· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Dünya təhsilinə inteqrasiya

Boloniya prosesi və Azərbaycanın ali məktəblərində kredit sisteminin tətbiqi

Bu gün Azərbaycan öz təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Hazırda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur.

Boloniya prosesinə gedilən yol 1998-ci il mayın 25-də  Fransanın Paris şəhərində Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri  "Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında" Sorbona Bəyannaməsini qəbul etdikdən sonra başlamışdır. Sorbona Bəyannaməsini imzalamış 4 nazir xarici tanınma prosesinin gələcəkdə daha da təkmilləşdirilməsinə, təhsilalanların mobilliyinin, məzunların işədüzəlmə imkanlarının genişləndirilməsinə yönəldilmiş ümumi sistemin yaranmasını dəstəkləmişdir.

Nazirlər digər İttifaq üzvləri və Avropa dövlətlərini qarşılıqlı əməkdaşlığa, imkanların genişləndirilməsi və təhsilin modifikasiyası vasitəsilə Avropa qitəsinin mövqelərinin gücləndirilməsi üçün birləşməyə çağırmışlar.

Boloniya prosesi ilə bağlı hadisələrin xronologiyasından açıq-aşkar görünür ki, Avropa məkanında bu proses intensiv şəkildə gedir və 2010-cu ilədək həmin prosesə bütün Avropa ölkələrinin qoşulması gözlənilir. ümumiyyətlə bu günədək Avropa regionunda ali təhsil sistemi inkişaf etmiş və Avropa Şurasına üzv olan 46 ölkədən 45-i (98 faizi) Boloniya prosesinə rəsmi şəkildə qoşulmuşdur.

Azərbaycan da bu prosesə qoşulmaq üçün hələ 2004-cü ildə ilk addımlarını atmışdır. Belə ki, 17-18 may 2004-cü il tarixlərində Avropa Şurasının Baş Direktorluğunun təşəbbüsü ilə Strasburq şəhərində keçirilmiş Qafqaz ölkələri təhsil nazirlərinin konfransında xüsusi Bəyannamə qəbul olunmuş və həmin rəsmi sənədə Azərbaycan  Respublikasının təhsil naziri  də öz imzasını atmışdır.

Bundan sonra 2004-cü ilin dekabrında "Boloniya prosesinə qoşulmaq üçün Azərbaycan  Respublikası Təhsil Nazirliyinin hesabatı" hazırlanaraq son konfransda (19 sentyabr 2003-cü il) seçilmiş növbəti təşkilatçı ölkənin (Norveç) təhsil nazirinə, bir surəti isə Avropa Komissiyasının sədrinə (Danimarkanın təhsil naziri) təqdim olunmuşdur.

Nəhayət, 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan  Boloniya prosesinin həqiqi üzvü seçilmişdir.

Bu, Azərbaycan  ali təhsil işçilərinin, bütövlükdə Azərbaycan  ictimaiyyətinin həyatında böyük bir hadisə sayılmalıdır.

***

Həyatın gedişi göstərir ki, yalnız Boloniya Bəyannaməsinin başlıca müddəalarına əməl etməklə Avropa məkanında ali təhsil sisteminə inteqrasiya olunmaq mümkündür. Bu müddəalar:

- ikipilləli ali təhsilə keçiddən;

- kredit sisteminin tətbiqindən;

- təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsindən;

- mobilliyin genişləndirilməsindən;

- məzunların işə düzəlməsinin təmin olunmasından;

- təhsilin sosial yönümlülüyünün (ömür boyu təhsilin) təmin edilməsindən;

- Avropa təhsil sisteminin cəlbediciliyinin təmin edilməsindən və s. ibarətdir.

Boloniya prosesini şərtləndirən bu müddəalar Azərbaycan  üçün də səciyyəvidir və bunların həyata keçirilməsi ölkəmizin ali təhsil işçilərinin qarşısına qısa zaman kəsiyində həlli vacib olan bir sıra məsələlər qoyur. Bunlar respublikamızda artıq tətbiq olunan ali təhsilin ikipilləli sisteminin məzmununda yeniləşmələrin aparılmasından,  tədricən kredit sisteminə keçilməsindən, təhsilin keyfiyyətinə nəzarətin yeni mexanizminin tətbiqini təmin edən akkreditasiya sisteminin təşkili və tətbiqindən, tələbələrin, eləcə də professor-müəllim heyətinin mobilliyini (sərbəst hərəkətini) intensivləşdirən müvafiq təhsil proqramlarının hazırlanmasından, ölkəmizdə təhsilin məzmununun aparıcı ölkələrin universitetlərinin tələblərinə uyğunlaşıdrılmasından, xarici ölkə mütəxəssis və alimlərinin respublikanın ali məktəblərinə cəlb olunma imkanlarının genişləndirilməsindən, hər bir tələbə üçün fərdi təhsil trayektoriyası müəyyənləşdirilməklə ali təhsilin demokratikləşdirilməsinə nail olunmasından,  ali təhsil sistemimizin xarici ölkə vətəndaşları üçün daha cəlbedici olmasından, ali məktəblərimizin diplomlarının Avropa ali məktəblərinin diplomlarına uyğunlaşdırılmasından və qarşılıqlı tanınmasından, beynəlxalq tələblərə müvafiq meyarlar müəyyənləşdirilməklə ali təhsilin keyfiyyətinin yüksəldilməsindən, hazırladığımız mütəxəssislərin beynəlxalq aləmdə rəqabətə davamlı olmasından, məzunların aldıqları kvalifikasiyaya uyğun işlə təminatı probleminin həllindən, mütəxəssis hazırlığını təmin edən ixtisasların təsnifatının müvafiq beynəlxalq təsnifata uyğunlaşdırılmasından, elmi-tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinin genişləndirilməsindən və s. ibarətdir.

Boloniya prosesinə qoşularkən götürdüyümüz öhdəliklərin və Boloniya Bəyannaməsi müddəalarının həyata keçirilməsi  istiqamətində Təhsil Nazirliyi və ali məktəblər tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, Azərbaycan Boloniya prosesinə üzv qəbul olunduqdan sonra Təhsil Nazirliyində mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən digər sənədlərlə yanaşı, "Azərbaycan Respublikası ali təhsil sistemində 2006-2010-cu illərdə Boloniya Deklarasiyasının müddəalarının həyata keçirilməsi üçün tədbirlər planı" hazırlanmış və nazirliyin 16.01.2006-cı il tarixli 15 nömrəli əmri ilə təsdiq edilmişdir. Tədbirlər planında ölkəmizdə 1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsi, bu məqsədlə istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarının hazırlanması, kredit sistemi barədə mövcud təcrübənin öyrənilməsi və tətbiqi, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən verilən sənədlərin nostrifikasiyası prosedurasının təkmilləşdirilməsi, respublikada ali təhsil haqqında bakalavr diplomuna əlavənin Avropa ölkələrinin ali təhsil haqqında verilən diplomlarının əlavəsinə uyğunlaşdırılması, ali təhsilin keyfiyyətinin, tələbələrin və müəllimlərin mobilliyinin inkişaf etdirilməsi və s. nəzərdə tutulmuşdur.

Boloniya Bəyannaməsinə və müvafiq tədbirlər planına uyğun olaraq ali təhsil sistemində edilmiş əsaslı dəyişikliklərdən biri bütün istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartlarının hazırlanmasıdır. Beynəlxalq təcrübəyə müvafiq olaraq yeni standartlarda fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldılmış (4140 saatdan orta hesabla 3305 saata qədər), seçmə fənlərə ayrılan saatların miqdarı 5%-dən 20%-dək çoxaldılmışdır. Boloniya prosesinin tələblərinə uyğun olaraq nəzəri həftələrin sayı 133-dən 115-ə, semestrlər üzrə auditoriya dərsləri 17-18 həftədən 15-ə endirilmiş, təcrübənin müddəti ixtisaslardan asılı olaraq 18 həftəyə qədər  artırılmışdır. Humanitar  fənlər bölümündə məcburi fənlərin sayı 10-dan 3-ə endirilmişdir. Burada yalnız məcburi fənn kimi nəzərdə tutulan Azərbaycan tarixi, Azərbaycan  dili (təlimi rus dilində olanlar üçün), xarici dil saxlanılmışdır. Digər fənlər (fəlsəfə, politologiya, sosiologiya, iqtisadiyyat və s.) seçmə kimi təklif edilmişdir. İlk dəfə olaraq ixtisas fənlərinin müəyyənləşdirilməsi ali məktəblərin səlahiyyətinə verilmişdir.

Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diploma əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası, Avropa Şurası və YUNESKO-nun ekspertlərinin də daxil olduğu birgə işçi qrupu tərəfindən işlənib hazırlanmışdır. Həmin model aşağıdakı bölmələrdən ibarətdir: diplomun sahibi haqqında məlumat, alınmış ixtisas, ixtisas dərəcəsi; proqramın məzmunu və onu mənimsəmə nəticələri; ixtisas haqqında informasiya; əlavə məlumat.

Belə bir model üzrə hazırlanan diploma əlavə məzunların akademik mobilliyini və onların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırır. Bütün bunları nəzərə alaraq ölkəmizdə də müvafiq nümunəyə (modelə) uyğun "Diploma əlavə"nin hazırlanması istiqamətində tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən qeyd edək ki, Boloniya Bəyannaməsinə uyğun olaraq xarici ölkə ali təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərinin Azərbaycanda tanınması üzrə də tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 63 nömrəli qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları" təsdiq edilmiş, buna müvafiq olaraq Təhsil Nazirliyində Daimi Komissiya yaradılmışdır. Komissiya işlədiyi müddətdə diplomların nostrifikasiyası ilə bağlı bu günə kimi Təhsil Nazirliyinə 1517 müraciət daxil olmuşdur. 940 müraciət müsbət həll olunmuş və diplomların sahiblərinə müvafiq şəhadətnamələr verilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlər arasında 239 qeyri-qanuni fakt aşkarlanmış və bu diplomların Azərbaycan Respublikası ərazisində tanınmaması barədə qərar qəbul edilmişdir.

Boloniya prosesinin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqidir.

Kredit nədir?

Kredit fənnin mənimsənilməsinə ayrılan vaxtın və ona sərf olunan əməyin ölçü vahididir. Başqa sözlə, kredit təhsilin nəticələrini müqayisə etmək üçün Avropa məkanında ali təhsildə qəbul olunmuş vahid ölçüdür.

Kreditin iki əsas funksiyası vardır:

- Tələbələrin mobilliyinin təmin edilməsi, yəni digər ali təhsil müəssisəsində ayrı-ayrı fənlərin mənimsənilməsinə şəraitin yaradılması və onun nəticəsinin təhsil aldıqları ali məktəbdə tanınması.

- Tələbənin öz təhsil alma trayektoriyasını müstəqil müəyyənləşdirməsi.

Boloniya Bəyannaməsinin müddəalarına uyğun olaraq ali təhsilimizdə kredit sistemini tətbiq etmək üçün Təhsil Nazirliyi qarşısında aşağıdakı vəzifələr dururdu:

- kredit vahidlərinin əksər Avropa ölkələrində tətbiq olunan ECTS (Avropada kreditlərin transfer sistemi) əsasında müəyyənləşdirilməsi;

- bir sıra ali məktəblərin bəzi fakültələrində eksperiment şəklində kredit sisteminin tətbiqi və buna müvafiq tədrisin təşkili;

- eksperiment aparılan istiqamətlər üzrə Dövlət təhsil standartlarının və buna müvafiq tədris planlarının kredit vahidləri əsasında yenidən hazırlanması;

- müəllimlərin dərs yükünün kredit vahidlərinə uyğun müəyyənləşdirilməsi;

- təhsil iştirakçılarının (təhsil alanların və təhsil verənlərin) mobilliyini təmin edən mexanizmin yaradılması;

- təhsilin keyfiyyətinə nəzarət mexanizminin yaradılması;

- tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;

- eksperiment aparılan müddətdə tədris prosesini təmin edən normativ sənədlərin hazırlanması və aprobasiyası.

Qarşıda duran vəzifələri həyata keçirmək məqsədilə Təhsil Nazirliyinin müvafiq əmri ilə mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır.

İşçi qrupu tərəfindən Azərbaycan Dillər Universitetində "Beynəlxalq inteqrasiya: Azərbaycanın ali təhsil sistemində islahatlar", Təhsil Nazirliyi və Azərbaycanda Avropa İttifaqının Tempus ofisinin nümayəndəliyi ilə birgə "Azərbaycanda Boloniya prosesi-Tempus proqramı" mövzularında seminarlar keçirilmiş, Avropa ölkələrinin iş təcrübəsi öyrənilmiş, ali məktəb rəhbərləri ilə bir sıra məsləhətləşmələr və müzakirələr aparılmışdır. Bunların nəticəsi olaraq mütəxəssislərin iştirakı ilə "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə" hazırlanıb təsdiq edilmişdir.

Təhsil müəssisələrinin təklifləri əsasında Təhsil Nazirliyi tərəfindən eksperiment aparılacaq ali məktəblər, istiqamətlər (ixtisaslar) müəyyənləşdirilmiş və onlara kredit sistemi ilə tədrisin təşkilini təmin edən normativ və metodik sənədlərin hazırlanması tapşırılmışdır.

Təsdiq olunmuş qaydalara görə, kredit sistemində təhsil alanlar üçün semestrlər üzrə auditoriya dərsləri 15 həftə müəyyənləşdirilmişdir. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən olunur və bir kredit 15 akademik saata bərabər tutulur. Tələbəyə mühazirə, seminar, laboratoriya və s. dərslərin hər bir növünün 1 saatına 0,5 saat auditoriyadankənar sərbəst iş də müəyyən olunur.

Tələbəyə bir semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bu zaman həftəlik dərs yükü bir qayda olaraq 30 saatı aşmamalıdır. Bundan əlavə, tələbəyə hər semestrdə (birinci tədris ili istisna olmaqla) cəmi 8 kreditdən çox olmamaq şərti ilə 1 və ya 2 fənn də seçməyə icazə verilir.

Tələbələrə yuxarıdan (müvəffəqiyyətlə təhsil alanlar üçün) və aşağıdan (kəsiri qalan tələbələr üçün) fənlər seçmək hüququ verilir. Əlavə (yuxarıdan) fənlər almaq hüququna yalnız əvvəlki ildə akademik borcu olmayan və bütün fənlərdən orta göstəricisi 71-100 bal arasında olan tələbələr malikdirlər.

Bakalavr pilləsində tələbələrə təhsil müddətində 200-250 kredit müəyyənləşdirilir.

İstiqamətlər (ixtisaslar) üzrə tələbələrin təhsili Dövlət təhsil standartlarına müvafiq kredit sisteminə uyğunlaşdırılmış tədris plan və fənn proqramları əsasında həyata keçirilir. Kredit sistemində hər bir tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Lakin bundan əlavə, yay tətili müddətində altı həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər.

Kredit sistemində 4 formada tədris planlarından istifadə olunur:

-  istiqamətin (ixtisasın) tədris planı;

- istiqamətin (ixtisasın) tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış illik işçi tədris planları;

- istiqamətin (ixtisasın) tədris planı əsasında hazırlanmış tələbənin fərdi tədris planı;

- müəllimlərin tədris yükünü müəyyən edən işçi tədris planları.

Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı üç qrupa bölünür:

- məcburi ardıcıl öyrənilən fənlər qrupu;

- məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər qrupu;

- tələbələrin öz seçimi əsasında öyrənilən fənlər qrupu.

Buna müvafiq olaraq hər bir ali məktəb tərəfindən bir-biri ilə bağlı olan fənlərin ardıcıllığı müəyyənləşdirilir və tələbəyə fərdi tədris planı tərtib edərkən bunları nəzərə alması tövsiyə olunur.

Eyni zamanda  həmin qaydalarda tədris planına uyğun qrupların, bu qruplardakı tələbələrin sayının, habelə hər bir müəllimə düşən tələbələrin maksimal sayının müəyyənləşdirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi və hər bir fənn üzrə attestasiya formaları öz əksini tapmışdır.

Bundan əlavə, qaydalarda tələbələrə metodik yardım göstərmək üçün tyutor (tədris məsləhətçisi) xidmətinin təşkili nəzərdə tutulmuşdur. Tyutorların sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir (hər 100 tələbəyə 1 tyutor). Hər bir tyutor öz işini bir qayda olaraq bir istiqamət (ixtisas) çərçivəsində həyata keçirir və tələbələrə birinci kursdan buraxılışadək xidmət göstərir. Tyutorlar ən azı magistr dərəcəsi, bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilir və rektorun əmri ilə təyin olunur.

Dünya təcrübəsində kredit sisteminə yanaşmalar müxtəlif olsa da, məqsəd birdir -ali təhsildə demokratik prinsiplərin bərqərar olması və təhsilin keyfiyyətinin yüksəldilməsi.

Kredit sisteminin tətbiqi, ilk növbədə, onun böyük üstünlüklərə malik olması ilə bağlıdır. Bu üstünlüklər aşağıdakılardır:

* Hər bir tələbə özünün fərdi tədris planını tərtib edir və ona fənlərin öyrənilməsi ardıcıllığını müəyyənləşdirməyə imkan yaradılır, beləliklə, tələbələrin tədris prosesinin təşkilində bilavasitə iştirakı təmin olunur.

* Hər bir tələbə ayrı-ayrı fənlərdən ali məktəbin imkanları daxilində müəllimi seçmək hüququna malik olur, bu da müəllim-tələbə münasibətlərinin daha səmərəli qurulmasına xidmət etməklə bu günədək mövcud olan neqativ halların qarşısını ala bilər.

* Akademik borcların ləğvinə həmin fənni, hazırda mövcud olan qaydaların əksinə, az müddət keçdikdən sonra deyil, yalnız təkrar dinlədikdən sonra icazə verilir ki, bu da fənni mənimsəmədən tələbələrə qiymət yazılmasının qarşısını alır və bir sıra neqativ halları aradan qaldırır.

* Müəllimlərin dərs yükü tələbələrin fərdi tədris planları əsasında müəyyənləşdirilir ki, bu da müəllimlərin məsuliyyətini xeyli artırır.

* Mühazirə və seminarların bir müəllim tərəfindən aparılması tələbi tədris prosesinə yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına və tədris yükünün optimal formalaşmasına şərait yaradır ki, bu da tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.

* Tədris plan və proqramlarının ümumavropa məkanının ali məktəblərinin müvafiq sənədləri ilə uyğunlaşdırılması təmin olunur. Bu da öz növbəsində tələbələrin həm ölkə daxilində, həm də ümumavropa məkanında mobilliyini təmin edir. Belə ki, ali məktəblər arasında bağlanmış müqavilələrə uyğun olaraq, respublika ali məktəblərinin tələbələri Avropa ali məktəblərinə göndərilə bilər və onların qazandıqları kreditlər ali məktəblər tərəfindən qarşılıqlı tanınar. Beləliklə, tələbələrin ikili və ya iki diplom almalarına da şərait yaradılar. Bununla yanaşı, diplomların Avropa məkanında tanınmasına, xarici ölkə vətəndaşlarının Azərbaycan ali məktəblərində təhsil almalarına da geniş imkan yaranar.

* Tələbələrin bir təhsil müddətində digər yaxın ixtisasa da yiyələnə bilmələrinə şərait yaradılır. Məsələn, riyaziyyat ixtisası üzrə təhsil alan şəxslər qohum fənn götürməklə informatika, filologiya ixtisasının tələbələri isə jurnalistika ixtisasına da yiyələnə bilərlər və s.

* İstedadlı gənclərin təhsillərini müəyyən olunmuş müddətdən əvvəl başa vurmalarına şərait yaradılır.

* Tələbələrə öz seçimləri əsasında fənni mənimsəmək və təkrar dinləmək imkanı verildiyindən, onlar ali məktəbdən xaric olunmadan müəyyən müddət ərzində təhsillərini başa vura bilirlər.

* Diplomlara əlavənin yeni formada tərtibi və burada tədris olunan fənlərin məzmununun öz əksini tapması, hər fənnə kreditin müəyyənləşdirilməsi və qiymətləndirmənin Avropa standartlarına uyğun yazılması diplomların həmin məkanda tanınmasını xeyli asanlaşdırır.

* Hər bir fənnin ayrıca bir blok (modul) şəklində müəyyənləşdirilməsi bu fənni tədris edən müəllimlərin işlədiyi ali məktəbin xarici partnyor ali təhsil müəssisələrində bir semestr, yaxud bir il həmin fənni tədris etməsinə şərait yaradar ki, bu da onun xarici təcrübəni öyrənməklə təkmilləşməsini təmin edə bilər.

Yuxarıda sadaladıqlarımız kredit sisteminə keçidin nə qədər vacib olduğunu göstərən faktorlardır.

2006-2007-ci tədris ilinin sentyabrından Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"yə uyğun olaraq ölkənin 10 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Turizm İnstitutu) bir neçə ixtisas üzrə kredit sisteminin tətbiqinə başlanmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "2006-2007-ci tədris ilində ali təhsil sahəsində görülən işlər, problemlər və onların həlli yolları barədə" kollegiya qərarının icrasını təmin etmək məqsədilə nazirliyin 19 aprel 2007-ci il tarixli, 340 nömrəli əmrinə müvafiq olaraq 2007-2008-ci tədris ilindən ali məktəblərdə tədrisin təşkilində kredit sisteminin tətbiqi ilə bağlı eksperimentin əhatə dairəsinin genişləndirilməsi qərara alındı. Bununla əlaqədar Təhsil Nazirliyinin 24 avqust 2007-ci il tarixli, 983 nömrəli əmrinə əsasən cari ildən kredit sistemi tətbiq olunan ali məktəblərin sayı 21-ə çatdırılmışdır.

Qeyd etmək lazımdır ki, ali məktəblər bu işə məsuliyyətlə yanaşmış, ali təhsil müəssisələrində professor-müəllim heyəti, tələbələr və onların valideynlərinin iştirakı ilə konfranslar, seminarlar, "dəyirmi masa"lar, treninqlər keçirilmiş, kredit sistemi tətbiq olunacaq istiqamətlər, tədris qrupları müəyyənləşdirilmiş, tyutor (tədris məsləhətçisi) xidməti yaradılmışdır.

Bununla yanaşı, nazirliyin təsdiq etdiyi nümunəvi əsasnaməyə müvafiq olaraq ali məktəblərin profilinə uyğun əsasnamə, tədris planı, müəllimlərin işçi tədris planları, tələbələrin fərdi və işçi tədris planları hazırlanıb təsdiq olunmuşdur.

Kredit sisteminin tətbiqində ən vacib amillərdən biri tələbələrin biliyinin və fənnin mənimsənilməsinin obyektiv qiymətləndirilməsini təmin edən çoxballı sistemdir. ölkəmizdə hələ 1999-cu ildən Təhsil Nazirliyi tərəfindən əksər ali məktəblərdə eksperiment şəklində tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsinin tətbiqinə başlanılmışdı. Qeyd edək ki, həmin sistemi təmin edən normativ sənədlər hazırlanmış və təcrübə toplandıqca, bu sənədlərdə müvafiq dəyişikliklər aparılmışdır. Bu gün məsuliyyətlə demək olar ki, əksər ali məktəblərimiz bu sistemin tətbiqi üzrə müəyyən təcrübə əldə etmişlər. Buna görə də ali məktəblərimizdə sınaqdan keçirilmiş çoxballı sistem kredit sistemi ilə tədrisin təşkilində artıq öz yerini tapmışdır. Kredit sisteminə keçidlə bağlı, təbiidir ki, tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsinin təkmilləşdirilməsinə ehtiyac duyulur və prosesin gedişində bu məsələnin həlli təmin olunacaqdır.

Bu sistem tətbiq olunduqca qarşıya bir çox problemlər çıxır və gələcəkdə də belə problemlər istisna edilmir. Belə ki, tələbələrə təqaüdlərin verilməsi, müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi, yay semestrlərinin təşkili və bununla bağlı müəllimlərin əməkhaqqının verilməsi, seçmə fənlər üzrə tələbələrin minimum sayına görə qrupların formalaşdırılması, tələbənin fənni təkrar dinləməsi reqlamentlərinin müəyyənləşdirilməsi, professor-müəllim heyətinin vaxt normasını müəyyənləşdirən mövcud normativlərə kredit sisteminin tələblərinə uyğun əlavələrin edilməsi və sair məsələlərlə bağlı problemlər artıq özünü büruzə verməkdədir.

Hazırda bu problemləri aradan qaldırmaq məqsədilə nazirlikdə məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycanın müstəqilliyə qovuşması və Azərbaycanda təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali  təhsil məkanına inteqrasiyası prosesini, Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanmışdır. Sərəncamda deyilir: "2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu proseslərin tərkib hissəsi kimi, Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Boloniya Deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atmışdır. Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafı ümumavropa təhsil məkanına inteqrasiya prosesinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir. ölkənin intellektual potensialının gücləndirilməsinin Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarından biri olması ali təhsil sistemində islahatlara dair müvafiq dövlət proqramının hazırlanması zərurətini meydana çıxarmışdır".

ölkə Prezidentinin sərəncamının birinci bəndinə əsasən respublikanın ali təhsil sisteminin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini sürətləndirmək məqsədilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil  sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsinin hazırlanması Təhsil Nazirliyinə tapşırılmışdır. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən tərkibində ali məktəb rəhbərləri, digər nazirlik və komitələrin nümayəndələri də daxil olmaqla işçi qrupu yaradılmışdır. İşçi qrupunun bir neçə iclası keçirilmiş, islahat proqramının strukturu müəyyənləşdirilmiş, ali məktəblər haqqında ətraflı məlumat toplanmış və mövcud vəziyyəti dərindən təhlil etmək üçün xüsusi formalar tərtib olunmuş və yerlərə göndərilmişdir. Eyni zamanda oxucuların nəzərinə çatdırmaq istərdik ki, mövcud ali təhsil ixtisaslarının təsnifatının təsdiqindən 11 ildən çox vaxt keçdiyindən, respublika iqtisadiyyatının infrastrukturu və əmək bazarının tələbatı dəyişdiyindən, Azərbaycan Respublikasının Boloniya prosesinə qoşulması, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılması, eyni zamanda həmin təsnifatda respublikada kadr hazırlığı aparılmayan (təxminən 531 ixtisasdan 264 ixtisas üzrə mütəxəssis hazırlığı aparılmamışdır - 50 faiz) ixtisasların mövcudluğu onun yenidən işlənməsi zərurətini yaratmışdır. Təsadüfi deyil ki, onun yeniləşdirilməsi məsələsi Təhsil Komissiyasında müzakirə olunmuş, yaradılmış işçi qrupu tərəfindən yeni təsnifat hazırlandıqdan və ali məktəblərdə müzakirə edildikdən sonra təsdiq üçün Nazirliər Kabinetinə təqdim olunmuşdur.

Kamil MƏCİDOV,

Azərbaycan Respublikası

Təhsil Nazirliyi Ali və orta ixtisas

təhsili şöbəsinin baş məsləhətçisi,

pedaqoji elmlər namizədi