· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Gələn ay onbirinciləri növbəti sınaq gözləyir

 

Aprelin 27-də Təhsil Nazirliyinin birbaşa nəzarəti ilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərləri, Ucar, İsmayıllı, İmişli, Abşeron rayonlarının ümumtəhsil, məcburi köçkün məktəbləri və peşə liseylərinin buraxılış siniflərində orta təhsil kursu  üzrə növbəti yoxlama test imtahanı keçiriləcək. İmtahanda şagirdlər 8 əsas fəndən 125 suala 7 variant üzrə cavab verəcəklər.

Məlumat üçün bildiririk ki, keçiriləcək yoxlama imtahanının nəticəsi attestata yazılacaq yekun qiymətin 10 faizini təşkil edəcək.

Onu da qeyd edək ki, fevralın 24-də orta ümumtəhsil məktəblərində keçirilən ikinci yoxlama imtahanında 52 minə yaxın şagird iştirak edib, müvəffəq göstəricisi isə 61 faiz olub.

 

 

 

Azərbaycan nümayəndə heyəti Rumıniyada səfərdə olub  

Təhsil nazirinin müavini İradə Hüseynova fevral ayının 10-dan 15-dək Azərbaycan  Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə Rumıniyanın Baia Mare şəhərində işgüzar səfərdə olub. Səfərdə məqsəd Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM), Açıq Cəmiyyət İnstitutunun Əqli Sağlamlıq Təşəbbüsü və Suraxanı rayonunda yerləşən 7 nömrəli internat məktəbin birgə reallaşdırdığı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) pilot layihəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, layihədə iştirak edəcək mütəxəssislərin bilik və bacarıqlarının artırılması, habelə təcrübə mübadiləsinin aparılması idi.

Səfərin ilk günü təşkilatçılar Rumıniyada bu proqramın tarixi, layihə çərçivəsində uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması, səmərəli işləməsinin təmin edilməsi ilə əlaqədar görülən və gələcəkdə nəzərdə tutulan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər.

Sonra "Azərbaycanda de-institutlaşdırma: mövcud vəziyyət və perspektivlər" mövzusunda geniş məruzə ilə çıxış edən nazir müavini ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahəyə göstərilən dövlət qayğısını diqqətə çatdırdı.

Ertəsi gün iştirakçıların Siqheti Marmatieyə səfəri təşkil olundu. Səfər çərçivəsində onlar "Valideyn himayəsindən məhrum uşaqların təcili yerləşdirilməsi", "Himayəyə ehtiyacı olan ana və uşaqlara xidmət" və "Günərzi - Qayğı" mərkəzləri ilə tanış oldular.

Azərbaycanı təmsil edən nümayəndə heyəti Siqhetidə yerləşən Xidmət Mərkəzi ilə əlaqədar müzakirələrdə fəal iştirak etdi.

Bu müzakirələrdə Rumıniyada de-institutlaşdırma proqramının həyata keçirilməsi ilə əlaqədar yoxsulluğun aradan qaldırılması, bu təbəqədən olan əhali üçün xidmətlərin təşkili ilə bağlı yerli bələdiyyə, ərazi və milli büdcə səviyyəsində maliyyələşdirmə haqqında geniş məlumat verildi.

Tədbir iştirakçıları səfər çərçivəsində  Baia Maredə yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün  reabilitasiya mərkəzi ilə də tanış oldular.

Hicran ƏKBƏROVA

 

 

 

Bakı Avropa Liseyində təqdimetmə mərasimi  

Bakı Avropa Liseyi Azərbaycanda təhsil islahatının önündə duran, istedadlı uşaqlar üçün yaradılan yeni tipli dövlət məktəbidir. Liseyin `bazasında zamanın tələblərinə və təhsil prinsiplərinə cavab verən yeni təhsil modelləri sınaqdan keçirilmiş və tətbiq olunmuşdur. Bakı Avropa Liseyində 2005-ci ildə yaradılmış Birləşmiş Liseyçilər Təşkilatı (BLT) isə müstəqil, özü-özünü idarə edən təşkilatdır. Onun əsas prinsipləri məsuliyyətlilik, bərabərhüquqluluq,  aşkarlıq, əməkdaşlıq, kollektivçilikdir. BLT üzvləri 10 yaşından 17 yaşına qədər olan şagirdlərdir. Birləşmiş Liseyçilər Təşkilatı "müstəqil dövlətlərin" nümayəndələrindən ibarətdir. Hər sinif müstəqil dövlət statusu daşıyır. Müstəqil dövlətlərin hər birində prezident, vəkillər, arbitrlər, müxtəlif nazirliklər, müstəqil nümayəndələr və patrullar seçilir.

Bu günlər Bakı Avropa Liseyində keçirilən tədbirdə aparıcılar Birləşmiş Liseyçilər Təşkilatının tərkibinə daxil olan 13 müstəqil dövlətin təqdimetmə mərasimində iştirakçıları salamladılar. Sonra təqdimetmə mərasiminin rəsmi hissəsi başlandı. BLT-nin üzvü olan 13 dövlətin prezidentlərinin inaqurasiya mərasimi keçirildi. Prezidentlər hər bir sahədə liseylərinin şərəfini qoruyacaqlarına and içdilər...

Təqdimetmə mərasiminin rəsmi hissəsi bağlı elan edildikdən sonra liseyin direktoru Zülfiyyə Veysova uşaqları bu münasibətlə təbrik etdi, prezidentlərə apreldə görəcəkləri işlər barədə hesabat verəcəklərini xatırlatdı. Bu təşkilatın rəhbəri,ingilis dili müəllimi Kristina Əliyevaya, fənlərarası təlim proqramı üzrə müəllim Səbinə Bayramovaya və liseyin uşaq birliyi təşkilatının rəhbəri Gülnar Məmmədovaya tədbiri yüksək səviyyədə hazırladıqlarına görə təşəkkür etdi. Sonra direktor onu da qeyd etdi ki, şagird özünüidarəetməsində məqsəd sosial yaradıcılıq qabiliyyəti olan, Vətənin, cəmiyyətin və öz şəxsiyyətinin kamilləşdirilməsi üçün fəaliyyət göstərə bilən, yüksək demokratik mədəniyyətə malik əsl vətəndaş yetişdirməkdir.

ƏDALƏT

 

 

 

 

 

 

 Yeni fənn kurrikulumları əsasında dərslik hazırlanması və nəşrinə dair tender elan olunub  

2008-2009-cu tədris ilindən etibarən ölkəmizin bütün ümumtəhsil məktəblərinin 1-ci siniflərində yeni kurrikulumun tətbiqinə başlanılması və bu işin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Yeni fənn kurrikulumları əsasında dərslik, müəllimlər üçün vəsait və şagirdlər üçün iş dəftərlərinin hazırlanması, nəşri və çapına dair "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, iki mərhələli tender elan olunub. Hazırlanacaq 13 adda dərslik və müəllimlər üçün 21 adda vəsait (cəmi 34 adda) dövlət, şagirdlər üçün iş dəftərləri isə nəşriyyatların hesabına çap olunacaq.

 

 

 

 

 

Estafet yarışında fərqlənənlər mükafatlandırıldı  

Martın 1-də Bakının Suraxanı rayonunda yerləşən 114 nömrəli ümumtəhsil məktəbində  Beynəlxalq Mülki-Müdafiə gününə həsr olunmuş tədbir keçirildi.

 Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Novruzova qeyd etdi ki, mülki- müdafiənin məqsəd və vəzifələrini bilmək indi hər bir vətəndaşın borcudur. Düşmən basqınları vaxtı əhalini qorumaq, zəlzələ, torpaq sürüşmələri, sel, qasırğa, daşqın, qar uçqunları, meşə yanğınları və s. təbii fəlakətlərdən insanları xilas etmək mülki-müdafiənin əsas məqsəd və vəzifələrindəndir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan mülki-müdafiə qurumları son illər ölkə ərazisində baş vermiş bir sıra təbii fəlakətlərin aradan qaldırılmasında yüksək peşəkarlıq nümayiş etdirmişlər.

Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və tədbirə gələn digər qonaqlar ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə töhfə olaraq məktəbin pedaqoji kollektivinin arzusu ilə təşkil edilmiş "Heydər Əliyev" Muzeyinə baxış keçirdilər.  Qonaqlar  məktəbin foyesində qoyulmuş fərdi mühafizə vasitələri ilə də yaxından tanış oldular.

Daha sonra II, V, VI sinflərdə mülki-müdafiə ilə bağlı "açıq dərs"lərdə şagirdlər fövqəladə hadisə zamanı nə edəcəkləri barədə məlumat verdilər. 

Şagirdlər arasında (iki komandadan ibarət) keçirilən estafet yarışında fərqlənənlərə mükafat və diplomlar təqdim olundu.

Rəşad ZİYADOV