· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Elmi-nəzəri konfrans

Musiqi Kolleci 110 illik yubiley qarşısında

Bu günlərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin 110 illik yubileyinə həsr olunan elmi-nəzəri konfrans keçirildi. Təhsil ocağının akt zalında təşkil olunmuş  tədbiri kollecin tədris-tərbiyə işləri üzrə direktor müavini Gülzar Hətəmzadə giriş sözü ilə açdı. Qarşıdan Musiqi Kollecinin 110 illik yubileyinin gəldiyini deyərək, bütövlükdə bunun  musiqi ictimaiyyəti üçün əlamətdar bir hadisə olduğunu bildirdi.

 Qeyd etdi ki, uzunillik tarixi olan kollec fəaliyyətə başladığı ilk gündən hazırkı vaxta qədər özünəməxsus ənənələrini  layiqincə qoruyub saxlamaqdadır. G.Hətəmzadə təhsil ocağında çoxlu sayda tanınmış bəstəkar, musiqişünas və müğənninin yetişdiyini deyərək onların kollecin fəxri olduqlarını xüsusi vurğuladı. Kollecin keçdiyi şərəfli yoldan  ətraflı danışan Gülzar xanım  yubileyə təhsil ocağının müəllim və tələbə heyətinin ciddi hazırlaşdıqlarını bildirərək, bununla bağlı görülən işlərdən danışdı.

çıxış üçün söz alan müəllim Həcər Babayeva kollecin dünəni və bu günü haqqında danışaraq qeyd etdi ki,  dahi bəstəkarımız üzeyir bəy Hacıbəyov Azərbaycan musiqisinin  inkişafında təhsilin nə qədər vacib və önəmli olmasına xüsusi diqqət vermişdir. Bu gün uğurla fəaliyyət göstərən ali və orta ixtisas  musiqi məktəblərinin məzunlarının xoş soraqlarını eşidəndə ölməz sənətkarın Azərbaycanın musiqi təhsilinin inkişafındakı əvəzsiz xidmətlərini yada salmamaq qeyri-mümkündür. Təsadüfi deyil ki, bu kollec həmişə gələcəkdə musiqi sahəsində ali təhsil almaq arzusunda olanlar,həmçinin pedaqoji fəaliyyətlə məşğul olmaq üçün baza məktəbi hesab edilib. Vaxtilə respublikanın korifey sənətkarlarının kollecdə dərs dedikləri tələbələr hazırda tanınan,xalqımız tərəfindən sevilən insanlardır. Təhsil ocağının məşhur məzunlarından danışan H.Babayeva burada yüksək peşəkarlığı ilə seçilən müəllimlərdən də söz açdı.Kollecin hər zaman Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verdiyini söyləyərək burada dərs  deyən müəllimlərin bu gün də eyni həvəslə,şövqlə çalışdıqlarını qeyd etdi.

Daha sonra müəllimlərdən Rəna Paşayeva "Musiqi Kollecinin 110 illik yubileyi qarşısında", Firəngiz Şəmsəddinskaya "XX əsr Azərbaycanın musiqi nəsilləri.Qara Qarayev-Fərəc Qarayev", Sevil Mikayılova "üzeyir bəy Hacıbəyovun estetik görüşləri.Musiqi sənətinin spesifikası", sənətşünaslıq namizədi Kəmalə Ələsgərli "Azərbaycan musiqi mədəniyyətində Səid Rüstəmovun rolu", Zeynəb İsmayılzadə "Azərbaycan xalq musiqisi ilə bağlı bəzi mülahizələr",Sevda Mütəllimova "Heyrətedici istedada malik sənətkar-maestro Niyazi", Sevinc Seyidova "Arif Məlikovun yaradıcılığında Nazim Hikmətin poeziyası" mövzularında məruzələrlə çıxış etdilər. 

Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq namizədi Rəhilə Həsənli elmi-nəzəri konfransın əhəmiyyətinə toxunaraq kollecin səmərəli fəaliyyətindən söz açdı. Rəhilə xanım konfransda iştirak edən musiqişünaslar adından tədbirin təşkilatçılarına, o cümlədən kollecin özünəməxsus ənənələrini layiqincə qoruyub saxladıqlarına görə təhsil ocağının rəhbərliyinə və pedaqoji kollektivə minnətdarlığını bildirdi.

Samirə KƏRİMOVA