan təkliflər əsasında işlənib təkmilləşdirildikdən sonra onun hökumətə təqdim olunacağını bildirdi.

Təhsil naziri Misir Mərdanov giriş sözündə seminar iştirakçılarının diqqətini bir fakta da yönəldərək dedi ki,  ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində bu il ilk dəfə olaraq 5 nəfər azərbaycanlı gənc Koreyaya göndərilib. Onların 5-i də BDU-nun iqtisadi kibernetika fakültəsinin tələbəsidir. Azərbaycanlı gənclər Koreyada möhtərəm Prezidentimizin fəxri doktoru olduğu Kyunq He Universitetində təhsillərini davam etdirəcəklər.

Sonra söz seminarın məruzəçisi, professor Əfqan Abdullayevə verildi. Ə.Abdullayev seminar iştirakçıları qarşısında Boloniya prosesinin və onun əsasını təşkil edən kredit sisteminin mahiyyətinə, Azərbaycan Dillər Universitetində kredit sisteminin tətbiqi yönündə görülmüş işlərə, bu prosesdə rast gəlinən problemlərə həsr olunmuş geniş məruzə-təqdimatla çıxış etdi.

çıxışına xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" müdrik sözləri ilə başlayan Ə.Abdullayev həmin fikirdə Boloniya prosesinin mahiyyətinin öz əksini tapdığını, bu prosesin məhz nəyi və necə öyrətmək probleminin uğurlu həlli yolu olduğunu bildirib, ölkəmizin Boloniya bəyannaməsinə qoşulmasını ali təhsilin daha da inkişaf etdirilməsi, Avropa təhsil məkanına inteqrasiyası zərurətindən irəli gəldiyini vurğuladı.

çalışdığı Azərbaycan Dillər Universitetində bu istiqamətdə görülmüş işlərdən danışan məruzəçi 2005-ci ildə Avropaşünaslıq fakültəsi ilə başlanan Boloniya prosesinə keçidin artıq başa çatdığını, bu ali təhsil ocağının bütün fakültə və ixtisaslarında kredit sisteminin tətbiq olunduğunu söylədi.

Ə.Abdullayev məruzə-təqdimatında Boloniya prosesinə gedən yol, bu prosesdə qəbul olunmuş və ona qoşulan bütün ölkələr üçün həyata keçirilməsi vacib olan prinsiplər haqqında da geniş məlumat verdi, Boloniya prosesinin əsasını təşkil edən kredit sisteminin, "kredit" və "kredit sistemi" anlayışlarının mahiyyətini açıqladı. Dünyada iki kredit sisteminin - ABŞ kredit sistemi və Avropa kredit transfer sisteminin mövcud olduğunu deyən məruzəçi hər iki sistem, onların fərqli və oxşar cəhətləri ilə seminar iştirakçılarını tanış etdi.

Daha sonra Ə.Abdullayev qloballaşan dünyamızda kredit sisteminin tələbələrə verdiyi fayda və imkanlardan, tədris planlarında onlara təklif olunan fənlərin bölgüsündən söz açdı, bu sistemdə tələbələrin fənn seçiminə, müstəqil işlərinə daha çox yer ayrıldığını bildirdi.

Məruzə-təqdimatda Boloniya prosesinə qoşulmazdan öncə Azərbaycan Dillər Universitetində həyata keçirilmiş tədbirlərdən də bəhs olundu, aparılmış hazırlıq işləri sadalandı. Məruzəçi bu məqsədlə struktur rəhbərləri üçün treninqlərin, kredit sistemi ilə oxuyan tələbələrlə işləyəcək professor-müəllim heyəti üçün nümunə dərslərinin təşkil olunduğunu, ixtisaslaşmalar üzrə yeni tədris proqramlarının hazırlandığını, yeni tələblərə cavab verən dərsliklər alındığını və yazıldığını, Avropa kredit transfer sistemi haqqında müəllimlər, tələbələr və valideynlər üçün yaddaş kitabçaları çap olunduğunu, birinci kurs tələbələri və onların valideynləri üçün həftəsonu mühazirələr təşkil edildiyini söylədi.

Ə.Adbullayev habelə məruzə-təqdimatda Boloniya prosesinin tələblərinin həyata keçirilməsində qarşılaşdıqları çətinliklərdən də bəhs etdi. Boloniya sisteminin müvəffəqiyyətlə tətbiqi üçün yeni normativ hüquqi sənədlər hazırlamaq lazım gəldiyini deyən məruzəçi mövcud akademik sənədlərin (təlimat və əmrlərin) bu sistemin tələblərinə uyğun gəlməməsini, professor-müəllim heyətinin heç də hamısının bu sistemi qəbul etmək istəməməsini, yaxud buna hazır olmamasını, maarifləndirmə işlərinin lazımi səviyyədə aparılmamasını, valideynlərin əksəriyyətinin hələ də bu sistem haqqında məlumatsız olmasını və s. belə çətinlik və problemlərə misal olaraq qeyd etdi və onların aradan qaldırılması, bütövlükdə Boloniya prosesinə qoşulmanın, kredit sisteminin tətbiqinin daha uğurlu və problemsiz getməsi üçün bəzi təkliflərini irəli sürdü. Qeyd etdi ki, yeni qəbul olunacaq Təhsil Qanununda Boloniya prosesinə qoşulmaqla əlaqədar müəyyən müddəaların öz əksini tapmasını, bu sahədə bir universitetin pilot olaraq seçilməsi və bəzi məsələlərin həllində ona müstəqillik verilməsini, müəllimlərin akademik yüklərinin illik deyil, semestrlik müəyyənləşdirilməsini, semestrin nəticələrinə görə kredit qazana bilməyən tələbələrə növbəti semestrdə kəsildikləri fəndən dərslərin təşkil olunmasını, hər il 8-10 həftəlik könüllülük prinsipinə əsaslanan "İntensiv yay sessiyası" təşkil olunmasını, tələbənin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında əsasnaməyə yenidən baxılmasını və s. məqsədəuyğun saydı.

Y.ƏLİYEV